Haqqında söz açacağım Fazil Nəsirbəyli ilə 50 il bundan qabaq Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialında birgə tələbəlik həyatı yaşamışıq. Özünün davamlı maarifçi ənənələrinə görə Naxçıvan filialı Qori Müəllimlər Seminariyasına bənzəyirdi. Burada sözün həqiqi mənasında mükəmməl bir elmi-ədəbi mühit var idi. Ölkəmizin ən görkəmli alimləri Naxçıvan filialında tədris işinə cəlb olunmuşdular. Təsəvvür edin, Moskva Dövlət Universitetindən professor Əziz Şərif, Azərbaycan Dövlət Universitetindən Abbas Zamanov və Yusif Seyidov, Azərbaycan Pedaqoji İnstitutundan Cəfər Cəfərov, Əlisa Şükürov, Abbasqulu Məhərrəmov, Qaşdan Bağırov, Nizami adına Ədəbiyyat İnstitutundan Məhəmmədhüseyn Təhmasib və başqaları Naxçıvan filialında mühazirələr oxuyurdular. Bu gün bütün varlığı ilə və böyük məsuliyyətlə bizlərə dərs demiş unudulmaz müəllimlərimizi də yada salmağı özümə borc bilirəm. Əli Əliyev, Yavuz Axundlu, İzzət Maqsudov, İbrahim Hüseynov, Qasım Qasımov, Mahmud Mahmudov, Əbülfəz Muxtaroğlu, Firuzə Məmmədli və başqaları da əsl müəllimlik nümunəsi göstərirdilər.
Naxçıvan filialında tələbələrlə hərarətli, yaddaqalan görüşləri keçirilmiş xalq yazıçısı Süleyman Rəhimov, xalq şairləri Məmməd Rahim, Məmməd Araz, şairlərdən İslam Səfərli, elm xadimlərindən akademiklər Məmməd Cəfər Cəfərov, Firidun Köçərli və başqalarının çıxışları, söhbətləri bizim nəslin inkişafında böyük rol oynamışdır.
Naxçıvan filialında Tələbə Elmi Cəmiyyəti və "Gənc qələmlər" ədəbi birliyinin də yeni nəsil yaradıcı gəncliyin inkişafında böyük rolu olmuşdur. İlk elmi və bədii yazılarını Naxçıvan filialında Tələbə Elmi Cəmiyyətində müzakirəyə çıxaranlardan filologiya elmləri doktoru Akif İmanlı, pedaqoji elmlər doktoru, professorlar İsmayıl Əliyev, Vəzifə Qasımova, tarix elmləri doktoru Ədalət Qasımov, tarix elmləri doktoru Eynulla Mədətli və onlarla elmlər namizədləri bu gün ölkəmizin elm və təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlərini uğurla davam etdirirlər. "Gənc qələmlər" dərnəyindəki şeir və hekayələrini oxuyan istedadlı gəncliyin içərisindən Azərbaycan Yazıçılar Birliyinin üzvləri, istedadlı şair və yazıçılar yetişib meydana çıxdılar. Vaqif Məmmədov, Fərəc Fərəcov, Xanəli Kərimli, Tağı Fərəcov, Elbəyi Maqsudov, bir az sonra Asim Yadigar, Telman Ağrıdağ, Kəmaləddin Qədim, İbrahim Yusifoğlu, Məmməd Tahir, Nazilə və başqaları ölkə miqyasında ədəbi mühitdə tanınan imzalara çevrilmişlər.
Bu gün oxuculara təqdim etdiyim Fazil Nəsirbəyli də həmin illərin qaynar gəncliyinin sıralarında idi. O, ilk "Gənc qələmçilər"lə bir yerdə müzakirələrdə daha çox iştirak edir, arabir də şeirlərini diqqətə çatdırardı. Fazil Nəsirbəyli Ordubadda tanınmış şair və pedaqoq Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi məşhur "Əncümənü şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuş Aslanxan Gövhərin nəslindəndir. Onun gen yaddaşında da ədəbiyyat amilinin özünəməxsus yeri vardır. Fazil Nəsirbəyli tarix ixtisası üzrə təhsil alsa da, mütaliəsi, zəhməti və maraqları etibarilə ona ədəbiyyatçı dostlarının sıralarında özünəməxsus yer qazandırmışdır. Ali məktəbi bitirdikdən sonra Fazil Nəsirbəyli daha çox maarifçilik fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının maarifçi ziyalılarından və məktəb təşkilatçılarından biri kimi tanınmışdır. Lakin şeir yazmaq odu onun mənəvi aləmində heç vaxt sönməmişdir. Onun şeirləri respublika mətbuatında və ədəbi almanaxlarda özünə yer almışdır. Fazil Nəsirbəyli şeir kitabı ilə də oxucular qarşısında hesabat vermişdir.
Fazil Nəsirbəylinin şeirləri vəsf etdiyi aləmi mümkün olduqca zəngin poetik cazibədarlığı ilə təqdim etməsilə seçilir. Onun şeirlərində ilham və düşüncə qoşa qanad kimi iştirak edir. Bundan başqa, Fazil Nəsirbəylinin şeirləri özünün xarakterinə uyğun olaraq vətənpərvərlik və mərdanəlik duyğuları üzərində köklənmişdir. Eyni zamanda, Fazil Nəsirbəyli ürəkdən bağlandığı poeziya ilə yaşayır. İnanıram ki, tələbəlik dünyamızın yaşıl bir yarpağı kimi ədəbi mühitimizdə səmimiyyətlə öz sözünü deməkdə olan Fazil Nəsirbəylinin şeirləri oxucuların da marağına səbəb olacaqdır. Qədim tələbə dostuma və istedadlı şairə daha böyük yaradıcılıq uğurları arzulayıram.
