Füzulinin türkcə divanındakı bir söz haqqında - Möhsün Nağısoylu

 

Orta əsrlərdə yazıya alınmış ərəbqrafikalı türkcə mətnlər üzərindəki müşahidələr göstərir ki, ayrı-ayrı əlyazma kitablarında, əsasən, katib xətalarının nəticəsi olan bir sıra anlaşılmaz və dolaşıq məqamlar mövcuddur. Buna nümunə olaraq ana kitabımız "Kitabi-Dədə Qorqud"un Drezden nüsxəsini göstərmək olar. Tanınmış türk alimi, Türk Dil Qurumunun sabiq başqanı Mustafa Kaçalin 2017-ci ildə Ankarada işıq üzü görmüş "Oğuzların diliylə Dədəm Qorqudun kitabı" adlı dəyərli araşdırmasında eposun adıçəkilən əlyazma nüsxəsində yüzdən çox söz və ifadənin katib xətası üzündən səhv yazıldığını göstərərək tam elmi və məntiqi əsaslarla onların əslini - doğru variantını bərpa etmişdir. Qeyd edək ki, görkəmli Azərbaycan qorqudşünası Şamil Cəmşidov da hələ keçən əsrin 70-ci illərində bu məsələyə diqqət yetirərək "Kitabi-Dədə Qorqud"un Drezden nüsxəsində çoxlu sayda sözlərin katib tərəfindən yanlış yazıldığını qeyd etmiş və onların düzgün variantları ilə bağlı öz fikirlərini də bildirmişdir. Biz də hazırda nəşri üzərində son tamamlama işlərini apardığımız XVI əsr Azərbaycan tərcümə əsəri "Şühədanamə"nin mətnində bir çox sözlərin katib diqqətsizliyi üzündən yanlış yazıldığının şahidi olduq. Yeri gəlmişkən qeyd edək ki, bu dəyərli dil abidəsinin dünyada yeganə əlyazması Bakıda - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazmadakı bir sıra incə məqamlara əsasən deyə bilərik ki, bu nüsxə "Şühədanamə"nin katibi Nişati tərəfindən hazırlanmış ilk yazılı variantıdır. Dövrünün istedadlı mütərcimi, həm də peşəkar xəttatı olmuş Nişati məhz bu səbəbdən "Şühədanamə"nin adıçəkilən yeganə nüsxəsində farsca orijinaldan türkcəyə birbaşa yazılı tərcümə zamanı bir sıra hallarda ayrı-ayrı söz və ifadələri, hətta cümlələri əlyazmada səhvən iki dəfə yazmış, bəzən isə ayrı-ayrı sözləri düzgün və yerində işlətməmişdir.

"Şühədanamə"nin mətni üzərində çalışarkən katibin tez-tez işlətdiyi bir sözün böyük Azərbaycan şairi, bütün türk dünyasının fəxri və iftixarı sayılan Məhəmməd Füzulinin iki qəzəlində və məşhur bir qitəsində də yer alması, lakin indiyədək fərqli variantlarda oxunması diqqətimizi çəkdi. Bu söz XIII-XVII yüzilliklərə aid bir sıra türk mətnlərində işlənmiş və ayrı-ayrı araşdırmalarda inen, iken, iyen, igen variantlarında qeydə alınmış qədim türk leksik vahididir. Çox, lap, olduqca anlamını daşıyan həmin söz Füzulinin aşağıdakı iki müxtəlif qəzəlində və bir qitəsində də işlənmiş və yalnız ikən şəklində verilmişdir: 

Aşiqə şövqinlə can vermək ikən müşkül degil,

Çün Məsihi-vəqtsən, can vermək asandır sana...

Bir sənəm zülfünə, guya ki, veribdir könlün

Ki, Füzulinin ikən halı pərişan görünür...

