Su - ölüm və həyatın metaforu kimi... - Elnarə AKİMOVA yazır - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Sərdar Aminin yenicə çap olunmuş "Su sərgisi" romanı ədəbiyyatımızda problem qoyuluşuna və onun ifadəsinə alışdığımızdan fərqli yanaşma meydana qoyur. Əsərin əhəmiyyətli cəhəti budur ki, bu gün yazılan əksər mətnlərdən fərqli olaraq bir oxunuşla bitmir, əksinə, ehtiva etdiyi məziyyətlərinə görə dünya romançılığında aparıcı olan tendensiyalarla eyni estetik məhvərdə, eyni genetik müstəvidə təhlil olunmaq zərurəti doğurur.

İlk baxışdan sadə görünən, adi situasiyanın təsviri ilə başlayan romanı müəllif sonradan daha mürəkkəb - psixoloji, mənəvi-sosioloji, kulturoloji qatlara bağlayır. Ölümə tərk edilmiş iki insanın - beyin xərçəngi diaqnozu əsasında ömrünə ay yarım vaxt qaldığını öyrənən jurnalist Bahadır və bətnində erməni uşağı gəzdirən Sonanın - görüşdürülməsi ilə başlayan romanda getdikcə fəlsəfi-dramatik təzahür önə keçir. Sərdarın romanı üslub özünəməxsusluğuna malikdir. Nəql texnikası mürəkkəbliyi, əhvalatların təsviri poetik tonallığı ilə seçilir. Romanın məziyyəti həm də kontrast yaratmasındadır: belə ki, burada əsərə estetik dərinlik aşılayan sərt realist vurğular da var, idilliya çalarları da və sentimental rakurs - təhkiyəçinin emosional dünyasının vizual səviyyədə təcəssümü də.

"Su sərgisi"ndə müəllif çoxsaylı suallar qoyur, bir neçə hadisəni, mövzu çeşidini iç-içə yerləşdirir, onlara keçidin açarı isə arxetiplərdir. Roman son illər dünya romançılığında, eləcə də ədəbiyyatşünaslığında xüsusi aktuallıq qazanmış arxetipik motivlərlə zəngindir. Su, sirli məktub, gündəlik kimi arxetipik motivlərdən, retrospeksiya hallarından, dini-mistik və magik elementlərdən bədii vasitə kimi istifadə olunur. Qəhrəmanın yuxu və gerçəklik arasında vurnuxmaları, sayıqlamaları, zamanlar arasında get-gəlləri romana sistemli təsəvvürlərin və düşüncə modelinin bir mətnə yığıldığı universum kimi baxmaq imkanı qazandırır.  Əsər boyu təbiətlə insanın birgəliyinə köklənmək, ona qayıdış əzmi, bütövlüyün bərpasına çalışmaq kimi meylin önə çəkilməsi qədim insanın şüuraltısının dili ilə danışmasıdır, əslində. Romanda bir çox arxetiplər transformasiyaya uğrayır, Sərdar bu arxetiplərin indiyə qədər bizə məlum olan təzahür şəkillərini dəyişir. Məsələn, müəllif oxucunun öyrəşdiyi müdrik qoca və onun nəsihət, öyüd vermək missiyasını körpənin üzərinə köçürür. Bu dəfə oxucu həyat dərsini körpənin dilindən eşitməli olur və maraqlıdır ki, tərsinə çevrilmiş, travestik şəkil almış missiyanın təlqin etdiyi ideya da tərsinə olur. Yəni hadisələrin yalnız formal strukturu deyil, məzmun xarakteristikası da dəyişir: "Doğuluş kimi möhtəşəmlikdən ölüm kimi bədbinliyə gedən bu ömrə niyə tərsinə baxırsız? Niyə yaşa dolduqca müdrikləşdiyinizi düşünürsüz? Niyə? Bu gedişat böyük bir mürəkkəblik, qəlizlikdir. Siz inkişafa tərsinə qiymət verirsiz. ...Hər şeyi qəlizləşdirərək qopduğunuz vəhdətdən bir addım da uzaq düşürsüz. Əsl inkişaf batini sadəyə qayıtmaqdadır. Siz ən böyük möcüzələri mürəkkəbliyə vararaq, mürəkkəb  analizlərlə deyil, ən sadə şeylərdə axtarmalısız, özündə insan düşüncəsini ovlayan bir şey olmayan sadəliklərdə".

