Şeirimizdə "İkinci addım" teoremi... - Qəşəm Nəcəfzadə yazır

Dayandur Sevginin 60 illik yubileyinə

 

Tanınmış şair, uşaqlıq və gənclik dostum Dayandur Sevgin bu günlərdə mənə yeni bir kitabını verdi, kitabın adına baxan kimi ilk düşündüyüm bu oldu ki, nəyə görə şair kitabının adını "İkinci addım" qoyub? İstər ad məsələsində və ya hər hansı bir şeirin qaranlıq yerində köməyimə gələn uşaqlıq illərindən bu günə kimi heç vaxt məni tərk etməyən özüməməxsus yozumum oldu.

Dayandur başı və əli ilə etiraz edəndən, mən də "İkinci addım" şeirini birnəfəsə oxuyub başa çıxandan sonra qəti qərara gəldim ki, şair tərəkəməsayaq etirazında çox haqlıdr və şeirlə qoşa addımlayan yozumum mənə diktə etdi ki, müəllif bu şeirlə şeirimizdə olan ikinci addım məsələsini bir az da özünəməxsus şəkildə genişləndirib. Məsələnin həlli barədə sonra.

Filologiya elmlər doktoru Sona Vəliyeva və tənqidçi Əsəd Cahangirin kitaba yazdıqları ön sözü oxuyandan sonra mən ayrı bir yol başladım. O yolu ki, Dayanduru necə tanıyıram, şeirləri hardan qaynaqlanır, hardan gəlib-hara gedir və s. prizmalardan onun yaradıcılığını, həyatının bəzi məqamlarını oxucularla bölüşməyə çalışdım.

Dayandur əsl kənd adamıdır, daha doğrusu, kəndin bütün təsnifatını özündə daşıyan müdrik bir şairdir. İlk baxışda o, sadəlövh görünə bilər, amma aran torpağının qır qazanında qaynayan, qaynadıqca gözəlləşən Gürzənin, cəld dovşanın və qış aylarında qoyunların dodağını öpən yovşanın, qarağanın, kətyənin, sirkənin, quşotunun ansamblından yaranan bir harmoniya yaşayır onun təfəkküründə. Əgər bunların biri yoxdursa, demək, Dayandurun, şeirinin bir hecası çatmayacaq.

Onun "Dərənin dərdi", "Yetim uşaqlar" şeirləri 80-ci illərin ortalarında dillər əzbəri idi. Məhz bu şeirlərin güclü heca enerjisi heç vaxt Dayanduru əyilməyə, yəni, sərbəst şeirə yuvarlamağa qoymadı, eləcə Dayanduru dümdüz saxladı. Çünki bu şeirlərdə heca vəzni o qədər güclü və qatıdır ki, Dayandur onun yolundan heç bir yerə sapa bilmədi, sonrakı şeirlərini də həmin vəznin üstünə düzdü. Daha bundan başqa Dayandurun ayrı yolu qalmırdı.

Dağlar "Yanıq Kərəm", dərə "lələ"di,

"Kərəmi" adınca çəkdi öz köçün.

Dərələr özünü şəhid elədi,

Dağları göylərə qaldırmaq üçün.

Dərənin canını illərdən bəri,

Alsa da ürəyi dolmaz dağların.

Dərələr torpağın istəsə geri,

Boyu bir təpəcə qalmaz dağların.

Şeirin həm intonasiya, həm qafiyə, həm də ictimai-siyasi, sosial məna sistemi şifahi nitqimizə yeni bir güc verərək, onu 80-ci illərdə yaddaşımıza əbədi yazmışdı. Dağın "ədalətsizliyi" içtimai məzmun daşıyır. Necə ki, Aşıq Ələsgər deyir ki, "Yoxsulu, ərbabı, şahı, gədanı, tutmaz bir-birindən aralı dağlar". Bəs Dayandurun dağı o dağdan deyilmi? Bəs nəyə görə Dayandur indiyənə kimi işvə-naz içində, öz cuna duvağında bəslənən dağı birdən-birə "tənqid" eləsin? Ona görə ki, Dayandurun "Dərənin dərdi" şeirinin yarandığı zaman kəsiyində sovetpost məkanının dağılması zamanı şeirimizdə forma və məzmun dəyişikliyi baş verirdi. Artıq müqəddəs saydığımız hadisə və detallara yeni məna yükünü verməklə onun indiyə qədər ifadə etdiyi funksiya dəyişilirdi.

Dərənin dərə, dağın dağ olması adi bir təbiət hadisəsidir. Bu təbiət hadisəsinin quruluşuna şairin verdiyi məna o dövrdə, elə bu gün də uğurla səslənir.

