Müxbir üzvün qeydləri
Bir müddət öncə deyəndə ki: "Bu gün "Lirika və Fizika"nın romantik qanadlarında dünyanın elm mərkəzlərindən birinə - Dubnaya yol açmaq humanitarilərdən, həqiqətən də, böyük hünər istəyir. Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu hünərin sahibidir!.." ("525-ci qəzet", 2 noyabr, 2018-ci il) - bir çoxları bu sözləri zarafata yozmuşdu...
14-24 noyabr tarixlərində Bakıda Xəzərin sahillərində, Pirquluda Şamaxı Astrofizika Rəsədxanasında və Moskva yaxınlığı, Volqada Dubna şəhərində ayaq açıb yeriyən "əsl elm və sənət dekadası" (akademik İsa Həbibbəylinin sözləridir) - beynəlxalq "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" konfransı göstərdi ki, demə, nağıllar da gerçək olurmuş. Sadəcə, bunu istəmək, həm də çox istəmək gərəkirmiş; yaşadığımız dünya performanslar dünyasıdır...
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə 2014-cü ildə(n) ərsəyə gələn və gün-gündən çiçəkləyən Elm festivalları çərçivəsində "Fizika və lirika" konfranslarının təməlçisi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyir: "Hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasında "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" mövzusunda keçirilən beynəlxalq elmi konfrans başlamış elmi-ədəbi proseslərin geniş coğrafiyada daha da inkişaf etməsinə böyük təkan verəcəkdir...".
"Dekada"ya ilk olaraq Lirika təkan verdi. Noyabrın 14-ü AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi münasibətilə bayram tədbirinə dünyanın dörd bir yanından yığışmış, uzaq Monqolustandan yaxın AYB-yəcən qonaqlar: Xalq yazıçısı Anar, Moskvadan Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski, Tatarıstan EA-nın vitse-prezidenti, akademik Daniya Zaqidullina, Belarus EA Yanka Kupala adına Ədəbiyyat İnstitutunun direktoru, professor İvan Saverçenko, Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru, professor İrma Ratiani, Bolqarıstan EA Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Naim Kərimov, Monqolustan EA Ədəbiyyat İnstitutunun direktoru Bilquudei Qaadamba, Rostov Biznes və Hüquq İnstitutunun rektoru, professor İmran Əkbərov, Tatarıstan EA Dil və Ədəbiyyat İnstitutunun direktoru, müxbir üzv Kim Minullin, Qazaxıstan Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktor müavini Almira Kaliyeva, Qırğızıstan EA Çingiz Aytmatov adına Qırğız Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, dosent Nurzina Iysayeva, əməkdar elm xadimi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Qəzənfər Paşayev çıxışlarında yubilyarı qutlamaqla qalmadılar, Ədəbiyyat İnstitutunun timsalında həm də elmin, AMEA-nın qələbələrini alqışladılar. AMEA-nın prezidentu Akif Əlizadə Ədəbiyyat İnstitutunun tarixi və çağdaş nailiyyətlərinə önəm verməklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təltif və mükafatlarını - Tərəqqi medalı və fəxri fərmanları bu uğurun qazanılmasında böyük rolu olan seçilmişlərə təqdim etdi (Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirdi). AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli: "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu: elmi ənənələr və müasirlik" mövzusunda əhatəli məruzə etdi.
Konfransqabağı bu impuls Elmin və Sənətin dialoqu üçün xoş bir zəmin vəd edirdi. Həmin nota köklənərək, məşhur "Literaturnaya qazeta" bir azdan yazacaqdı: "Belə bir tədbirin təşkili iki, sanki bir-birindən uzaq təşkilatın - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Birləşik Nüvə Tədqiqatları İnstitutunun (OİYAİ) çoxillik əlaqələri sayəsində mümkün olmuşdu. Belə bir əməkdaşlığın mövcudluğunun özü bu gün "fiziklər"in və "liriklər"in qarşılıqlı fəaliyyətini şərtləndirən amildir" ("Literaturnaya qazeta", 28 noyabr - 4 dekabr 2018).