Əslində, əsərdə qəhrəmana qoyulan beyin xərçəngi diaqnozunu onun "nevrotik pozuntusu", ay yarımlıq ömür möhlətini isə bu pozuntunun müalicəsi üçün obrazın motivasiya prosesindən keçmə müddəti sanmaq da mümkündür. Roman qəhrəmanına, onun yaşantılarına psixoanalitik mövqedən yanaşmadan açmaq, dərk etmək çətindir. Yuxunun reallıq, fantaziyanın gerçəklik, sayıqlamanın oyaqlıq, xəyalın təxəyyüllə qarışdığı və iç-içə verildiyi romanda daxili dramatizmlə harmonik düzən axtarışı, iki fərqli "mən" iç-içədir və verilən ölüm xəbəri qəhrəmanın şər başlanğıcını gücləndirir: "...nəsibim olan vaxtsız ölümün qisasını almaq ehtirasıyla yanıram. Mütləq ölüm məni gah bu dünyadan mümküncə artıq həzz almağa, gah da insanlıq müstəvisindən çox-çox uzaqda duran möhtəşəm əməllərə səsləyir".

Əsəri bəsit modellə izah eləmək birtərəfli yanaşma olardı. Burada adları ilk baxışdan nələrsə söyləyən, assosiasiya verən "Sergi ata", "Bahadır və Sona"dan tutmuş dərinlərə bağlı olan qatların çözümünü açmaq gərəkdirən çox nüans var. Suriya prosesləri, erməni amili, tısbağa düzəngahı, şəkillərinə can verməyə çalışan rəssamın hekayəti və s. Müəllif milli lokal məsələdən tutmuş qlobal ictimai-siyasi proseslərə qədər bir çox məqamları mətnin təcəssüm predmetinə cəlb etməyə çalışıb:

"- İlin-günün bu vaxtı ermənini hardan tapdın?

Sonanı qəhər boğmuşdu. Ağlamaq istəyirdi.

- Necə yəni hardan tapdın? Kökləri kəsilsin onların. Bakıda minlərlədi erməni.

- Onlar erməniliyini itiriblər. Erməni olduqlarını bilənlər də, ölüb gedir.

- Özləri yaxşı bilir. Heç vaxt əsillərini unutmurlar".

Suriya məqamı əsərə qəhrəmanın sayıqlamalarının təzahürü kimi daxil olur. Ona səbəb də qəhrəmanın nə vaxtsa qəza törədib direktorun ölümünə səbəb olmasıdır. Bununla da Suriyaya göndərilmə planının məhvi və qəzadan dolayı içinə dolan vicdan acısı. Əsərdə qəzanın hərəkət motivi də göstərilir: Bahadırın maşında qarşılaşdığı qadının xəyalından uzaqlaşa bilməməsi.

Romanın qəhrəmanı retrospektiv düşüncə tərzində hərəkət edir, şüurunun alt qatı keçmişdə olan bir hadisəyə bağlıdır. Etiraf etməsə də oxucu onun sayıqlamalarının, laübalı davranışının əsasında hansısa nevroloji pozuntunun olduğunu asanca duyur. Bu mənada, romandan L.Tolstoyun "Sergi ata" kitabının adının keçməsi təsadüfi deyil. "Sergi ata"da Kasatski dəyişməyə can atdığı kimi, bu romanda da qəhrəman özü ilə iç vuruşlarında təqdim olunur.

Qəhrəman "Sergi ata" əsərini özü ilə gəzdirir. Sonrakı səhnələrdə - obrazın daxili sarsıntısının, şüur pozğunluğunun olduğunu öyrəndiyimiz hissələrdə bunun səbəbsiz olmadığına əmin olacağıq. Məlumdur ki, Tolstoyun əsərində qəhrəman Stepan Kasatskidən Sergi ataya çevrilir. Tolstoyun özünü axtarmağa çalışan qəhrəmanı kimi, Sərdarın romanındakı qəhrəman da ikiləşmədən qurtulmaq üçün bu əsərə üz tuta bilərdi. Ölümünə çox az vaxt qaldığını öyrənən qəhrəmanın kitabı yandırması isə artıq onun üçün daxili savaşın bitdiyinə, mənasını itirdiyinə işarədir.

