Formanın müqəddəs sirri - Səməd Mənsur - VII məqalə...Cavanşir YUSİFLİ

 

Dünyada sırf satirik adında, statusunda bir şair yoxdu, sırf satirik şair kimi tanınanlar, əslində, millətin, insanların dərdini danışmaq, yazmaq istəyən və buna görə də onu məşhurlaşdıran çox şeydən vaz keçmiş sənətkarlardır, özü də ehtiraslı xitab formasında, burda məhz şairin niyyəti və istedadının xassəsiylə bağlı qəribə bir məqam var: keçid məqamı, - dərdi yalnız ehtiraslı xitab üstündə yazanlar sıradan da tez çıxır, dərdi yalnız satirik dildə hecalara bölənlər də uduzur və ən pisi "təmsil" yazana çevrilirlər, ancaq bu hər iki istiqaməti bir nöqtədən görə bilənlər hər gün, həmişə millətin, adi insanların damarında çarpırlar, Səməd Mənsur kimi. Hər iki formanı bir baxış bucağından görmək o anlama gəlir ki, lap sevgi şeiri yazanda da məzmun, şeirlə işarə edilən duyğular haçalanır, bu təmiz ehtirasın içindən sevginin nişangahında olan bütün hisslər rentgen qurğusundan keçirmiş kimi ən müxtəlif istiqamətlərə tuşlanır, bu isə qəzəlin, əruzun içində fərqli komponentlərin olmasını tələb edir, bu selin, bu fərqli konsepsiyanın qarşısında forma gücsüz qaldıqda deyək ki, janr, qəzəl janrı öz-özünə oxuyan səsə çevrilir. Bütün digər janrlardan fərqli olaraq, qəzəldə formanın özü bir dildir, bu dili döndərmək, başqa bir dilə "tərcümə etmək" qeyri-mümkündür, rus poeziyasının gümüş dövrünə məxsus şairlər, məsələn, Bryusov da qəzəllər yazdı, ancaq ekzotikadan başqa bir şey alınmadı, formanın məxsusi dili izafətlərin, tərkiblərin olmasını tələb edir, onlarla nəfəs alır, bu nəfəs kəsildikdə candan ayrılan ruh - həmin səs itiyini axtarır və tapmır. Diqqət edin:

Saqi, əksin mərdümi-çeşminə gər göstərsə cam,

Badəxar olmaz meyi-təlxindən hərgiz təlxkam.

Burda məsələ (yaxud problem) mətndəki izafət, ərəb-fars sözlərinin mənasını bilməklə məhdudlaşmır, həmin forma şairin fərdi həyat duyğusunu (son dərəcə metafizik ölçü-!) ötürmək funksiyasını yerinə yetirir, qəzəlin dili - budur, başqa bir şey deyildir.

Səməd Mənsurun nəzərində hər şey poeziyadır, bu qənaət məhz XX əsrin əvvəlləri üçün belə deyək, son dərəcə təbii səslənirdi, həm də hər şey poeziya məmləkətinə nüfuz etməyə, onun sərhəd zonasında yer tutmağa  çalışırdı. Səməd Mənsur sözün müstəqim mənasında əsl poeziya aləmində yaşayırdı, bu səbəbdən şeirlərinin kitab kimi çapına laqeyd yanaşırdı, daha doğrusu, buna lüzum görmürdü. Yəni poeziya sırf özünün vektorları üzərində olanda ondan kənarda nəyinsə olmasını istəmir, belə bir nümunəni yada salın: özü şair olsa da, Platon bütün şairləri dövlətdən qovub çıxarmışdı. Yəni Mirzə Cəlil demişkən, "Bu xamuşluqda insana elə bir zehin üz verir ki, dünyanın yaxşı və yamanını...", hər şeyi dəqiq seçib-ayırır, tükü-tükdən seçir, Səməd Mənsurun "Rəngdir" şeiri məhz belə bir xamuşluğun məhsuludur. Bu prosesdə hansısa başlanğıc bir lad var (Mamardaşvili), ağappaq duman içindən süzüb keçir, yəni, həm mövcuddur, həm də yox, gerçəklik mövcud olmayan və heç zaman mövcud olmamış hansısa bir nəsnənin pozulması hesabına qəbul edilir. Filosofun fikrincə, belə bir çox incə detalsız həyat əsl deyil, imitasiyadır, yəni hər şey üçün özül olan nəsnə görə bilmədiyimiz o nəsnədir, həmin fəryad (həpsi rəngdir) bu nazikdən nazik, son nöqtəsinə qədər incəlmiş "sapın" "olmadığı" məqamdır. Bu məqama həmin şeirdə istinad da var:

