İnsanlar arasında mənəvi körpü - Mariana Jıoara

Son illərdə həmyerlimiz Məmməd İsmayılın şeir kitabları bir-birinin ardınca dünyanın müxtəlif ölkələrində çap olunmaqdadır. Bu barədə qəzetimizdə vaxtaşırı xəbərlər dərc etmişik. Sevindirici hal odur ki, bu kitablar tərcümə kitabları dənizində itib-batmır, haqqında dalbadal təqdir məqalələri də çap olunur. Xüsusilə Fransa, Yaponiya, Kosovo və Moldovada çap olunan kitablar ədəbi tənqidin də diqqətini çəkməkdədir. Bu da o deməkdir ki, həmin kitablar tərcümə xatirinə tərcümə olunmamış, orijinalın dəyəri oxucularına layiqli bir şəkildə çatdırılmışdır. Ədəbiyyatımızın uğuru kimi dəyərləndirilən bu kitablar haqqında xarici mətbuatda çap olunan məqalələri oxucularımıza çatdırmağı özümüzə borc bilirik. Moldovanın "Literatura Şi Arta" (Ədəbiyyat ve İncəsənət") qəzeti Məmməd İsmayılın Kişinyovda "Literatura Şi Arta" nəşriyyatında keçən il çap olunan "Sporırea Tacerıı" kitabı haqqında ard-arda iki məqalə çap etmişdir. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb o məqalələrdən birinin tərcüməsini oxucularımıza təqdim edirik.

 

Əlbəttə ki, şeiri orijinalından oxumaq lazımdır. Amma tərcüməsiz dünya poeziyasının böyük mədəniyyət və üslub çoxçeşidliliyini öyrənmək və dəyərləndirmək elə də asan deyil. Müəllif kifayət qədər tanınmaq üçün öz dil sərhədlərini aşmağı bacarmalıdır, çünki onun nə zamansa tərcümə olunmuş əsəri artıq yeni bir görüntü qazanmışdır. Bəlkə, mətnə xəyanət etmədən bir şey tərcümə edə bilərsiniz, amma melanxolini, yuxulu, sehrli sevgi haləsini necə tərcümə edəcəksən? Qrammatik qaydaları, tərcümə yöntəmlərini yaxşı bilə bilərsiniz, amma daxili tərcümə canatımı, səyi olmadan, tərcümədə heç bir sənət sehri ortaya çıxarıla bilməz. Ədəbiyyat nəzəriyyəsinin, ya da qrammatik qaydaların həll edə bilməyəcəyi kontekstlər, məğzlər hər zaman ortaya çıxa bilər. Amma o zaman təcrübə də öz sözünü deyir. Əllərindən ünlü yazarların və hələ şeirin atişləməz yollarının sirrini çözməyə çalışan gənclərin yazmış olduğu yüzlərlə əlyazması, xronika bolluğu keçən Nikolae Dabija, ilk növbədə, duyarlılığın şairidir və o, elə bir yetkinlik mərhələsinə ucalmış ki, daha çox şeyi görə bilir və hər şeyi daha dərindən hiss etməyi bacarır. Buna görədir ki, onun tərcümələrində şeirə böyük sevginin möcüzəsi baş verir... Eyni zamanda, rumın və dünya mədəniyyət və ədəbiyyatının daxili inkişaf ritmi, izahı, tanıdılması təşəbbüsləri də onu yaxından maraqlandırır. Buna görə də əsərlərini tərcümə etdiyi böyük şair Məmməd İsmayılın (Əsrik, Tovuz, Azərbaycan) möhtəşəm bir metafora ustası olduğu və bu metaforaların tərcümə dilində vicdanlı bir şəkildə ortaya çıxmasının elə də asan bir iş olmadığını yaxşı bilsə də, Dabija bu şairin şeirlərinin tərcümə həzzindən vaz keçə bilməmişdir...