Sərdar qəhrəmanını daim göz önündə saxlayır, onu mərkəzdən periferiyaya itələmir, bütün hallarda iri planda götürür, hətta bəzi kadrların iti bucaqdan təsviri ilə obrazın narahatlıq duyğusunun ötürülməsinə daha çevik nail olur.

Əsərdə qadın başlanğıcının qabarıqlığı diqqət çəkir. Müəllif  qadını əsərə elə ilk epizoddan daxil edir. İntihar anonsu verən Sonanı Bahadır ölümdən yayındırır. Bunun özünün də oyun olduğu əsərin sonunda anlaşılır. Məlum olur ki, əslində, həyatı xilas edilən Sona yox, Bahadırdır. Daha bir məqam, Bahadırın həyatını sarsıdan, yuxularını, düşüncələrini tarıma çəkən qəza məsələsinin də əsasında qadın dayanır. "Sergi ata"da Korotkova Kasatskinin şəhvətinin cəzası olduğu kimi, bu romanda da qəhrəmanın cəzasının qaynağı yolda görüb aludə olduğu, xəyalından çıxara bilmədiyi qadın olur. Bu təsir nəticəsində qəhrəman maşında idarəetməni (!) itirir və direktorun ölümünə səbəb olur: "Sən qatil deyilsən, qurbansan. Sən ehtirasının qurbanı olmusan. Qatil qadındır. Şəhvət bir fincan suya düşən bir damla mürəkkəbin suyu rəngləməsinə bənzəyir".  Müəllif bu epizodda qadını ilğım kimi təsvir edir. Sanki o, qəzanın törənməsi üçün görünüb yoxa çıxır. Amma "Sergi ata"da olduğu kimi, bu əsərdə də qadın ikili status daşıyır. Həm dağıdır, həm də nizama salır. "Sergi ata" əsərində belə bir motiv var: Yuxuda Sergi ataya deyilir ki, Paşenkanı tapsın və qəhrəman məhz Paşenkanı tapdığı məqamda həqiqəti dərk edir. Bu əsərdə də müəllifin əvvəldə əxlaqsız biri kimi oxucuya təqdim etdiyi Sona sonda qəhrəmanın xilaskarı, iztirab çəkən müqəddəs qadın  statusunda görünür. Sərdar bununla qadının mahiyyətində ehtiva olunan bəşəri və fövqəlgüc dəyəri üzə çıxarır.

Kitabda Yazıya da ilk baxışda bir ironiya var: qəhrəman yazı ilə bağlı bütün məqamlarda eyni mövqe göstərir: kitabı və sənədlərini yandırır, gündəliyi, hətta ona gələn məktubu belə oxumadan suyun axarına verir. Amma onun nicatı da suda sərgilənən Yazının sayəsində baş tutur.

Qeyd edək ki, təbiətlə insanın bağlılığı məsələsini irəli sürən romanın özü də təbiətlə bağlı təsvirlərdə xüsusi vurğular edir. Təbiət obrazın daxili hisslərinin leytmotivinə çevrilir. Ölüm və həyat pafosu təbiəti təsvirlə vəhdətlənir. Tutqun hava, Xəzər dənizinin qorxu aşılayan sərt mənzərəsi, naturanın tutqun rənglərlə işlənməsi atmosferi bədbin estetika ilə yükləyir. Və bu mənzərə fonunda hekayətin faciəvi mahiyyəti daha qabarıq önə çıxır. Qəhrəmanın tez-tez psixoloji sınaqlara məruz qalması, Suriya ilə bağlı epizodların təqdimi, şişi qızdırıb tısbağanın ayaq deşiyinə batıran uşağın özünəxas kiçik intiqam hissi, öküzləri axtalayan insanların hissiz davranışı insan xislətindəki dərin qatların vizuallaşdırılması baxımından əhəmiyyət daşıyır.

