"Literaturnaya qazeta"nın səhifələrində

 

Maneələrdən uca

Təmas nöqtəsi ulduzlardır

"Fiziklər" və "Liriklər" rəsədxanada dil tapdılar

Valeriya Qalkina

Sovet mətbuatında uzunillik müzakirələrə yol açan  məşhur "Fiziklər və liriklər" şeirini yazan Boris Slutski ağlına belə gətirməzdi ki, yarım əsrdən sonra texniki və humanitar elmlərin qarşılıqlı təsir məsələsi ciddi elmi problemə çevriləcək və daha dəlillərlə isbatlanan sadə mübahisələr deyil, ciddi elmi yanaşmalar tələb edəcək.

Noyabrın 15-dən 24-dək Bakı və Dubnada keçən "Fizika və lirika: dünya təcrübəsi və Birlik ölkələrinin elmi və ədəbi reallıqları" adlı beynəlxalq elmi seminarın iştirakçıları da elə bu yanaşmanı tapmağa cəhd göstərdilər.

Belə tədbirin təşkili ilk baxışda aralarında heç bir əlaqə olmayan iki təşkilatın uzunillik sıx əməkdaşlığı sayəsində mümkün olub: Azərbaycan  Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Rusiya Federasiyasındakı Birləşmiş Nüvə Tədqiqatları İnstitutu. Elə bir bu əməkdaşlıq faktı "fiziklərin" və "liriklərin" qarşılıqlı əlaqələri məsələsinə müəyyən dərəcədə cavab verir.

Bakıdakı görüş ayrı bir önəmli hadisəyə də həsr olunmuşdu: bu il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu özünün 85 illiyini qeyd edir. Yubileyə həsr olunmuş təntənəli iclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli apardılar. Yubiley münasibətilə Ədəbiyyat İnstitutunun bir neçə aparıcı əməkdaşını Azərbaycan Respublikasının medalları və fəxri adları ilə təltif etdilər. Seminarın iki xarici iştirakçısı - REA-nın M.A. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru Vadim Polonski və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratiani Nizami Gəncəvi adına Ədəbiyyat institutunun fəxri doktoru adına layiq görüldülər.

İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun yubileyi münasibətilə buraxılan "Azərbaycan ədəbiyyatı tarixi" nadir 10 cildliyin birinci cildini seminar işturakçılarına təqdim etdi. Adətən kitab ən yaxşı hədiyyə olduğundan, seminar iştirakçıları AMEA-ya məhz öz institutlarının ən yeni nəşrlərini hədiyyə etdilər.

Təntənəli yubiley iclasında, həmçinin, Azərbaycanın xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı və Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri Abuzər Bağırov çıxış etdilər.

İkinci və üçüncü günlər artıq seminarın birbaşa mövzusuna həsr edilmişdi və həmin günlərdə bayram əhval-ruhiyyəsindən daha çox, işgüzar şərait hökm sürürdü. Dörd saatlıq geniş iclaslarda problemə ən müxtəlif yönlərdən yanaşılırdı, lakin bütün məruzələri bir mətləb birləşdirirdi: "fiziklər" və "liriklər" arasında qarşılıqlı əlaqələrin mövcudluğunun dərki və qarşılıqlı təmas nöqtələrinin axtarışı.

Siyasi psixologiya mərkəzinin direktoru, professor Səməd Seyidov "fiziklər" və "liriklər" arasındakı oxşarlığı psixoloji baxımdan nəzərdən keçirdi: həm elmi iş, həm də bədii əsərlərin meydana gəlməsi təkcə yaradıcılıq prosesi deyil, həmçinin dünyanı öyrənməyin bir-birini tamamlayan qarşılıqlı yollarıdır. AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə elm və sənət arasında birləşdirici faktor kimi mütənasibliyi əsas götürdülər. Seminarda vacib mövzulardan biri də ciddi alimlərin, texniki elmlər üzrə namizədlərin və doktorların bədii əsərlər yaratmağa cəhd göstərdiklərinin dilə gətirilməsi oldu. Elə bunun özü yaradıcı insanın harmonik inkişafı yolunda "fiziklər" və "liriklər" arasında mövcud olan daha bir danılmaz dəlildən xəbər verir.

