Şairlik özünəbənzər adam axtarmaqdır... - Rüstəm Behrudi

 

Dünyada ən çətin şeylərdən biri söz haqqında söz söyləməkdir. Özü də şeirə çevrilmiş (yəni əbədiyyətin andan keçdiyinə hesablanmış) sözə söz demək zor bir iş olsun gərək!

Mənə elə gəlir ki, söz dünyada olan hər şeyin - ağacın, otun, çiçəyin, dağın-daşın və hətta insanın belə sevə biləcəyi bir  tabutdur. Tanrı bu hər şeyin içində istisnadır.

Onda söz Tanrını yenidən kəşf etməyin ən möhtəşəm yolu olsun gərək!

Yazılan sözlərdən Tanrı baxmırsa, onları yazıya köçürməyə nə hacət?!.

Əzizim Tural!

Şeirlərin masamın üstündə... və nə yaxşı ki, sən bunları yazmısan! Bu şeirləri oxuduqca ilk dəfədir ki, Tanrı dağlarından əsən rüzgarın mehini ruhumda hiss elədim. Lap çoxdandı Tanrı dağlarından əsən rüzgarın mehinin sözlərin üstündən nə cür əsib keçdiyini mənə xatırladan olmamışdı. Sənin şeirlərini sevə-sevə oxumaq bir yana, sevinə-sevinə oxudum. Özünə sığınıb özgələrə açılmaq gözəl bir şey!

Pafosdan, ritorikadan, hay-küydən uzaq, insanın içinə enən, insana insanı anlatmaqdan gözəl nə var ki, dünyada?! Əsl şairlik də elə budur! Sənin şeirlərini oxuya-oxuya Azərbaycan şeirinin keçdiyi yol canlanır gözümdə. Füzulidə şeir-dua, Nəsimidə duaya qarşı etiraz və qiyam, Xətaidə meydan oxumaq, Caviddə fəlsəfi düşüncə... Bunu davam eləmək də olar...

Məni sevindirən odur ki, sənin şeirlərində bunların hamısı - dua, etiraz, meydan oxumaq və fəlsəfi düşüncə misralarına süzülən istedadın işığında fərqli şəkildə boy göstərir; və mən bir söz adamı olaraq fərqli olan hər şeyi sevdim!

...Fərqli olmaq! Fərq bilirsənmi nədədir?! İlk şairdən bugünkü son şairə qədər, bütün şairlər qadını öymüş, sevmiş, ancaq qorumağa cəhd etmək ağıllarına belə gəlməmiş:

...Söndür!

Söndür gözlərindəki yiyəsiz işığı,

qoru özünü unutduğun küçələrdən.

Sən qadınsan axı!..

Əzizim Tural!

Nə yaxşı bilirsən ki, Vətəni hay-küy salmadan, mədhiyyə oxumadan da sevmək olar...

Yıxıldım duamın üstə...

Ovcumu quc, ağla məni.

Bax, əlsiz gəlirəm, Tanrı,

bətninlə qucaqla məni.

Bir şair Tanrıdan bundan artıq nə istəyə bilər?! Mən çox sevinirəm ki, sən hələ bu gənc yaşında vaxtın, zamanın, Tanrının ölçülü olduğunu anlamış və buna inanmışsan:

Bütün saatlar Tanrıya işləyir,

əqrəblər vurur ömrümüzün boynunu

birdən altmışa saya-saya...

Zamanın, vaxtın, Tanrının ölçülü olduğunu bilən bir şairin sevgi şeiri də ancaq belə yazılmalı idi:

Sən gələndən

ovuclarıma yazıram şeirlərimi,

əllərimi açanda

dua yerinə qəbul olunsun deyə...

Əzizim Tural!

Mən uzun illərdi düşünürəm ki, şairlik bütün ömrün boyu özünəbənzər adam axtarmaqdı, sonunda da onu tapmamaqdı. Bu, şairliyin formuludur. Ağır da olsa sənə bunu arzulayıram.

...Ay işığı, məni göndər -

göylərdən baxan məni.

Məni düz görməyənlər

tanısın yaxından məni...

Əzizim Tural!

Sən təpədən-dırnağa şairsən! İnanıram ki, təkcə səni düz görməyənlər yox, nə vaxtsa hamı tanıyacaq.

Yeni kitabın qutlu olsun, bəy əfəndi!

26.11.2018, Bakı

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!