Tənqidi realizmin estetikasına realist elmi baxış - İsa HƏBİBBƏYLİ yazır

 

Azərbaycan ədəbiyyatında "izm"lərin taleyi və konkret ədəbi material əsasında inkişaf dialektikası tam olaraq tədqiq edilib aydınlaşdırılmamışdır. Ən yaxşı halda "izm"lərin ədəbi cərəyan kimi formalaşmasından və əsas təmsilçilərinin mövqeyindən bəhs edilməklə kifayətlənilmişdir. Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun "Azərbaycan tənqidi realizminin estetikası" monoqrafik tədqiqatı ədəbiyyatımızın görkəmli simaları olan Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin yaradıcılığı əsasında bu ədəbi cərəyanın inkişafı məsələlərinə müasir elmi baxışı əks etdirir. Müəllifin tənqidi realizmi şərh edərkən konkret ədəbi materialın daxili məntiqindən çıxış etməsi, ədəbiyyatın gedişindən söz açarkən isə problemə aid "izm"in mahiyyətini açan bədii yaradıcılıq prosesini izləməsi hər iki qütbün real mənzərəsinin canlandırılmasına imkan yaradır. Bu, yalnız o zaman uğurlu alına bilər ki, tədqiqatçının ədəbi materiala bələdliyi ilə onun nəzəri dünyagörüşü bir-birini tamamlaya bilsin. Fikrimizcə, Təyyar Salamoğlunun simasında həmin proses baş tutmuşdur.

Professor Təyyar Salamoğlu böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin və görkəmli satirik şair Mirzə Ələkbər Sabirin simasında tənqidi realizm estetikası və ədəbiyyat məsələlərini yenidən tədqiq edib, ümumiləşdirilmiş şəkildə təqdim etmişdir. Bu məqsədlə hər iki qüdrətli sənətkarın yaradıcılığı yeni elmi təfəkkür işığında təhlildən keçirilərək dəyərləndirilmişdir.

T.Salamoğlu, ilk növbədə, tənqidi realizm anlayışına sovet dövründə ideoloji cəhətdən yanaşılmaqla keçən əsrin əvvəllərinin ədəbiyyatına, xüsusən də haqqında söz açılmış Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin yaradıcılığına süni şəkildə inkarçılıq və şişirtmə baxımından yanaşıldığını elmi cəhətdən əsaslandırmışdır. O, sovet hakimiyyəti illərində tənqidi realizmə sosialist realizmi yaradıcılıq metodunun gözü ilə baxılmasının ədəbiyyatşünaslıq elmində yaratdığı anormal təhlillərin mahiyyətini obyektiv şəkildə müəyyən etmişdir. Bütün bunları nəzərə almaqla T.Salamoğlu XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının yaradıcılarının yaradıcılığına "müstəqillik dövrünün elmi düşüncəsi ilə yanaşmağı" zəruri və aktual bir tələb kimi irəli sürmüşdür. Çünki: "Sovet rejiminin ideoloji prinsipləri ilə yüklənən ədəbiyyatşünaslığın özündən əvvəlki zamana - Azərbaycan xalqının keçib gəldiyi inkişaf yoluna, o cümlədən XIX əsrin sonu, XX əsrin əvvəllərinə münasibəti tendensiyalı olmuşdur. Çox vaxt keçib gəldiyi tarixi yolun uğurları yox, bu yolda müşahidə olunan qüsurlu hallar xalqın tarixi xarakterinin və taleyinin əsas cəhətləri kimi ümumiləşdirilmiş, həqiqətdə olduğundan qat-qat artıq şişirdilmişdir. Xalq kütləsinin savadsızlığı nadanlıq, cəhalət və avamlıq, dinə inam fanatizm kimi qələmə verilmiş, milli ictimai təfəkkürdə başlanan yeniləşmə hərəkatına, ...milli tərəqqi uğrunda mübarizə proseslərində əldə olunan uğurlu fəaliyyətə, ...son nəticədə Azərbaycan xalqının öz müstəqil  dövlətini qurmağa nail olmasına bilərəkdən göz yumulmuş, inkarçı tendensiya ilə xalqın tarixi keçmişi aşağılanmışdır".