Rəsmən "Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları" konfransı 16 noyabr 2018-ci il tarixində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təbrik nitqi ilə işinə başladı. Elmlər-arası inteqrasiyaya son zamanlarda böyük önəm və yer verilən akademiyada humanitariya və dəqiq elmlər, təbiət elmləri arasında qarşılıqlı fikir və ideya mübadiləsinə meydan açan "Fizika və lirika" konfranslarının əsl kəşf olduğunu vurğulayan akademik Akif Əlizadə, bu tədbirlərin, eyni zamanda AMEA-da ardıcıl və dönməz şəkil aldığından söz açmaqla artıq beynəlxalq müstəviyə yüksəlmiş V "Fizika və Lirika" konfransına uğurlar dilədi.
Akademik İsa Həbibbəylinin konfransa giriş səciyyəli "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" məruzəsində problemə qayıdışın önəmi və sirləri açıq vurğu altında, hətta bir qədər də çağırış ruhunda səsləndi. Bir zamanlar, 1959-cu ildə: "Komsomolskaya pravda" səhifələrində liriklərin poetik etirazından başlanan, fiziklərin ehtiraslı müdaxiləsi ilə müşayiət olunan elm və sənətin tarixi mübahisəsi, polemikası, dialoqu, anlaşması bu gün də vacibdir, aktualdır, qabardılmalıdır. Həm də poetik çağırışdan, sənət müstəvisində(n), metaforik münasibətdən daha da çox, elmi problem kimi, tədqiq, aydınlanma və konsensus nöqteyi-nəzərindən. Sitat: "Fikrimcə, XX əsr dünya fizika elminin iki çox görkəmli nümayəndəsi olan, Nobel mükafatları alan Albert Eynşteyn və Lev Landaunun müzakirələrdə iştirakı "Fizika və lirika" polemikasının qarşıdurma səviyyəsindən mühüm əhəmiyyətə malik olan elmi problem miqyasına qaldırılmasında mühüm rol oynamışdır... Özlərini "insan qəlbinin mühəndisləri" adlandıran ədəbiyyat və incəsənət nümayəndələrinin cəmiyyətin inkişafında ədəbiyyatı və incəsənət amilini ön mövqeyə çıxarmaları davam etsə də, Albert Eynşteyn və Lev Landau faktoru mübahisələri səngitmişdir. Ədəbiyyatın və elmin tarixində mühüm hadisə olan "Fizika və lirika" müzakirələri elmi problem kimi yaddaşlarda qalmışdır. "Fizika və lirika" probleminə bir də 1974-cü ildə yenidən qayıdılsa da, bu proses əvvəlki dövrdə olduğu qədər əks-səda tapa bilməmişdir. Lakin "Fizika və lirika" problemi elm və ədəbiyyat probleminə çevrilmişdir..." (İsa Həbibbəylinin məruzəsindən).
Mənə akademik İsa Həbibbəylinin məruzəsini iki dəfə dinləmək müyəssər oldu; Bakıda və bir daha Dubnada. Və diqqət yetirdim, məruzədə dinləyiciləri cəzb edən, sehrləyən, üzərində saxlayan başlıca bir not vardı: bütün tarixi mahiyyəti ilə birgə problemin bugünlüyü! Sanki akademik bütün müddəalarında bircə amacı güdürdü: İdeyanın vacibliyini isbat etmək!; necə etmək olar ki, "Fizika və Lirika" konfransı yaşasın!; bu iş davam etməlidir, getməlidir və bu iş getsin! Hətta kuluarlarda gedən söhbətlərdən də akademikin başlıca bu meyardan çıxış etdiyini, ideyaya soyuq yanaşanları qınayıb tərəfdarlarını necə coşqunluqla qarşıladığını görmək olardı. Bəlkə də məhz bu israrın nəticəsidir ki, "Fizika və lirika" konfransının (elmi seminarının) MDB himayəsi altında keçirilməsinə nail olunmuşdu; təşkilatçılardan biri də: AMEA, OİYAİ ilə birgə, MFQS - MDB-yə daxil olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu idi və fondun sədrinin müşaviri Aleksandr Qonçarov da Bakıda, iştirakçılar arasındaydı...
