Ürək fikirlə xışlanıb,
Duyğu-duyğu naxışlanıb,
Sinəmdə səpin başlanıb, -
Altdan şumlana-şumlana,
Üstdən ləklənə-ləklənə.
Neçə illərdir bu sətirlərin müəllifi Ramiz Qusarçaylı ilə səmimi dostluq münasibətindəyəm. Qubada yaşayır və yolu Bakıya düşəndə görüşürük, fürsət düşdümü təzə şeirlərindən birini mənə oxuyur. Mən də ildə heç olmasa, bircə dəfə Ramizin rəhbərlik elədiyi "Ay işığı" ədəbi məclisinin qonağı oluram. Bu məclislə Qubanın, Şabranın, Xaçmazın, Siyəzənin ürəyi dolu şairləri toplanır, şeirlər oxunur, müzakirəsi keçirilir, bu şeirlərin bəyənilənləri Ramizin köməkliyilə mətbuatda dərc olunur. Ramiz Qusarçaylı o bölgənin ədəbi mühitində artıq böyük qardaş missiyasını yerinə yetirir. Məhz onun qayğısıyla "Ay işığı"nın şairlərinin yazıları bir neçə dəfə kitab halında çap olunub.
Bu dekabr ayında Ramiz Qusarçaylının 60 yaşı tamam olur. Mən onun əlli yaşı tamam olanda "Söz göyərdən şair" ("525-ci qəzet") və "Mən düşdüyüm yol ayrıdı" ("Ədəbiyyat qəzeti") məqalələri ilə mətbuatda ürək sözlərimi ifadə etmişdim. Ramizin 2005-ci ldə çapdan çıxan "Bir çiçək axşamı" şeirlər kitabına geniş bir ön söz yazmışdım. Amma Ramiz Qusarçaylı elə şairdir ki, hər dəfə onun şeirlərinə (lap çoxdan yazdıqları ilə son şeirlərinə də) dəyər verməkdə çətinlik çəkmirsən. Hələ ilk şeir kitabı çapdan çıxanda Xalq şairi Osman Sarıvəlli gənc şairin şeirləri barədə yazmışdı: "Sevindiricir haldır ki, Ramiz ürəyinə yaxın hissləri, görüb-götürdüyü hadisələri qələmə alır. Şeirlərində bir istilik, səmimiyyət var, fikrini obrazlı ifadələrlə, poetik detallarla verməyə çalışır". Və mən burada qeyd etməyi lazım bilirəm - R.Qusarçaylının şeirləri barədə B.Vahabzadə, N.Xəzri, M.Araz, M.Aslan, M.Yaqub, Z.Yaqub, V.Arzumanlı kimi tanınmış söz adamları fikir söyləyiblər: "Hamımızın gördüyü hadisələri obrazlı şəkildə ifadə edir", "misraları dəqiq və poetikdir", "fikrini özünəməxsus, orijinal və məcazi şəkildə oxucuya çatdırır", "onda söz əllaməçiliyi yoxdur, hisslər büllur kimi saf", fikirlər su kimi dumdurudur" və s. Bu sırada mən mərhum xalq şairimiz Nəbi Xəzrinin sözlərini xatırlayıram: "Mən poeziyamızın sabahına gedən yolda elə bil qaranlıq bir tuneldə idim. Çox az şeirlər məni isindirirdi. Lakin Ramiz Qusarçaylının şeirlərini oxuduqdan sonra mənim üçün qaranlıq tunel qurtardı. İşıqlı bir aləmə düşdüm".
Ramiz Qusarçaylı bugünkü şeirimizdə ənənəyə ən sadiq qalan, lakin "köhnə havalarda" təzə söz deməyi bacaran şairlərimizdəndir. Şeirimizdə bir-birindən fərqli müxtəlif üslublar, qollar, şaxələr mövcuddur. Amma qoşmalı, gəraylılı, hecalı bir qol var ki, heç vaxt öz sanbalını itirmir, bu şərtlə ki, müasir poetik təfəkkürün işığı səpələnsin o şeirlərə. Şablon, trafaret, artıq tamamilə öz poetik dəyərini itirmiş bənzətmələr, metaforalar o şeirlərə qatılmasın.