Dayandur təbiət adamıdır. Təpəl quzuları yuxuya verib, qaşqa atları xamlığa ötürüb, ayağı səkil itlərə küt atıb, şəhərə öz xəyalların dalınca gələn inadcıl, dözümlü, toy-nişan, yas, mərasim dilini mükəmməl bilən bir el-oba ağsaqqalıdır. Ona görə də onu ilk şeirlərinin, mənalı, duzlu, orijinal misralarının ilk cığırından heç kimi çıxara, sapdıra bilməmişdir. Hətta mən nə qədər istəsəm belə. Çünki onun şeir çörəyinin mayası şəhərdə satılan droj deyil, xamradır. Xamra istər məişət, istərsə də mənəviyyat üçün gen kimi, hüceyrə kimi çox gərəkli maddi və mənəvi bir anlayışdır. "Yetim uşaqlar" şeirinə baxaq.

Qüssənin əbədi qonşuluğunda,

Yumaq tək büzüşüb bir uşaq yaşar.

"Yetim" kəlməsinin qapazı altda

Gözüqıpıq olar, dili dolaşar.

Şeirdəki "gözüqıpıq" ifadəsi təkliyin, kimsəsizliyn, qorxaqlığın adıdır. "Yetim" kəlməsinin vurduğu qapaz uşağı kirpiklərini tez-tez qırpmağa öyrəşdirir. Yetim uşaqlar həmişə belə qorxaq olurlar. Burdan görünür ki, şair hadisə və detallara həyatdakı adından başqa ayrı bir ad da verə bilir. Şairlik isə elə bu cür ad verməklərdən başlayır. Sonrakı bəndə diqqət yetirək.

Baharı bənzəyər boranlı qışa,

Dünya gözlərində bir sual olar.

Uşaqkən keçərək yuxarı başa,

Atasız bir evdə ağsaqqal olar.

Yetim uşaqlar kənddə, eldə-obada ata əvəzi olurlar. Onları evin başçısı kimi toya, nişana, yasa göndərirlər. Beləcə, yetim uşaqlar yaşlı adamlarla oturub dura-dura vaxtından əvvəl ağsaqqalaşırlar. Tale onları belə amansızcasına yaşlandırır.

Dayandur əksər şeirlərində öz taleyini yazır. Elə bu şeirdə də. O uşaqlıq illərində atasını itirib. O vaxtdan atası əvəzindən kəndin xeyrində-şərində iştirak edib. Necə deyərlər, yaşına uyğun olmasa da, yuxarı başda oturub. Bu tərbiyə Dayanduru yetkin, yuxarıda dediyim kimi, müdrik bir insan kimi yetişdirib.

Bir gün tanıdığım məşhur bir insanın atasının dəfn mərasiminə yığışmışdıq. Mərasimdə ölkəmizdə tanınmış adamları iştirak edirdilər. Mərhum məzara qoyulanda oğlu ucadan hönkürməyə başladı. Heç kəs cəsarət edib onu sakitləşdirmək istəmirdi, bəlkə heç kəsdə belə bacarıq yoxuydu. Birdən Dayandur irəli çıxıb həmin adama acıqlanırmış kimi bir-iki kəlmə söz dedi: "Niyə ağlayırsan? Bəsdi, ağlama. Şükür Allaha, günün görüb, dövranın sürüb, o nəvələri, o, nəticələri, bu da sən. Allah bilən məsləhətdi, verən də Allahdı, alan da". Hamı bu mənzərəyə tamaşa edirdi. Elə bil birdən-birə o adam sakitləşdi. Dayandur ona təsir etmişdi. Yenə həmin adamın içində dəli bir hıcqırıq atılıb düşürdü. Bu zaman Dayandur təcrübəsinə əsaslanaraq yeni bir variant seçdi. Mərhumun torpağında bir çimdik götürüb həmin adamın boynuna ovuşdurmağa başladı. Həmin adam birdən-birə kiridi, baxışları ilə Dayandura minnətdarlıq etdi.

Bu onu göstərirdi ki, Dayandur uşaqlıq illərindən xalqın yas mərasimlərində iştirak edib, xalqın hikmətini dərindən öyrənib. İndi onun yazdığı şeirlər də qazandığı təcürbəyə, yüyələndiyi hikmətə söykənir.

Dayandır əzab-əziyyətlə yaşayıb, amma halal yaşayıb. Həyatın qırmancları onun ürəyində qabar bağlayıb. Qabar demişkən, yadıma bir hadisə düşdü. 80-ci illərin əvvəllərində İmişlidə "Məhsul bayramı" keçirilirdi. Bizə dedilər ki, siz də hazırlaşın (Dayandur, Sərvaz və mən), həmin tədbirdə hərəniz bir şeir oxuyacaqsınız. Tədbir İmişli Rayon Partiya Komitəsinin qarşısında keçirildi. Burda bizə söz vermədilər. Kədərləndik. Dedilər, "Dəmir Yol Meydanı"nda söz verəcəyik. Burda da vermədilər. Axırda dedilər Arazın üstündə təzə çəkilmiş körpüdən çaya tonqal atacağıq, gəlin orda sizə söz verəcəyik. Burda da vermədilər. Həmin gün Dayandur özünə təzə bir ayaqqabı almışdı. Ayağını sıxırdı.Vəd verilən yerlər bir-birindən uzaq olduğundan əldən düşmüşdük. Dayandurun ayağını ayaqqabı döyüb qabar eləmişdi. Çox kövrəldim, indi də bunları yazarkən kövrəlirəm, ürəyimdən keçir ki, o qabarın xatirinə sabah Dayandurun boynunu qucaqlayıb öpəcəyəm.

