Göyüzünün bu üzünü dinləyən şair - Vaqif Bayatlı Odər - Elnarə AKİMOVA yazır - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

"Şeir elə şairin özüdür" düşüncəsini Vaqif Bayatlı Odərə daha uyar saymaq olar. Çünki məlum tərifin sağına baxanda şair kimi şair, soluna baxanda şeir kimi şeir görünür. Həyatını öz şeirlərindən çıxmış adam kimi yaşayan, şeir üslubunda bütün fərqli ədalarını ehtiva edən, misralarının semantik stixiyası ilə sirli, tənha, təhtəlşüur aləmdən xəbər verən Vaqif Bayatlı Odər poeziyasında  yaşadığımız gerçəkliklərə və bizi əhatə edən insanların ruhlarına yabançı, İlahi sevgisi və çözümsüz kədəri ilə ayrı dünyaya açılan bir Yol görünür. Bu yolda Ölüm həyat kimi, dünya faniliyi içrə qavranılıb, həyatı sevgi kimi yaşamaq müstəsnalığı diqqət çəkib. Odər qəhrəmanı üçün görünən, var olan varlıq yalnız Tanrı məqamı olub, bu üzdən dünya, yer üzü ilə bütün bağlarını, bağlılıqlarını qırmış insan görünməzliyə, gizlinlərə can atıb, "qəribik, şairim, qəribik, sözüm qəribik, gözəlim bu yer üzündə", - deyərək qulaq deşməyən haray, həzin pıçıltı, səssiz baxış, içinə tökülən göz yaşı gətirib poeziyamıza. Və məncə, poeziyamızın az-çox qorunduğu indiki ruh halında ən çox xidməti olan şairdir Vaqif Bayatlı Odər.

***

V.B.Odər 70-cı illərin sonlarında ədəbiyyata gəlsə də poetik istedadı daha çox 80-ci illərdən etibarən parlamağa, poeziyanın yenilik axtarışlarında Cəbrayılzadə imzası ilə sabitləşməyə başlamışdı. Müstəqillik dönəminə qədər şairin "Tənha ulduz altında" (Bakı: Yazıçı, 1982),  "Unudulacaq bütün sevdalar" ( Bakı: Yazıçı, 1986), "Ölənəcən sevmək azdır" (Bakı: Yazıçı, 1990) kitabları çap olunmuşdur.

Müstəqillik dövrünün poeziyası daha çox minor motivlər üstə köklənən, insanın mənəvi-ruhsal tənəzzülünü sərgiləyən ovqat şeirləri ilə xarakterizə olunur. Bunu təbii ki, həmin dönəmin özünün mürəkkəb mahiyyəti, kəskin çaları ilə əlaqələndirmək lazımdır. Zaman və onunla bağlı ideyaların deqradasiyaya uğraması cəmiyyətdə son problematikasını labüdləşdirir, şəxsiyyətin iflasına, onun içindəki çöküş fəlsəfəsinin yaranmasına rəvac vermiş olurdu. Amma bir faktı qeyd etmək mütləqdir: həmin çöküş fəlsəfəsi milli poeziyada yalnız 90-cı illərin bəhrəsi olmayıb, özündə daha əvvəlki dönəmi qapsayır. Yəni, bu gün şair içinin, mənəvi dünyasının təkliyi, tənhalığından nəşət tapan çağdaş şeirimiz birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər dərinlərə işləyib var-varlığını bir neçə onillik əvvəldə, sovet ədəbiyyatı daxilində yaranmağa cəsarət etmiş dekadans ovqatlı poeziya mətnlərində tapır.

Poeziyada bu ovqat daha çox V.Səmədoğlu, R.Rövşən, V.B.Önərin yaradıcılığında intişar tapmışdır. 80-ci illərin əvvəllərində V.B.Odər şeiri irfansız qalan, Allahından uzaqlaşdırılmış poeziyanı yenidən varlığına, qatqısız başlanğıcına, təbii rənginə qaytarmaq üçün doğulur, neçə onillik boyu ideoloji rupora çevrilən şairlik missiyasının fərqli cizgilərini və sakral gücünü bəyan edirdi:

Şeir-anddı mənimçün.
Şeir yazmaq-and içmək,
and içib
göydə ulduzuna,
yerdə şeirinə çəkilir hər şair-
yurdunu qoruyan əsgər
qılıncına and içib
ölümünə çəkilən tək.

