Alın yazısı alim ömrü... - Nizami Tağısoy yazır

 

Çoxdan bilirdim ki, 2018-ci ilin sonlarında ömür-gününü maarifə, təhsilə, tərbiyəyə, elmi yaradıcılığa bağlamış Məmməd İrac oğlu Əliyevin 70 illiyi tamam olacaq. Elə buna görə bu tanınmış təhsil və elm adamının özüm  bacardığım qədər həyatının müxtəlif fraqmentlərinə işıq tutmaqla, onun haqqında öz ürək sözlərimi dilə gətirəcəyimi fikirləşirdim. Qələminə və şəxsiyyətinə hörmət etməyi bacaran, elmi-nəzəri sözün urvatını bilən bu insanın təhsilimiz və ədəbiyyatımız qarşısındakı xidmətlərindən danışacağımı planlaşdırırdım. Açığını desəm, Məmməd Əliyevi yaxşı tanıdığımdan onun haqqında söz deməyi o qədər də müşkül iş hesab etmirəm, lakin əlimə qələm götürəndən sonra bu "asanlıq"dakı çətinlik məsuliyyətimi bir qədər də artırdı.

Məmməd Əliyevin ömür bioqrafiyası, alimliyinin işıqlı səhifələri XX əsrin 1970-ci illərindən başlayıb bu günə qədər məsuliyyətlə davam etdirilməkdədir. Çünki məhz 1970-ci illərin ortalarında Məmməd Əliyevin filologiya elmləri namizədliyi dissertasiyasının müdafiəsi filoloji-estetik fikrimizə yeni bir nəfəsin gəldiyini müjdələyirdi. 1985-ci ildə müdafiə etdiyi filologiya elmləri doktoru dissertasiyası da kifayət qədər enerjili Məmməd Əliyevin elmi potensiyasının dərinliyindən və zənginliyinə şəhadət verdi. İllər, onilliklər bir-birinin üstünə gəldi. Məmmədin filologiya elmləri doktoru dissertasiyasının müdafiəsindən az keçməmiş ictimai-iqtisadi-siyasi formasiyanın gedişi dəyişdi. Məmməd müəllim daim mövqeyini, məğrurluğunu qorudu. Təhsilimizin, ali pedaqoji fikrimizin möhkəmlənməsi qayğısına qaldı. Təhsil-tərbiyə işlərinə rəhbərlik edə-edə, elmi yaradıcılığını da bir an belə səngitmədi. Ədəbiyyatşünaslığımızın üfüqlərinin genişlənməsi və dərinləşməsi barədə daha çox düşündü, ciddi kitablar yazdı.

Mən professor Məmməd Əliyevin elmi yaradıcılıq yoluna nəzər salarkən onun həyat və fəaliyyətini ardıcıllıqla xronoloji avtobioqrafik mənzərəsini yaratmaqdan kənaram. Çünki, birincisi, bu, bir tərəfdən asan təqdimat yoludur, ikincisi isə  belə təqdimat Məmməd Əliyev kimi tanınmış ədəbiyyatşünasın tale və  tədqiqatçılıq yolunun izlənilməsində effektsiz hesab  oluna bilərdi.

