Onun böyük həyat yolu, yaxud Yasif Nəsirli dünyası...Yasif Nəsirli - 80 - Qəzənfər Kazımov yazır

 

Təbii ki, bizim böyük ziyalılarımızın, yüksək sənət adamlarımızın qəlbi daim xeyirxah arzularla, Vətən sevgisi ilə dolu olub. Onların sevgisi Azərbaycan adlanan bu sevimli ulu diyara xidmətləri ilə üzə çıxır. Dünyanın gərdişi neçə minillik axarındadır. Şair də, alim də, ictimai xadim də bir ömür bu sevginin işığında mübarizə aparır, bu mürəkkəb aləmin dərki prosesində daha da müdrikləşir, hadisələr fövqündə zamanın dalğavarı hərəkətini dünyada ən diri və daimi olan sözün qüdrəti ilə tarixə həkk edir. Demək olar ki, müasir dünyanın əksər ölkələrini gəzib-dolaşmış, görüb-götürmüş, böyük ictimai vəzifələri ilə daim Vətənin xidmətində olmuş, böyük sənət yolu keçmiş Yasif Nəsirli kimi yazıçı, tənqidçi və ziyalılarımızın qəlb arzuları da çox zaman bir nöqtədə birləşir. 

Yasif Nəsirli daxilən püskürən, od-alov içində qovulan, zahirən şən, gülərüz, yumorlu bir insandır. Son dərəcə mehriban, yüzlərlə insana əl tutan və əl tutmağa hazır olan bir şəxsdir.

Namizədlik işinin elmi rəhbəri, gözəl insan və görkəmli yazıçı Mir Cəlal Paşayevin təbiri ilə desək, "bu sadə kəndli oğlu" şərəfli bir həyat yolu keçib.

Müharibə çoxumuzu ata qayğısından məhrum edib. Mənim kimi, Yasifi də anası böyüdüb, saçlarının birini ağ, birini qara hörüb, gecə-gündüz kolxoz tarlasında çalışıb, balalarını saxlayıb. Yasif çox gənc ikən indiki Bakı Dövlət Universitetini bitirib. Bir az sonra Mirzə Cəlilin klassik nəsrinin, xüsusilə "Danabaş kəndinin əhvalatları" povestinin tədqiqi əsasında namizədlik dissertasiyası müdafiə edib. Bu dövrdən başlayaraq həyatı Azərbaycan ictimai mühitinin qaynar qazanında keçib. Bu kimsəsiz gənc öz biliyi, istedadı, zəhməti, qolunun qüvvəsi, ictimai işə, xalq işinə məhəbbəti, öz elmi ilə daim yüksəlib, yüksək ictimai mərtəbələrdə çalışıb. Onu daim işgüzarlığı, fəal ictimai mövqeyi, inam və əqidəsi, namuslu və obyektiv olması, vətən övladlarına xeyirxah və xoş münasibəti, nikbinlik və ləyaqəti, yüksək mədəniyyəti irəli aparıb. Hansı işdə olur-olsun, öz elmini, mədəni səviyyəsini, ictimai-siyasi görüşlərini zənginləşdirməyə çalışıb, Bakı Dövlət Universiteti ilə yanaşı, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu, ÜİLKGİ MK Ali Komsomol Məktəbini, SSRİ DTK F.Dzerjinski adına Ali Məktəbin hüquq fakültəsini bitirib, bunların hər biri onun bir tale məktəbi olub.

Bunlar onun ictimai-siyasi fəaliyyətinin qısa xronologiyasıdır. Bu vəzifələr bir gəncdən, nələr tələb etmişdir, qırx ilə yaxın bir mübarizə yolunda nələr edilmiş, hansı işlər görülmüşdür - bu, vaxtı gələndə qələmə alınacaq ayrıca bir mövzudur. Yasif gənclər təşkilatında böyümüşdür, onun bir natiq, bir vətənpərvər kimi yetişməsində çalışdığı mühitin böyük rolu olmuşdur.