Bu manifest poeziyaya yeni bir nəfəsin gəldiyini bəlli edirdi artıq. Bəlli edirdi ki, elə min il yol gələn milli şeirin havasında da fərqli hadisə yaratmaq olar. Ona görə V.B.Odərin şeirləri həyatın bozluğundan, adiliyindən qurtulub yeni dünya düzəninin varlığına daha artıq inandırırdı insanı:

özünü öldürməyin
bircə əbədi yolu qalır həmişə ancaq -
yaşamaq hələ,
         yaşamaq çox kiçik hərflərlə.

***

 

"Eheyy! Göyüzünün o üzündəkilər! Kimsiniz?"

Göyüzünün o üzünə qonub göyüzünün bu yüzünü dinləyən şair.

Vaqif Bayatlı Odər

O, özünü belə təqdim edib həmişə: göyüzünün o üzündən bu üzünü dinləyən şair olaraq. Tərkidünya yaşam halı, fərqli dünya və fərqli mənəvi məkan... Bu məkanı da V.B.Odər özü yaradıb, buranın suyu və suyunun dadı, havası və havasının mehi,  ağacı və ağcının ucalığı, çiçəyi və çiçəyinin ətri də başqa olub.  Daha çox  lirizm və emosionallıq, hissin, duyğunun daha çox səmavi duyğulara, məhəbbət ovqatına köklənməsi V.B.Odər şerlərində əsas üslubi  keyfiyyətlər kimi  özünü göstərsə də, onun tənhalığının əlaməti kimi səciyyə qazanır. Bəlkə ona görə heç kimin və heç nəyin ovuda, tənhalıqdan qurtara  bilmədiyi şair könlünün bircə ünvanı, bircə hədəfi - Allaha aparan Yolu qalır. V.B.Odərin bütün şeirlərindən keçən Yol anlayışının başlıca motivasiyası burdan qaynaqlanır. "İlahi yol" şeirində  şair yazır:

Hər an üzü Allaha tək bir yol olar ancaq.
Allah görünməz, duyular ancaq.

Bu misralarla poeziyamız sovet ideologiyasının diktəsi ilə Tanrıya münasibətdə sərgilənən müraciət, məzmun-forma vəhdətini modifikasiyaya uğradaraq orta əsr ədəbiyyatının ürfan başlanğıcına qayıdırdı. Bu həm də Allaha münasibətdə şeirin yalnız forma deyil, məzmun dəyişimi idi. Şairlə birgə bu missiyanın yerinə yetirilməsi o zaman həm də V.Səmədoğlu, R.Rövşən poeziyasının boynuna biçilir. Onların şeirləri Yaradana müraciətin yeni, təzə-tər duyğularını yaradır. Bütün həyatı boyu Tanrı məqamına sadiq qalan və dünyaya ilahi aləmə çıxış kimi baxan V.B.Odərin şeirləri də onun kimsəyə deyil, məhz Tanrıya paylaşmaq istədiyi məqamlar kimi mənalanır. "Əlli ilin toy-bayram poeziyasından sonra insanın mənəvi yaşantılarının o biri tayına baş vuran bu şairlər dünya poeziyasının həmişəyaşar ənənələri ruhunda kədərin kamilləşdirici, yüksəldici önəmini daha dəyərləndirirdilər." (Nizaməddin Mustafa). Bu şairlərin şeirlərində başlıca hədəflər absurd situasiyalar, insan təkliyi, mənəvi böhran təsvirləri olur. Buna baxmayaraq, şairlərin hər birində həyat və ölüm, dünya və mən, təbiət və insan - artıq özgə problematika və mündəricədə poetik müstəviyə gətirilir. Sosialist realizminin hələ meydanda olduğu zamanda Odər şeirləri tərtəmiz poeziya hadisəsi kimi hasilə gəlir, bu şeirlərdə sosializmin elementar işarəsinə belə rast gəlinmir, əvəzində şeirimizdə mistisizmin başlanğıcına imza atan şeirlər doğulur, ölümə aşina, ölümə könüllü can nisar edən şeirlər:

Qara qız ol, qara torpaq,
ol dəlin olum sənin.
Gir qoynuma, tək məni sev,
Son sevgilin olum sənin.