Seminarda texniki elmlərin bədii ədəbiyyatda inikası mövzusunda məruzələr də dinlənildi. REA-nın M.A.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi Andrey Korovin öz çıxışında məkanın fantastik-romantik ədəbiyyatda necə əks olunduğu barədə maraqlı mülahizələr yürütdü. REA-nın M.A.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Andrey Kofman ədəbiyyatda zamanın bədii modellərindən danışdı. RF XİN-in MDBMİ-nin dosenti, filologiya elmləri doktoru Abuzər Bağırov isə Nizami Gəncəvinin "İskəndərnamə" poemasının nümunəsində kainatın yaranmasının bədii ədəbiyyatda təsviri modelini göstərdi.

Seminarda milli ədəbiyyatların problemlərinə çox geniş diqqət ayrılmışdı: Rusiyanı təkcə REA-nın M.A.Qorki adına Dünya ədəbiyyatı İnstitutunun əməkdaşları deyil, həm də RF tərkibinə daxil olan respublikalardan gələn görkəmli alimlər təmsil edirdilər. REA Udmurtiya bölməsinin Udmurtiya tarix, dil və ədəbiyyat İnstitutunun aparıcı elmi əməkdaşı, filologiya elmləri doktoru Aleksey Arzamazov öz məruzəsində milli ədəbiyyatların əsas müasir problemlərini əhatəli şəkildə səciyyələndirdi.

Seminarda azlıq təşkil edən "fiziklər"dən biri, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Gənc alimlər və mütəxəssislər birliyinin sədri Aleksandr Verxeyev BNTİ-nin çoxsaylı layihələrindən, o cümlədən müxtəlif elm sahələrinin  qarşılıqlı şəkildə apardıqları müasir tədqiqatlardan danışdı.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçiləri Dilarə Əliyeva və Şəfa Əliyeva sovet mətbuatında "fiziklər" və "liriklər" haqqında məşhur mübahisələrin necə başlandığı barədə məruzələrlə çıxış edəndə, yarım əsr bundan əvvəlki dəlil-sübutlar sadəlövh görünərək, qeyri-iradi təbəssüm doğursa da, bu məruzələr seminar iştirakçılarında əhatəli və dəqiq araşdırmalar kimi xoş təəssürat yaratdı.

Elmi seminarın Bakıda keçən hissəsi Nəsirəddin Tusi adına Şamaxı rəsədxanasında başa çatdı. Elə bunun özündə də nəsə mübhəm bir rəmzilik vardı. Ola bilər, ulduzlar "fiziklər" və "liriklər"in ən ilkin, ən başlıca təmas nöqtələridir. Axı onların hər birinə, sadəcə, vacibdir ki, "hər axşam damların üstündə heç olmasa bircə ulduz parlasın"...

Vacib qeyd

"Fizika və lirika" konfransı Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən 2015-ci ildən bəri təşkil olunur, lakin bu il ilk dəfə o, beynəlxalq səviyyədə keçirildi - tədbirdə dünyanın 10 ölkəsindən alimlər iştirak edirdilər: Azərbaycan, Rusiya, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və Bolqarıstandan.

Kəsə söz

İsa Həbibbəyli, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru:

- Fizika və lirika haqqında ilkin müzakirələr Rusiya mətbuatında başlayıb: "Komsomolskaya pravda" və "Literaturnaya qazeta"da. Biz isə birinci dəfə bu məsələni böyük elmin səviyyəsinə qaldırırıq. Bizim üçün bu problemin həm tarixi və mənbəyi, həm də onun gələcəyi çox vacibdir. "Fizika və lirika: dünya təcrübəsi və Birlik ölkələrinin elmi və ədəbi reallıqları" beynəlxalq elmi seminar bizə bu problemin ənənələrini tədqiq etmək və onun gələcək inkişafını təxminləşdirmək imkanları verir. Biz gözləyirik ki, "fiziklər" və "liriklər"in qarşılıqlı əlaqə məsələləri elmin bütün sahələrini böyük bir iş naminə birləşdirəcək.

 

Rus dilindən tərcümə edən: Abuzər Bağırov

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!