Həmin mühit Yasifi ləyaqətli, dünyagörüşlü, uzaqgörən bir gənc kimi formalaşdırmışdır. Ona görə də hətta DTK-nın 5-ci şöbəsinə rəhbərlik edərkən, respublikanın yaradıcı elm, maarif, ali məktəb təşkilatlarına, mətbuata nəzarət edərkən böyük xof yaratmış bu təşkilatda qələm sahiblərinə öz səlahiyyəti daxilində daim köməklik göstərmişdir. Müsahibə və qeydlərindən aydın olur ki, 37-ci ildə olduğu kimi, 50-60-cı illərdə də ziyalılarımızın düşmənləri öz içərilərində olub - istedadsız və böhtançılar. Bu şəkildə üstünə "millətçilik və antisovet ruhda" sözləri yapışdırılmış 17 namizədlik və doktorluq dissertasiyasını da DTK fəaliyyətinin ilk illərində xilas etmişdir, xalq şairi Bəxtiyar Vahabzadə SSRİ Dövlət mükafatına təqdim edilərkən də "dostları"nın Sov.İKP MK-ya, Siyasi Büroya, DTK-ya göndərdikləri imzasız məktubların, teleqramların "millətçilik" iddialarının ləğvində əməyi az olmamışdır.

Əbülfəz Elçibəylə bağlı bir epizod daha maraqlıdır. Məlumdur ki, öz istedad və qabiliyyəti ilə ardıcıl irəliləməkdə olan Yasif Nəsirlinin aldığı ilk ictimai zərbə elə o dövrki cəbhələrdən olmuşdur. Sovet dövrü məktəbində yetişdiyini qeyd edərkən dünənini unudanlar, dünəninə nankor baxanlar onu partokrat damğası ilə ləkələməyə çalışırdılar. Müsahibələrdən aydın olur ki, bu "partokrat" onların liderinin bir vaxtlar həbsdən xilasında az əmək sərf etməyib. Moskvadan qayıdıb DTK-da işə başlayan kimi, tələbəlik dostu Əbülfəz Əliyevin həbsdə olduğunu bilib xilasına çalışır. Əbülfəzin anasının adından ərizə yazdırıb öz işçisinə barmaq basdırır,  özü isə bu barədə sədrə raport yazır. Raport və ərizə MK-nın birinci katibi H.Əliyevə çatdırılır.  H.Əliyev raportu oxuyub, Əbülfəz Əliyevin həbsdən azad edilməsi üçün məktubun üzərinə dərkənar qoyur: "Gözüm raportun üzərindəki MK birinci katibinin böyük hərflərlə yazdığı dərkənara sataşdı". Başdan rusca yazmışdı: "Y.Nəsirovla razıyam". Birinci səhifənin axırında isə "P.S." qoyub qeyd etmişdi: "Y.Nəsirov cavandır. Onunla profilaktiki iş aparmaq lazımdır ki, millətçilik xəstəliyinə tutulmuş adamların təsirinə düşməsin". Beləliklə, Əbülfəz Əliyev azadlığa buraxıldı. Lakin sonradan məlum olanda ki, onun anası mənim qəbulumda olmayıb, ərizəni biz özümüz yazmış və barmaq basmışıq, mənə sədrin əmri ilə töhmət elan etdilər. Bu mənim 35 illik iş fəaliyyətimdə aldığım ilk töhmət idi. Bu əhvalatdan Ə.Elçibəyin xəbəri yox idi. Lakin Elçibəy hakimiyyətə gələrkən ilk işdən azad etdikləri adam mən oldum. Bəhanə də bu oldu ki, guya mən demokratik fikirləri müdafiə etmirəm".

Y.Nəsirli vətəndaşlıq borcunu bu cür yerinə yetirməklə kifayətlənməmiş, DTK-nın özündəki satqın və yaramaz kəsləri, Bəxtiyar Vahabzadə kimi böyük şair və şəxsiyyətin şair, yoxsa yazıçı olduğunu seçə bilməyən idarə başçılarını orada işləyə-işləyə bədii və publisistik əsərləri ilə adbaad ifşa etmişdir. Onun rus dilinə çevrilib Siyasi Büroya qədər özünə yol tapan "İki şüşə konyak" əsəri belələrindəndir.