Və həqiqətən də iş getdi! On gün ərzində dinlədiyimiz onlarla məruzə elmin - "fizika"nın və ədəbiyyatın - "lirika"nın onlarca da aktual problemləri üzərində düşündürdü. İsa Həbibbəylinin sözləri ilə: "Fizika" deyəndə bütövlükdə dəqiq və təbiət elmləri, "Lirika" deyəndə bütünlükdə Sənət və humanitariya fənləri göz önünə gəlməlidir. Ana tarix söyləsin, hansı daha əzizdir bu gün...
***
Hər şeydən öncə "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" konfransı (rəsmən "beynəlxalq elmi seminar" kimi də qeyd olunurdu) geniş coğrafiyası ilə heyrətləndirirdi və "dekada" ərzində məruzələr geniş bir coğrafiyanın elm və sənət aləmində nələrin baş verdiyini auditoriyaya sızdıra, mənzərəsini cıza bildi. Yalnız elə konfransda təmsil olunan elmi instansiyaların sırasını xatırlatmaq kifayətdir ki, qəziyyə tam məlum ola. Azərbaycan Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Fizika İnstitutu, AMEA N.Tusi adına Astrofizika Rəsədxanası, Azərbaycan Yazıçılar Birliyi, OİYAİ - Birləşik Nüvə Tədqiqatları İnstitutu, Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, Moskva Pedaqoji Dövlət Universitetinin Stavropol filialı, Belarus Elmlər Akademiyası Y.Kupala adına Ədəbiyyat İnstitutu, Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutu, Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutu, Moldova Respublikasında "B.P.Xaşdeu" Rumın Filologiyası İnstitutu, Daşkənd Ə.Nəvai adına Özbək dili və Ədəbiyyatı Universiteti, Monqolustan Elmlər Akademiyası Ədəbiyyat İnstitutu, Tatarıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutu, Qazaxıstan M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu, Qırğızıstan Elmlər Akademiyası Ç.Aytmatov adına Qırğız Ədəbiyyatı İnstitutu...
Konfransın Azərbaycan qanadında (Bakı, 16 noyabr 2018 - Şamaxı, 17 noyabr, 2018) bəlkə də, bir az "lirika" üstələyirdi və ilk baxışda, ənənəvi ədəbiyyat konfranslarından elə də fərqlənmirdi. Amma təbii ki, həssas olarsaq, fərqlənirdi, məhz "fizika" notları ilə! Belə ki, Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski "Ədəbiyyat tarixinin elmi öyrənilməsində sinergetik modellər" məruzəsində XX əsr boyu ədəbiyyat tarixinə riyazi modellərin tətbiqi, Formal məktəb, M.Baxtin, A.Veselovski təcrübəsi, Qərb ədəbiyyatşünaslığı, H.Yaus məktəbi, Lotman konstruktivizmi və s. kimi məlum araşdırmalara ekskurs etməklə, hazırda ədəbiyyat elmində yaşanan metodoloji böhran problemini qabartdı. Və ədəbiyyatın özündə də yaşanan xaotik, çoxşaxəli, çoxvariantlı gedişata yenə də "fizika"da(n), sistem nəzəriyyəsində(n) çarə aradı, hədsiz mürəkkəb proseslərə sinenergetik yanaşma modellərinin tətbiqini təklif etdi.
M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun digər əməkdaşı, filoloji elmlər doktoru Andrey Kofman da, bir qədər sonra Pirquluda dinlədiyimiz məruzəsində çağdaş xaotik zaman münasibətlərində model axtarışının aktuallığından söz açdı, amma metodolojidə deyil, ədəbiyyatın özündə. "Ədəbiyyatda zamanın bədii modelləri" məruzəsində F.Dostoyevski dövründən günümüzəcən ədəbiyyatın realist zaman modellərindən gerçəkliyə daha dərindən nüfuz edən modernist çabalarınacan növbənöv modus və modifikasiyaları üzərində dayandı. Bu ki, "proseslərin hədsiz mürəkkəbliyi" ədəbiyyatda da zaman modellərinin intensiv diferensiallaşmasını şərtləndirir.
Tatarıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina "Bədii ədəbiyyatda elmi diskurs: problemin qoyuluşu" məruzəsində artıq konkret "tatar ədəbiyyatı nümunəsində" həmincə "hədsiz mürəkkəb proseslər"dən söz açdı və durumu postmodern düşüncə modelində qavramaq zərurətini irəli sürdü və şərh etdi. Onu da deyim ki, xanım Zaqidullina eyni prosesləri müasir Azərbaycan ədəbiyyatında izlədiyim məruzədən sonra mənə yanaşdı; yığcam müzakirə əsnasında bəlli oldu ki, bəhs olunan postmodern gəlişmə türk ədəbiyyatları nümunəsində, məsələn, Azərbaycan, tatar, türk, özbək, qazax, qırğız ədəbiyyatlarında da müşahidə olunur, amma başqırd, türkmən, Qaraqalpaq, Sibir türkləri və b. xalqlarda məsələ necədir? - akademiki ciddi məşğul edirdi.
Rusiya Elmlər Akademiyası Udmurtiya bölməsindən filoloji elmlər doktoru Aleksey Arzamasovu da "Udmurt poeziyasının öyrənilməsi perspektivləri"ndə əsas məsələ kimi ədəbiyyatın klassik ölçülərini itirməsi, "iri janrların ölməsi", dramaturji və nəsr irsinin yoxolması müqabilində çox da "intellektual baqaj istəməyən poeziyanın, qafiyəpərdazlığın total şəkil alması" düşündürürdü. Milli dildə yazmaq praktikasının azaldığı zəmində bir dildən başqa dilə keçməyin fəsadlarını vurğulayan məruzəçi, amma bu fonda "şəhər mövzusu"nun yeni keyfiyyət kəsb etdiyini də nəzərə çatdırdı.
Qlobal fiziksəl dünyanın liriksəl milli insanın aləmində yansıtdığı problemlər M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun əməkdaşı, filoloji elmlər doktoru Kazbek Sultanovu da "Yaddaşa bağlı insan və milli narrativ: eyniləşdirmə problemi" məruzəsində məşğul edirdi. Belə görünür ki, fiziksəl dünyada "görünməmiş dəyişmələr", "sürüşən proseslər" özünütanıma, milli identikləşdirmə hallarının da itirilməsinə gətirib çıxarır, məsələn, "bizim Tukay", "bizim Rustaveli" deyə qabarıq özünüifadə hallarının nadirləşdiyi bir zamanda milli narrativlərin taleyi də sual altına düşür; dünya etnik eyniləşmələrdən multikultural birgəyaşayışa doğru barışıqlara meyil edir.
Bütün bunlarla yanaşı, "milli narrativlər" ədəbiyyat tarixinə münasibətdə hələ ki klassik təsnifatlara möhtac olaraq qalır. Bunu Q.İbrahimov adına Dil, Ədəbiyyat və Sənət İnstitutunun direktoru, Tatarıstan Elmlər Akademiyasının müxbir üzvü Kim Minnullinin məruzəsində söz açdığı "Milli ədəbiyyat tarixi-etnik bədii təfəkkürün tarixi kimi (tatar ədəbiyyatı tarixinin 8 cildliyinin yaradılması təcrübəsi"ndə də görmək olurdu. Və bu mənim yadıma akademik İsa Həbibbəylinin rəhbərliyi ilə hazırlanan 10 cilddə "Azərbaycan ədəbiyyatı tarixi"ni saldı; eynən: qədim dövr, Orta əsrlər, maarifçilik dövrü, romantizm və realizm ədəbiyyatı, sovet dönəmi və müstəqillik illəri... Onu da deyim ki, məruzə ətrafında səslənən "Molla Nəsrəddin" jurnalının tatar realistik ədəbiyyatına təsiri məsələsini də Kim Minnullin 8 cildliyə isnad edərək etirafla qarşıladı.
