Ədəbiyyat tariximizin müxtəlif dövrlərinin, xüsusilə də Səfəvilərin hakimiyyəti mərhələsinin (1501-1736) tədqiqinə dair sanballı elmi əsərləri, monoqrafiyaları, söz sənətimizin naməlum səhifələrini üzə çıxardığı məqalələri ilə tanınan görkəmli ədəbiyyatşünas, mətnşünas, əlyazmaçı alim Paşa Əlioğlunun - Paşa Əli oğlu Kərimovun 60 yaşı tamam olur. Paşa Əlioğlu poeziyamızda özünün təkraredilməz dəst-xətti olan, böyük istedad sahibi, qüdrətli şairimiz, "Qaytar ana borcunu", "Daş", "Şəhidliyin zirvəsi", "Qayıt" kimi həmişəyaşar poeziya nümunələrinin müəllifi Əli Kərimin oğludur. Onu əminliklə deyə bilərəm ki, Paşa Əlioğlu həmişə Əli Kərimin oğlu olmaq məsuliyyətini başa düşmüş, bütün fəaliyyətində - şairliyində də, tərcüməçiliyində də, elmi tədqiqatlarında da atasına layiq olmağa çalışmışdır. Bəlkə də, elə bu məsuliyyət onu öz şeirlər toplusunu kitab halında nəşr etdirməkdən çəkindirib. Ötən əsrin 80-ci illərində dövri mətbuatda, "Azərbaycan" və "Ulduz" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində mütəmadi olaraq şeirləri ilə çıxış edən, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Paşa Əlioğlu həm də dünya ədəbiyyatının bir sıra dəyərli nümunələrini dilimizə çevirərək Azərbaycan oxucusuna çatdırıb. Onu da qeyd edək ki, Paşa müəllim Əli Kərimin bütün əsas nəşrlərinin, həmçinin ikicildliklərinin tərtibçisi kimi də ədəbiyyat tarixçiliyimizdə öz rolunu oynamışdır. Belə güman edirik ki, gənclik illərindən atasının ədəbi irsinin nüsxələri üzərində ciddi çalışmağa başlaması onu sonradan mətnşünaslıq sahəsini seçməyə sövq edən səbəblərdən olmuşdur.
Filologiya elmləri doktoru Paşa Kərimov ədəbiyyatşünaslıq sahəsində asan yol seçməyib, bəlkə də ən çətin yolla gedib: tariximizin, elm, mədəniyyət, ədəbiyyat, dil tariximizin ilkin qaynağı olan əlyazmaları araşdırmaq, qısaca desək, bəzən sapa düzülmüş mirvariyə bənzəyən, bəzən də pərakəndə vərəqlərdə, cızma-qara şəklində olan yazıları oxumaq, ərəb əlifbasının fərqli xətlərinə bələd olmaq, gözlərini müxtəlif katiblərin xəttinə alışdırmaq, əski mətnləri təhlil etmək və onların əhəmiyyətini anlatmaqdan ibarət ədəbiyyatşünaslıq fəaliyyətinə başlayıb.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra 1982-ci ildən öz taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutu ilə bağlayan Paşa Kərimov öncə XX əsrə aid əlyazma mənbələri ilə işləyərək təkmilləşib. Onun bu istiqamətdə ilk işi Əlyazmalar İnstitutunun şəxsi arxiv fondunda mühafizə olunan Cəfər Cabbarlının əlyazma irsini araşdırmaq olub. Görkəmli dramaturqu istedadlı bir ədəbiyyatşünas kimi də tanıtmaq istiqamətində işlər görən Paşa Kərimov ədibin əlyazma halında olan "Dramanın əsasları", "İslamiyyətdən sonrakı fars ədəbiyyatı" və s. məqalələrini müasir əlifbaya çevirmiş, yaradıcılığının bizim üçün yeni olan səhifələrini açmış, bu istiqamətdə tədqiqat apararaq məqalələr yazmışdır.