Əsərdə elə kodlar var ki, onların etiologiyası bizi oxuduğumuz digər mətnlərə yönəldir. Məsələn, məktub, əlyazma arxetipi, dağda yaşayan müdrik qoca obrazı. Qoca bir növ kahin rolundadır, qəhrəmanla onun keçmişi arasında mediumluq edir, hətta gələcəkdən soraq verir, olanları deyil, olacaqları belə təxmin edir. Tərkidünya olub insanlardan uzaqda yaşayan, dünya nemətlərindən imtina edib təbiətlə vəhdətdə ömür sürən bu kişi sırf sufizm kodlarını ehtiva edən obraz kimi mənalanır əsərdə. Dağdan kənardakı həyat onun üçün qəbuledilməzdir. Qəhrəmanın daxilinin narahatlıqdan, sıxıntıdan, hətta ölümdən belə qurtulmasına yardımçı olan kişi katarsis aktı yerinə yetirmiş olur. Bu iki obraz arasında dialoqlar, ünsiyyət, səslənən bədii-fəlsəfi fikirlər romanın əhəmiyyətli məqamlarındandır. Xeyir-şər qarşılaşması, günah, din, Tanrı və təbiətlə münasibət, nəfslə mücadilə və s. kimi məsələlər əsərdə mistik bir çevrə yaradır.

Bacısı qəhrəmana dağda yaşayan qoca kişini (həqiqəti!) tapmağı tövsiyə edir. Lakin bu tip əsərlərdə olduğu kimi, Sərdar da qəhrəmanını həqiqət yoluna asanlıqla çatdırmır. Bu onun yeddi çay keçib dağ aşmasının təsvirində ifadəsini tapmışdır: "Qocanın kəndinə çatmaq üçün eyni çayı 7 dəfə keçməliydim. Ən pisi də o idi ki, bir qədər sonra maşın yolu bitəcəkdi, dağa atla qalxacaqdım". Sufizmdə həqiqətə çatmanın nərdivan, yəni dördmərtəbəli qalxma anlayışı olması məlumdur. Son mərtəbəsi həqiqət olan bu mərhələ insanın ruhən yüksəlişinə işarə olmaqla təsəvvüf kosmoqoniyasının dialektikasını əks etdirir. 

Romanda psixoanalizin nümayəndəsi K.Q.Yunqun fərziyyəsinin ifadəsini də görürük. Məlumdur ki, Yunq şəxsiyyətin üç hissədən ibarət olduğunu bildirirdi: eqo, fərdi və kollektiv şüursuzluq. Sərdar insan eqosunun daha aparıcı olmasını bir neçə epizodda qabardır: "İnsan həyatda hər şeyi özü üçün edir. Hətta dostuna, əzizinə pisliyi də öz sədaqətinə xilaf çıxmasın deyə etmir. Yəni tanıdığın bütün yaxşı, hörmətli adamlar özlərini çox istəyənlərdi, başqalarını yox. Bu həqiqəti hər kəs anlamaz, əməlinə fədakarlıq adı qoyar. Heç boğulan adam üçün dənizə tullanan adam görmüsən? Elə bilirsən, o, suya tanımadığı adamın xilası üçün atılır? O, qəhrəmanlıq arzulayır. Hansı ki, qəhrəmanlıq onların ömürlük yaddaşlarında qalır, bu xatirələr düşündükcə onların qalan ömrünə güc verir, sığal çəkir. Bircə ananın övladı uğrunda ölməsinin sirri bizdən iraqdı. Qalan bütün fədakarlıqların içində gizli bir təmənna var".

Xatırlayırıqsa, Bahadır bu qəhrəmanlığı əsərin əvvəlində etmişdi. "Sergi ata" romanını yandırıb qızı isitmək kimi kiçik qəhrəmanlığa imza atdığını düşünəndə. 

