Hörmətli qələm yoldaşlarım: tənqidçilər və ədəbiyyatşünaslar! Çoxdan bəri ürəyimdə yara qurmuş bir gileyimi nəzərinizə çatdırmaq istəyirəm. İndiyə qədər onu büruzə verməyi özümə ar sanır, şəxsiyyətimə sığışdırmırdım. Düşünürdüm ki, bu nisgil haçansa öz həllini tapar. Ancaq nəyə görəsə həlli tapılmır. Nisgili açıqlamaq qərarına gəldim. Nədir o nisgil?
Yəqin ki, məlumatınız olmamış deyil. Mən artıq 92 yaşıma qədəm qoymuşam. Bu yaşın ən azı yetmiş ilini ədəbi yaradıcılığa həsr etmişəm. Altı roman, beş povest, üç pyes, çoxlu sayda şeirlər, hekayələr, publisist məqalələr, tərcümələr müəllifiyəm. Bir neçə əsərim başqa dillərə çevrilmiş, oxucu rəğbəti qazanmışdır. Onların sırasında "Vicdan susanda" romanımın xüsusi yeri var. Bu roman rus dilində iki il dalbadal yüz min tirajla nəşr edilmişdir. Belə müvəffəqiyyət nadir hadisə hesab olunurdu. Azərbaycanda isə həmin əsər qırx min-əlli min nüsxə ilə dönə-dönə öz dilimizdə oxucularımıza çatdırılmışdır. Yazılmağından və ilk çapından əlli ildən artıq bir müddət keçməsinə baxmayaraq, əsər öz aktuallığını itirməmişdir. Bu gün də əvvəlki həvəslə oxunur. Kitab evlərindən mənə zəng vurub yeni nəşrini istəyirlər.
Bir çox sevilən əsərlər kimi, bu romanın da elektron variantı internet vasitəsilə Rusiyada müasir üsulla gənc nəslə çatdırılır. Bu əsər türk dilində və cənublu bacı-qardaşlarımız üçün əski əlifba ilə də nəşr edilmişdir. Ötən ilin sonlarında isə ingilis dilində kitab şəklində çap olunmuş və qırx iki xarici ölkə kitabxanasına göndərilmişdir.
O biri roman, povestlərim isə yüksək tirajlarla nəşr edilmişdir. Bir sözlə, mənim qələm məhsullarım həmişə oxucu marağına nail olmuşdur. Hər bir əsərim xalqımızın həyatının müəyyən dövrünü əks etdirmişdir. İstiqlaliyyətimiz, müstəqilliyimiz uğrunda gedən mübarizələr də diqqətimdən yayınmamışdır. "Kişilik himni", "Hoydu, igidlərim, hoydu!", "Qırmızı qəbirlər", "Sağ-salamat qayıdın!", "Elegiya" şeirlərim və "Ana intiqamı" povestim dövri mətbuatda işıq üzü görmüşdür. Burasını da nəzərinizə çatdırım ki, həmin yazılarım hadisələrin qızğın dövründə qələmə alınmışdır. O dövrdə ki, bir çox şair və yazıçılar susurdular. Mətbuatda imzaları görünmürdü. Azərbaycandan uzaqlaşmış, haralardasa gizlənmişdilər. Yalnız ara sakitləşəndən - 1994-cü ildən sonra cınqırları çıxmağa başladı. Çox qəribədir ki, belələri sonralar tərifləndi, məqalələrdə, çıxışlarda adları tez-tez hallandı. Amma Vidadi Babanlı gec-gec yada düşdü. İndinin özündə də mənim adım çıxış və məqalələrdə haqsız olaraq unudulur.
Hələlik sonuncu əsərim 2015-ci ildə kitab halında çıxmış "Zəmanə adamı" romanımda xalqımızın azadlıq uğrundakı mübarizələrində mənəvi sarsıntılardan, itki və uğurlarından bəhs edilir. Eyni zamanda da gərgin mübarizələrdə sıralarımıza soxulmuş yaramaz adamların çirkin, əxlaqımıza zidd əməllərindən danışılır. Hələlik... Hələlik dedim ona görə ki, yaşımın bu ötkün çağında, gözlərimin çox zəif gördüyü, canımın halsız vəziyyətində ən vacib mövzuda yeni roman üzərində işləyirəm. İlahidən bir azca da ömür diləyirəm ki, onu tamamlayıb gələcək nəsillərə yadigar qoya bilim.
