"Ərəf" romanında postmodernizm ünsürləri - Cahanxanım Seyidzadə yazır

Dünya ədəbiyyatında altmışıncı illərdən, Türk ədəbiyyatında isə səksəninci illərdən sonra meydana çıxan postmodern roman, demək olar ki, hər cəhətdən ənənəvi romanlardan fərqlənir. Postmodernizm XX əsrin ikinci yarısında fəlsəfədə, ədəbiyyatda, incəsənətdə yaranan və bütün qaydaları, formaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə təqdim edən cərəyandır. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı nəticəsində daha da inkişaf edərək dünyanın aparıcı cərəyanına çevrilmişdir. "Postmodernizm" sözünü ilk dəfə ədəbiyyat kateqoriyası kimi 1934-cü ildə Federiko de Oniz hallandırıb. Sonralar Toynbi 1947-ci ildə Qərb mədəniyyətinin 1945-ci ildən başlanan yeni dövrünə tərif vermək məqsədilə "Bir tarix araşdırması" əsərində işlədib. "Post" sözü "sonra, sonrakı" anlamına gəlir ki, modernizmdən sonra yarandığına görə bu cərəyanı belə adlandırıblar. Lakin postmodernizmin məşhur nəzəriyyəçilərindən biri olan Liotar "post" sözünü daha çox "əvvəlkini əvəz edən" kimi izah edir. Yəni, postmodernizm modernizmin sonu, yeni bir dövr deyil, bəlkə də yenilənməkdə olan yeni modernizmdir. Lakin bütün hallarda postmodernizm modernizmin mövcud qayda və qanunlarını dağıtmaqda qərarlı idi.

Postmodernizmin Türk ədəbiyyatındakı təsirini səksəninci illərdən sonra yazılmış əsərlərdə daha çox hiss etmək olar. Xüsusilə, roman janrında özünü göstərən bu cərəyan klassik roman ənənələrini dərindən sarsıdır. Türk ədəbiyyatının son dövr yazarlarının çoxunda bu cərəyanın təsirlərini görmək olar. Əlif Şəfəqin  "Ərəf" romanı da postmodern romanın nümunələrindən biri hesab oluna bilər. "Ərəf" romanı 2004-cü ildə ingilis dilində yazılmış, türk dilinə Aslı Biçən tərəfindən çevrilmişdir. Romanda fərqli din, mədəniyyət və ölkələrdən gələrək Bostonda yolları birləşən bir qrup gənc insanın hekayəsindən bəhs olunur. Əsas ideyası yalnızlıq, yadlaşma, dil və zaman kimi məsələlərdir. "Ərəf" arada qalanların, özünə konkret olaraq bir coğrafi məkan, milliyyət olaraq bir kimlik  tapa bilməyənlərin, yersizlik - yursduzluq yaşayanların bəhs olunduğu bir əsərdir. Əlif Şəfəq digər əsərlərində olduğu kimi, bu romanda da yadlaşmaya diqqət çəkərək, fərqli ölkələrə, dinlərə, dillərə və mədəniyyətlərə sahib bir qrup gəncin Bostonda kəsişən həyatlarının çərçivəsində multikulturalizmi, parçalanmışlığı obrazlar vasitəsilə qələmə almışdır. Romanda diqqət çəkən məsələlərdən biri "Pinhan" romanında da olduğu kimi, obrazlarda müşahidə olunan daxili mübarizədir. Bu mübarizə cinsi, irqi, dini və mədəni baxımdan özünü göstərir. Yazar bu cür mübarizələrdə tərəfsiz qalaraq özünün konkret münasibətini bildirmədiyi üçün ərəf, yəni aradaqalmışlıq meydana çıxır. Əsərdəki obrazları ərəfdə qoymaqla yetinməyən yazar oxucularını da eyni vəziyyətə salır. Yazar bu ruh halını belə ifadə edir: "Başqalarını bilmirəm, amma mən nə cənnətlik, nə cəhənnəmlik, nə qərbli, nə şərqli olanların yox, əksinə tam da ərəfdə olanların, sərhədlərini müəyyənləşdirməkdə çətinlik çəkənlərin hallarını yazıram." Əlif Şəfəqin romanlarında fərqli tiplərin olması, eləcə də "Ərəf"də "normal" xarakterlərə, obrazlara az təsadüf olunması da məhz yazarın belə düşüncələriylə sıx əlaqədardır. Belə ki, xarakterlər psixoloji cəhətdən problemli, ya da depressiv insanlar kimi diqqəti cəlb edirlər.