Fikrimizcə, elmi-ədəbi mühitdə bəzən Mirzə Cəlil Məmmədquluzadənin inkar olunmasının, molla nəsrəddinçiliyin yanlış yozulmasının əsas səbəblərindən biri də milli tənqidi realizmin mahiyyətinin düzgün başa düşülməməsi ilə əlaqədardır. Avropada və Rusiyada tənqidi realizm hərəkatının görkəmli simalarının mənsub olduqları xalqın vətəndaşlıq simvolu kimi qəbul olunması ilə müqayisədə bəzi müəlliflərin "onlar xalqımızı aşağılamış və təhqir etmişlər" - deyə ölkəmizdəki eyni cərəyanın nümayəndələrinə qarşı ittihamlar irəli sürmələrinin mahiyyətində həm də keçmiş sovet ədəbiyyatşünaslığının təqdim etdiyi yanlış təqdimatlar və təhlillər dayanır.

Təqdim olunan tədqiqatda Cəlil Məmmədquluzadənin tərcümeyi-halının və yaradıcılığının obyektiv dərk olunması və elmi cəhətdən düzgün şərh edilməsi üçün açar funksiyasını ifadə edə biləcək "qaranlıq dünya" anlayışının şərhinə müxtəlif yönlərdən işıq salınması nəticə etibarilə həm də Azərbaycan tənqidi realizminin özünəməxsus iç dünyasının aydın surətdə dərk olunmasına şərait yaradır. Sovet ədəbiyyatşünaslığının "patriarxal-feodal cəmiyyətinin cəhalət, mövhumat, nadanlıq və əsarət dünyası", yaxud "müqayisədə sovet cəmiyyətinin üstünlüklərini, ... işıqlı bir dünyanın qurulması haqqında həqiqətləri ictimai şüura yeritmək üçün əlverişli təbliğata imkan yaradan" mühüm bir vasitə kimi təqdim etdiyi "qaranlıq dünya"nın - "zülmət səltənəti" ideyasının fəlsəfi-ideoloji əsaslarının "aşağı təbəqələrin qaranlıqda qalmalarının səbəbkarı", yaxud da həmin "qaranlıqdan işığa can atanlara hər cür, hər növ mane olanların ümumiləşdirilmiş ifadəsi" kimi izah edilməsi yazıçının yaradıcılığını daha dərindən başa düşməyə şərait yaradır. Eyni zamanda, Cəlil Məmmədquluzadənin Məhəmmədhəsən əmi, Novruzəli və usta Zeynal kimi obrazlarının cahil, avam, zavallı, miskin surətlər - "qaranlıq dünyanın sakinləri" kimi təqdim olunmasında da qeyri-elmi münasibətin təzahürlərini görən Təyyar Salamoğlu bunu bədii obrazların təhlil edilməsi prosesində mədəni geriliklə mənəvi cəhətdən sadəlövhlüyün eyniləşdirilməsi ilə bağlı olduğunu da görmüşdür. Sovet ədəbiyyatşünaslığının "kiçik adam" konsepsiyasının ideoloji reseptinin mahiyyətini açan Təyyar Salamoğlu bunun əksinə olaraq Novruzəlini "şərə müqavimət göstərmək düşüncəsinə", Məhəmmədhəsən əmini "saflığı, ...əliaçıqlığı, gözütoxluğu, insanlara hər vaxt yaxşılıq etmək istəyi"nə və "çarəsizliyi"nə görə səciyyələnən obrazlar kimi təqdim etməsi yeni ədəbiyyatşünaslıq  təfəkkürünün ifadəsidir. Təyyar Salamoğlunun "Məhəmmədhəsən əmidə sosial həyatda baş verənlərə münasibət daxili etiraz şəklində, Zeynəbdə isə açıq etiraz şəklində təzahür edir" - mülahizəsi də bədii əsərin daxili məntiqindən çıxış etməklə müşahidə olunan obyektiv qənaətdir. Eyni zamanda, Təyyar müəllim "ədəbiyyatşünaslığın mövcud usta Zeynal məntiqi"ni qıraraq onların fanatik, sadəlövh, tənbəl deyil, gerçək inama malik  insanlar olduğunu nəzərə çarpdırır.

