Nizami CƏFƏROV
Zəlimxan Yaqub indi haqq dünyasındadır. Ancaq mənə elə gəlir ki, o, bu dünyaya elə haqq dünyasından gəlmişdi... Gəldi, bu dünyaya, sözünü dedi... Və getdi...
Aşıq poeziyasından, ümumən xalq ədəbiyyatından qaynaqlanan, kökünü çox dərin qatlardan alan Zəlimxan Yaqub yaradıcılığı ona görə böyük ədəbi-mədəni hadisəyə çevrildi ki, şair mənsub olduğu xalqın folklor təfəkkürünü mənimsəməklə qalmadı, Azərbaycan (və dünya) yazılı ədəbiyyatının ideya-məzmun texnologiyalarını, estetik tipologiyalarını da öyrəndi. Gənclik illərindən başlanan ardıcıl, gərgin və məhsuldar üslub axtarışları Zəlimxanı tezliklə məşhurlaşdırdı. Və dövrün (eyni zamanda bütün dövrlərin!) Osman Sarıvəlli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə kimi görkəmli söz ustaları gənc şairin istedadını etiraf etdilər. Azərbaycan ədəbiyyatının nüfuzlu orqanları "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan" və "Ulduz" jurnallarında dərc olunan şeirləri ona şöhrət gətirdi. 1980-ci ildə "Gənclik" nəşriyyatında "Könlümün səsi" adlı ilk kitabı çap olunanda Zəlimxan Yaqub artıq kifayət qədər tanınmış şair idi. Hər şeydən əvvəl ona görə ki, öz yaradıcılıq poetexnologiyasını xalq ədəbiyyatından - folklordan almış gənc sənətkar 70-ci illərdə çox tez-tez keçirilən ədəbi məclislərdə yalnız ona məxsus ilham, emosiya və intonasiya ilə dediyi şeirlərində də həm ədəbi mühiti silkələyir, həm də geniş xalq kütləsinin ürəyinə yol tapırdı. Və onun könlünün səsi həmin adla çıxan ilk kitabından, demək olar ki, on il əvvəldən az qala bütün gurluğu, poetik gücü, daxildən (və milli tarixi yaddaşın dərinliklərindən!) gələn təbiiliyi, səmimiliyi ilə eşidilməyə başlamışdı.
Heç zaman yalnız fitri istedadına qapılıb qalmayan, Azərbaycanın, ümumən türk dünyasının ədəbiyyatını, mədəniyyətini, tarixini öyrənib mənimsəməyə, dünyagörüşünü zənginləşdirməyə, elmi səviyyəsini, intellektini yüksəltməyə, yaradıcılığını get- gedə daha mükəmməl ideya-estetik əsaslar üzərində davam etdirməyə çalışan şairin qarşısında yeni imkanlar açılır: onu o zamanlar çox qaynar bir həyat yaşayan Könüllü Kitabsevərlər Cəmiyyətinin təbliğat şöbəsinə işə dəvət edirlər. Şöbəyə rəhbərlik etdiyi illərdə Zəlimxan Yaqub Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzir, mənsub olduğu xalqı daha dərindən tanıyır. Və sonralar özünün qeyd etdiyi kimi, xalqla nəfəs-nəfəsə dayanır, ünsiyyətə girir, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti olur.
Etiraf etmək lazımdır ki, şairin yaradıcılığının miqyasına (və məzmununa) əhəmiyyətli təsir göstərən ən mühüm amillərdən biri həmişə xalqla, məşhur ifadə ilə desək, geniş xalq kütlələri ilə qırılmaz ünsiyyəti olmuşdur ki, fikrimizcə, böyük Səməd Vurğundan sonra həmin ünsiyyət təcrübəsini (məktəbini!) bütöv bir həyat-yaradıcılıq missiyası (və mədəniyyəti!) səviyyəsinə qaldıran ikinci Azərbaycan şairi məhz Zəlimxan Yaqubdur.
Xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirrini də məhz burada axtarmaq lazım gəlir. Tarix dönə-dönə sübut edir ki, xalqın içərisindən çıxan, öz tərcümeyi-halını millətin tərcümeyi-halı olaraq yaşayan sənətkar - mütəfəkkirlər heç zaman unudulmur, onların yaradıcılıq arxivi isə mühafizə olunan, heç də hamının müraciət etmədiyi qaranlıq hücrələr, fondlar deyil, əksinə, hamıya açıq olan, xalqın geniş, işıqlı ruhu, ürəyidir...
"Könlümün səsi"ndən sonra 80-ci illərdə Zəlimxan Yaqubun "Yolum eldən başlayır" (1981), "Od aldığım ocaqlar" (1986) və "Biz bir eşqin butasıyıq" (1989) kitabları nəşr olunur ki, həmin kitablarda toplanmış şeirlər mövzu rəngarəngliyi, ideya-məzmun mükəmməlliyi, poetika-forma, üslub özünəməxsusluğu ilə seçilir. Və hər şeydən əvvəl, diqqəti o çəkir ki, Azərbaycan ədəbiyyatına həmişə tarixdə qalacaq vətənpərvər (və milli!) bir şair gəlir...
