Ömrün ötən, amma itməyən illəri...Əli İldırımoğlu - Vaqif YUSİFLİ yazır

"Köhnə kişilər" silsiləsindən

Qocaman, az qala bir əsrin özü qədər yaşı olan yazıçı-publisist Əli İldırımoğlunun on iki cildlik seçilmiş əsərləri qarşımdadır və mən bu on iki cilddə toplanan bütün romanları, povestləri, hekayələri, felyetonları, publisist yazıları bir xeyli müddətdən sonra oxuyub başa çatdırdım. Ancaq indinin özündə də o əsərlərin məndə doğurduğu təəssüratla yaşayıram.

Onun 90 illiyilə bağlı tədbiri televiziyada izlədim. Akademik Rəfael Hüseynov onun ömür yolundan özünəməxsus ilhamla danışırdı, arada Əli İldırımoğlunun ayrı-ayrı kadrlarda əks olunmuş səsini, nitqini verirdilər. Əli İldırımoğlu - tutiya yaşlı bu köhnə kişi ömrün o illərinə qayıdırdı, rəncbər atasını, nəvazişini duyduğu, oğulluq borcunu verə bilmədiyi anasını xatırlayırdı. "Xəstələnmişdim, deyirdilər qızılca çıxardıb. Başımı dizinin üstünə qoymuşdu. Huşdaydım, özümü-sözümü bilmirdim. Hərdən səksənib, gözlərimi açıb anama güclə baxırdım.  Onun yanaqlarından yaz leysanı kimi yaş süzülürdü. Vəssalam!  Anamla əlaqədar daha heç nə xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, hələ altı yaşım tamam olmamış birdəfəlik qeybə çəkildi! Görünməz oldu!".

Anasını itirən o körpə - Qubadlının Əliquluuşağı kəndində dünyaya gələn Əli İldırımoğlunun noyabrın 17-də 91 yaşı tamam oldu. Nitqi, danışığı da əsərləri kimi aydın, cilalı, sapsağlam  olduğunu sübuta yetirməyə heç bir ehtiyac duymuram.  Əli İldırımoğluya çoxları qibtə ilə yanaşa bilər, o yaşa qədər yaşamaq istəyini dilə gətirə bilər, amma bu dünyada hər kəs ona Allahdan bəxş olunan - "lövhi-məhfuz"da yazılan ömrünü yaşayır. Və Əli müəllimin bu ömrü də başqa ömürlərdən tamam fərqli bir ömürdü - qubarlı, ağlı-qaralı, sevincli-qəhərli, uğurlu-uğursuz, amma daim həyat eşqilə yaşayıb-yaradan, mənsub olduğu millətin adını, şərəfini uca tutan bir ömür - bu ömrü kökü torpağa, onun dərinliklərinə işləyən palıd ağacına bənzətmək olar. Əli İldırımoğlu bu gün Avropanın ən gözəl şəhərlərindən heç də geridə qalmayan Bakıda  təbiətdən qopub gələn bir qaya parçasını, ya həmin o palıd ağacını mənə xatırladır.

Əli İldırımoğlunun həyatında üç mərhələ bir-birini əvəz edib.

Birinci mərhələ: Uzun illər Azərbaycanın kəndlərində müəllim işləyib. Əsl ziyalılığın bünövrəsi müəllimlikdən başlayır. Beyinləri işıqla, ürəkləri sevgi, həyat eşqi, vətənpərvərlik duyğuları ilə kökləyən müəllim isə heç vaxt unudulmur, çəkdiyi zəhməti müqabilində heç bir təmənna güdməyən müəllim hər bir insanın xatirə yaddaşına çevrilir. "Qarlı gecələr" romanında və b. əsərlərində Əli müəllimin Həkərinin buzlu sularından, sərt qarlı və sırsıralı dağ aşırımlarından, çovğunlu çöllərdən keçə-keçə Qubadlının Məlikəhmədli, Xıdırlı, Novlu, Gürcülü, Xəndək, Teymur Müsganlı, Əliquluuşağı, Muradxanlı, Dondarlı kənd məktəblərində dərs deməyi necə də heyranlıqla təsvir olunur. "Kənddə müəllimlikdən yaxşı vəzifə var?!" - deyir Əli müəllim. "Hər vəchlə müəllim adını qorumağa çalışırdım". Əli müəllim çətinliklərlə də üz-üzə gəlib, müəllim işləyərkən "ağlagəlməz bir səhvə" yol verdiyini də etiraf edir, amma həmişə müəllim adını uca tutur. Müəllimliyi təkcə dərs deməklə, şagirdlərə bilik aşılamaqla deyil, həm də yaşadığı kəndin, elin-obanın içinə, məişətinə, dərd-sərinə şərik olmağı, özündən yaşlı insanların öyüd-nəsihətlərini, ağıllı məsləhətlərini dinləyib müdriklik dərslərini də mənimsəməyi Əli İldırımoğlu məhz kənddə, müəllimlik elədiyi illərdə öyrəndi.