Onu da qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin "Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" kimi əsərlərini Azərbaycanda ilk nəşrə hazırlayan da Paşa Kərimov olub.
Alimin elmi maraqlarının sərhədləri çox genişdir. Onun müxtəlif elmi jurnal və məcmuələrdə nəşr olunan 200-ə qədər elmi məqaləsi, 20-dən artıq monoqrafiya və tərtib kitablarından, ölkədə və xaricdə nüfuzlu elmi konfrans və simpoziumlarda etdiyi məruzələrin mətnindən də aydın olur ki, Paşa Kərimovun elmi irsi konkret müəllif, konkret dövrlə məhdudlaşmır. Lakin Paşa Kərimov imzası ədəbiyyatşünaslıq tariximizdə daha çox orta əsrlər anadilli poeziyamızın, XVII əsrə təsadüf edən Səfəvilərin hakimiyyətinin ikinci yüzilliyində Azərbaycanda mövcud olan ədəbi prosesin ilkin mənbələr əsasında tədqiqatçısı kimi tanınır. Bu sahədə araşdırma aparan alimlər ilk öncə onun tədqiqatlarına müraciət edir, "XVII əsr anadilli Azərbaycan lirikası" və "XVII əsr anadilli Azərbaycan poeziyası" adlı monoqrafiyalarına istinad edirlər. Az öyrənilmiş istiqamətdə apardığı bu tədqiqat işləri onun təkcə ölkəmizdə deyil, respublikamızın hüdudlarından kənarda da ciddi alim kimi tanınmasına səbəb olub. Çünki Paşa Kərimov hər hansı bir fərziyyəsində belə mənbəyə əsaslanır, onun müddəa və qənaətləri konkret əlyazma qaynaqlarından götürülmüş faktlarla sübut edilir.
Müəllifin yuxarıda adlarını çəkdiyim monoqrafiyaları ilə tanış olanlar bilir ki, Paşa Kərimov XVII əsrdə Azərbaycan Səfəvilər dövlətində ana dilində yaranan və inkişaf edən Azərbaycan ədəbiyyatının yayılma coğrafiyasını, bu dövrdə Azərbaycan türkcəsinin Səfəvilər sarayında və yüksək dairələrdə mövqeyini, bu ədəbiyyatın, poeziyanın ən səciyyəvi xüsusiyyətlərini, mövzu dairəsinin genişliyini, xüsusilə də bu zaman kəsimində vətənpərvərlik, tarixi mövzularda əsərlərin yazılmasını, həmin ədəbi mərhələdə ənənə və yenilikçiliyin münasibətini, şifahi xalq poeziyasına olan meyli, XVII əsr Azərbaycan sənətkarlarının irsində Nəvai və Füzuli yaradıcılığı ilə əlaqəni, bu dövrdə Azərbaycan-özbək, Azərbaycan-Türkiyə ədəbi təsirlərini, "hind üslubu"nda yazılan anadilli şeir nümunələrini, dövrün poeziya nümunələrinin janr və forma xüsusiyyətlərini, poetikasını, dil və üslub çalarlarını və s. məsələləri ilk dəfə vahid tədqiqat müstəvisində cəmləməyi bacarmış və analitik təhlillər apararaq fundamental elmi nəticələr əldə edə bilmişdir.
2006-cı ildə işıq üzü görən "Əlican Qövsi Təbrizi "Divan"ının tekstoloji tədqiqi" adlı araşdırmasında Paşa müəllim XVII əsr Azərbaycan poeziyasının bu müqtədir nümayəndəsinin ana dilimizdə bağladığı divanının tekstoloji tədqiqini aparmış, əsərlərinin dil-üslub xüsusiyyətlərini təhlil etmiş, elmi-tənqidi mətninin tərtib prinsipləri, bu işdə qarşıya çıxan çətinliklər haqqında məlumat vermiş, şairin Azərbaycan ədəbiyyatı tarixində mövqeyini müəyyənləşdirmiş və yaradıcılığının tədqiq tarixinə də nəzər salmışdır. Qövsi "Divan"ının əlyazma nüsxələri barədə də geniş məlumat verən müəllif kitaba həmin divanın Təbriz nüsxəsinin fotofaksimiləsini də əlavə etmişdir.
