Nizami CƏFƏROV
Akademik Tofiq Hacıyevin vəfatından keçən bir neçə il böyük şəxsiyyətin fiziki yoxluğunu nə qədər dərindən hiss etdirdisə, mənəvi varlığının əbədiliyini o qədər miqyası ilə təsdiq eləmiş oldu. Və bu bir neçə il aydın şəkildə göstərdi ki, yalnız bilavasitə vətəni Azərbaycanda yox, ümumən Türk dünyasında Tofiq Hacıyevin yeri görünür. Çünki o, görkəmli alim-türkoloq olmaqla yanaşı, sələfləri İsmayıl bəy Qaspralı, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Bəkir Çobanzadə kimi, həm də çox sevdalı bir türkçülük aşiqi, əqidəli bir türkçülük ideoloqu, mübariz bir türkçülük mücahidi idi. XX əsrin sonu, XXI əsrin əvvəllərində türk xalqlarının istər milli müstəqillik qazanmasında, istər bu müstəqilliyin möhkəmləndirilməsində, istərsə də türklər arasında mədəni-mənəvi inteqrasiyanın güclənməsində onun elə danılmaz xidmətləri var ki, illər keçsə də unudulmayacaq, gələcək nəsillərə örnək olacaq.
Tofiq Hacıyev Azərbaycanın Cəbrayıl bölgəsində dünyaya gəlmişdi. Və onun taleyinin, tərcümeyi-halının, xarakterinin səciyyəvi əlamətidir ki, ali təhsilini bitirib aspiranturada saxlanıldıqda ilk monoqrafik tədqiqatını doğma Cəbrayılın dil-şivə landşaftının öyrənilməsinə həsr etməklə, doğulduğu, boya-başa çatdığı yurda mənəvi borcunu verməyi gecikdirmədi. Əlbəttə, zahirən elə görünə bilərdi ki, gənc dilçi-tədqiqatçı işin yüngülündən başlamaq istəyib, dil açdığı ilk illərdən mənimsədiyi materialı araşdırmağı qarşısına məqsəd qoymaqla asan yol seçib. Ancaq dissertanta, demək olar ki, bütün dünyada türk dialektologiyasının yaradıcılarından biri sayılan akademik Məmmədağa Şirəliyevin rəhbərlik etdiyini (və mövzunun da, heç şübhəsiz, onunla razılaşdırıldığını) nəzərə alsaq, etiraf etməliyik ki, elə işin başlanğıcından konyukturaya heç bir yer qala bilməzdi... Mən bu sətirləri yaza-yaza əvvəl diplom işimi, sonra namizədlik, sonra da doktorluq dissertasiyalarımı elmi rəhbərimə - professor Tofiq Hacıyevə az qala cümlə-cümlə oxuduğum, hətta bəzi cümlələri təkrar etməyə məcbur olduğum günləri xatırlayıram. İllər müxtəlif idi, ancaq diqqət, işə son dərəcə ciddi münasibət, elmi rəhbər məsuliyyəti dəyişməmişdi. Artmışdı ki, azalmamışdı... Onu da xatırlayıram ki, doktorluq işimi oxuyanda razı qalmadığı məqamlar vardı. İrəli sürülən bəzi mülahizələrin daha müfəssəl əsaslandırılmasını, sadəcə, məsləhət görmür, həm də tələb edirdi. Və birdən nə isə düşünüb mülayim səslə "sən bu işi elə bu cür də müzakirəyə verə, uğurla da müdafiə edə bilərsən. Ortaya nə sual çıxsa, cavab da tapacaqsan. Ancaq mən istəyirəm ki, həmin sualların cavabı elə indidən dissertasiyada olsun... Müdafiədən sonrası da var axı, əsəri oxuyan səni axtarıb tapmalıdır ki, nə demək istədiyini soruşsun?.." - dedi. Və mən gördüm ki, Tofiq müəllim doğru deyir... O, gəncliyindən yaxşı məktəb keçmişdi. Yazdığı əsərlərin yalnız ideya-məzmun dolğunluğuna deyil, həm də metodoloji məntiqinə, ifadə-üslub mükəmməlliyinə fikir verirdi.
"Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusundakı namizədlik dissertasiyasını Tofiq Hacıyev 1962-ci ildə böyük müvəffəqiyyətlə müdafiə etdi. Və müdafiəyə qədər dissertantın mötəbər elmi məcmuələrdə - ikisi ADU-nun "Elmi əsərlər"ində, biri isə Azərbaycan SSR EA-nın "Xəbərlər"ində olmaqla üç məqaləsi nəşr olunmuşdu: "Cəbrayıl şivələrinin fonetikası" (1960), "Cəbrayıl rayonu şivələrinin morfoloji xüsusiyyətləri" (1961) və "Cəbrayıl şivələrində arxaizmlər" (1961).
Güman etmək olardı ki, gənc tədqiqatçı həmin müvəffəqiyyətdən sonra özünü bütünlüklə dialektologiyaya həsr edəcək. Ancaq elə olmadı. Çox keçmədi ki, Tofiq Hacıyev dil tarixi sahəsində ardıcıl araşdırmaları ilə tanındı... Və 1969-cu ildə - otuz üç yaşında "XX əsrin əvvəlləri Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək öz dialektoloq karyerasına, demək olar, son qoydu.
Sonralar biz tələbələri hərdən cəsarət edib ona zarafatla deyirdik ki, "yəqin, Azərbaycanda Cəbrayıl şivəsindən zəngin şivə olmadığına görə Tofiq müəllim öz dialektoloji missiyasını həmin şivənin tədqiqi ilə başa çatdırıb". O da zarafatından qalan deyildi. Bir dəfə dialektologiyadan dil tarixinə keçməyini belə "izah elədi": "O illərdə yaxşı makinaçı tapmaq çətin idi. Mən yazılarımı makinaçılardan alanda bəziləri təəccüblə, bəziləri də təbəssümlə deyirdi ki, Tofiq müəllim, yazıda çoxlu orfoqrafik səhvlər var idi, düzəltdik. Baxıb görürdüm ki, nə qədər dialekt misalları varsa, makinaçı hamısını "ədəbiləşdirib". Hər dəfə mətni yenidən yazdırmaq lazım gəlirdi... Ona görə də keçdim dil tarixinə".
Professor Tofiq Hacıyev dil tarixçisi olaraq XX əsrin əvvəlləri ilə kifayətlənmədi. Və çox keçmədi ki, professor, Azərbaycan EA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadədən sonra ümumən Azərbaycan dili tarixşünaslığında yeni mərhələ yaratdı. Azərbaycan (indiki Bakı) Dövlət Universitetində "Azərbaycan ədəbi dili tarixi"ndən yarım əsrə qədər dediyi mühazirələr, tərtib etdiyi proqramlar, yazdığı dərsliklər, monoqrafiyalar ona böyük şöhrət gətirdi... Keçən əsrin sonlarından isə Türk dünyasında gedən proseslər onu daha çox ümumtürkoloji mövzulara çəkdi. Və zaman (Tarix!) o qədər sürətlə gəlib keçdi ki, Tofiq müəllim nəinki vaxtilə kiril əlifbasında çap olunmuş, müxtəlif jurnallara, qəzetlərə səpələnmiş məqalələrini, bir sıra kitablarını, hətta əlyazmasında (makina səhifələrindən) qalmış ilk monoqrafiyasını da nəşr etdirə bilmədi.
Yaxşı ki, indi bu mühüm işi böyük alimin oğlu Azər görür. Özü də son dərəcə məsuliyyətlə... Əgər Tofiq müəllimin böyük oğlu İsmayıl həyatdan çox tez getməsəydi, yəqin ki, məsuliyyət onun üzərinə düşəcəkdi. Çünki o, Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin şərqşünaslıq fakültəsində oxuyurdu. Və ciddi mütəxəssis olacağına da heç bir şübhə yox idi. Azər isə fizika-riyaziyyat elmləri namizədidir... Ancaq unutmayaq ki, əvvəla, filoloq ailəsində yetişib; ikincisi, atasının tələbələri ondan öz köməklərini heç zaman əsirgəmir; üçüncüsü isə işə ürəkdən yanaşdığına görə artıq xeyli peşəkarlaşıb.
Ustadın ilk əsərinin - "Azərbaycan dilinin Cəbrayıl şivəsi"nin nəşri nə qədər elmi hadisədirsə, o qədər də ciddi mənəvi məsələdir: Azərin bu təşəbbüsü, bir tərəfdən, neçə illərdir düşmən əsarətində qalmış doğma yurdu kənd-kənd, oba-oba bütün linqvistik coğrafiyası ilə bir daha yada salmaq, digər tərəfdən isə atasının elmi irsinə diqqət, Cəbrayıl məzarlığında uyuyan qardaşının ruhuna ehtiramdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!