Yasif Nəsirli Qarabağ Təşkilat Komitəsi sədrinin birinci müavini kimi daim cəbhə xəttində, Qarabağ hadisələrinin ən qaynar nöqtələrində olub, Qarabağın Azərbaycan kəndlərinin erməni daşnaklarından xilas edilməsində, ətraf rayonların müdafiəsində əlindən gələni əsirgəməyib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Hələ Sovet dövlətinin qürub etdiyi dövrdə Qorbaçovun məkrli siyasətini ilk başa düşənlərdən olub. Stepanakert şəhərinin hərbi komendantı, general-mayor Vladislav Safonov: "Onu da deyim ki, Yasifin hərəkətləri barədə Moskva və Yerevanda tutarlı faktlar var idi. Yerevanda, hətta bir neçə azərbaycanlı kimi, ona qiyabi ölüm hökmü kəsmişdilər. Yasif ya girov götürülməli, ya da fiziki məhv edilməli idi. Bunu başa düşəndən sonra mən onu əməlli-başlı qorumağa başladım. Xankəndidən yola düşən axşamı ona dedim: "Özündən ehtiyatlı ol. Səni öldürəcəklər".

Azərinformun 17 avqust 1991-ci il tarixli məlumatında deyilir: "Respublika Təşkilat Komitəsinin üzvlərinə, o cümlədən M.İ.Radayevə, V.H.Məmmədova, Y.M.Nəsirova xidmət edən UAZ-469 avtomaşının yan şüşəsinə qumbara atılmışdır. Avtomaşınının salonunda partlayan qumbara Y.M.Nəsirovu, həmçinin təşkilat Komitəsinin məsul işçisi Y.Ş.Salahovu və sürücü Z.Q.Vəliyevi yaralamışdır. Onlar xəstəxanaya aparılmışdır". Y.Nəsirli jurnalist qadın Salatın Əsgərova qətlə yetirilərkən onunla dalbadal gedən maşında olmuş, təsadüf nəticəsində salamat qalmışdır.

Heç kim heç kimin nələr çəkdiyini bilmir. Bizim dövrümüzdə də epoletlər altında yanar ürəklər olmuşdur və təbii ki, yaşamalı olduğumuz keşməkeşli dövrlərdə də çox şey öz qiymətini ala bilməmiş, iş adamları yox, qaragüruh və hay-küyçülər irəli soxulmuşlar. Unudulmaz tələbə yoldaşım Əhəd Muxtar Yasif Nəsirliyə ithaf etdiyi şeirində, səhv etmirəmsə, belə demişdi, həm də yaxşı demişdi: "Çox nadana çatıb bəylik, - Tüğyan edir dərəbəylik".

Yasif Nəsirli təkcə geniş ictimai-siyasi fəaliyyəti ilə deyil, ədəbi-bədii və elmi yaradıcılığı ilə də bir ziyalı kimi fərqlənmişdir. O, Respublika "Veteran" Xeyriyyə Fondunun prezidenti, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, xarici ölkələrdə yaradılmış bir çox dostluq cəmiyyətləri idarə heyətlərinin üzvüdür. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının iqtisadi-elmi nailiyyətlərinin, eləcə də torpaqlarımızın azad olunması üçün göstərilən ciddi səylərin təbliği işinə var qüvvəsini sərf edir. İngiltərə, İtaliya, Fransa, Türkiyə, Malta, Çin, Yaponiya, Bolqarıstan, Çexoslovakiya, Rumıniya və başqa ölkələrdə səfərdə olmuş respublika nümayəndə heyətlərinə başçılıq etmişdir. İraqın Bağdad şəhərində keçirilən VII, VIII Ümumdünya İslam konfranslarında Qafqaz müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və akademik Vasim Məmmədəliyevlə iştirak etmişdir.

Yasifi bir şəxsiyyət kimi səciyyələndirən xüsusi keyfiyyətlər var. Ən başlıcası, insana insani münasibətidir. Bu o deməkdir ki, Yasif üçün ərazi bölgüsü, etnik qrup söhbəti yoxdur. Yasif üçün vahid və yeganə "insan" məfhumu var, "vətəndaş" məfhumu var, vahid Azərbaycan var. Ömür boyu pis mənada region söhbətlərinin düşməni olub.