Qıl təsəvvür bir daha şairlərin xülyasını,

Aşiqi-zarın başında seyr qıl sövdasını,

Qəbri aç, göstər ona Şirinini, Leylasını,

Bir ayılsın da, düşünsün gördüyü röyasını,

"Bax", deyir "həqqi bütün

                        eşqü məhəbbət rəngdir".

Məsələ heç də dəfələrlə deyildiyi kimi, ştamp-simvol sözlərin (saqi, badə, cam, mey...) sıx-sıx və müəyyən ardıcıllıqla işlədilməsində deyil, bunlar zahiri bəlirtilərdir, əsas məqam formanın gizlin dilinin hər şeyi idarə etməsindədir. Forma dili idarə edir, ona yiyələnir və "başqa cür düşünməyinə" imkan vermir. Amma məsələn, müxəmməs formasında məsələ tam fərqlidir.

Elə buna görədir ki, bu çarpışmalardan sonrakı dövrdə, deyək ki, Müşfiqdə, Səməd Vurğun, Rəsul Rza və Süleyman Rüstəmdə formanın içində həmin səsin havası hətta ad-konseptlərə də sirayət etdi - "Küləklər" şeirinə baxın, yaxud Süleyman Rüstəmin Cənub şeirlərinə. Bu gərgin dinamika Müşfiqdə hecayla sərbəstin qovuşuğunu yaratdı. Yeni dövrün lirikası müəyyən mənada satirik formaların daxiliylə axıb gedən, poeziyamızın minillik ənənəsini saf-çürük edən prosesdən doğdu.

Bizdə hamı Səməd Mənsuru "Rəngdir" şeirinin müəllifi kimi tanıyır, halbuki ədəbi prosesin dinamikasını anlamaq baxımından onun digər mətnləri daha dəyərli və diqqətəlayiqdir. Bu şeir, sadəcə, onun yaradıcılığıyla bərabər, bəlkə, ondan da çox xarakteri və şair naturasından irəli gələn qənaətdir. Səməd Mənsur ictimai ədalətsizliyə son dərəcə həssas bir sənətkar idi, onun əqidəsi - özünün dediyi kimi, sağa və sola əyilməməsi, xarakterinin möhkəmliyi və sərtliyi həqiqət bildiyi sözünü sona qədər demək ehtiyacı yaradırdı. Müxtəlif şeirlərində bu mövzulara toxunur, xarakter və düşüncə tərzini bütövlüklə bədii mətnə köçürməyə cəhd edirdi. "Qan" şeiri belələrindəndir:

Bir əsr ki, yer səhnəsidir qan ilə əlvan,

Bir vəqt ki, özvayinə heyran olur insan,

Bir gün ki, baxan hər tərəfə qan görəcək, qan,

Qarşı duruyor zülmət ilə bədri-dirəxşan,

Qan tökməyə, can verməyə amədədir hər an,

Hər kəs ki, hüququn düşünər, rütbəsin anlar,

Hər kəs eşidər həq səsini, həq sözün anlar.

Şeir hər biri yeddi misradan ibarət olmaqla iki bənddən ibarətdir. Hər bəndin ilk üç misrası əsr, vəqt və gün sözləriylə başlayır. Bu düzülüş qaydası bədii mətni səsin, çağırış səsinin özünə çevirir, yəni XX əsrin əvvəllərində ədəbi düşüncədə gedən dinamik proseslər mətnə, onun quruluşuna da ciddi təsir göstərirdi.