Əli İldırımoğlunun ən kamil əsəri, fikrimcə, "Mənim rəncbər atam" xatirə-romanıdır. Azərbaycan ədəbiyyatında ATA obrazını yaradan, atadan danışan əsərlər az deyil, amma həqiqət naminə deməliyəm ki, bu əsər təkcə bir atanın deyil, daha çox Azərbaycan atalarının və kişilərinin obrazı ilə ümumiləşən əsərdir. Romanın qəhrəmanı - Əli İldırımoğlunun rəncbər atası milli xarakter səviyyəsində bir obrazdır. "Atamın təhsili yox idi, elə bir məktəb də bitirməmişdi. Elm sahibi deyildi. Sovet hökumətinin  ilk dövrlərində kəndimizdə təşkil olunmuş  savad kursunda yazı-pozu öyrənmişdi, vəssalam.  Rəncbər idi - baltasına, dəhrəsinə, orağına, çəkicinə, kərəntisinə, belinə, düsərinə söykənən rəncbər. Elmini, öyüd-nəsihətini heç vaxt məcrasından çıxmayan coşqun çaylardan, büllur çeşmələrdən, vəfalı-səfalı dağlardan, mer-meyvəsi tükənməyən bağlardan, qartal yuvalı yalçın qayalardan, bir dən atanda, on əvəzini qaytaran barlı-bəhrəli torpaqdan götürmüşdü. Qeyrət, zəhmət cığırları ilə yüksəlmişdi - ucadan uca insanlıq, kamillik, halallıq, kişilik zirvəsinə mənim rəncbər atam". Bunlar bir oğulun atasına böyük məhəbbət ifadə edən gəlişigözəl sözlər deyil, sadəcə, rəncbər atanın ümumiləşmiş obrazıdır-əsər boyu bu obraz Əli İldırımoğlunun həqiqət, düzlük, haqq-ədalət yolunu işıqlandırır. Müəllif İldırım kişinin hər bir hərəkətini, insanlara münasibətini, əkinçi-biçinçi dünyagörüşünü, torpağa, təbiətə məhəbbətini və əlbəttə, oğlunun xalqa gərəkli bir insan kimi yetişməsində rolunu qətiyyən şişirtmir, yəni göründüyünə  heç bir əhvalat  qatıb nəyi isə uydurmur, İldırım kişi necə varsa, eləcə təsvir edir. Onun oğluna nəsihətlərində xalqın əsrlər boyu formalaşmış və nəsildən-nəslə keçən Ulu yaddaş arxetipi əsas rol oynayır. Romanda İldırım kişinin  ata, papağa, çörəyə məhz halallıq çevrəsindən yanaşması da  bunu təsdiq edir. Romanda Qəmər at İldırım kişinin təkcə arxası, həyanı yox, həm də vəfalı dostudur. "Atam Qəmər atın alnına tökülən yumşaq birçəyini qabarlı barmaqları ilə daradıqca, at, sanki öz sahibinin qəlbindən keçən və ona demək istədiyi bu sözləri anlayırdı, xoşhallanırdı, boynunu şax tutub vəcdlə, həvəslə gedirdi, dördnala qalxmaq istəyirdi". Romanda papaq da qeyrət, şərəf, ləyaqət anlayışları ilə bir tutulur. Oğul haçansa, bir biganəlik, ya təsadüf nəticəsində papağını itirir, sonra tapsa da, bu itki İldırım kişini möhkəm qəzəbləndirir. "Atam bir söz deməsə də, üzündən oxuyurdum ki, onun dünən axşam alaçığın altındakı hirsi hələ də soyumayıb. Atam dünənki səhvi çevirib dübarə üzümə vurmasa da, yəqin, özünə dərd eləyir ki, axı mənim belimdən gələn züryət niyə belə əfəl çıxsın?! Oğul qırığı da papağını itirərmi?! Papaq itirmək  töhmət yüküdür.  Ocağa töhmət gətirən oğuldansa bir kor qız yaxşıdır.  İllah, gözümün işığı olsun. Papağını itirən oğul mənə lazım deyil. Ondan kişi çıxmaz.  Yekələndə də arvadağızın biri olacaq. Bu gün papağını yaddan çıxarıb dərədə qoyan, sabah da ata-anasını atar, namusunu-qeyrətini itirər. Papaq başdan yuxarı dayanır. Köhnə adamlar ona kişiliyin tacı da deyirlər".