Bu gün Azərbaycan filoloji fikrində öz mövqeyi, sözü, siması olan Məmməd Əliyev haqqında daha əsaslı fikir söyləməyə ehtiyac duyulmaqdadır. Akademiklər E.D.Cavalidze, Məmməd Cəfər, Ağamusa Axundov, V.Məmmədəliyev, İsa Həbibbəyli, professorlar Azad Nəbiyev, Məhərrəm Qasımlı, A.Xintibidze, publisist Aydın Tağıyev və başqalarının Məmməd Əliyevin həyatı və elmi yaradıcılığına dair fikir və mülahizələri yer almışdır. Bununla belə, düşünürəm ki, professor Məmməd Əliyevin üç araşdırmasıyla bağlı nəinki danışmağa ehtiyac var, bu, həm də yetərincə zəruridir. Alimin "Azərbaycan şeirinin vəzn və evfoniya problemləri" (Bakı, 2008) monoqrafik tədqiqatı özünün elmi dərinliyi və əhatəliyi baxımından diqqəti cəlb edir. Əsərdə təkcə Azərbaycan şeirşünaslığının aktual nəzəri problemləri deyil, ümumtürk şeiri üçün xarakterik olan cəhətlər tarixi-müqayisəli müstəvidə, iltisaqi quruluşlu türk dillərinin fono-morfoloji xüsusiyyətləri əsasında üzə çıxarılıb öyrənilmiş, müasir türkoloji elmimizə dəyərli elmi nəticələr verilmişdir. Ümumtürk şeirinin nəzəri problemlərinin öyrənilməsində bu əsərin misilsiz rolu aydın görünməkdədir. Belə bir sanballı monoqrafik tədqiqat gələcəkdə müəllifin "Ədəbiyyat nəzəriyyəsi" əsərini  yazmağa imkan verdi.  Mənə elə gəlir ki, son 20-25 ildə milli folklorşünaslığımızda, epos düşüncəmizdə, mifoloji örnəklərımizdə, tarixi materiallarda, mədəniyyətimizdə, etnoqrafik və ictimai baxışlarımızda, klassik ədəbiyyatımızda məsələ müxtəlif yönlərdən təhlil predmetinə çevrilsə də, professor Məmməd Əliyevin bu kitabını incələməyə ehtiyac vardır.

Məmməd Əliyev "Ədəbiyyat nəzəriyyəsi" kitabı üzərində işləyərkən bu fənnin fəlsəfə və estetika məsələləri ilə yaxınlığını vurğulayır. Kitabla yaxından tanış olduqda onun ədəbiyyatın sosial funksiyası, gerçəkliyin poetik təfəkkür süzgəcindən keçirilməsi nəzəriyyəsinin metodoloji problemlərini, spesifikasını, genezisini və funksiyasını, ədəbiyyatda forma və məzmun, bədii  kriteriyalarını, ədəbi proses, şeir sistemləri və vəznlər və s. haqqında doğru-dürüst metodoloji mövqe nümayış etdirdiyini görmək mümkün olur. Eyni zamanda, M.Əliyev ədəbiyyat nəzəriyyəsinin müxtəlif səpkili rəngarəng materialla əlaqələrdə olduğunu bildiyindən, ondakı terminologiyanın da ümumi xarakterli və xassəli olduğunu qəbul edir. Bizə belə gəlir ki, M.Əliyev nəzəri təhlillərində klassik ədəbiyyat nəzəriyyəçilərinin R.Uellek və O.Uorren, B.V.Tomaşevski, V.V.Vinoqradov, L.İ.Timofeyev kimi alimlərin yolu ilə gedib onların nəzəri konsepsiyalarını əldə rəhbər tutaraq poetikayla ədəbiyyat nəzəriyyəsi məsələlərini uğurla uyğunlaşdırmaqla, poetika sferasını qəhrəman, xarakter, müəllif obrazı, obraz quruluşu və s. üzvü şəkildə birləşdirir. Bununla belə, M.Əliyev yaxşı dərk edir ki, humanitar elmlərdə mədəniyyətin öyrənilməsi sahəsində aparılan fənlərarası tədqiqatlar həm də ədəbiyyat nəzəriyyəsinin digər elmlərlə qarşılıqlı əlaqələr kontekstində təhlil olunmasını zəruriləşdirir.

"Ədəbiyyat nəzəriyyəsi" ilə bağlı yazılmış kitabların əksəriyyətinin kompozisiya və məzmununa diqqət yetirdikdə onların xeyli qismində nəzəri postulatların havadan asılı olduğunu (yəni konkret nümunələrlə möhkəmləndirilməsini) gördüyümüz halda, Məmməd Əliyevin "Ədəbiyyat nəzəriyyəsi"nin daha anlaşıqlı və izahlı şəkildə oxuculara çatdırıldığının şahidi oluruq. Bu, zənnimcə, müəllifin təhlilə cəlb etdiyi məsələlərə daha yaxından bələdliyi ilə bağlıdır. M.Əliyevin kitabında surət, tip, xarakter, bədii portret, bədii konflikt, daxili konflikt, əsərin ideyası, məzmun və forması, kompozisiyası və süjeti, süjetin elementləri, bədii detal, dil, sözün bədiilik yaratma funksiyaları, məcazlardan istifadə və s. ilə bağlı fikirlər irəli sürüldükdə bu elementlərin hamısı ədəbi əsərlərdən gətirilmiş konkret nümunə və misallarla möhkəmləndirilir və zənginləşdirilir.