Postmodern əsərləri modernizmdən fərqləndirən bir neçə xüsusiyyət sadalamaq olar ki, bunlardan biri də zaman məfhumunun fərqli tərzdə ifadə olunmasıdır. Məsələn, modern mətnlərin əksinə postmodern mətnlərdə zaman parçalanır. Bəzən isə zamanın xronologiyası pozulur və bilinməzlik hakim olur. Gün, ay, il kimi zaman ünsürləri postmodern romanlarda xronologiyası pozularaq istifadə edilir. Belə əsərlərdə ölçülə bilən təqvimsal zaman anlayışı yerinə, dağınıq vaxt bölgüsü müşahidə olunur. Postmodernist yazarlar xətti zaman axışını bilərəkdən pozurlar, beləliklə, sonun başlanğıc olması meydana çıxır ki, bu da periodik sonsuzluğa səbəb olur. Eynilə, "Ərəf" romanında olduğu kimi. "Ərəf"də zaman ənənəvi roman anlayışında olduğu kimi tarix, saat, dəqiqə olaraq bildirilərkən, bəzən də postmodern roman anlayışının əlaməti kimi fantastik şəkildə verilir. Məsələn, roman 19 mart 2004-cü ildə sabaha doğru saat 02:24-də Ömərlə dostu Abedin "Gülən sağsağan" barındakı söhbətləri ilə başlasa da, Ömərin evə gəlib arvadı Gailin əsl adının Zarpandit olduğunu öyrənməsiylə keçmişə dönür. 

Postmodern əsərlərdə məkan anlayışı da modern romanlardan fərqlənir. Modern romanda məkana verilən önəmin, dəqiqliklə təsvir olunan detalın yerinə postmodern romanda məkanın təsvirinə az yer verilir. Çox zaman məkana aid əsas xüsusiyyətlər verilir, geri qalanının oxucunun özünün zehnində formalaşdırması gözlənilir. Məsələn, "Ərəf"də uzun məkan təsviri yox dərəcəsindədir. Sadəcə, təhkiyəçinin baxışı ilə görülən və gəzilən yerlər dağınıq bir şəkildə qarşımıza çıxır. Boston, "Gülən sağsağan" barı, Mount H.Kolleci, "Pearl" küçəsindəki ev, İstanbul, Boğaziçi körpüsü kimi bir çox məkan görə bilərik. Bu məkanların çoxu geniş təsvir olunmur, sadəcə qəhrəmanların keçdiyi, gəzdiyi və ya yaşadığı məkanlar olaraq yer alırlar.

Postmodern əsərlər konkret qəhrəmanın üzərində dayanmadığı üçün və bu tip əsərlərdə əsas qəhrəman olmadığı üçün "Ərəf"də altı qəhrəmanın Bostondakı yaşam mübarizəsi təsvir olunmuşdur. Beləliklə, yazar əsər boyunca bir qəhrəmanın üzərində mərkəzləşmək yerinə, postmodernizmə uyğun olaraq antiqəhrəman anlayışına sadiq qalır.

"Ərəf"  Ruminin "Məsnəvi"sindən bir parçayla başlayır. Romanın əsas ziddiyyətlərindən biri də öz ölkəsində yad kimi varlığına anlam verməyə çalışan, özünü yenidən var etmiş kimi düşdüyü mühitə uyğunlaşdırmağa çalışan, lakin bunu bacarmayan Gailin, yoxsa fərqli ölkələrdən Amerikaya gələn, ailəsindən, qohumlarından uzaqda, amerikalılar kimi yaşayan Ömər və dostlarının yad olması məsələsidir ki, roman ərzində müxtəlif hadisə və məfhumlar vasitəsilə Əlif Şəfəq bunu aydınlaşdırmağa çalışır.