Konfransın "Ədəbiyyat qanadı"ndakı məruzələrdə "fizika"nın "lirika"ya müdaxiləsi mövzularından daha birisi - ötən əsrin 50-60-cı illərindən gəlişən ETİ (elmi-texniki inqilab) prosesləri oldu. Azərbaycan ədəbiyyatına "kosmik era"nın sirayəti barədə AMEA-nın müxbir üzvü Tehran Mustafayevin "Elmin inkişafı kontekstində bədii təfəkkürün üfüqləri" və filoloji elmlər doktoru, professor Tahirə Məmmədin "Humanitar dünyagörüşdən texnolojiyə baxış" məruzələrində söhbət getdi. O cümlədən Qırğızıstan Milli Elmlər Akademiyası Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun qırğız ədəbiyyatı şöbəsinin müdiri, filoloji elmlər namizədi Nurzina Iysayevanın "Çingiz Aytmatovun yaradıcılığında elmilik və bədiiliyin qarşılıqlı əlaqəsi", Belarus Milli Elmlər Akademiyası Yakub Kolas adına Dilçilik İnstitutunun direktoru, filoloji elmlər namizədi, dosent İqor Kopılyovun "Akademik dilçilik tədqiqatlarında fizikanın rolu və lirikanın yeri. Belarus təcrübəsi", Qazaxıstan Respublikası Muxtar Auezov adına Ədəbiyyat və Sənət İnstitutunun direktor müavini, filoloji elmlər namizədi Almira Kaliyevanın "Yeni qazax nəsrində virtual reallığın poetik-fəlsəfi dərki", Qazaxıstan Respublikası Muxtar Auezov adına Ədəbiyyat və Sənət İnstitutunun şöbə müdiri Svetlana Ananyevanın "Ata evindən qalaktikaya: uçuş və kainatın sirlərinə doğru. Daniil Qranin, İvan Yefremov, Ernst Boos", Moskva Pedaqoji Dövlət Universitetinin Stavropol filialının direktoru, professor Natalya Sotnikovanın "Fizika-riyaziyyat fənlərinin humanitar yönlü tələbələr tərəfindən elektron dərsliklərin tətbiqi ilə öyrənilməsi təcrübəsindən", B.N.Yeltsin adına Qırğızıstan Rusiya Slavyan Universitetinin tarix və kulturologiya kafedrasının dosenti, filoloji elmlər namizədi Lyubov Skreminskayanın "İki mədəniyyət gerçəklik faktı kimi: "fizika və lirika" probleminin durumu bu gün ("Ədəbi Qırğızıstan" jurnalının materialları əsasında)" məruzələrində ETİ həqiqətlərinin humanitar fikrə, bədii-fəlsəfi təfəkkürə, konkret milli ədəbiyyatlara təsirindən, ayrı-ayrı yazıçıların yaradıcılıq dünyasında təzahürlərindən söhbət getdi. Bilavasitə ədəbiyyatda elmi fantastik-janrın gəlişməsi və müasir dünyagörüş və qavrayışda rolu barəsində Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktor müavini, filoloji elmlər namizədi, dosent Maka Elbakidzenin "Quram Pancikidzenin "Spiral" romanı", Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru, professor İmran Əkbərovun "Çağdaş mütəxəssislərin hazırlanmasında elmi fantastik ədəbiyyatın rolu" məruzələrini də həmin mövzu dairəsi və aktuallıq prizmasından almaq və dəyərləndirmək olardı.