Dağı kəsə-kəsə axıvr dağ çayı,
Axır Qara çayı, axır Ağ çayı.
Suların üstündə xəzəl oynayır,
Suların özü də gözəl oynayır.
Sənə bu yerlərin yazı gəl deyir,
Şehli nəvazişi, yazı gəl deyir.
Gəl as ürəyini bir gül boyundan,
Yarpız yarpağından, sünbül boyundan.
Təbiətə, onun gözəlliklərinə yalnız bu dərəcədə munis olan bir şair belə şeiri yaza bilər. Ramizin təbiətə bağlılığı, yaşadığı Qubanın bənövşələrini, çiçək axşamlarını, gilənarlarını, Çartəpə lövhələrini, qarını, küləyini, gecəsini, Ay işığını şeirdə poetik lövhələrə çevirməsi onun doğrudan da, təbiət duyumlu bir şair olduğunu sübut edir. Hətta belə bir təsəvvür yaranır ki, Ramizin bu şeirləri sözlə yox, rəssam fırçası ilə qələmə alınıb. Amma o, duyğuların rəsmini çəkir. Bu misraları oxuyandan sonra təbiəti, yaz güllərini, Quba axşamlarını sevməmək mümkündürmü?
Azərbaycan poeziyasında dağlara aid yüzlərlə, minlərlə şeirlər yazılıb. "A dağlar" nidası şeirimizin ən zərif ahənginə çevrilib. Amma Ramizin "Gecələr dağlara baxa bilmirəm" şeiri nidalar və dağ gözəlliklərinin təsviri üzərində qurulmayıb. Bu şeirdə İnsan, dağ və daş obrazları hissin, duyğunun tənhalığından baş alır.
Dağdan da ağırdır daş tənhalığı,
Ürək tənhalığı, baş tənhalığı.
Asılıb zirvədən qış tənhalığı
Gecələr dağlara baxa bilmirəm.
Bu Araz, bu da ki, Samur daşları,
Bürüyüb yamyaşıl mamır daşları
Dağ çəkir sinəmə çadır daşları
Gecələr dağlara baxa bilmirəm.
Mən Ramizin təbiət şeirlərində küskün bir bənövşə obrazını da gözdən qaçırmıram. Qurbanidən üzü bəri bənövşəyə yüzlərlə şeir həsr edilib və açığını deyim ki, bu şeirlərin əksəriyyətini bir yerə yığsan, bir bənövşə yığnağı yaranar. Çünki o şeirlər çölün bənövşələridir, poeziyanın bənövşələrinə çevrilə bilmirlər. Amma Ramizin "Qurudub göndərmə bənövşələri" şeirinə baxın:
Əlimə alınca əlim qurudu
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.
Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıcxart ürəyini, üstə sər, saxla,
Mənə də ölməyə bir az yer saxla,
Qurudub göndərmə bənövşələri.
Ramiz Qusarçaylı təbiəti fəsil-fəsil oxuyan şairdir. Onun təbiəti "mütaliəsi"nin çox sayda bəhrələrini güllərə, çiçəklərə, payıza, qışa həsr elədiyi şeirlərində görürük. Ramiz "Payız şəkli" şeirində doğrudan da, payızın şəklini çəkir. Özü də "yumru-yumru" qafiyəsi əlində ..."boyalar yumru-yumru, yamaclar yastı-yastı, qayalar yumru-yumru. Xəzəllər xışıl-xışıl, ilğımlar işıl-işıl, mürgülər mışıl-mışıl, röyalar yumru-yumru".
Çiçəklər xəzəldir,
Xəzəllər çiçək.
Açıb yaxasını yağışa, çənə.
Yarpaqlar sapsarı xatirələrtək,
Səpilib payızın qədəmlərinə.
Özündən ayrılır bar ağacları,
Özünə yüklənir meşələr yenə.
Görən kim qarğıyıb qarağacları,
Dibinə qəm düşür yarpaq yerinə.
Gözəl şeirdir və payız haqqında ən yaxşı şeirləri yan-yana düzsək, heç şübhəsiz, Ramiz Qusarçaylının şeiri öz poetik ahənginə, məzmununa görə seçiləcək.