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Füzulinin işlətdiyi bu söz tanınmış türk alimlərindən professor Kənan Akyüz, Süheyl Beken, doktor Sedit Yüksel və doktor Müjgan Cünbür tərəfindən hazırlanmış və mötəbər nəşrlərdən sayılan Füzulinin türkcə divanında (Türk Tarix Qurumu Basımevi, Ankara, 1958) "Sana" rədifli qəzəldə və "Ol səbəbdən farsi ləfzilə..." misrası ilə başlanan qitədə iyen, "Görünür" rədifli qəzəldə isə iğen şəklində verilmişdir (səh.145,232,481). Görkəmli türk alimi Əbdülbaqi Gölpınarlının nəşrə hazırladığı "Füzuli Divan"ında isə bu söz adıçəkilən hər iki qəzəldə iyen kimi verilmişdir (Füzuli. Divan, II basım, İstanbul, 1961, səh.12,45). Qeyd edək ki, bu nəşrdə Füzulinin "Ol səbəbdən farsi ləfzilə..." qitəsi yoxdur. Maraqlıdır ki, Ə.Gölpınarlı kitabın sonundakı "Bəzi türkcə kəlimələr" başlıqlı kiçik lüğətində iyen əvəzinə iğen sözünü verərək onun pek anlamını daşıdığını qeyd etmişdir (səh.231).

Füzulinin türkcə divanının son nəşrlərindən sayılan və oxuculara "Kamil tənqidi mətn" kimi təqdim edilən İran araşdırıcısı Əmin Sədiqinin hazırladığı Füzulinin türk divanında (Tehran, 1996) bu söz "Sana" rədifli qəzəldə iyin (səh.7), "Görünür" rədifli qəzəldə ikən (səh.83), "Ol səbəbdən farsi ləfzilə..." misrası ilə başlanan qitədə isə (səh. 298) iyən şəklində verilmişdir.

Göründüyü kimi, Füzuli divanının müxtəlif nəşrlərində adıçəkilən qədim türk sözünün transkripsiyası məsələsində açıq-aşkar bir dolaşıqlıq, pərakəndəlik və qeyri-müəyyənlik özünü göstərir ki, bu da, təbii ki, yolverilməz bir hal sayılmalıdır. "Füzuli divanı"nın orijinalında, yəni əlyazma nüsxələrində qeyd olunan sözün yazılışına gəldikdə isə, onun ərəb qrafikasında da iki fərqli variantına rast gəlirik. Divanın Azərbaycan ərazisində köçürülmüş bir çox əlyazma nüsxələrində ilk hərfdən (i) sonra klassik mətnlər üçün səciyyəvi olan "sağır nun" işlənmiş və o, nq  diqrafı ilə ifadə olunmuşdur ki, buna əsasən həmin sözü ingən və ya inən kimi oxumaq lazım gəlir. İndiki Türkiyə ərazilərində köçürülmüş divanın əksər əlyazmalarında isə ikinci hərf adi kaf hərfidir ki, onu da k, g və "sağır nun" (?) kimi oxumaq mümkündür. Məhz bu incə amilə görə Füzulinin yuxarıdakı beyti divanın bütün Bakı nəşrlərində ikən şəklində verilmişdir. Türk naşirləri isə yuxarıdakı nümunələrdən də göründüyü kimi, həmin sözü iğen və iyen kimi oxumuşlar. Onu da qeyd edək ki, divanın bəzi əlyazmalarında bu sözün yazılışına əsasən onu iyən kimi də oxumaq mümkündür. Lakin bu qəbildən olan əlyazmalar az saydadır və çox da mötəbər qaynaq sayılmır.

Bəs, əslində, bu söz necə oxunmalı və müasir akademik nəşrlərdə hansı şəkildə transkripsiya edilməlidir? Bu suala aydınlıq gətirmək üçün öncə qeyd edək ki, haqqında bəhs olunan sözə türkcənin həm oğuz, həm də qıpçaq qrupuna aid edilən bir sıra yazılı qaynaqlarında rast gəlirik. Əsasən, oğuzca mətnləri özündə birləşdirən məşhur "Tarama sözlüyü"ndə (Ankara, 1941-1945) bu söz iğen, igen və iğin şəkillərində verilmişdir. Qeyd edək ki, bu dəyərli kitabda həmin sözün işləndiyi qaynaqlar sırasında XIV əsr Azərbaycan müəllifi Mustafa Qazı Zəririn "Yüz hədis və yüz hekayət" adlı tərcümə əsərindən və sonrakı yüzilliyin Azərbaycan şairi-mütərcimi Vəli Şirazinin "Gülşəni-raz" tərcüməsindən də verilmiş nümunələr yer almışdır:

Bən igən zəifin, yüz kamçı götürümezin.