Sərdar insan xislətini təzahürləri ilə - humanistliyindən tutmuş mazoxizminə qədər bütün çalarları ilə qabartmağa çalışır. Ümumiyyətlə, müasir insan və onun taleyi məsələsi romanın həm ideya xəttində, həm də təfərrüatlarda - işarə, eyham və detallarda əksini tapır. Belə ki, əsərdəki qlobal-mənəvi bəla olan intihar faktına ironiyanı: "Fikirləşirdim ki, hərəkətlərindən intihara meyilli olan adamı tanımaq çətin olmaz. Elə bir-iki qadınla baxışan kimi, az əvvəlki düşüncəm uçub getdi; sahildə intihar potensiallı o qədər qadın dolaşırdı ki, Sona bunların arasında olsa da, onu tanıya bilməzdim"; habelə sosial konteksti görmək çətin deyil: "Gözəl-gözəl insanlar başını əyə-əyə yaşayır balaca adamların tikdiyi kirayə evlərdə. Çox da kədərlənmirlər. Onlara nə var? Yaxşı adamlardır. Yaxşı adamlar xoşbəxtdirlər. Çünki onlar üçün hamı yaxşı adamdı".

Romandakı əsas ideya insanı kökünə bağlamağa, inanc və ruh sisteminin bərpasına yönəlib. Modernləşdikcə ənənələrindən qopan, ruhu korlanan, robotlaşan, maddi-texniki dəyərlərə uduzan, təbiət başlanğıcını itirən, əvəzində hissizləşən, duyğuları öləziyən, günah girdabında çabalayan insanın durumu əsərin ideya-estetik, məzmun-problematika rakursunu, hərəkət ritmini müəyyənləşdirir.

Əlbəttə, romanda qoyulan problemlər bununla bitmir, mövcud vəziyyətlər başqa, yan motivlər də törədir. Sərdarın yanaşması da fərqli rakurslarda təzahür edir: reallığı gah simvol və metaforlarla, gah da alleqorik vasitələrlə göstərir: eşşəklə dialoq, rəsmdəki maralın rəssamı öldürməsi, körpənin danışması və s.

Qeyd etdiyim kimi, "Su sərgisi" romanı asan oxunan roman deyil. Bu ağırlıq yəqin ki, yazıçı texnikasıdır. Yəni qəhrəmanın ağır, sıxıcı həyat tərzini Sərdar elə sıxıcı şəkildə qələmə almağa çalışır. Buna baxmayaraq, müəllifin bəzi hallarda mücərrədliyə varması, fikrin ifadə tərzində, sanki bilərəkdən qarışıqlığa təhriki uğurlu effekt vermir. Əksinə, mətndəki dərinliyin həzmini çətinləşdirir. Yazıçının tez-tez fəlsəfəçiliyə meyil etməsi, "xəyal qurmaq, arzulamaq və bununla göylərə potensialımızı xatırlatmaq" kimi fikirləri təkrarlaması əsərdəki dinamikaya mane olur. Digər iradım konseptuallıq məsələsi ilə bağlıdır. Müəllif çeşidli məsələləri bir yerə yığıb kiçik bir mətnin içində həll etməyə çalışır. Toxunulan problemlər  şaxəli olduğundan bitkinlik yaratmaq cəhdi bütün hallarda alınmır. Sərdar çoxqatlı məsələlərin dairəsini çızır, amma bu dairələrin heç də hamısı qapanmır. Uğurlu alınanı da olur, hissə-hissə görünəni, natamam təsir bağışlayanı da.

Nəhayət, əsərin adı ilə bağlı bir neçə kəlməyə ehtiyac duyuram. Əsərdə əsas obrazlardan biri dənizdir. Bu üzdən, su arxetipi romanda sıradan predmet kimi mənalanmır. Ölümün və həyatın metaforuna çevrilir, subyektləşir, personajların münasibətindən asılı olaraq, Xəzərin - dənizin də obrazı təbəddülata uğrayır, fərqli məna və ovqatlarda təsvirə çəkilir. Məsələn, ilk səhnədə dəniz obrazların intihar aktını reallaşdıracağı məkan kimi mənalanır, sonda isə suda oxunan məktubla qəhrəmanın xilasını gerçəkləşdirmiş olur. Bu üzdən, romanın adının "Su sərgisi" olması da düşünürəm nahaq deyil.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!