XIX əsrin ortalarından XX əsrin ortalarına qədər, yəni təxminən bir əsr boyunca yaradıcılığı əsasən lirik və satirik şeirlərdən ibarət olan şairlərin dövrüdür. Yəni yaradıcılığın başında lirika, sonra sonadək satira. Bu sənətkarları lirikadan "küsdürən", daha önəmlisi satiraya bağlayan nə idi? Üstəlik, qəzəl şairi kimi tanınmaq əbədi məşhurluq anlamına gəlirdi. Həm də Sabirdən sonra bu formada yazmaq, qənaətlərini satirik dilə çevirmək o qədər də asan deyildi. Hər halda bir standart baxışın nəticəsi olaraq onu Füzulinin davamçısı adlandırırdılar. Satira isə məlum klişe fikirlərə görə, elə indinin özündə də daha az ədəbiyyatdır. Ancaq sözü gedən dövrdə kiminsə davamçısı olmaqdansa, özünü, özünün dövrana münasibətini ifadə etmək daha önəmli idi. Demək, ənənədə davamçı olmaq xassəsi etiketdən başqa bir şey deyildir. Yəni Səməd Mənsur şeiri Füzulinin, yaxud Sabirin davamçısı olduğuna görə yox (-!), məhz Səməd Mənsur intonasiyasına görə böyük əhəmiyyət daşıyır. Səməd Mənsur bilindiyi kimi, mətnlərinə qarşı bir elə diqqətli deyildi, hətta naşir olduğu dövrdə belə, bircə kitabını burxmaq yadına düşməmişdi. Demək, kiminsə davamçısı olmaq, bu ladlar üstündə yazdıqlarını bağrına basıb saxlamaq eyninə deyildi. Satirik şeirləri isə o dövrün ən aparıcı məcmuələrində çap edilirdi. Beləliklə, həmin dövrdə ədəbiyyat anlayışının məzmunu dəyişmişdi, demək olar, hər gün dəyişən məzmun formanın da başqalaşmasına səbəb olurdu, ancaq formanın daxildən dəyişməsi olduqca uzun sürür. Onların bir-birinə keçməsi əksetdirmədə məlum layların dağılmasına, yenilərinsə aysberq sayağı batıb-çıxmasına səbəb olur. Bunun nəticəsində Səməd Mənsur şeirində yeni intonasiya modelləri yaranırdı. Yəni əsas olan həmin dəyişmə prosesindəki tərəddüd və təbəddülatlarla bərabər onlara reaksiyanın hansı səviyyədə olmasıdır, çünki satira nə qədər kəskin olsa da dialoq tələb edir, bununla özünün də reaksiyasını, var olmaq əndişəsini də yoxlamaq istəyir, janr, üslub və istiqamət-diskurs kimi satira ocaqdakı közə bənzəyir, həmişə, elə bu dəqiqə yaddaşının itəcəyindən, daha doğrusu, gerçəklikdəki küyün, yəni nişangahında olan şeylərin (dəyərləri zədələyən cəfəng şeylərin) onun yerini tutacağından ehtiyat edir, deyiliş və intonasiyadakı kəskinlik burdan irəli gəlir. Səməd Mənsur satiralarında mükalimə, danışmaq, dialoqa girmək ehtirası var,

Ölsəm mən əgər bir neçə kağızdan ibarət

Asarım olar anlayana rəhbəri-ibrət!

Səməd Mənsurun mətnlərində  günün hadisələrinə qarşı da qəribə bir həssaslıq var, çünki bu hiss şair kimi onun naturasını müəyyənləşdirən ülvi keyfiyyətlərlə bağlı idi. "Rəngdir" şeiri məhz bu xalis, əsl hissetmə məqamından doğduğuna görə ona etirazlar da vardı. Yəni, əslində, anlaşılmayan şeirin qaynaqlandığı incə nöqtələrdir, o məqamı anlamaq insanın içdən zəngin olmasını tələb edir. Baxın:

...Hərə yıldız arayır, bəxtinə həp ondan əsər

Gözləyir, mənzərəsi etdi məni zirü zəbər,

Nöh fələkdən hanı bir namü nişan, gülməldir...

