Əlbəttə, ana dili özünün ən müxtəlif təzahürləri ilə ümumən xalqa məxsus olduğuna görə kiçikdən böyüyə, qeyri-peşəkardan peşəkara qədər ana dilinin tərəqqisi naminə hər kəs hər zaman öz mülahizəsini söyləməkdə haqlıdır. Və təcrübə göstərir ki, ən naşı mülahizələrdə də ümumi işin xeyrinə nə isə olur.
Nəriman Qasımoğlunun "Ədəbi dilimiz və dilçilərimizin konseptual yanlışı" məqaləsi ("Ədəbiyyat qəzeti", 15 dekabr 2018-ci il) ana dilinin - onun ədəbi təzahürünün tədrisi ilə bağlı çox mühüm problemə həsr olunsa da, müəllifin iddia etdiyi konseptuallıq, əslində, mahiyyətcə anti-konseptualdır.
Nəriman müəllim deyir ki, sovet dövründə "Azərbaycan dilini öyrədən məktəblərimizdə bu "orfoepiya" deyilən nəsnə ümumiyyətlə tədris edilmirdi və şübhəsiz, bunun səbəbi vardı, dərk edirdilər ki, adi danışıq dilində baş verən fonetik hadisələrin, hətta təyinatı üzrə tədrisi belə, ən azından, orta məktəbdə ədəbi dil vərdişlərinə hələ yetərincə yiyələnməmiş şagirdlər üçün əlavə yükə çevrilər".
Sonra isə əlavə edir:
"...Yazı dilinin təsiri ilə gəlişmiş ədəbi dilin avazı, intonasiyası və tələffüzünə sarsıdıcı zərbə vuran, mahiyyətcə cılızlaşdırıb cırlaşdıran və orfoepiya qaydaları kimi qələmə verilən nə varsa birmənalı şəkildə dərsliklərdən silinməlidir".
Məsələ burasındadır ki, hörmətli Nəriman müəllim bu iddialı göstərişini dilçiləri "inzibatçılıq"da ittiham edə-edə verir... Yaxşı, tutaq ki, əziz həmkarımızın (və görkəmli ziyalımızın) göstərişinə əməl edib orfoepiya kimi vacib bəhsi orta məktəbdən çıxardıq, onda şifahi ədəbi dilin yazılı ədəbi dil (orfoqrafiya) qədər əhəmiyyətli olan normalarını (orfoepiyanı) övladlarımıza nə vaxt (və harada) öyrədək?..
Nəriman Qasımoğlu yazır:
"Bizdə orfoepiya qaydaları altında (yaxşı olardı ki, yazaydı: orfoepiya qaydaları adı altında - N.C.) təqdim olunanlar ümumən azərbaycanlıların şifahi nitqində baş verən fonetik hadisələri təqdim edir. Ona görə bu, orfoepiya deyil, çünki orfoepiya məhz ədəbi dildə tələffüz qaydalarını müəyyənləşdirir. Azərbaycan ədəbi dilinin gəlişməsi tarixi hansı zəmində və məntiqdə baş verdiyi də məlumdur ki, bunlar yazı dili ilə şərtlənib. Bunu ədəbi dilimizə aid özəllik, ədəbi dilimizi başqa ədəbi dillərdən fərqləndirən xüsusiyyət kimi qəbul etməliyik. Qəbul etmiriksə, bu olur dilçilikdə konseptual yanlışlıq!
...Çarə odur ki, Azərbaycan ədəbi dilini yazı dili zəminində etalon olaraq qəbul edəsən. Çünki ədəbi dilimizin gəlişməsi tarixi, sadəcə, başqa variant təklif etmir".
Hörmətli Nəriman müəllimin mülahizələrinin konseptual əsassızlığı, ilk növbədə, ondan qaynaqlanır ki, Azərbaycan ədəbi dilinin tarixində yazını fetişləşdirir. Halbuki bütün ədəbi dillər kimi, Azərbaycan ədəbi dilinin də həm fonetik, həm leksik, həm də qrammatik normaları yazılı yox, şifahi nitqin məhsuludur. Elə düşünməyin ki, Azərbaycan xalqı onun dilinin fonetik sisteminə uyğun olmayan ərəb əlifbasında yazmağı öyrənənə qədər ştfahi ədəbi dildən məhrum idi... Yaxud 1920-ci illərin sonlarında Azərbaycan ədəbi dilinin latın əlifbası əsasında ilk orfoqrafiya lüğəti yaradılanda ərəb əlifbası hərfi-hərfinə həmin lüğətə köçürülürdü... Yaxud da sonrakı dövrlərdə xalqımızın böyük dilçiləri Azərbaycan şifahi ədəbi dilinin əsrlər boyu formalaşmış normalarını ya dialektlərlə qarışıq salır, ya da Nəriman müəllimin təklif etdiyi "mənbələr"dən (teatrdan, mügənnilərdən...) öyrənirdilər...
Əlbəttə, biz necə yazırıqsa o cür də tələffüz etsək (yəni orfoepiya qaydalarına riayət etməsək) dilə elə bir süni təzyiq göstərmiş olarıq ki, nəinki ədəbi, hətta təbii ünsiyyət ritmini itirib "pəltək" olar.
O ki qaldı orta məktəblərdə ana dilinin düzgün yazı qaydaları ilə yanaşı, düzgün tələffüz qaydalarının öyrədilməsinə, Nəriman müəllimlə razıyam ki, həm ayrı-ayrı sözlərin dəqiq orfoepik variantlarının müəyyənləşdirilməsində, həm də onların mənimsənilməsi metodlarının təkmilləşdirilməsində problemlər var.
Ancaq məsələnin konseptual cəhətinə gəldikdə, Nəriman Qasımoğlunun ədəbi dilimizin istər tədqiqində, istərsə də tədrisində "dilçilərimizin konseptual yanlışı" barədəki şübhələri ona görə tamamilə əsassızdır ki, ümumən dil haqqındakı elmin nə nəzəri, nə də praktik tələblərinə cavab verir...
P.S. Mən mətləbi uzatmamaq üçün Nəriman müəllimin "yanlış" saydığı bir sıra ədəbi tələffüz normalarının ayrı-ayrılıqda təhlilinə keçmədim. Əslində, buna elə bir ehtiyac da yoxdur... Tarixən (və tamamilə təbii olaraq!) formalaşmış həmin tələffüz normaları tələb edir ki, məsələn, "Nəriman müəllim" yazaq, ancaq "Nərman məllim" deyək. Yaxud "bu məsələdə dilçilər haqlıdır" yazaq, ancaq "bu məsələdə dilçilər haxlıdı" deyək...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!