Ahmed Hamdi Tanpınarın həm şeirlərində, həm də nəsr əsərlərində zaman dərindən-dərinə hiss edilən bir nəsnə, bir kateqoriyadır. Vaxt, zaman, saat... bu kimi ifadə və anlayışlar onun əsərlərində təsadüfən deyil, sanki türk ədəbiyyatının o dönəmi üçün zərurət olaraq işlənmişdir və işlənməklə də qalmamışdır. Tanpınarın nəsr əsərlərində (xüsusən onun "Saatları qurma institutu" romanında) obrazın modelləşdirilməsi, zamanın simvolik və gerçək anlamlarının görüşməsi qəribə gəlsə də, onların unudulmasına xidmət edir. Necə? Bədii obrazın modelləşdirilməsi həmişə məkanın çoxölçülü və çoxfunksiyalı olmasını tələb edir, belə ki, bu təsadüfdə məkan gerçək, mifik və mistik ölçüləriylə zamanın içərilərinə "şütüyür" və onun daxildən ağrıyla dolu qırışlarını açıb göstərir. Yaddaşın qırışlarının açılması isə sirli dünyanın adiləşməsi, insan taleyinin büsbütün sirrə bürünməsi anlamına gəlir.
Ahmed Hamdi Tanpınarın nəsri müxtəlif intonasiya modelləri üzərində qurulmasıyla diqqəti çəkir. Burada melodramatik, fəci və digər nüanslar bir-birilərini əvəz edir və bütün hallarda qəhrəmanların ürək ritmləriylə eynilik təşkil edirlər. Bu mənada müasir türk ədəbiyyatının (nəsrinin və şeirinin) əksər "ritm amplitudası" məhz Tanpınarın əsasını qoyduğu poetik ənənələrdən irəli gəlir. Bunu izah edək.
Bir anlığa Atilla İlhanın "Ayrılıq da sevdaya daxil" şeirinə diqqət kəsilək:
Rüzgar
uzak karanlıklara sürmüş yıldızları
mor kıvılcımlar geçiyor
dağınık yalnızlığımdan
onu çok arıyorum onu çok arıyorum
heryerinde vücudumun
ağır yanık sızıları
bir yerlere yıldırım düşüyorum
ayrılığımızı hissettiğim an
demirler eriyor hırsımdan...
Belə bir cəhətə fikir verin ki, şeirin intonasiyası sanki "iki xətli", iki nəfəslidir. Nə mənada? Hər hansı şeirdə adətən ən mükəmməl hiss edilən aspekt səsin kadr arxasından eşidilməsidir. Yəni müəllifin səsi onun bizi apardığı məkanın dışarısından gəlir. Sanki müəllif zülmlə eşitdiyi səsi bizə ötürür. Yəni naqil rolunu oynayır. Atilla İlhanın şeirində isə müəllifin səsi kadrdan öndədir, daha doğrusu bu səs yalnız bütün əlavə hənirlər kəsildikdən sonra eşidilməyə başlayır. Bunu türk şeirində, zənnimizcə, Ahmed Hamdi Tanpınar etmişdir.
Diqqət edin:
Ne içindeyim zamanın,
Ne de büsbütün dışında;
Yekpare geniş bir anın
Parçalanmaz akışında,
Amma Tanpınarın poetik ənənəsi müasir şeirdə tam olaraq mənimsənilməmişdir. Tanpınar yuxarıda qeyd edilən cəhətlə bərabər zamanı hiss etdirmək, onun damarlarından axan qanı ritmə çevirməyi də unutmur.
Bir garip rüya rengiyle
Uyuşmuş gibi her şekil,
Rüzgarda uçan tüy bile
Benim kadar hafif degil.
Anı, dəqiqəni, saniyənin "ilk qırıntılarını" həssaslıqla ifadə edə bilmək üçün şair zamanların qovuşub ayrıldığı məkana "səfər edir", elə bir yerə ki, burada bütöv, parçalanmamış zamanın çat yeri görünür və dünyanın altıyla axan "mistika" çayının sarı siminə toxunur. İfadənin, metaforanın dəqiq seçilməsi, daha doğrusu, tam şüursuz vəziyyətdə yaxalanıb mətnə çevrilməsi janr və vəzn kimi ölçüləri də "görünməz " edir, o mənada ki, bu halda, həm də bu mətndə forma müəllifi arxa plana keçirib onun adından danışmır. Ənənəvi formanın bu şəkildə "aldadılması" vahid mənanın şeirdə vurğulandığı kimi parçalanmasına səbəb olur, bədii mətnin alt qatlarında məna savaşı gedir, şeir nəticə etibarı ilə bu savaşın sonucu kimi meydana gəlir.
Başım sükutu öğüten
Uçsuz, bucaksız değirmen;
İçim muradıma ermiş
Abasız, postsuz bir derviş;
Kökü bende bir sarmaşık
Olmuş dünya sezmekteyim,
Mavi, masmavi bir ışık
Ortasında yüzmekteyim.