Konfransda bir sıra məruzələr ədəbiyyatda və humanitar təfəkkürdə elmin izlərini daha qədimlərdən axtarmaqla, günümüzəcən "fizika və lirika" münasibətlərinin rəngarəngliyinə diqqət çəkdilər. Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun əməkdaşı, filoloji elmlər namizədi Andrey Korovinin "Ədəbi nağıl: folklor qaynaqları və inkişaf yolları", Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun dosenti Abuzər Bağırovun "Nizami Gəncəvinin "İskəndərnamə" poemasında kainatın mənşəyi barədə", Daşkənd Şərqşünaslıq İnstitutunun professoru Boqijon Tatlıyevin "Əlişir Nəvainin "Səddi-İskəndər" poemasında alim obrazları", "B.P.Xaşdeu" Rumın Filologiyası İnstitutunun əməkdaşı, filoloji elmlər namizədi Liliya Porubinin "Bessarabiyanın rumın ədəbiyyatında Freydin psixoanalizi (Aleksandr Robotun romanında bədii inikas)", M.A.Şoloxov Dövlət muzey qoruğunun direktoru Olqa Anistratenkonun "Elm və ədəbiyyat: M.Şoloxovun "Sakit Don" romanının elmi nəşrinin hazırlanmasında mətnşünaslığın rolu", Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun şöbə müdiri Marina Sıçevanın "A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda ədəbiyyatşünas və folklorşünasların hazırlanması problemi", Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin professoru Naim Kərimovun "XX əsr özbək fəlsəfi-intellektual şeirinin inkişaf yolu və prinsipləri", Gürcüstan yazıçılarının Milli Akademiyasının əməkdaşı Mirzə Maaşovun "Elizbar Cavelidzenin "Ruhi Bağdadi" kitabı haqqında", AMEA Arxitektura və İncəsənət İnstitutunun direktoru, müxbir üzv Ertəkin Salamzadənin "Təsviri sənət və simmetriya", "Qırğızstan "Çiqu" təhsil metodika muzey kompleksinin dosenti, tarix elmləri namizədi Lyudmila Stavskayanın "İssık Kul petroqliflərində və Ç.Aytmatovun əsərlərində totemlərin mifoloji obrazları", Statistika Komitəsinin elmi tədqiqat və statistik innovasiyalar Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru Mübariz Nuriyevin "Duyğu üzvləri arasında fiziki münasibətlərin lirik təcəssümü" məruzələrində tarix boyu ədəbiyyat və mədəniyyət mətnlərindən görünən elmi biliklərin israrı "Fizika və lirika" konfransının da çağdaş zəmini və önəmini şərtləndirir, vurğulayırdı.
Bütün bununla belə, konfransın "Ədəbiyyat mərhələsi" və mənzərəsində "fiziklər"in fəallığı heç də "liriklər"dən geri qalmadı. Əvvəla, "Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları" seminarının təşkilində N.Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə yanaşı, AMEA Fizika İnstitutunun da məsulluğu və aktivliyi göz qabağında idi və AMEA Fizika-Riyaziyyat və Texnika bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov "Fizika və lirika: fizikin baxış bucağından" mərizəsində həmin məqamı qabartdı. "Fiziklər də insandır!" və bu gün bəşəriyyətin həyatını kökündən dəyişən, az qala ikinci bir dünya yaradan böyük texnoloji hünərləri və xidmətləri müqabilində yenə də duyğusal, liriksəl, xəyalsevər vücud olaraq qalır və hətta məqamında şeir də yazırlar...
İkincisi, konfrans təşkilatçıları arasında AMEA Şamaxı Astrofizika Rəsədxanası da vardı; və plenar iclasların ikinci gününü, 17 noyabr 2018-ci il tarixində seminar iştirakçıları həmin texnogen-fiziksəl-sivilizasion dünyanın bir parçası olan Bakı şəhərindən yığışıb, təbiətin qoynunda, payızın duman və sisinə məhəl qoymadan, "liriklər"in də, "fiziklər"in də göylərə yaxın bildiyi Pirquluda keçirdilər. Və demək lazımdır ki, rəsədxananın direktoru, professor Namiq Cəlilovun və onun işgüzar kollektivinin ciddi səyləri sayəsində "Astrofizika və lirika" motivasiyası ümumən baş tutdu. Doğrudur, havanın məğşuşluğu poetik fürsətdən yararlanıb teleskoplardan uzaq ulduzları seyrə imkan verməsə də, bu nəhəng qurğuya əyani ekskurs, eksponatlar və səma mənzərələri əhatəsində, dairəvi qübbə altında dinlənən məruzələr özlüyündə kosmik bir rəng almış olurdu. Burda bir "simvolizm" əlaməti görüb, bir azdan "Litqazeta"nın müxbiri də yazacaqdı: "Bəlkə də, ulduzlar "fiziklər"in və "lirik"lərin ən ilkin və ən başlıca təmas nöqtəsi olaraq qalır..." ("Literaturnaya qazeta", 28 noyabr- 4 dekabr 2018).