80-ci illərin ortalarında Zəlimxan Yaqub, demək olar ki, yeni yaradılan, çox keçmədən Azərbaycan yazıçılarının əsərlərini böyük tirajlarla geniş oxucu kütlələrinə çatdıran əsas mərkəzə çevrilən "Yazıçı" nəşriyyatına işə düzəlir. Və poeziya şöbəsinə rəhbərlik etdiyi illər onun yaradıcılıq tərcümeyi-halının daha da zənginləşməsinə, təkmilləşməsinə təsirsiz qalmır... Bununla belə, vətənpərvər (və milli!) şairin ovqatına, dünyagörüşünə və nəticə etibarilə yaradıcılığına təsir göstərən ən böyük hadisə, heç şübhəsiz, Azərbaycan xalqının milli azadlıq, dövlət müstəqilliyi uğrunda apardığı mübarizə olur. 80-ci illərin sonu 90-cı illərin əvvəllərini əhatə edən bu gərgin, ağrı-acılarla dolu (ancaq şərəfli!) mübarizə Zəlimxan Yaqub yaradıcılığında, demək olar ki, yeni mərhələ (hətta dövr!) müəyyənləşdirir. Xalqla, onun tarixi arzuları, idealları ilə yaşayan şairin milli azadlıq uğrunda mübarizəyə qoşulması, dövlət müstəqilliyinin tərənnümçüsü olması tamamilə təbii idi. O, peşəkar siyasətçi olmasa da, bir şair-ziyalı, mütəfəkkir olaraq, ruhundan qopduğu xalqın nə istədiyini gözəl bilirdi. Ona görə də, tərəddüd etmədən, xalqı mürəkkəb tarixi şəraitdə fəlakətlərə düçar olmaqdan xilas edəcək idealları (və həmin idealları həyata keçirəcək ümummilli lideri!) tərənnüm edirdi.
Ümummilli lider Heydər Əliyevin öndərliyi ilə Azərbaycan xalqının müzəffər mücadiləsi (və müstəqilliyi!) nəticəsində Zəlimxan Yaqub 1995-ci ildə I çağırış Azərbaycan Milli Məclisinə üzv seçilir ki, bu, millətin, dövlətin və ümummilli liderin şairə böyük etimadı idi. Həmin etimad 2000-ci il seçkilərində bir daha təkrar edildi.
90-cı illərdə Zəlimxan Yaqubun, demək olar ki, hər biri ədəbi-ictimai hadisə olan "Ziyarətin qəbul olsun" (1991), "Şair harayı" (1995), "Bir əli torpaqda, bir əli haqda" (1997), sonrakı illərdə isə "Bu yaşıl ağacın altı bizimdi" (2000), "Mən sənin qəlbinə necə yol tapım" (2004), "Böyük ömrün dastanı" (2004), "Gözlərimin nurudu doğulduğum bu torpaq" (2005) kitabları kütləvi tirajlarla nəşr olundu.
Ümumiyyətlə, Zəlimxan Yaqubun yaradıcılığını üç dövrə bölmək mümkündür:
1) 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən 80-ci illərin sonu 90-cı illərin əvvəllərinə qədər;
2) 90-cı illərin əvvəllərindən 2000-ci illərin ortalarına qədər;
3) 2000-ci illərin ortalarından sonra.
Üçüncü dövr, fikrimizcə, daha çox ruhani-metafizik, fəlsəfi-mənəvi əsər-ideyalarla səciyyələnir. Və şair yaradıcılığının həm birinci, həm də ikinci dövründə müraciət etdiyi mövzulara da keyfiyyətcə yeni səviyyədə bir daha qayıtmağa ehtiyac hiss edir, kifayət qədər miqyaslı ümumiləşdirmələr aparır, dastan təfəkkürü ilə düşünməyə başlayır. "Əbədiyyət dastanı", "Hüseyn Saraçlı dastanı", "Peyğəmbər" poeması və s., eləcə də silsilə şeirləri göstərir ki, Zəlimxan Yaqub təbiəti etibarilə ilhamlı, coşqun, ehtiraslı, geniş milli ictimai-ideoloji dünyagörüşlü şair olmaqla yanaşı, həm də mütəfəkkir şairdir.
Və bu mütəfəkkirlik Zəlimxan Yaqubun yalnız fərdi-şəxsi taleyindən irəli gəlmir, mənsub olduğu etnik-mədəni sistemin istedadır ki, daşıyır... Azərbaycan, ümumən türk ədəbiyyatının, bütövlükdə mədəniyyətinin əsasında dayanan ozan-aşıq sənətinin, heç də təsadüfi deyil ki, müasir dövrdə dirçəldilməsində ilk tarixi işi Hüseyn Arif gördüsə, ikinci xidmət Zəlimxan Yaqubun taleyinə düşdü; Azərbaycan Aşıqlarının qurultayı (2008) onu ustadı Hüseyn Arifdən sonra Aşıqlar Birliyinin sədri seçdi. Eposdan Kitaba (və Kitabdan Eposa) bütün tarixlər boyu rahat keçən bir millətin yaradıcılıq təcrübəsini öz taleyində əks etdirməyi bacaran şairin xalq şairi kimi mötəbər bir fəxri ada layiq görülməsi, müstəqil Azərbaycan dövlətinin "Şöhrət", "Şərəf" ordenləri ilə təltif olunması da tamamilə təbii idi.
Azərbaycan Prezidenti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda deyirdi: "Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız".
"Müasir Azərbaycan ədəbiyyatının canlı klassiki" (İlham Əliyev) olan Zəlimxan Yaqub "Dədə Qorqud" eposundan başlayan Azərbaycan, öz köklərini çox-çox qədim dövrlərdən alan ümumtürk ədəbiyyatının övlad-simalarından biri mənziləsinə yüksələndən sonra böyük sələflərinin layiqli varisi kimi "biz dünyadan gedər olduq, qalanlara salam olsun" deyib bu dünyanı tərk etdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!