Tanpınarda zaman anlayışı məkanın lap dərinliyi ilə müvazi addımlayır; "Bursada zaman" şeirində saat əqrəblərinin biçdiyi ömürlər, bu talelərin bir əlçim aha dönməsi adi misralarla rəsm edilib.
Bursada eski bir cami avlusu,
Küçük şadırvanda şakırdayan su.
Orhan zamanından kalma bir duvar...
"Cami avlusu" (məscid həyəti), "kiçik fontanda şırıldayan su" və "Orhan zamanından qalma bir divar" obrazları üçü bir yerdə suyun gəldiyi dərinlikləri, divarın yaddaşında qalan "insan ləpirlərini" görüntüləyir. Divarın yanında onunla eyni yaşda olan çinar... Şair birdən hiss edir ki, bütün bu əşyalar - məkan elementləri ona yuxudan baxır və içdən gülürlər. Hər şey sakitdir, ətrafdakı yaşıllıq, göyün mavisi - hər şey pıçıldayır ki, dünyanın yaranışından belə olub, heç nə dəyişməyib, bu həm də o deməkdir ki, dünyada əsaslı heç nə baş verməyib. Ancaq suyun, divarın və çinarın ilahi minarənin kölgəsi altında insanlara yuxudan tamaşa etməsi bu görüntünü çarpaz kəsir; birinci şeirdə olduğu kimi, belə bir ortam yaranıb-formalaşır: nə içindəyəm zamanın, nə də büsbütün dışında...
Ne içindeyim zamanın,
Ne de büsbütün dışında;
Yekpare geniş bir anın
Parçalanmaz akışında
Zamanın dəyişkən və həm də mürəkəb, mürəkkəb olduğu qədər də qəliz xarakterini anlamaq üçün "Karışan saatler içinde " şeirinə diqqət edək:
Karışan saatler içinde hatırana
Bazı sabahlarla ikindiler yan yana,
Değişik gülleri sanki tek bir baharın;
Bakir hülyasıyla beyaz ve ürkek yarın,
O sükut bahçesi, ufkunda kuş yerine
Hasret kanad çarpar düşünen ellerine...
Zaman nə qədər ayrıntılı olsa da, saatlara, dəqiqə və saniyələrə ayrılsa da, əslində onun qarışdığı məqamlar daha çoxdur. Bunu bildikdə zamanın üfüqlərində qanad çalan quşun həsrətrdən, onun milləri görünməyən qəfəsinin içində qurtulub üfüqü dolaşdığını görə bilərsən. Şeirdə "sükut bağçası" ifadəsi var - yəni, saatlar, günlər, aylar, həm də: zamanın insan həyatından keçən kölgələri qarışdıqda bir anlığa dünyaya sakitlik çökür. İnsan bunu görür, dinləyir, ancaq cınqırı da çıxmır. Sadəcə, yerdə yox, göylərin damında - üfüqdə qanad çalan həsrətin quşa dönməsi, onun sənin taleyinə geri dönüb nələrisə dəyişdirmək istəməsi əllərinə adda-budda yağış damcıları kimi düşür. Bu damcıların tappıltısı eşidilmir, çünki zaman öz içində boğulub, yəni insan gerçək dünyada ikən xəyalın ən dərin yerlərinə çəkilə bildikdə gerçəklikdəki zaman qırılır, taleyindəki olaylar olur ki, gülə, olur ki, quşa çevrilir. Bu halət Tanpınarın bir şeiri ilə bitmir, olur ki, digər bədii mətnlərində də davam edir, çünki məkanı və zamanı qavrama tezliyi eynidir. Diqqət edin:
İkiz hayaletler gibi yürüdük
Puslu aydınlıkta o bahar günü
Gece, bir tepeden seyrettik, büyük
Yıldızların suya döküldüğünü.
Başqa bir ovqatdan doğulsa da, bədii məntiq etibarı ilə yuxarıdakı şeirin davamıdır. "Puslu aydınlık" ifadəsi diqqət çəkir. Aydınlığın dumanlı olması bu şeirdə nə üçün işlədilib, daha doğrusu, onun funksiyası nədən ibarətdir? Diqqət edilərsə, bu mətndə bahar günündən, aydınlıqdan, səmanın açıq olmasından, bir sözlə, gerçəkliyin tablosundan xəfifcə ayrılmaq və ona qarşı durmaq var. Çünki o gün biz hayeletler kimi yürüdük... Gecə düşür, yəni "puslu aydınlık" sanki qatı zülmətlə əvəzlənir və bu məntqilidir. Ancaq bir an sonra "ulduzların suya tökülməsi" yuxarıdakı oppozisiyanın doğruluğunu təsdiqləyir. Gecə, zülmətin nişanəsi olsa da, aydınlığı, gün - işığın işarəsi olsa da, dumanı nişan verir. Nəticədə nə alınır? Tanpınarın metaforası iki əks məfhumun zahirini unudub daxildən gələn, həsrəti, ayrılığı işıqlandıran aspektləri qabartmağa xidmət edir. Və bu zaman təbiət və onun elementlərinin astarı üzünə çevrilir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!