Tənqidi realizmin estetik prinsipləri Təyyar Salamoğlu tərəfindən həm də Mirzə Ələkbər Sabir yaradıcılığının ictimai idealları ilə əlaqəli şəkildə açılıb aydınlaşdırılır. Yaxşı cəhətdir ki, Təyyar Salamoğlu tənqidi realizmin estetikasından çıxış edərək Mirzə Ələkbər Sabir sənətinə qiymət vermir. Əksinə, onun tədqiqatında Cəlil Məmmədquluzadənin timsalında olduğu kimi, Mirzə Ələkbər Sabirin də yaradıcılıq dünyası əsasında tənqidi realizmin meyarları formalaşdırılır. Təyyar Salamoğlu Sabir realizminin tənqidi realizmlə maarifçi realizmin qovşağında olmasını satirik şairin əsərlərindən gətirdiyi dəlillərlə isbat edir. Həqiqətən də "baltanı dibindən vuran" tənqidi realist yazıçı Cəlil Məmmədquluzadədən fərqli olaraq, Mirzə Ələkbər Sabir maarifçi realizm ağırlıqlı tənqidi realistdir. Mirzə Ələkbər Sabirin "gizli imza" kimi qəbul etdiyi "Ağlar güləyən" ifadəsindəki ağlamaq maarifçi, gülmək isə tənqidi düşüncənin xüsusiyyətlərini özündə cəmləşdirir. Təyyar Salamoğlunun Sabir satirasına münasibətdə də bəzən "sovet düşüncə tərzindən çətinlik çəkməyimiz" haqqındakı tezislərini onun özünün bu zəngin bədii irsə yenidən dönüşü ifadə edən fərqli elmi baxışları tamamlayır. "Sabir satirasında yox, Sabir satirasına verilən təfsirdə XX əsr mühiti büsbütün avamlıq, cahillik, istismar və dərəbəylik mühiti kimi qələmə verilir, Sabir satirasında məhz bu qaranlıq dünyanın inkar və ifşasının önə çəkildiyi iddia olunurdu" - mülahizəsi və bu tipli digər mülahizələrində ədəbiyyatşünaslıqdakı bir çox fikirlərin real gerçəkliklə səsləşmədiyini göstərən tədqiqatçı şairin yaradıcılığının mahiyyətini ifadə edən məntiqlə onun yaşadığı cəmiyyətə baxışlarındakı həyatiliyi diqqət mərkəzinə çəkərək yazmışdır: "Sabirin açdığı dava bəyliyə, ağalığa, mülkədarlığa, kapitalistliyə, şahlığa, sultanlığa qarşı deyildi. Sabir hər bir təbəqə nümayəndəsinə konkret situasiyadakı konkret hərəkət və əməlinə görə qiymət verirdi. Sabir ictimai və milli şüur yoxsulluğuna qarşı mübarizə aparırdı".

Təyyar Salamoğlu "Sabir satirasında "ictimai yuxarılar"ın yerini və mövqeyini obyektiv elmi meyarlarla tədqiq edib dəyərləndirir. Sabirin xalqın ictimai aşağılar və yuxarılara bölünməsinin şairi olmayıb, bütövlükdə və tam halda xalqın taleyinin vətəndaş müdafiəçisi olduğu yeni elmi mövqedən şərh edilmişdir. Milli şüuru oyatmaq, vətəndaş birliyinə nail olmaq Sabirin sənət kredosu, sənət konsepsiyası idi; - fikri də obyektiv elmi qənaətdir. "Sabirin tərbiyə məktəbində sinif və yaxud təbəqə, ayrı-seçkiliyi yox idi... Millətin taleyi ilə bağlı düşünməyə mane olan hər cür əxlaqi və mənəvi naqisliyə qarşı kəskin tənqidi münasibət Sabir satirasının həqiqi milli məzmununu yaradır" - kimi fikirlər də milli satirik şeirin nəhəng nümayəndəsinin bütöv və möhtəşəm obrazını yaradır.

Təyyar Salamoğlu Sabir satirasının inkar və təsdiq pafosunun mahiyyətini dərindən aydınlaşdırmışdır. Onun Sabirin satirasında inkar pafosu ilə təsdiq pafosunun bir-birini tamamlamasına dair baxışları elmi-nəzəri cəhətdən əsaslandırılmış qənaətlər olduğu üçün inandırıcı səslənir.

Əsərdə Mirzə Ələkbər Sabirin yaradıcılığına XX əsrin əvvəlləri Azərbaycan ədəbi tənqidinin  münasibəti də analitik təhlil üsulu ilə araşdırılaraq dəyərləndirilmişdir. Təyyar Salamoğlunun mühacirət ədəbiyyatşünaslığının və çağdaş ədəbiyyatşünaslıq elminin Mirzə Ələkbər Sabir haqqındakı araşdırmalarına tənqidi realizminin problemləri müstəvisində baxması və obyektiv elmi nəticələr çıxarması nəticə etibarilə böyük satirikin ölməz sənətinin yenidən dərk və şərh olunmasına işıq salır.

Sabirşünaslığa dair mübahisələrində də Təyyar Salamoğlu haqlı olub-olmamasından asılı olmayaraq, öz mövqeyini əsaslandırmağa səy göstərmiş, Sabir satirasının bayrağını ucada saxlamağa çalışmışdır.

Bütövlükdə Təyyar Salamoğlunun tədqiqatı Azərbaycan tənqidi realizminə müasir realist baxışları əks etdirir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!