Təmas axtarışı isə real idi və qeyd olunduğu kimi, hələ yarım əsr də bundan irəlidən gəlirdi. Seminarın ən gənc iştirakçıları, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Dilarə Əliyeva "Fizika və lirika problemi "Literaturnaya qazetada" və Şəfa Əliyeva "Fizika və lirika problemi "Komsomolskaya pravda" qəzetində" məruzələrində xatırlatdıqları kimi, konfransın fizika qanadını təmsil edən hər bir məruzəçi də məhz bu məqamda israrlı görünürdü.
Xəzər Universiteti Direktorlar Şurasının sədri, professor Hamlet İsaxanlı "Riyaziyyatın poeziyası və poeziyanın riyaziyyatı", Birləşik Nüvə Tədqiqatları İnstitutu Sosial infrastruktur İdarəsinin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi Andrey Tamonov "Birləşik Nüvə Tədqiqatları İnstitutu bu gün və sabah", Azərbaycan Milli Aviasiya Akademiyasının professoru Ağacan Abiyev "Musiqi əsərləri və təsviri sənət funksional insan sistemində neqativ entropiya kimi", Birləşik Nüvə Tədqiqatları İnstitutu "Dubna, elm, həmrəylik, proqres" həftəliyinin redaktoru, Moskva Jurnalistlər İttifaqının üzvü Yevgeni Molçanov "Fiziklər və liriklər Dubnada: qanunlar sözünü deyir"; Birləşik Nüvə Tədqiqatları İnstitutu Gənc alim və mütəxəssislər Birliyinin sədri, fizika-riyaziyyat elmləri namizədi Aleksandr Verxevey "Birləşik Nüvə Tədqiqatları İnstitutunda gənc alim və mütəxəssislərin konferensiyaları" məruzələrində elmin mövqeyində möhkəm və təkzibsiz görünməklə, maraqlıdır ki, eyni zamanda lirikanın hüdudlarında da həvəslə reverans edirdilər.
Professor Hamlet İsaxanlının Aristoteldən zəmanəmizin mütəfəkkirləri Eynşteyn, Çarlz Snou, Puankareyəcən ünlü filosoflar, alimlər, şairlərdən çoxsaylı istinadları bir daha əyanilədi ki, poeziya və riyaziyyat əzəldən ruh və bədən kimi ayrılmazmış. Yoxdur, olamaz elə bir riyaziyyatçı ki, heç olmasa bir az nəğmə oxuması olmasın. Riyaziyyatla məşğul olmaq insan ruhunun dəliliyinə yozulur. Liriklər də, fiziklər də təbiətdən gəlir, təbiətə bağlıdır. Təbiət açıq kitabdır, filosoflar bu kitabın işarələrini oxuyur. Riyaziyyat və poeziyanın bənzərliyi təbiətin sirrinə qəfil (poetik) idrak dəmində yetmələri, vaqif olmalarıdır. Birisinin elmi yolla əldə etdiyinə digəri obrazla yetir; riyaziyyatın təsvir etdiyini poeziya yaradır. Hər ikisi modellə işləyir və modeli verən gözəlliyin özüdür... Bəlkə də, elə bu doğmalıq axtarışlarının bəhrəsidir ki: "Zəngin şeir yaradıcılığına görə fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı haqqında "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildlik monoqrafik tədqiqatında ayrıca portret-oçerk verilmişdir" (İsa Həbibbəyli)...