Modernizmdə konkret qaydalar əsasında ənənəviləşmiş hadisələr sisteminə əks olaraq postmodernist romanda irrasional, bir-birindən qopmuş və qarışıq hadisələr sistemi ilə qarşılaşırıq. Dolayısı ilə, postmodern romanda hadisələr sistemi məlum cizgidən kənara çıxaraq səbəb -nəticə əlaqəsinin pozulması ilə özünü büruzə verir. Daha dəqiq desək, burada qarışıq, əvvəli ilə sonu bilinməyən bir əsər nəzərdə tutulur. Bununla yazar oxucunu düşünməyə, boşluqları doldurmağa sövq etməyə çalışır. Qurğunun önə çəkildiyi bu tip romanlarda əslində hər şey oyundan ibarətdir. Buna uyğun olaraq "Ərəf" romanında hadisələr sistemi azaldılmışdır. Postmodern əsərlərin əsas ünsürlərindən sayılan pastiş, ironiya, kollaj kimi üsullardan istifadə olunmaqla yazılan romanın bölümləri arasında məntiqi bağlılığın aydınlaşdırılması olduqca çətindir. Hər bölümdə fərqli hekayədən bəhs olunmuş və bunlar romanın sonunda birləşdirilməyə çalışılmışdır. "Ərəf" romanı da postmodern hadisələr sisteminə uyğun olaraq "iç- içə keçmiş və bir- birilə sıx bağlanmış zəncirlərdən" ibarətdir. Mətndə xüsusi məna daşıyan bir hadisə görmək, parçaları birləşdirərək konkret bir ideya müəyyənləşdirmək oxucunun öhdəsinə buraxılır. Beləliklə, postmodernizmin əsas anlayışlarından olan "müəllif ölüdür" ənənəsinə sadiq qalınmış olur. Əsər yazar tərəfindən deyil, oxucu tərəfindən yönləndirilir.

"Ərəf" romanı "Qarğa", "Leylək", "Məşrəbi bir quşlar", "Öz tüklərini yolmaq" adlı dörd bölümdən ibarətdir. Qeyd olunduğu kimi,  əsərin əsas qəhrəmanları Ömər Özsipahioğlu və Gail adlı qızdır. Ömər doktorantura təhsili üçün Amerikaya gələn, lakin sonradan içkiyə və narkotikə qurşanmış, həyatını qızlarla əylənməyə sərf edən bir insana çevrilmişdir. Əsərin bu hissəsində Ömərin axtarışda olduğu, əslində haraya aid olduğunu müəyyənləşdirə bilmədiyi məlum olur. Ömər, adındakı hərflərin nöqtələrini ingilis əlifbasından dolayı itirmiş, bunun acısını içində, həyatında hiss etməkdədir. Çünki adlar insanların varoluş qalalarına uzanan "körpü"lərdir. Mədəniyyəti, vətəni, ailəsi ilə birlikdə adındakı nöqtələri də itirməsi onu boşluq və yadlıq duyğusu içinə salmışdır. Daha əvvəllər hiss etmədiyi bu boşluq adındakı nöqtələrin itməsi ilə Ömərin qarşısına çıxır. Atdığı bütün addımları məqsədsiz və mənasızdır. Həyatdan heç bir gözləntisi yoxdur. Zaman onun üçün atası ilə birgə balıq tutmağa getdiklərində suda tapdıqları şişmiş pişik cəsədi qədər mənasız və lazımsız bir şeydir. Buna görə də zamanı dinləməyi çox sevdiyi musiqiylə ölçməyə başlamışdır. Dinlədiyi musiqilərin sayı və müddəti onun üçün zamanın ölçüsüdür. "Önəmsiz bir gecikmə sayılmazdı. Musiqinin müddətini hesablasaq, 11 dəqiqə 33 saniyə". Yazar fərqli bir üsulla romanda zamana düşmən xarakter yaradaraq oxucunu zaman mövzusunda mütəmadi olaraq düşünməyə sövq edir. Bununla yazar bizi modern zaman ölçülərindən fərqli postmodern bir zaman anlayışına və ya zamandan kənara çıxarmaq niyyəti güdür.  

Ömərin həyatında bir tərəfdən Fəsdən gələn və qatı müsəlman olan Abed, digər tərəfdən isə ispan əsilli katolik Piyu böyük  rol oynayırlar. Dostlarının biri keçmişdə aid olduğu həyatı simvolizə edirsə, digəri yeni - hələ də uyğunlaşa bilmədiyi həyatı təbliğ edir. Beləliklə, tam da əsərin adına uyğun olaraq Ömər ərəfdə, yəni seçim qarşısında qalmalı olur. Əslində dini baxımdan özünün islamla heç bir bağının olmadığını düşünən Ömər üçün milliyyətin də heç bir önəmi yoxdur. Türkəsilli olması onun üçün heç bir anlam ifadə etmir. Buna görə də həyatdakı seçimlərində daima yanlışlara yol vermiş və hələ bu dünyada  ərəfdə qalmış biridir. Nə o biri, nə də bu dünyadadır, nə cəhənnəmə getmiş, nə də cənnəti görmüşdür.