Yasifi səciyyələndirən mühüm keyfiyyətlər sadəlik, təvazökarlıq, səmimiyyətdir. Bu vacib keyfiyyətlər onu vəzifə pillələrinin heç birində tərk etməyib. Nikbinlik, hadisələrə yumorlu münasibət, ürəkdolusu danışıq və gülüş onu sevdirən, cavan saxlayan əlamətlərdir: uşaq kimi saf və təmiz, uşaqla uşaq, böyüklə böyük. Situasiyanı dərhal tutmaq, anlamaq, dərhal məsələni gözlənilməz istedadla həll etmək, çıxış yolu tapmaq, "neynim, necə edim" - fikirləri ilə vaxt almamaq, operativlik - Yasifi tanıyanlar daim onda bu cür keyfiyyətlərə şahid olublar. Onun yumoru tanış və dost olduğu adamlarda da dərin iz buraxır. Yuri Qaqarin Yasifə dostluq məktubunda yazırdı:

Əzizim Yasif, səninlə dostluğum Azərbaycanı tanımaq üçün bir pəncərədir. Dəvətinə görə çox sağ ol. Azərbaycanı görmək mənim çoxdankı arzumdur.

Tez-tez səni evdə yad edirik. Elə ha sənin Molla Nəsrəddindən söylədiklərini yada salıb gülürük. Yenə axşam Fəxri vətəndaşı olduğun Ulduz şəhərciyində - mənim ad günümdə səni yad etdik. Sağlığına içdik. Bizi yad etdiyin üçün çox sağ ol. Teleqramda yazdığın lətifə də əla idi. Arvadım deyir ki, Yasif bizə sataşır, yəqin, Molla Nəsrəddin elə Yasifin özüdür, onun adından danışır.

Onunla mərc gəlmişik. Bakıda bu işi ayırd edərik. German Titovla çəkdirdiyin şəkli aldım. Sənə çoxlu salamı var. Öpürəm.

Dərin hörmətlə, Yuri Qaqarin.

Moskva, Ulduz şəhərciyi, 1964-cü il.

İnsan xislətindəki ən naqis cəhətlərdən biri Orta əsr feodal təfəkkürü ilə bağlı olan tayfaçılıq, məhəlləçilik, üzdəniraq yerliçilik hissləri ilə yaşamaqdır. Yasif və onun həqiqi dostları ömür boyu belə naqisliklərə yabançı olmuşlar. Yasif heç vaxt öz dostlarından, hörmət bəslədiyi, xeyirxahlıq etdiyi, çətin məqamlarda qoruduğu insanlardan haralı olduğunu soruşmayıb.

Görkəmli alim və cəsarətli insan kimi yaşayan Qulu Xəlilov vaxtilə yazırdı: "Onu tanıdığım, dostluq etdiyim otuz ildən artıq olmasına baxmayaraq, yalnız bu yaxınlarda onun hansı rayondan, hansı kənddən çıxdığını bilmişəm. O da belə şeylərə heç vaxt əhəmiyyət verməmişdir. Çünki o vaxtlarda "Haralısan?" - demək, soruşmaq nəinki ayıb sayılırdı, heç yada da düşmürdü...". Qulu müəllim sözünə davam edərək deyir: "İndi özümü danlayıram ki, nə üçün onun doğulub ərsəyə çatdığı kəndə bircə dəfə də olsun getməmişəm, o yerlərin ab-havası, adamları ilə yaxından tanış olmamışam. Bəlkə də, bu hal məndə bəzi vəzifəli və vəzifəsiz adamların fəaliyyətlərində, şüurlarında qara ləkə kimi iz buraxan yerliçilik kimi eybəcərliyə dərin nifrətimdən yaranmışdır". Bizə, bizim inkidi cəmiyyətə Qulu Xəlilov kimi adamlar lazımdır, Yasif kimi adamlar lazımdır. Cəmiyyətin belə ziyalılara ehtiyacı həmişə olub, var və yenə də olacaq. Həqiqi dostluq təfəkkür, düşüncə vəhdəti ilə doğulur: "...Onun özünün şəxsiyyətindəki saflıq, təmizlik, mehribanlıq, mərdlik və səmimiyyət torpağımızın bir parçası sayılan həmin yerlərin təbiəti, adamları barədə məndə xoş təəssürat yaratmışdır. Üstəlik, onun yazılarındakı həyatilik, doğulduğu kəndin adamlarına, sularına, çəmənlərinə məftunluq, xalqın varlığından süzülüb gələn adət-ənənələrinə övlad məhəbbəti məndə gizli və açıq iftixar hissi oyatmışdır".