Üzərində dayanmağı mühüm hesab etdiyim araşdırmalardan digəri "Bədii təfəkkürdə erkən azərbaycançılıq düşüncəsi" kitabıdır. Bu əsərdə Məmməd müəllim analitik təfəkkürünün hüdudlarını bir qədər dərinləşdirməklə, azərbaycançılıq düşüncəsinin genezisini, epos yaradıcılığından intişar tapıb gələn ilkin dərketmə, mifdəki kosmoqonik, etnoqonik baxışlar sistemini, "Avesta"dan gələn zərdüştilik dini-fəlsəfi ideya və mülahizələrinin bədii təfəkkürdə özünə  necə yer etdiyini konkret materiallara söykənərək ortaya qoymuşdur. İstər monoqrafiyanın "Müəllifdən" bəhsində, istərsə də orada yer almış ardıcıl iki fəsildə ("Azərbaycan folkloru erkən azərbaycançılığın bədii, dini-fəlsəfi və tarixi təzahür forması kimi", "Epos yaradıcılığı erkən azərbaycançılığın bədii tarıxı salnaməsi kimi" və "Qədim və Orta əsrlər bədii təfəkküründə erkən azərbaycançılıq düşüncəsi (Xülasə)" Məmməd Əliyevin problemin öyrənilməsinə koqnitiv folklorşünaslıq və ədəbiyyatşünaslıq mövqeyindən yanaşması da maraq doğurur. Burada müəllifin Azərbaycan bədii-fəlsəfi, dini-əxlaqi düşüncəsində əks olunan erkən azərbaycançılıq düşüncəsinin yaranmasının mürəkkəb ictimai-siyası, mədəni-kulturoloji münasibətlər burulğanında keçməsi fikri, ideyanın formalaşmasında milli-əxlaq kefiyyətləri, onları hərəkətə gətirən etnik-milli süurun dayanması, dövlətçilik ideologiyasının mövcud olmadığı bir mərhələdə həmin kefiyyətlərin yalnız etnik tanınma səviyyəsində qalmadığını ortaya atan müəllifin fikirləri daha doğru hesab edilməlidir. Bununla bağlı, haqlı olaraq Şah İsmayıl Xətaiyə qədər yazıb-yaratmış ədiblərimizin yaradıcılığında yer almış azərbaycançılığın Şah İsmayılda özünü daha çox nümayiş etdirməsi konkret olaraq dövlət və cəmiyyət, dövlət və vətəndaş, ictimai-siyasi mühit kontekstində nəzərdən keçirilmışdir. Eyni zamanda, müəllifin belə bir yanaşması ilə də razılaşırıq ki, Xətai yaradıcılığı həm onun öz dövründə, həm də sonrakı dövrlərdə azərbaycançılıq düşüncəsinin inkişafı üçün möhkəm zəmin  hazırlamışdır. Bu, özünü milli kolorit, ana dilinin dövlət dili kimi istifadəsi, dilin zənginliyi və poeziyanın xəlqiliyi və emosional təsirində daha yaxşı göstərə bilmişdir.

Mən burada bilərəkdən professor Məmməd Əliyevin 2018-ci ildə çap olunan "Məhtimqulu Fəraqi şeirinin poetikası" monoqrafiyasının elmi, nəzəri məziyyətlərindən söhbət açmadım. Böyük zəhmət hesabına başa gəlmiş bu monoqrafik araşdırma ədəbiyyatşünaslığımız üçün mühüm hadisədir və əsərin xüsusi təhlilə çəkilməsini zəruri edir.

Bu gün Məmməd Əliyev öz ömrünün və elmi-nəzəri yaradıcılığının mühüm dövrünü yaşamaqdadır. Onun ömür bioqrafiyasına ard-arda yazdığı səhifələr böyük şövq və məsuliyyətin bəhrəsidir. Yeni yaşın Məmməd Əliyevə daha enerjili yaradıcılıq ruhu aşılayacağına, daha böyük nailiyyətlər qazanmasında təkan olacağına inanıram.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!