Ramiz Qusarçaylı Vətən duyğulu şairdir-bəlkə də, bu ifadə şablon səslənər, çünki Azərbaycanda yaşayıb Azərbaycanın sevincinə, kədərinə şərik olmayan şairi mən Vətənsiz şair hesab edərdim. Ramizin onlarla şeirində Vətən "Dərbəndin içinə yıxılan daşlardır", "Şuşa torpağıdı", "Hönkürən Samurdu, dolan Arazdı", "Təbrizdi", "Xocalıdı", "Bəstiənigardı", "Zəminxarədi", "Divanidi", "Quba daşlarıdı". Bu gün yurd sevgisindən, yurd duyğusundan azmı uzaq olan var? Amma bu haqda danışmayaq. Çünki bizim öz içimizdəki yurd sevgisini Ramiz kimi şairlər daha da gözəlləşdirir, zərifləşdirir. Yurdu sevmək, onun gözəlliklərindən vəcdə gəlmək, onun daşını, qayasını, çiçəyini sevməkdən başlayır ki, öncə bu haqda söz açdım. "Ayaqlarının donu təzəcə açılan balaca qızcığac xəstəxanada yuxudan oyanıb dedi ki, Şuşada - evimizdəyəm. Qapımızdakı ərik ağacı çiçəkləmişdi". "Buy, az çiçəkləmə, ərik ağacım" şeiri mən deyərdim Ramizin ən kədərli, həm də ən işıqlı şeirlərindən biridir.
Qeyrət başı bağlı,
dərd başı açıq.
Səhər ürək götür, dərd başına çıx...
Ağaclar Şuşada qurğuşun açır,
Bu yaz çiçəkləmə, ərik ağacım.
Dərdə bax,
can dözür, qan dözür belə,
Yaralı daşları kim üzür belə,
Ağla Mehri belə, Zəngəzur belə,
Bu yaz çiçəkləmə, ərik ağacım...
Ramizin "Namus" şeiri isə mühasirə zamanı ermənilərin əlinə keçməsin deyə, yeganə qızını güllələyən naçar atanın dilindən söylənilir və doğrudan da, bu şeiri oxuyandan sonra içində hönkürürsən:
Əl saxla, xain balası,
Qoy namusumu basdırım.
Gözümün ağı, qarası
Bircə qızımı basdırım.
Bu yerlər boşalır, qaçır,
Allah da baş alıb qaçır,
Öpüb torpağı, ağacı,
Yalayıb qummu, basdırım.
Sayan sayıb, nə say tutum,
Ölüb bu dərdə toy tutum?!
Harda özümə toy tutum, -
Harda özümü basdırım?!
Mən Ramiz Qusarçaylının bu tipli şeirlərində Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Xəlil Rza kimi ustad şairlərdən gələn təsir dalğalarını da hiss edirəm. Sadəcə təsir-təkrar, təqlid, yamsılama yox. O şair ki, özünün fərdi üslubunu yaradır, o, kimdən təsirlənsə belə, öz fərdiliyini itirməyəcək. Məsələ burasındadır ki, Ramiz Qusarçaylı da o ustadlarla həmrəy olduğunu ifadə edir, eyni həyəcanın, eyni nigarançılığın axarına qoşulur.Poeziyanın bu qolu həyat hadisələrinə, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərə şair-vətəndaş mövqeyi ilə seçilir.
Ramiz Qusarçaylının şeirləri öz poetik intonasiyası, bədii təsvir vasitələrinin orijinallığı ilə də diqqəti cəlb edir və heç bir misal gətirmədən deyirəm ki, bu yazıda Ramizin şeirlərindən gətirdiyim parçalara diqqət edin, müasir şeirimizin ifadə, məzmun gözəlliyi ilə tanış olun.
Bu, Ramiz Qusarçaylıdı. Azərbaycanın bədii təfəkkür mərkəzlərindən biri olan Qubada yaşayan Ramiz Qusarçaylı. Şeirləri də özünə, özü də şeirlərinə oxşayan altmış yaşlı müasirimiz. "Söz göyərdən şair".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!