Həmin ildə Paşa Kərimov Qövsi Təbrizinin "Divan"ının Bakı, Tiflis, London, İstanbul əlyazma nüsxələri əsasında 800 səhifədən ibarət elmi-tənqidi mətnini nəşr etdirib mütəxəssislərin istifadəsinə təqdim etmişdir.
2012-ci ildə Paşa Kərimovun "XVII əsr anadilli Azərbaycan lirikası" adlı fundamental tədqiqatı monoqrafiya şəklində çap olunmuşdur. Həmin kitabda bu ana qədər Azərbaycan ədəbiyyatı tarixi üçün naməlum qalan bir sıra şairlər haqqında ilk dəfə məlumat verilmiş, bundan əlavə ədəbiyyat tarixlərində yalnız adı məlum olan bir qisim şairin isə anadilli yaradıcılıq nümunələri ilk dəfə geniş tədqiqata cəlb olunmuşdur.
Eyni ildə Paşa müəllimin "XVII əsr anadilli Azərbaycan poeziyası (icmal və portret-oçerklər)" adlı kitabı nəşr olunmuşdur. Kitabda Sadiq bəy Əfşar Sadiqi, Mütəzaqulu xan Şamlu Zəfər, Vəhid Qəzvini, Tərzi Əfşar, Vali, Məczub Təbrizi, Təsir Təbrizi, Şükri kimi sənətkarların həyat və yaradıcılığı geniş tədqiq olunmuşdur.
2013-cü ildə Paşa Kərimovun "Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı" adlı monoqrafiyası çapdan çıxdı. XVI-XVII əsrlər görkəmli Azərbaycan şairi, ədəbiyyatşünası və rəssam Sadıq bəy Əfşarın türkdilli yaradıcılığı ilk dəfə olaraq məhz bu kitabda tədqiq edilmişdir. Müəllif burada şair haqqında, onun həyatı, insani keyfiyyətləri, sənətkarlıq taleyi, ədəbiyyat tariximizdəki mövqeyi haqqında məlumat vermiş və müxtəlif mənbələr əsasında sənətkarın lirikasının əsas özəlliklərini üzə çıxara bilmişdir.
Fikrimcə, məhz bu əsərlərin çapından sonra XVII əsr Azərbaycan ədəbiyyatı tarixinin yenidən, daha zəngin faktlar əsasında yazılmasına ehtiyac olduğu daha aydın hiss olundu.
Qeyd etdiyimiz kimi, Paşa Kərimovun elmi tədqiqat işləri həmişə ilkin mənbələrə əsaslanması ilə dəyərlidir. Akademik Həmid Araslı, Məmməd Cəfər, professor Cahangir Qəhrəmanov, Rüstəm Əliyev, Şamil Cəmşidov kimi tanınmış şərqşünas, ədəbiyyatşünas, mətnşünas alimlərlə çiyin-çiyinə çalışaraq püxtələşən alim 1991-ci ildə "Əlican Qövsi Təbrizinin "Divan"ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni" mövzusunda namizədlik, 2012-ci ildə isə "XVII əsr anadilli Azərbaycan lirikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Onu da qeyd etməliyəm ki, Paşa müəllim yalnız tədqiqatla məşğul olub, ictimai həyatdan kənar qalmayıb. O, taleyini sevərək bağladığı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi-təşkilati işlərdə də fəal iştirak edib, indi də bu sahədə ön sıralardadır. Belə ki, 1999-2003-cü illərdə institutun elmi katibi işləmiş, 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, 2011-ci ilin 1 noyabr tarixindən həmin institutun direktoru vəzifəsini icra etmişdir. 2014-cü ildən yenidən direktor müavini, 2015-ci ildən həm də Multidissiplinar əlyazmalar və çap kitabları şöbəsinin müdiridir.