Gir qoynuma, dol canıma,
Tapmasın heç bir ölkə,
Heç bir ölüm, din səni.
Gecə-gündüz öpə-öpə,
Sən cücərdən güldən gözəl,
Canımdan cücərdim səni,

Bir də tökülmə gözümə,
Tökülmə üstümə bir də,
Qara qız ol, qara torpaq,
Qara qız ol,
Elə sevim ki, səni,
Heç kimi istəmə bir də.

Ölüm obrazı V.Bayatlı Odər poeziyasında hansı biçimdə poetik müstəviyə gətirilir? Bəlkə bir cümlə ilə cavab vermək olar: sevgi və həyat kimi. Odər şeirləri ölümün o qədər də qorxulu şey olmadığına inandırmaq, onu eşq adlanan məhvərdə ülviləşdirmək üçün əvəzsiz bir yaşam qaynağıdır. Şairin "Ancaq eşqdən bir dünyaya doğru" şeirinə baxaq:

Sevdim Allaha bənzədim,
Öldüm, sevgimi bəzədim,
Mən səni min il gözlədim,
Sevdim keçdim təzə minə.

Kim sevmirsə, demək gülmür,
Sevib gül olmayıb hələ,
Bəlkə Allah görmür onu,
Bəlkə doğulmayıb hələ.

Ancaq eşqdən bir dünyayçün
Ölümü də sevib ötdüm,
Ölümüm də döndü gülə,
Hər iki dünya! Mən getdim
Xoşca qalın! Gülə-gülə!

80-ci illərdən ədəbi dövriyyəyə daxil olan bu şeirlərlə poeziyamızda başlanan yenilik, çevriliş əzmi başqa xarakter, məzmun almağa başladı. Deyək ki, R.Rzadan başlanan sərbəst şeirin təmsilçiləri İnsana marağı ədəbiyyatın mərkəzinə çəkməyə nail oldularsa, yaxud S.Vurğunda istinad tapan heca şeirinin nümayəndələri ilə poeziyanın klassik mövzu və formaları qorunub saxlandısa da, bu arada milli şeirimizdə tamam yeni xətt ayrıldı ki, onlardan özəl olaraq danışmağa imkan verdi. Vaqif Bayatlı Odərin adı ilə səciyyələnən bu qol sovet şeirinin daxilində başlanan yeni bir təmayülün göstəricisi idi. Ənənəvi qəlibləri qırmaq, tribun səciyyəli toplumsal-siyasi tematikadan imtina, ilahi başlanğıca bağlılıq, dünyanın faniliyi və insan ruhunün huzuru, tənhalıq və bundan doğan çözümsüz kədər, ölümü həyat, həyatı sevgi kimi yaşamaq və s. məsələlər V.B.Odər poeziyasında əsas leytmotivə çevrilirdi. Başlıca poetik qəhrəmanın toplumdan fərdə, "biz"dən "mən"ə keçməsi şairin poeziyamızda açdığı çığırın əlamətləri idi.

Bir göz yaşında azmışam
üzlə axıram aşağı,
ancaq üzü tanımıram
Bu göz yaşı məndən axır?
Mən bu gözü tanımıram…

Digər şairlərin lirikasındakı dünya ilə küskün mövqedə dayanan "mən" obrazı  Vaqif Bayatlı Odərin poeziyasındakı Tanrı, ruhsal dəyərlər fonunda əriyir, itir, görünməz olurdu. Məsələn, deyək ki, Vaqif Səmədoğlu qəhrəmanının İlahi başlanğıca bağlılıq və məhrəmliyi, hətta "Mən burdayam, İlahi" deyərək özünü Allahın yadına salacaq qədər cəsarəti onun daha çox dünyadan küskünlüyündən qaynaqlanır. V.B.Odər qəhrəmanı isə dünya, yer üzü ilə bütün bağlarını, bağlılıqlarını qırmış insandır. Odur ki, şeirlərində müəllifin bilərəkdən görünməzliyə, gizlinlərə can atdığını görmək çətin deyil. Poeziyada dekandans durumu yaşamağa başlayan şairlərin bu jestləri -  onların gizlinlərə, kimsəsizliyə meyl etmələri 70-ci illər şeirinin ümumi stixiyası kimi gəlişirdi.

Ölsək ayaq üstə basdırın bizi,
Bu yurdun dərdləri ağlana bilməz,
Nəğmələrin qəmi qurumayınca
Şair gözləri də bağlana bilməz.