Başqa bir ünlü sima, daha çox siyasətçi kimi məşhur, millət vəkili, Siyasi Psixologiya Mərkəzinin direktoru, professor Səməd Seyidov "Bədii yaradıcılıqda elmi intellektin rolu: həyatın və insanın bədii dərki və təfsiri" mövzusunda parlaq məruzəsində çox sayda çağdaş psixoloq mütəfəkkirlərə istinadla fizika və lirika arasında konsensusu başqa bir yerdə yox, elə yaradıcılığın özündə, öz fenomenoloji təbiətində aradı. Bu ki yaradıcılıq insan həyatının mənasını qapsayır; arxasında yaradıcı insan durur. O insan ki, bu gün bir neçə fundamental keyfiyyətlər göstərir: 1) fenomenoloji qabiliyyət; insan olmazın məhsuldarlıq, nəticə nümayiş etdirir; 2) çoxyönlülük; insan hadisələrə ən müxtəlif yönlərdən baxa və yanaşa bilir; 3) orijinallıq, fərqlilik; insan hər zaman başqalarından fərqlidir... Fərqliliyin daha bir təzahürü o oldu ki, hətta Səməd Seyidov da mobilinin yaddaşını vərəqləyib çıxışının sonunda orijinal şeirini oxudu...
Lirika, lirika, lirika... Hər yerdə lirika... Elmi konfransın bütün fiziksəl proseduru, reqlamenti, qaydalarına baxmayaraq, məclis yaradıcı olaraq bir xeyli də liriksəl, lirika havasında gəzişdi. Əvvəla, akademik Akif Əlizadə konfransın yığcam, mənalı açılışını, hər zaman olduğu sayaq, bir bənd şeirlə uğurladı. Daha sonra uzaq 1959-cu ildə "fizika - lirika" münasibətlərinə təkan vermiş Boris Slutskinin şeiri orijinalda və tərcümədə səsləndi. Daha da sonra, kainatda tarazlıq və harmoniya yaratmağa yönəlik Ahəngyol nəzəriyyəsinin təsisçisi, sosioloq, şair Əhməd Qəşəmoğlu akademik İsa Həbibbəylinin məxsusi sifarişi ilə konfransa həsr etdiyi şeirini, qocaman şair Oqtay Rza elmlə süslənmiş şeirlərini, elmlə şeirin qovşağında "qoşa qanad"ı təmsil edən, 3 cildlik bədii əsərlər müəllifi, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmud vətənpərvər şeirlərini məruzələrarası məclis iştirakçılarının diqqətinə çatdırdılar. Bu həvəsdə olanlar, demə, çoxmuş və biz bunu "fizika aləminə səyahətimiz"in ikinci hissəsində Dubnada da aşkar görəcəkdik. Belə ki, Belarus Milli Elmlər Akademiyasının Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun filial direktoru, professor İvan Saverçenkonun ayrıca "Belarus alimlərinin poetik eksperimentləri" mövzusunda məruzəsi heç də təəccübləndirmədi, əksinə, eynən bizdə müşahidə olunan proseslərin miqyasına bir daha maraq oyatdı. Görünür ki, akademik İsa Həbibbəyli günümüzdə "akademik şeir" deyə yeni bir cərəyan kəşf etməkdə heç yanılmırmış: "Artıq elm qarşılıqlı yazıçı və şairlərin şəbəkəsinin genişlənməkdə olduğunu nəzərə çarpdırır. Bu zəmində Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanının formalaşmaqda olduğunu müşahidə etmək mümkündür. O da müşahidə olunmaqdadır ki, indiyədək Azərbaycan ədəbiyyatında postmodernizm və magik realizm ədəbi cərəyanları sıralarında fəaliyyət göstərən elmyönlü yazıçı və şairlər "Fizika və lirika" müzakirələrinin, "Qoşa qanad" çağırışlarının açdığı yolla akademizmə doğru meyillənməkdədirlər..." (İsa Həbibbəylinin məruzəsindən).
Beləcə, "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" konfransının "Ədəbiyyat qanadı" lirikanın azca üstünlüyü ilə keçməklə, necə deyərlər, ev sahibliyinə haqq qazandırdı, hətta hardasa "lirik kəşflər"lə müşayiət olundu. Və biz ürək rahatlığı ilə komandamızı formalaşdırıb, 21-24 noyabr 2018-ci il tarixləri arası bu dəfə üz tutduq çağdaş fizikanın vətəninə - "dünyanın elm mərkəzlərindən biri Dubnaya"...
ardı var
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!