O həm institutda, həm də respublikada mətnşünaslıq, mənbəşünaslıq, ədəbiyyatşünaslıq sahəsində daim məsləhətinə ehtiyac duyulan dəyərli mütəxəssis kimi qəbul olunur. Belə ki, Paşa Kərimov Azərbaycan Tərcümə Mərkəzinin Elmi Şurasının, Nizami adına Milli Ədəbiyyat Muzeyinin Elmi Şurasının, Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının Filologiya Problemləri Üzrə Elmi Şurasının, Milli Təhsil Muzeyi qiymətləndirmə Şurasının üzvüdür. Onun redaksiya heyətinə üzv olduğu məcmuələr arasında "Azərbaycan", "Multikulturalizm", "Filologiya məsələləri", "Əlyazmalar yanmır", Əlyazmalar İnstitutunun "Elmi əsərlər"i jurnallarının adını çəkmək olar.
Paşa Kərimov gənc nəslin yetişməsində də öz zəhmətini əsirgəmir. 2016-2017-ci tədris illindən Əlyazmalar İnstitutunun magistrlərinə "Yazılı abidələrin nəşri problemləri" mövzusunda mühazirələr oxuyan alimin elmi rəhbərliyi altında doktorant və dissertantlar ixtisaslamış mütəxəssis kimi yetişir. O, məsləhət üçün müraciət edənlərdən heç bir vaxt öz köməyini əsirgəmir.
Paşa müəllimin səyi nəticəsində Əlyazmalar İnstitutunun xəzinəsinə xarici ölkələrin kitabxanalarından yüzlərlə əlyazmanın surəti gətirilib, onun zəhməti nəticəsində XVI-XVII əsr Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu, Məczub Təbrizi, Təsir Təbrizi və b. müəlliflərin türkcə divanları oxucuya ilk dəfə təqdim olunub.
Filologiya elmlər doktoru Paşa Kərimovun elmi yaradıcılığı yalnız Səfəvilər dövrü ədəbiyyatının tədqiqi ilə məhdudlaşmır. O, 1988-ci ildə XIX əsrdə yaşamış satirik şair Mirzə İsmayıl Qasirin, 2018-ci ildə onun həməsri Mirzə Baxış Nadimin şeirlər toplusunu nəşr etdirmiş, 2014-cü ildə Nəcəfqulu bəy Şeydanın "Gülşəni-maarif" təzkirəsini geniş ön sözlə oxucuların ixtiyarına vermişdir.
Onun bu xidmətləri həm respublikada, həm də Şərq aləmində yüksək qiymətləndirilib. Paşa Kərimov 2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi "Türk ədəbiyyatına xidmət baratı" mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2017-ci il mart ayının 1-də baş tutmuş İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində Paşa Kərimov bu təşkilatın "Elm və texnologiya" nominasiyası üzrə mükafatına layiq görülüb.
Filologiya üzrə elmlər doktoru Paşa Kərimov 60 yaşında da gənclik şövqü ilə yaşayıb-yaradır. Biz onu daim iş başında, gözündə eynək, bir əlində lupa, bir əlində qələm əlyazmalar üzərində çalışan görməyə alışmışıq. Hazırda alim Nəsimi ədəbi məktəbinin davamçısı Süruri "Divan"ının müqayisəli mətnini tərtib edərək çapa hazırlamış, şairin "Divan"ına daxil olan qəzəllərin şərhi üzərində çalışmaqdadır.
Paşa Kərimovu tez-tez televiziya ekranlarından ölkədə və xaricdə kitabxana və muzeylərin saxlancından yeni aşkar edilən Azərbaycan əlyazmalarını təqdim edərkən görmək mümkündür. Paşa müəllim vətəndaş mövqeyini daim sərgiləyərək əlyazma irsimizin qorunması işinin vacib olduğunu təbliğ edir.
Onu 60 yaşı münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, elmi və təşkilati işlərində daha böyük uğur və nailiyyətlər diləyirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!