Şairin milli müstəqillik dövrü poeziyasında da ölüm məfhumu diriliyində, canlılığında şeirə gətirilir, əbədi başlanan ömrün məntiqi labüdlüyü kimi dəyərləndirilirdi. V.B.Odər "Ölümdən başlar şair ömrü" manifesti ilə yenə də öz kredosunu açıq elan edir,  ölümün onunçün "xoş bir çağırış" olduğunu yazırdı: 

Qardaşlar, ölüm mənimçün
bir xoş çağırışdı ancaq
Kürəyimi babalarımın
kürəyinə söykəməyə,

kürəyimi analarımızın
ayaqları altına verməyə.

Bu mənada, 70-80-ci illərdən etibarən şeirimizdə başlanan yeni dekadans çalar yalnız şairin yaradıcılığında deyil, həmçinin poeziyamızdakı çevrilmənin başlanğıcı olaraq səciyyəvilik qazanır. Bu dövrdən başlayaraq yazılan bir çox şeirlər ruhun zamanla toqquşması zəminində meydana çıxır, bu  amil əsərlərin forma və məzmununda  çoxqatlılığa, fikri ekspressivliyə, poetik konstruksiyalılığa gətirib çıxarırdı. Poetik təsvirə çəkilən məqamlar müəllifinin ekzistensional düşüncəsini görükdürür, insanın daxili "mən"inə enişinin son dərəcə həssas və gizlin nöqtələrinə ayna tutmaqla poeziyanın yeni bir dönəmə adlamasını bəlli edirdi. Yeni epoxada da V.B.Odər qəhrəmanının ruhu, düşüncəsi, ovqatı heç bir təbəddülata məruz qalmadan tam olaraq eyni biçimdə görünə bildi.

O bulaq içində bir qonur daş var
taleyimdi mənim,
biz qardaş şəklində doğulsaydıq

o bulaq gözündə doğuldu ancaq
Mən insan gözündə, insan şəklində
o daşın qonuru o gündən bəri
qardaş rəngitək gözümdə qalıb.
gəlib qərib-qərib duracaq gendə
Nə ola,
bir də o düzümdə, o gözəllikdə
təzə bir söz demək qismətim ola...

V.Bayatlı poeziyaya daha çox intonasiya fərqliliyi gətirmiş şairdi.  Bu şeirlərdə intonasiya o qədər güclü idi ki, vəznin tələblərini belə görməzdən gəlindirə bilirdi. Bu mənada,  V.B.Odər milli şeirimizdə,  ilk növbədə dil materialı kimi maraqlıdır. Şairin poeziyası milli ənənəvi şeirin yeni yolayrıcına düşüb öz cığırını açması baxımından önəmlidir. Amma ən önəmlisi, V.B.Odərin saldığı yeni Yolda milli şeirin öz havasına qol qaldırıb oynamaq çabasıdır. Şifahi xalq ədəbiyyatımızın min il kökdən düşməyən səsinin zil eşidilməsidir. Səssiz şeirlərin içində doğulan zil duyğular... Bir nəfəslə dirilib poetik məkana sürüklənən xatirələr, əl dəyən kimi hönkürən və qaynayıb daşan yaddaş lövhələri...   "Qardaşımın üzü köməyim olsun", "Mən zalım adamam, kamança",  "Səni niyə belə sevdim" və onlarla digər şeirləri V.B.Odərin poeziyamızdakı yeni nəfəs uçuşunun göyərçinləri kimi mənalanır. Bu şeirlər əslində, poeziyanı bir başqa şəkildə sevməyə, təbiəti başqa şəkildə qavramağa kömək edir.

Qardaşım ağaclar,

Bacım çiçəklər, bir də söz tutdu sizi,
Söz tutdu, sevda qurutdu
Üz tutub yüyürməyin mənə sarı…
Bağlanıb gözümün yaş qapaqları…

Təbiətə və dünyaya münasibətin özünəqayıdış qütbünü nişan verən bu şeirlərdə türk insanının yaşamına, milli koloritinə, etnoqrafiq özəlliklərinə, çöl başlanğıcına aid nə varsa V.Bayatlı lirikasında yenidən dirilik qazana bilir. Nəinki dirilik qazanır, insanın bir parçasına çevrilir, onunla bir olur. Şeirin metaforalar sırası dəyişir, müraciətin tonu ağaca, qarağat koluna, qonur daşa qardaşım, çiçəyə bacım, yağışa gülüm deyəcək qədər xəfif müstəviyə adlayır.