M.Q.Zərir

Hədisü ayət içi toptoludur,

Nə igən kiçi, nə igən uludur.

V.Şirazi

Orta yüzilliklərə aid qıpçaqca mətnlərə gəldikdə isə, igən sözü bu dilə aid yazılı qaynaqlarda ingən və inən kimi verilmişdir. Məsələn, görkəmli türkoloq Əmir Nəcib bu sözün çox, lap mənalarını qeyd edərək onun XIV yüzilliyə aid Seyf Sərainin "Gülüstan" tərcüməsində və yenə həmin yüzillikdə yaşayıb-yaratmış Qütb Xarəzminin dahi Azərbaycan şairi Nizami Gəncəvidən sərbəst-yaradıcı şəkildə tərcümə etdiyi "Xosrov və Şirin" məsnəvisində işləndiyini aşağıdakı nümunələrdə bu şəkildə verir: ingən düşvar tabulur (çox çətin tapılır), ingən fəhmsiz (çox ağılsız), ingən kop (lap çox). Əmir Nəcib onu da vurğulayır ki, Mahmud Qaşğarinin "Divanü lügat-it-türk"ündə, İbn Mühənna lüğətində və bir sıra digər dil abidələrində rast gəlinməyən ingən sözü müasir türk dillərində öz varlığını qoruyub saxlaya bilməmişdir (Ə.Nəcib. XIV əsr türk dillərinin tarixi-müqayisəli lüğəti. Moskva, 1979, səh.459).

Özbək alimi Erqaş Fazilovun, eləcə də Türkiyə araşdırıcılarından Qalib Günər, Ramazan Toparlı, Hənifi Vural, Rəcəb Karaatlının çağataycaya və qıpçaq türkcəsinə dair tədqiqatlarında da bu söz inən, inən kimi verilmişdir. Məsələ ilə bağlı onu da qeyd etmək yerinə düşər ki, böyük söz ustadı Füzuli haqqında bəhs açdığımız sözü "Leyli və Məcnun" poemasında da aşağıdakı məşhur beytdə işlətmişdir:

Nazik bədən ilə bərgi-gülsən

Əmma nə deyim ikən yünülsən.

Elə buradaca diqqətə çatdıraq ki, beytdəki ikən sözündəki ikinci hərflə (nümunədə: k) yünül sözündəki üçüncü hərf (n) eynidir, daha doğrusu, hər ikisi "sağır nun"dur. Orta çağlara aid türkcə mətnlər üçün səciyyəvi olan bu hərf isə, məlum olduğu kimi, müasir elmi nəşrlərdə, bir qayda olaraq, n hərfi ilə verilir. Akademik nəşrlərə gəlincə, bu hərfin n və ya n şəklində verilməsi məqsədəuyğun və məqbul sayılır. Deməli, məsələyə bu baxımdan yanaşdıqda yuxarıdakı nümunədə ikən  kimi verilmiş sözü inən kimi oxumaq və bu cür də transkripsiya etmək elmi cəhətdən doğru və düzgün sayılmalıdır. Onu da qeyd edək ki, bu faktın özü də haqqında bəhs olunan sözün ikən yox, məhz inən kimi oxunuşunun düzgünlüyünə haqq qazandıran dəlil-sübutlar sırasındadır.

Bütün bunları nəzərə alaraq, biz hesab edirik ki, Məhəmməd Füzulinin yuxarıda adıçəkilən şeirlərində, eləcə də "Leyli və Məcnun" poemasında işlənmiş və məqaləmizin birbaşa mövzusu olan sözün ikən  şəklində yox, inən kimi oxunuşu və transkripsiyası düzgündür. Onu da diqqətə çatdıraq ki, biz məsələyə tarixilik, elmilik və nəhayət, mətnşünaslıq baxımından yanaşaraq XVI əsr tərcümə abidəsi "Şühədanamə"nin nəşrə hazırladığımız mətnində çox işlək olan bu sözü inən şəklində transkripsiya etməyi məqsədəuyğun saymışıq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!