Beləliklə, deyə bilərik ki, xüsusi olaraq fəlsəfi ton və fon üzərində cəmləşdirilmiş olan çox sakit, hüznlü və meditativ bir vəziyyəti yalnız tərcüməçi-şair metafizik şeirsəl düşüncənin həqiqi bir duyğu axını yarada biləcəyini və xəyali görüntülərin kəlmələrlə necə söylənə biləcəyini gün işığına çıxara bilər. Tərcüməçi Dabija şair Dabijadan uzaq deyil. Bu səbəbdən də bir nöqtədə o, Azərbaycan şairi ilə əkiz ruhlarının olduğunu təsdiqləmiş olur. Məmməd İsmayıl böyük (maqnetik gücə sahib) şairdir, metaforalar ustası bir filosof və metafizik əsərlər müəllifidir. Onun şeirlərini oxuyarkən adamda belə bir düşüncə yaranır ki, bu böyük Azərbaycan şairi şeirlərini rumın dilinə mükəmməl bir şəkildə tərcümə etmiş Nikolae Dabijanın mənəvi əkiz qardaşıdır.

Şair şeirin fotosunu çəkmir, onu dəyişdirməyi bacarır, beləliklə də şeirin bir dekorativ duyğu meydanı olduğuna inanmaq istəyən oxucuları da bu ustalıqla "aldada" bilir. Tərcümə mətnlərindən göründüyü kimi, N.Dabija, orijinalın havasıyla sinxron ola biləcək həqiqi bir görüntü çayında ilham axışlarını toplaya bilir, bu səbəbdən də biz özümüz üçün yeni, orijinal bir şairi kəşf edir və onun əsərlərinin son misrasına qədər oxunmasını tövsiyə edirik...

Böyükmiqyaslı şairlər yaradıcılıq sistemində metaforalar kəşf etmək intuisiyasına sahibdirlər, onlar həryönlü dərin məna və gözəgörünməz poetik nüanslar ilə düşüncə sistemini bir araya gətirə bilirlər. Yalnız dərin düşüncə tərzinə sahib olan tərcüməçi tərcümə etdiyi şairin bütün fəlsəfi və lirik intim düşüncə dərinliyi kilidinə açar tapa bilir, bu açarla da arzu oyunlarını, ideyalarını və sözlərini gələcək oxucusuna ötürə bilir. İnadlı çalışma özəlliklə forma, qafiyə və ritmə istinad edən Məmməd İsmayıl poeziyasını yalnız onun yaradıcılığının böyük heyranı olan N.Dabija kimi tərcümə zərgərliyinə sahib olan bir istedad çevirə bilərdi...

Bu tərcümələrdən aldığımız ilk təəssürat onların özəl olduğu, önəmli bir şair tərəfindən çevrildiyi və çevirinin əsas qaynağı olan orijinaldakı sirli, əsrarəngiz atəşin olduğu kimi tərcümə mətninə ötürülməsi və oxucularımıza çatdırılmasıdır.

Tərcümə etdiyi mətnin bütün aspektlərini sevərək mənimsəyən və onu zəngin rumın dilinə çevirərək tələbkar oxucularımıza çatdıran tərcüməçi-şairin inadkar zəhməti hər cür təqdirə layiqdir. Və bu tərcümə hər yönüylə ədəbiyyatımıza və oxucularımıza möhtəşəm bir ərməğandır. Təəssüflə boynuma alıram ki, günümüzün bu önəmli şairinin (M.İsmayılın) indiyə qədər yazmış olduqlarından xəbərsizdim.

Mənim üçün həqiqətən də böyük bir şansdır ki, hər şeiri ölümsüzlük sınağından çıxan və həyatın uca dəyərlərinə köklənən Məmməd İsmayıl poeziyasını nəhayət ki, geniş həcmdə oxuya bildim. Kitab, Peqas kolleksiyasından Ədəbiyyat və İncəsənət nəşrlər evi tərəfindən çap edilmiş və mükəmməl şeir arayışında olan oxucularını gözləyir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!