Bir çölün düzündə
Qarağat koluyla qalsam baş-başa
O kol da
Kolluğundan çıxıb dönsə qardaşa,
Nə sorsam, nə desəm, cavab yerinə
Tikanlı üzünü sürtsə üzümə.
Uzanıb qollarım, bitib qollarım
Dönsə bir qayığın avarlarına
Sular qollarımı yuduqca yusa,
Yosun-yosun saçlar axdıqca axsa
Bir cüt mələk kimi, bir cüt ay kimi
Bir qızla bir oğlan buluddan çıxsa...

V.B.Odər öz dünyasına sığınır, öz içindəki dünyanı tərənnüm edir, "yerüzü, bütün kainatın tək ibadət yeridir", - deyərək heç kəsə bənzəməyən dünyanın sakinlərinə qucaq açmada davam edir. Bu şeirlərin semantik stixiyası sirli, təhtəlşüur dünyadan xəbər verir. Həm şairin fərdi dünyasına, yaşamına məxsus cizgilər, notlar, həm də kosmik başlanğıc, dünya kontekstindən təhlilə gələn məqamlar şeirlərdə vahid bədii məkanı təşkil edirlər. Bu universumda V.B.Odər poeziyasının fərqli çalarları bütün incəlikləri ilə təsvirə gəlir. "Vaqifin şeirlərində bütöv Azərbaycan, Türk dünyası, "tüstüsü heyrətlə baxan ocaq", nallarından qığılcım səpələnən türk atları, şaman duaları dil açır. Göy üzündə üzən şair ən gözəl Türk ulduzunu seyr edir. Aşağılarda  -  yer üzündə ən gözəl Türk qızını görür, ölümsüz türk kamanını çalmaq istəyir, xəyalı Kipr adasına qonur" (V.Yusifli).

Bu dağların göyü quş qanadından,
bu torpağın üzü at nallarından,
çiçəklərin üzü ay işığından,
Doymaz könlüm, doymaz.

V.B.Odər şeirlərindəki yanğıya və dərdə, lirik-fəlsəfi düşüncə tərzinə görə özündən əvvəlki heç bir şairə bənzəmədi. Yeni epoxaya da bu şair yaradıcılığının məntiqi sonucu kimi iki kitabla daxil oldu: "Ən gülməli ölü" və "Yupyumru bir eşq ilə kitabları" ilə. Bu kitablarda sürrealizm cərəyanının izləri gərəyincə aydın, amma müəyyən naturfəlsəfi çalarları ilə poetik mətnə gətirilir. Hər biri müəllifinin tənhalıq, kədər, Tanrı, ölümlə bağlı düşüncələrini dominanta çevirir. Simvolik qatda ifadəsini tapan mətləblər əslində, dekadans durumunun davamı kimi önəm daşıyır. Bəllidir ki, simvolizm dekadansın təzahürü, məhz modernist ədəbiyyatı gətirən ilk cərəyandır. Bu şeirlərdə qabarıqlaşan Tanrı başlanğıclı məqamların, ruhsal-mənəvi dəyərlərin inikasında simvolist çalarları görməmək mümkün deyil. Şair hətta sevgi, həyat mövzularının inikasına varanda belə son məqam metafizik qata açılır, daha çox realist təsvirin iflası və için çöküşünün əlaməti kimi mənalanır. Təbii idi, kitablar müstəqillik dönəmində ərsəyə gəlmişdi, 90-cı illərin qarışıq, xaotik proseslərlə zəngin mərhələsini adlayan qəhrəmanını içindən keçirərək adlayırdı yeni dönəmə. Bu mənada, şairin yeni şeir kitabı haqqında Azər Turanın səsləndirdiyi bu fikir onun yaradıcılıq kredosunu dəqiq xarakterizə edir.  "O, ədəbiyyatda və düşüncədə BÖYÜK TUFANI doğurmamışdır, amma Milli obrazları ictimai - poetik və fəlsəfi tufandan xilas edə bilmişdir və "Ən gülməli ölü" kitabı da xilaskar və özü də nicat tapıb qurtulmuş şairin qövmünün sığınıb yaşadığı əraziyə bənzəyir. Bu kitabda doğma, çox doğma və munis bir Azərbaycan var".