O vaxt İmişlidə yazab-yaradan tanınmış şair və yazıçılar Səyyad Aran, Murad Qoçuoğlu, Sərvaz Hüseynoğlu və mən Dayandurun şeirlərini yüksək dəyərləndiririk. Şükürlər olsun ki, bu dəyər şairin 60 illik yubileyinə qədər yol gəldi.

Gələk "ikinci addım" teoreminin ispatına.

Əslində Dayandur yubiley yaşına çap etdirdiyi kitabın adını "İkinci addım" qoymasının əsas səbəbi birinci addımla bağlıdır. Birinci addımda baş verənlərin sirri ikinci addımda açılır. Səməd Vurğunun da ikinci addım yıxılmaqdır, Dayandur da isə özünü tapmaq. Hər iki şairin şeirində ikinci addımın nəzərətdə saxladığı fikir ərazisi birinci addımla səciyələnir. S.Vurğun da

Birinci addımda lovğalananlar,

İkinci addımda yıxılacaqdır.

Dayandurda "Birinci addımda lovğalanların, ikinci addımda ağlı başına gələcək" fikri 60-ci illərdən 2018-ci ilə qədər inkişaf edən fikir sintezinin təzahürüdür. Birinci misranın qərarı 60-cı illərdəki kimi deyil. Artıq mətn inkişaf edib, ya da Səməd Vurğunun - yəni birinci misranin verdiyi qərarın yeni alternativ variantı üzə çıxıb. İndi ikinci addımda "yıxılmaq" yox, ağıllanmaq, inkişaf etmək realdır. Çünki istehlak vasitəsilə təkcə sosioloji deyil, elmi, bədii, fikri istehsallar da artıq yeni qazanclar, sərmayələr ortaya qoyur. Bu gün zehni istehlak olan internet məkanında hər an bilgisayarın düyməciklərinin üstünə şəhadət barmağını basmaqla sənə milyonlar qazandıra bilər. Ona görə də bugünkü şeirimizdə birinci addımın ikinci addımı yıxmaq imkanı azdır.

Şeirin aşağıdakı bəndində deyildiyi kimi:

Həsrəti ən uzaq səfərdə daddım,

Sevincin müjdəsi ayaq səsidir.

Həyatda atılan birinci addım

Döyüşə hazırlıq mərhələsidir.

Dayandurun heca intonasiyası, gur, sıx havacatı az-az şairlərdə ola bilər. Onun çöl yaddaşı, yuxarı da dediyim kimi, ağ ürgə, qara zolaqlı gürzə, yəhər, dəryaz, çırağın dibindəki nöyüt, at nalının sərt qara daşlarda çıxardığı cınqı, ayaqdakı qabar, haça ağacların arasına keçən maral buynuzu heç vaxt onu azdıra bilməz. Lakin bəzən olub ki, Dayandur bəzi şeirlərini həmin havada saxlaya bilmədi. Şair bunun səbəbini şeirlərin birində çox dəqiq ifadə və etiraf edir.

Bəxt gülsə yetimin qəlbi açılar,

O da balıq kimi əldən sürüşüb.

Mənə bu dünyada ağrı-acılar,

Sənə bu dünyaya gəlməmək düşüb -

Yaza bilmədiyim şeir, bağışla məni.

Əgər Dayandur "yaza bilmədiyi şeir" haqqında bu cür gözəl şeir yazırsa, yuxarıda dediyim gileyimdən bir az çəkinmək istəyirəm. Demək o, gözəl yazır, daha gözəl də yaza bilər və yazacaq. Necə ki, tarixi materializmdə deyildiyi kimi, bazis yoxdursa, üstqurum da olmayacaq və ya əksinə.

İndi bu gün əziz dostum, gözəl şair Dayandur Sevgin, Əli Kərim demiş, 60 yaşının yamacında (söz yamacında) başının altında əllərini carpazlayaraq doğulub boya-başa çatdığı Ağamallar kəndinə, ayağını döyən ayaqqabıya və bütün bunlardan sonra yarışmada qalib gələn və Azərbaycan Dövlət Televiziyasının klip çəkdiyi "Azərbaycan bayrağı" şeirindəki üçrəngli bayrağa qürurla boylanır. Haqqı da var boylanmağa.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!