Yasif Nəsirli görkəmli bir ziyalı kimi, yüksək adamlar haqqında heç bir qısqanclığa yol vermədən, səxavətlə, ürək dolusu danışır, böyük adamların böyüklük keyfiyyətlərini ustalıqla üzə çıxara bilir. Belə hallarda onun insana, mənən yüksək olanlara sonsuz məhəbbəti də ifadə olunur. Bu cəhətdən müəllimi, elmi rəhbəri və çox sevdiyi yazıçı Mir Cəlal, tənqidçi Qulu Xəlilov, yazıçı Əlfi Qasımov haqqında bədii-publisistik yazıları diqqəti daha çox çəkir. "Bir dəstə gül", "İki heykəl", "Yarımçıq ömür" hekayələrində indi artıq haqq dünyasında olan həmin şəxslər haqqında şirin xatirələr toplanmışdır. Mir Cəlal müəllimin müdrikliyi, həssas qəlbi yüksək insani keyfiyyətləri; təbiətin verdiyi namərd xəstəlikdən ömür boyu əzab çəkən, dəfələrlə ölümlə əlbəyaxa olan Qulu Xəlilovun sel kimi axan bir istedadla Azərbaycan ədəbiyyatı üzərində kotan kimi tənqid şırımı açması, Əlfinin yumorlu gözəl təbiəti, həyati və şirin nəsri Yasif tərəfindən sevgi ilə xatırlanmışdır. Bu əsərlər üslub tərzinə görə də orijinal olub, bədiiliklə elmiliyin vəhdəti əsasında yaranmışdır. Bu əsərlər yalnız xatirə-detallardan ibarət olmayıb, Mir Cəlal, Qulu Xəlilov, Əlfi Qasımov yaradıcılığına ciddi elmi-tənqidi münasibət ifadə edir.

Yasifin bədii yaradıcılığı zəngindir. Onun "Sənədli hekayələr", "Araz daşan yerdə", "Bolluq yaradanlar", "Qırmızı qərənfil", "İnsanlar, görüşlər", "Adsız təpə", "Çinar vüqarı", "Qayıdacağam", "Görə bilmədin", "Ömür", "Dünya", "Zaman", "Günəşlə görüş" və s. hekayə və povestləri maraqla oxunur.

Təşkilatçılıq qabiliyyətini görkəmli ziyalılarımız daim yüksək qiymətləndirmişlər.

Səksəninci illərin sonları idi. Bir məclisdə heç vaxt unutmadığım xalq şairi Bəxtiyar Vahabzadə ilə yanaşı oturmuşduq. Bir qədər aralıda Yasif Nəsirli bir nəfərlə söhbət edirdi. Bəxtiyar müəllim yavaşca mənə toxunub barmağı ilə Yasifi işarə edərək xəfif bir səslə dedi:

- Hazır katibdir. Bu xalqa nə qədər xeyri dəyər!

MK katibindən söhbət gedirdi. Yasif bu sözü eşitmədi, mən də indiyə qədər bu sözü ona deməmişəm.

Dostum, qardaşım Yasif! Mənim də əlimdən söz demək gəlir. Amma iş də orasındadır ki, ancaq həqiqətin bir düzünü deyə bilirəm: Nə qədər yaşasan, xalqımızın xeyrinədir. İnsanların yadında qalar ki, belə Kişilər də olub.

80 Yaşın mübarək!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!