90-cı illərdən başlayaraq şeirimizdə daha çox epik başlanğıc güclənməyə başladı. Şairlər həyati müşahidələrini, bəzən hədsiz dərinlərə işləyən şüur oynaqlıqlarını təhkiyə elementlərinin gücü ilə verməyə çalışdılar. Bu elə bəlkə, həmin səbəbdən hasilə gəlirdi, şairlərin daha çox həyatın dərinlərinə, bütün qatlarına baş vurma çabalarından. Yazılan şeirləri içdə yaşanılan ideyaların bədii təcəssümünə çevirməyə çalışırdılar və təsadüfi deyil ki, bu cəhd əsərlərin poetik strukturunun fərqli olması ilə nəticələnirdi. Zənnimizcə, müstəqillik dövrü şeirində nəzm və nəsr hissələrinin növbələşməsi məsələsi də məhz bu ayrıntı ilə bağlıdır. Çünki, bədii mətndə ideya axtarışları kəskinləşdikcə, daha doğrusu dərinləşdikcə əsər, daha çox öz forması ilə danışmağa üstünlük verir. V.Bayatlıda isə erik başlanğıc hələ 80-ci illərdə yazdığı şeirlərdə artıq öndə idi:

Dünyada elə şeylər var gözlərini yumub görə bilərsən onları ancaq.
Dünyada elə səslər var qulaqlarını yumub eşidə bilərsən onları ancaq.
Dünyada elə sevgilər var səninlə nəfəs alar, sənin deyil ancaq,
 onlar bir zamanlar, sən bu dünyada olmayanda da səninlə bu dünyada yaşayacaq.

Şeir izah edilməməlidir, daha çox izah etməlidir. Öz təsir gücü ilə, şüuraltının işlədiyi və işlətdiyi dərin(lik)lərə qədər bizə məlum dünyanı darmadağın edib yeni dünyalara yol açmalıdır. İnsanın Tanrı, dünya, ölüm, həyat, yaradılış, sevgi ilə bağlı təsəvvürlərinin ərazilərini genişləndirməlidir. Bu, artıq misralara sığışmaqdan çıxıb "hadisə" (ni) bəlirtməyə gücü çatan nümunələr qismində mümkündür. Baxmayaraq ki, şeir söhbətlərdən deyil, misralardan hörülür, yaxud hörülməlidir. V.B.Odərin şeirlərində erik başlanğıc həmişə öndə olsa da bu, ona şeirlərini musiqi ladında meydana qoymağa imkan verib. Yaxud əksinə, şeir yalnız musiqi hadisəsi olaraq doğulub, bu hadisədə xalqımızın min illik yaddaşını bəlirtən şifrələri ehtiva olunub:

Qılınc qayadan çıxar,
Qanın oyadar çıxar,
Vətən "Atlan!
Deyəndə
Qırat dəryadan çıxar.

A bürcü-bürcü-bürcü!
Vətən dara düşəndə
Göyə qalxıb ulayar
Analar bürcü-bürcü!

Ana V.B.Odər poeziyası üçün mərhəm obrazdır. "Göyə qalxıb ulayar/ analar bürcü-bürcü". Yer üzündə övladı üçün fəryad qoparan ünvan ancaq anadır və vətənin dara düşməsi analar üçün oğul intizarının, həsrətinin, onu itirmə qorxusunun özü qədər dərindir. Bir el bayatımız var:

Analar anar ağlar,
Saçların yolar ağlar
Dönər ağ göyərçinə,
Yollara qonar ağlar.

V.B.Odər ağ göyərçinə dönən anaların ulartısını gətirib poeziyamıza. Ağrının son həddi, ekstaz məqamı olan ulartının poeziyasını, mistikasını yaradıb. Yaxud digər  şeirində, - "ana yanında ölməkdi dünyanın ən gözəl ölümü, ölüm də qorxulu gəlməz adama, qara torpaq altına getmək də, ana yanında", -  deyərək Ana obrazını ən munis duyğuların məxəzi olaraq dəyərləndirib.

Allahdan, bəndədən qaçıb gizlicə
Ağlayar analar hey için-için.
Ağlamaqdan asan dünyada nə var
Ağ telli, ağ üzlü analar üçün?!
Nəyə lazımıdı bu boyda dünya
Çoxda ki, ocaqlar his eləyirdi?
Fağır analara, gül balalara
Bu ocaq yanı da bəs eləyirdi...