Gileyimə daha mühüm bir səbəb də, möhtərəm tənqidçilər, sizin üzgörənliyinizdir. Vəzifəli qələm sahiblərinə hədsiz, ifrat təriflər yağdırmağınızdır. Onların zəif cəhətlərinə göz yummağınızdır. Etiraf etməliyik ki, ədəbiyyatın inkişafında ədalətli, obyektiv tənqidin rolu böyükdür. Ədəbi əsərlərin doğru-düzgün təhlili yaxşını pisdən, zəifi həqiqi istedad məhsulundan seçməkdə oxuculara yol göstərir. Lakin min-min təəssüflər ki, son vaxtlar bunun əks tərəfini görürük. Vəzifəsiz yazıçı və şairlərin layiqli əsərləri diqqətdən kənarda qalır. Belə mənfi hallar ədəbiyyatın inkişafına zərbə vurmaqdan əlavə, oxucuları da mütaliəyə həvəsindən salır. Hazırda oxucularımızın hədsiz dərəcədə azalmasına, kitab satışının yoxsullaşmasına şərait yaradır. Bir də baxırsan ki, vəzifəli, imkanlı bir yazarın əsəri barədə bol-bol tərif məqalələri baş alıb gedir. Əksəriyyəti təmənnalı məqalələr olduğu asanca duyulur. Belə şit təriflər, olsun ki, müəllifin özünü də bezdirir.
Söz yox ki, aranızda doğrupərəst, dərin təfəkkürlü, geniş diapazonlu tənqidçilər də vardır. Onların adlarını çəkmək istəmirəm. Çünki kimlərisə unuda bilərəm. Başqalarını qınadığım təqdirdə özüm qınaq yiyəsi olaram.
Əziz ədəbiyyat tədqiqatçıları, həqiqi əsər təhlili, doğru fikir söyləməyin çətinliyini anlayıram. O ağır zəhmətin haqqının indiki zamanda çox az olduğunu, bəlkə də, lap cüzi miqdarda hesablandığını mən yaxşı bilirəm. Biz yazıçılar da aylarla, illərlə tər töküb gözümüzün qarasını əritdiyimiz əsərlərin də lazımi haqqını ala bilmirik. Məlum səbəblərə görə kitablar əvvəlki kimi satılmır. Qonorar heçə endirilib. Neyləmək olar. Gərək xidmət etdiyimiz ədəbiyyata, xalqımızın mənəvi sərvətinə sədaqətimizi nəyin bahasına olur-olsun, əskiltməyək. Bu bizim vicdan və şərəf borcumuzdur.
Əziz tədqiqatçılar, ürəyimdəki nisgilli, xəlvəti gileyi bax beləcə sizə məlum elədim. Hardasa mürgüləmiş insafınızı mürvətə çağırdım. Mənim bu gileyimi necə anlayacaqsınız, öz işinizdir. Son sözümü bundan bir çox əvvəllərdə özüm haqqında yazdığım bir şeirlə tamamlamaq, onun vasitəsilə sizdən gizlin olan şəxsi məziyyətlərimi diqqətinizə çatdırmaq qərarındayam:
Yoxdur bir kimsədən giley-güzarı,
Yazıb-yaratmaqdır dərdi, azarı.
Gördü ki, kasıbdır şeir bazarı
Sınadı qələmi romanlarda o.
Dilinə ömründə yalan gəlmədi,
Yaltaqlıq eləyib üzə gülmədi.
Asan yaşamağı şərəf bilmədi,
İşıqlı yol seçdi dumanlarda o.
Qatlaşdı zəhmətə binadan-başdan,
Halal çörəyini çıxardı daşdan.
Nə bəxtdən yarıdı, nə dost-yoldaşdan,
Gah itdi, gah batdı gümanlarda o.
Köksündə bir kövrək ürək bəslədi,
Müqəddəs hisslərlə onu süslədi.
Car çəkib elləri haqqa səslədi,
Yaxşılıq axtardı yamanlarda o.
Döyüşdü, çarpışdı daim həyatla,
Hey qovhaqovla, hey çataçatla.
Ömür-gün keçirdi bir təmiz adla
Qarışıq, dolaşıq zamanlarda o.
Adı Vidadidi, soyu Babanlı,
Hər zülmə, zillətə tablı-tavanlı.
Mahalı Qazaxdı, kəndi Muğanlı,
Yaşayır qədərsiz ünvanlarda o.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!