Fazil Nəsirbəyli
Azərbaycan
Torpağın od, suyun atəş,
Başın üstdə parlaq günəş.
Arpaçayı, Samur, Viləş
Axan nurdu, bərəkətdi
- Azərbaycan.
Çiçəklənən məmləkətdi
- Azərbaycan!
Bağça-bağın gül-çiçəkli,
İgidlərin nər biləkli,
Gözəllərin saf diləkli,
Dili şəkər, sözü qənddi
- Azərbaycan.
Çiçəklənən məmləkətdi
- Azərbaycan!
O tay Zəncan, bu tay Şirvan,
Araz üstə Nəqşicahan,
Bu müqəddəs ulu məkan,
Min bir gözəl şəhər, kənddi
- Azərbaycan.
Çiçəklənən məmləkətdi
- Azərbaycan!
Şahdağ üzü Savalana,
Könlüm istər havalana,
Qəbrim üstə od qalana,
Yaddan çıxmaz, böyük dərddi,
- Azərbaycan.
Çiçəklənən məmləkətdi
- Azərbaycan.
Borçalı, Göyçə, Dərbənddi,
Vurğun könlüm sizə bənddi,
Dərdin dərdimi dərbətdi,
Gözümüzdə yaş göyərtdi
- Azərbaycan.
Çiçəklənən məmləkətdi
- Azərbaycan.
Əsir düşüb Araz, Zəngi,
Çalınmır heç dəli "Cəngi".
Qafqazın yatmış pələngi
Qalxsın qəflət yuxusundan,
- Azərbaycan.
Çiçəklənən məmləkətdi
- Azərbaycan!
Çıx yollara, dünyanı gəz,
Bu diyara yoxdur əvəz.
Gəmiqaya, Qoşqar, Kəpəz
Bir-birindən məğrur, sərtdi,
- Azərbaycan.
Çiçəklənən məmləkətdi
- Azərbaycan!
Mübarəkdir bu növrağın
Şölə saçır şam çırağın,
Dalğalansın qoy bayrağın,
Bizə şöhrət, şərafətdir,
- Azərbaycan.
Çiçəklənən məmləkətdi
- Azərbaycan!
Dağlar məni
yaman çəkir özünə
Bəzənib yal-yamac, göy biçənəklər,
Yolçuya yol vermir güllər, çiçəklər,
Açıb yaxasını güllü köynəklər,
Bahar gəlib dərəsinə, düzünə,
Dağlar məni yaman çəkir özünə.
Qar altından çıxır cacıq qırmızı,
Dərdə dərman baldırğanı, yarpızı.
Tər çiçəkdən dəstə bağla, el qızı,
Fərəh versin camalına, hüsnünə,
Dağlar məni yaman çəkir özünə.
Başım üstə buludların kölgəsi,
Qayalıqda kəkliklərin gur səsi,
Çəmənlərin al-qırmızı laləsi,
Salıb məni atəşinə, közünə,
Dağlar məni yaman çəkir özünə.
Nəğməlidir sularının axarı,
Tamaşadır "Gen dərə"nin baxarı.
Hər qalxanda Nazağadan yuxarı,
Şar boyda görünür dünya gözümə,
Dağlar məni yaman çəkir özünə.
Bu dağların Tivisi var, Bisti var,
Nəsirvazı, Ələhisi, Xursu var,
Ana yurdum, Nürgüt adlı ulus var,
Gəlməsinlər bədnəzərin gözünə,
Dağlar məni yaman çəkir özünə.
Söykənibdir təpə dağa, dağ dağa,
Gəmiqaya, Xəzər yurdu, Nazağa.
Yayda salar səni şaxta, sazağa,
Çıxanda seyrinə qabarır sinə,
Dağlar məni yaman çəkir özünə.
Elin şad günündə, toyda, düyündə,
Barlı-bəhərli bir payız günündə,
Arzuların ən şirini dilində,
Emil yenə şəkər qatıb sözünə,
Dağlar məni yaman çəkir özünə.
Olmuşam dağların əsir-yesiri,
Ölüsü-dirisi, yetim-yesiri,
Dağlar balasıyam, haqqın şairi,
Salıb tilsiminə, salıb sehrinə,
Dağlar məni yaman çəkir özünə.
Ağlama, gözünün qarası gedər
Bilirəm sevirsən, eşqin dənizdi,
Çırpınan ürəyin pakdı, təmizdi.
Quruca səsin də mənə əzizdi,
Gözünün yaşını tökmə bu qədər,
Ağlama, gözünün qarası gedər.
Ərköyün könlünə dəyiblər, nədir?
Pərişan görkəmin məni göynədir,
O qara gözlərin yenə çeşmədir,
Qoyma ürəyimə sarılsın kədər,
Ağlama, gözünün qarası gedər.
Ağaclar silkinib, yarpağın töküb,
Zaman dizimizi qatlayıb, büküb.
Nur səpən üzünə qəm-kədər çöküb,
Tıxanıb boğaza, boğsa da qəhər,
Ağlama, gözünün qarası gedər.
Göylər yenə boşalacaq, dolacaq,
Açan çiçək saralacaq, solacaq.
Sevgimizdən xoş xatirə qalacaq,
Bəsdir, ürəyimi sıxdığın yetər,
Ağlama, gözünün qarası gedər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!