Əsərin digər qəhrəmanı Gail də psixoloji problemləri olan biridir. Uşaqlığında bir neçə dəfə müxtəlif intihar cəhdlərinə baş vurmuş, sonralar da bunu davam etdirmişdir. Beləliklə, Gailin əsas xarakteristikası açılmış olur. Depressiyada olan bir dönəmində başını sobaya salaraq qazdan zəhərlənməklə ölmək istəmiş, qatar stansiyasında reyslərin üzərində uzanmışdır. Hər iki intihar təşəbbüsü alınmadığında son olaraq Türkiyədə körpüdən atılaraq intihar edir. Gailin körpüdən atılaraq intihar etməsi "ərəf" simvolunu daha da diqqət mərkəzinə çəkir. Gail həm də qarşısına çıxan hər əlamətdə, əşyada işarə axtaran, onu xeyirə yozmağa çalışan biridir: Debranın qırmızı saçlarıyla bəyaz dərisi arasındakı təzadda, parkda oturarkən ayağına düşən şabalıdda, küçədə musiqi ifadə edən musiqiçilərə pul verəcəyi zaman papaqlarına düşən quru yarpaqda, çayında üzən nanə çöpündə və s. bu kimi şeylərdə xeyir axtaranın biridir ki, bu da postmodernizmin simvolizm anlayışını xarakterizə edir.

Ümumiyyətlə, romanın maraqlı cəhətlərindən biri odur ki, burada iştirak edən obrazların hər biri ikili həyat yaşayır və daima seçim qarşısında qalırlar ki, bu da əsərin adıyla sıx bağlıdır. Məsələn, Ömərin ev yoldaşı təmizlik xəstəsidir, həmçinin kəskin və metal əşyalara toxuna bilmir. Lakin bütün bunlara baxmayaraq, diş həkimliyində oxuyur, yəni Piyu da bir növ ərəfdədir.

"Ərəf" romanının əsas məqsədi əslində hər hansı bir insanın hekayəsini anlatmaq deyil. Burada yazarın əsas hədəfi hər hansı bir fərdin yad bir ölkədə, mədəniyyətdə, toplumda qarşılaşdıqları qarışıq duyğular, düşüncə və ruh hallarını müxtəlif obrazlar və xarakterlər vasitəsilə ifadə etməkdən ibarətdir. Ən çox da yalnızlıq və yadlaşma məsələləri üzərində dayanır. Elə bir yadlaşma ki, təkcə Abed, Piyu, Ömər kimi başqa ölkələrdən gələnləri deyil, Gail və Debra kimi, yerliləri də öz təsiri altına almışdır. Bu səbəbdən bütün fərqliliklərinə rəğmən bir məkanda-ərəfdə qarşılaşmışdır bütün qəhrəmanlar. Şəfəq bu fikrini hər əsərində olduğu kimi burada da Ruminin fikrinə bağlamağı bacarır: "Bir hakim dedi ki bir qarğayla bir leyləyin bərabər uçduğunu, bərabər yemləndiyini gördüm. Təəccübləndim, lakin aralarındakı birliyin nə olduğunu tapmağa çalışdığımda hallarına diqqət yetirdim. Baxdım ki, hər ikisi yaralıdır. "

"Ərəf" romanını Əlif Şəfəqin digər romanlarından fərqləndirən əsas cəhətlərdən biri də əsərin dilidir. İngiliscə yazılan bu roman yazarın üslubunun ifadəçisi olan dilini kənarda qoyur. Belə ki, daha çox osmanlıca olan kəlmələrdən istifadə etməsi ingilis dilində qələmə alınan bu əsərdə təbiiliyin pozulmasına gətirib çıxarır. Üslubunu hər əsərində, hər kitabında dəyişdirən Əlif Şəfəq, "Ərəf"də daha da irəliyə gedərək bunu nəzərə çarpacaq şəkildə etmişdir. Bu məsələylə bağlı fikrini bölüşən yazar sintez etməyi sevdiyini, "ürəyinin türkcə, beyninin isə ingiliscə" olmasını bildirir. Uşaqlığını Türkiyədən kənarda keçirmiş, hətta təhsilinin də bir hissəsini  xaricdə almış biri üçün türkcə yazmağın nə qədər çətin olmasını təsəvvür etmək mümkündür.

Postmodern romanın fərqlilikləri istər həmin romanın hadisələr sistemində, xarakterlər sistemində, dilinin istifadə olunmasında, istərsə də zaman, məkan kimi ünsürlərdə özünü büruzə verir. Nəticə olaraq "Ərəf" həm məkansal, həm də ruhsal olaraq tam bir arada qalmışlığın romanı kimi istər xarakterlər sisteminin quruluşuna, istərsə də məkan, zaman və dil kimi məfhumların fərqli ifadəsinə görə postmodernizmin uğurlu nümunələrindən sayıla bilər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!