Bu yalnız hamıya bəlli xüsusiyyətlərin bir obrazda sıxılıb yığılması deyildi. V.B.Odər öz axar-baxarlı, tükənməz enerjili Dil materialı vasitəsilə yaratdığı obraza çələng hörə bilirdi. Bu poeziya üçün əhəmiyyətli məqam elə budur: şairin bütün epik təsvirlərində, nələrisə nəql etdiyi situasiyalarda belə poetik mexanizm bütün gücüylə işləyir. Həm də hiss edirsən ki, bu, yəni şairin qurduğu süjet poetikasının zənginliyi yazı mexanizminin mükəmməlliyinə deyil, alt qatda, şair təfəkküründə sıxılıb bərkimiş mifoloji, etnoqrafik zənginliyə, folklor motivlərinə əsaslanır, bu qatdan bəhrələnib tuğyan edən təxəyyülün çeşməsi öz qafiyələr, obrazlar, təşbehlər polifonizmi ilə fərqli bir nağıl dünyası yaradır.

Təzəcə yağışdan çıxmış göyüzü
Göyüzündən heç kəs keçməyib hələ
Günahkarlar göyə üz tutub
and içməyib hələ,
ay sənə baxır,
çıx yarpaq altından.

Yağışdan çıxmış göyüzü kimisən sən də,
qonşu toyuna
on hasar o yana
oynayan uşaq.
Odu bax!
baxıb sənin oynuna
göyüzündə qol açıb
oynayırlar mələklər
on göyüzü o yana.

O zamana qədər poeziyamızda artıq şablonlaşmaqda olan deyimlər vardı, çoxu da bayatılardan, el havalarından şeirə keçib təkrarlanan - tutaq ki,  "Ömür keçdi, gün keçdi, cavan olmam bir də mən", yaxud "Dünya bir pəncərədir, hər gələn baxan gedər"... Bu misralardakı sadə hikmət V.Bayatlı poeziyasında başqa biçimdə mətnə ötürülür, əsl şeiriyyata çevrilirdi. Çünki bu şeirlərdə ilahi hisslər, sufi-mistik duyumlar yaşanmış duyğuların mətn üzərində şəkillənmiş obrazı, gerçəkliklə idealların qovuşduğu mənəvi məkanı idi. Onlarda yalnız hamıya aid, hamıya görünən dünyanın deyil, həm də görünməyən, üfüq arxasında qalan dünyanın rəsmi çəkilirdi. V.Bayatlının şeirləri insanı ilk dəfə dünya ilə təmasının başladığı anlara qaytarır, bu qədər zəngin kaloritin içində ruhunu saran saf duyğuların həzin oyanışı başlayır.

 Gizlicə-gizlicə gəldi buludlar,
Gizlicə-gizlicə döndü ümidlər,
İndiki buludlar beləcə gəlmir,
İndiki yağışlar beləcə yağmır.
İllərin o başından
               bir qız yaylığı üstdə
bir ipək xatirə döndü qəlbimə,
bir qızın telləri əsdi üzümə.
Gülüm yağış! Çiçəyim yağış!
O ipək illərdən,
                 atlaz günlərdən,
Gilənar göylərdən dolan yağışım,
                 yollarda yorulub
gözümdə, könlümdə qalan yağışım,
bir çinar üstündə
                 qoyub gəlmişdim səni,
çinarın altında bir gilənar qız.
İndiki yağışlar beləcə yağmır...

Bu şeirlərdə türk-təsəvvüf baxışı, ilahi, mistik düşuncə ilə gerçəkliyin təbiiliyi, ruhsal abstraksiya ilə canlı yaşam stixiyası arasında qanunauyğun bir bağlılıq, rabitə və sintez var. Şairİlahi, Tanrı ilə əlaqəli səmavi dəyərlərə aludəliyini, aşinalığını sərgiləməklə bərabər, bu dünyanın realiyasına da bir yaşam ehtirası təlqin edir. Bu baxımdan, Odərin lirik "mən"i ayağını yerdən üzmədən səmanı fəth edən, özünü Tanrı, dünya və təbiətlə vəhdətdə dərk edən obrazdır:

Şeir V.Bayatlı üçün Allahla söhbətdir, onun göy üzünə ünvanladığı duasıdı.  Bu nümunələrdə V.Bayatlı metafizik mahiyyətə enir, insan-Tanrı münasibətlərini tamam özgə ritmdə, ahəngdə, özünəməxsus həssaslıq və duyğusallıq qatında poetik mətnə gətirirdi. Buradakı şeirlər türk təsəvvüf düşüncəsinin ruhi-psixoloji məqamlarını sərgiləyən nümunələr kimi ürfan qatında təqdim olunur, həyata, ölümə, Tanrı işləklərinə, qəzavü-qədərə müdrikanə nəzər yetirmək ədası özünü görükdürür. Bu şeirlərdə müəllif özünün insan, dünya haqqında bədii-fəlsəfi qənaətlərini, mənəvi təkamül, ruhani və bəşəri dəyərlərlə bağlı ideyalarını yaradıcılığının gəlib çatdığı həqiqət mərhələsinin nümunələri kimi təqdim edir. Yuxu ilə reallıq, arzu ilə ümid, təbiət və Tanrı münasibətlərinə bir başqa, bir az ürfani, misik, bir az da dünyəvi yozum verən bu mətnlər dərin şair ahının, şair kədərinin başlanğıc götürdüyü məqamlara həssasdır. Təsadüfi deyil ki, şair son şeirlərini "qanad açmadan uçanlar, nəfəs açmadan sevənlər, səs açmadan oxuyanlar, yıxılırkən özündən başqa hamıya dua açanlarçün sözsüz şeirlər" adlandırır və bu, əslində V.B.Odər poeziyasını XXI əsrin metaforasına çevirən ən gerçək, ən doğru təyindir.

V.Bayatlının şeirləri onun özüdür, dedik. Bəlkə bu üzdən V.B.Odərin şeirləri bu gün ənənəvi yozuma, təhlil predmetinə çevrilə bilmir. Çünki onlar şairin  ömür bioqrafiyasının davamı, mətndə yaşamı kimi gerçəklik haqqı qazanıb artıq. Əsl şairin üsyanı ətrafla deyil, öz içi, öz dünyası, öz sevdaları ilədir axı. Ona görə bu şeirlərin V.B.Odər portretini cızmağa potensialı yetir. Şairin demək olar ki, bütün şeirlərində ehtiva olunan duyum və ifadə çalarları, müxtəlif məzmunli anımlar lirik-fəlsəfi düşüncələrin qanadında bədii siqlət qazanır. V.Bayatlının belə birr fikri var : "Bizim bayatıları görürsünüzmü, bir damcı belə yad nəfəsə yer yoxdu. Amma bir bayatıda bir roman var. Mən düşünürəm ki, gələcəkdə ancaq bayatı yazacağam". V.Bayatlının şeirləri elə bayatıların poeziyada yeni biçimdə doğuluşu idi. Məsələn, bu şeirə diqqət edək:

Xan ceyranın qaçışında,
Ən şahanə uçuşunda,
Gah alnında, gah döşündə,
Bir ox yeri var, yeri var.

Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var, yeri var.

Ən kimsəsiz küçə sənin,
Küçə sənin, gecə mənim,
Sən bağlayan pəncərənin ,
Bir dön bəri bax yeri var.

V.B.Odərin poeziyası bütün qəribliyi, tənhalığı və ağrısı ilə birlikdə büsbütün poetik yaşamdan doğan sənətdir. Həyata və yaşamağa sevgi toxumu səpib düzənli bir dünya qurmaq amacı ilə yola çıxan yolçuluqdu. "Qoy insanlar Sevginin, Sevən, Sevdirən Ürəyin dünyanın sevgi gerbi, İlahi gerbi olduğuna inansınlar. Və buna hamını inandırsınlar...", - deyən şairin bu fikirləri elə ümumən onun poeziyasının ümumi qayəsini təşkil edir. Odər şeirləri hər zaman müəllifinin yerinə danışacaq, ona verilən sualları canlarındakı irfan işığı ilə cavablandıracaqlar. Bir də müəllifinin onlara hopdurduğu İlahi eşqi öz misralarının qanadında yer üzünə səpələyəcəklər. Yaşaya bilməyimiz, sevə bilməyimiz, ölə bilməyimiz üçün. Çünki bu poeziyada "Ölüm xoş bir çağırış" kimi səslənib həmişə. İnanaraq ki, sonda həmişə SÖZ və ondan gözəl nəsə qalacaq dünyada...

Yenə, yenə min illərlə
eşq gözləyən dağlar, düzlər,
üzlər, gözlər, nazlar qalır,
öpülməmiş dodaqlarda
öpülməmiş səslər, sözlər,
öpülməmiş közlər qalır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!