Yaxud

Cam doldur mənə, ey saqiyi-şəngül, mənə cam,

Mənü sən gülməliyüz, pirü cavan gülməlidir...

"Şeypur" məcmuəsindəki "Ziyalılarımız" adlı felyetonunda yazırdı: "...İndi mənə deyirlər ki, hökumət müsəlmanındır, gərək uşaqlar türk dili danışsınlar, pamiluy! Mən öz əlimlə öz uşaqlarımı necə portit eləyim? İndi gərək mən bunlara türk yatmağı, türk yeməyi, türk oynamağı öyrədim. Onda bunlardan nə çıxar, axı bunlar gərək doktor, injener olsunlar... Həmsöhbəti onu sakitləşdirir: canım, sən özün yaxşı görürsən ki, burada türk dili bilən biçarələri heç qapıdan içəri qoymurlar ki, gedib dərdlərini öz köhnə ağalarına ərz eləsinlər...".

Günün nəbzini tutub, ondan vaz keçmədən məmləkət və insan xisləti üçün əbədi xüsusiyyətləri qələmə almaq Səməd Mənsur üslubu üçün səciyyəvi idi, yəni duymaq ki, dünyaya xaos hakim kəsiləndə, hər şey bir-birinə qarışanda hər bir nəsnənin təyinatı itir, bu məmləkətdə hamı əlinə qələm alıb şair olur, şairliyin, o cümlədən bütün müqəddəs sənətlərin astar üzü çıxır üzə.

Min-min qələm əhli törənib çapükü çalak,

Kim istədisə sahibi təbü-əsər oldu.

Amma biri var fəlsəfəvü hikmətə dara,

Hətta sözünün mətləi "Şəqqül-qəmər" oldu...

Səməd Mənsur ironiyası xüsusi ladda təqdim edilir, onun əsl xassəsini bəlirləyən "doğruya bənzəyən yalanlar" (Rəsul Rza) deyimini bu məqamda işlətmək yerinə düşür:

Derlər: "Ərzi-bəşər axır olacaqdır cənnət"

Böylə bir zənni-xəta sizdə də var, bizdə də var".

Səməd Mənsurun satiralarından görünən lövhələr ard-arda düzülən kino kadrlarına bənzəyir, bu fraqmentlərdəki personajlar, əslində, böyük bir hadisənin parçalarıdır, kadrlar hərəkətə gəlincə, hadisə-personajlar böyük bir məmləkətin işığa həsrət qalmış qaranlıq hücrələrini nişan verir, bu işarələr keçmişə şaxələnərək onun müxtəlif guşələrini fokusa gətirir, kadrın o biri üzündə öz hücrəsində başını sinəsinə əyib aşiqanə şeirlər yazan Mirzə Şəfi görünür:

Nə qədər kim, fələyin sabiti-səyyarəsi var,

Ol qədər sinədə qəmzən oxunun yarəsi var...

Kadrlar dəyişir, onlardan biri anidən yavaşıyır, kadr-lövhədə yenə Mirzə Şəfi... bu dəfə Mirzə Fətəliylə söhbət edir: səndəmi şarlatan olacaqsan? Yəni öz şeirlərinin  çapına laqeyd baxan Səməd Mənsurun əsərlərinin qatlarından ədəbi keçmişin, yəni ədəbiyyat tarixinin bu şəkildə görünməsi qəribə də olsa çox səciyyəvidir.

Səməd Mənsur bəlkə də, son nəfəsində deyirdi: "Bu zəmanə alçaqlıq zamanı, ayaq öpənlər, vicdansızlar meydanıdır. Bu zəmanədə hər kəs vicdanını satmaqla yaşayır. Üzlərdən həyalar mədum olmuşdur. İnsaf və mürüvvətdən əsər qalmamışdır...".

Bu sözləri oğluna ünvanladığı "Vəsiyyətində" deyirdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!