Əli İldırımoğlunu bir köhnə kişi və bir şəxsiyyət kimi onun "Közərən sətirlər" sənədli romanında izlədim. Bu, Azərbaycan publisistikasında ən dəyərli əsərlərdən biridir.  Heç bir memuar, o cümlədən xatirə-roman  bir insanın sadəcə tərcümeyi-halı olmayıb, o, insanın həm də dünyasıdır, daha doğrusu, dünyaya, insanlara, yaşadığı cəmiyyətə də bədii dünyasıdır. Əli İldırımoğlu "Közərən sətirlər"də öz dünyasını, mühitə baxışıdır. Təbii ki, tam bütöv, panoram dünyası ilə bahəm, həm də bədii dünyasını yaradıb. Və mən bir oxucu kimi  Əli İldırımoğlu dünyasını addım-addım izlədikdən sonra  onun təsvirlərində heç vaxt görmədiyim Qubadlını gəzdim, Qaçaq Nəbinin, Həcərin, igid Əmrahın, "Kişi Tavat"ın, Sultan bəyin kim olduğunun bir daha fərqinə vardım. O gözəl torpaqdan nəşvü-nüma tapan, o torpağın suyunu, havasını ruhuna hopduran Əli İldırımoğlu bu gün o diyarın belə mərd insanlarıyla fəxr edir. Bu gün torpaqlarımızın iyirmi faizi, o cümlədən Əli İldırımoğlunun doğulduğu Qubadlı da yad tapdağındadır. Əli müəllim o gözəl diyarı ürəkdən ona görə belə təsvir edir ki, Qubadlının, Laçının, Kəlbəcərin, Zəngilanın işğalından sonra doğulan yeni nəsil öz kökünü, nəslini, atalarının, babalarının torpağını tanısın. Ömrünün yetmişində, səksənində, doxsanında o, gərək Laçında, Şuşada, Qubadlıda, Kəlbəcərdə - dağlar qoynunda yaşayaydı. Şüvəlandakı bir qarı tut ağacının kölgəsinə sığınmayaydı, - deyirəm. "Şüvəlan da ki, ömür sürmək üçün çoxlarının həsəd apardığı dilbər guşədir.  Zəfəran kimi nadir neməti yetirən bu barlı-bəhrəli diyarın ab-havası harada var?! Ancaq o da bir həqiqətdir ki, ömür dəftərimin ilk vərəqlərində sətirlənən Qubadlının, Əliquluuşağının yerini vermir.  Dünyaya göz açdığım kəndimin, qüdrətdən səngərli qalalı kəndimin!  Balaban təpə, şiş qayalıq, Qiblə daşı, Çay bağı, Həsənalı gölü, Aynaqlı dərəsi, Gəlin kahası, Yazı düzü, Qaraçı yurdu, Dəvədamı, Alçalı dərə, Qala boynu… Uşaqlıq, gənclik izlərim qalan neçə-neçə  dağlar, dərələr. At səyirtdiyim, ov etdiyim, göbələk, donbalan, mərəvcə, çaşır yığdığım doğma gədiklər, dərələr, aşırımlar, yallar-yamaclar. Mənə məhrəm olan bu yerləri xatırladıqca qəlbimin telləri ehtizaza gəlir, bəzən kövrəlirəm, qəhərlənirəm. Bahar buludu kimi doluram. Özümdən asılı olmayaraq ahıllığın cığır saldığı avazımış çöhrəm duzlu leysana qərq olur.  Səssiz-səmirsiz tökülən göz yaşları nə dəhşətli olurmuş, ilahi!!".

Şüvəlandakı tut ağacı. O tut ağacı da Vətəndə bitib və o tut ağacı deyilmi Əli müəllimi xatirələrə dalmağa səsləyən?

"On ildi, yüz ildi bax, beləcə, gün-güzəran keçirir bu tut ağacı. İndi, indi qarıyıb, qartıyıb-qocalıb, qəddi-qamətindən əsər-əlamət qalmayıb. Bir vaxtlar  da cavan ting olub, bağbanı onu həvəslə əkib-becərib, böyür-başı alaq otlarından təmizlənib, vaxtlı-vaxtında dibi boşaldılıb, suyu verilib, qol-qanad açıb pöhrələndikcə sahibi fərəhlənib. İndi isə …Məşəqqətli anlarını yaşayır".

Əli müəllimin o tut ağacına sevgisi məni kövrəldir. Yox, mən o tut ağacı ilə Əli İldırımoğlu ömrünü yanaşı tutmuram.. Sadəcə, təbiətə, onun gözəlliklərinə bu qədər aludə olan bir insanın həm də bir tut ağacının qocalmasından kədərlənən ürəyini görürəm.

Əli müəllimin həyatının ikinci mərhələsi onun 1952-ci ildən başlayan jurnalistlik fəaliyyəti ilə bağlıdır. Bu mərhələdə də o, torpağını, kəndini, doğulduğu, boya-başa çatdığı elini-obasını unutmayıb. O, rayon qəzetinin redaktoru işləyəndə də, "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvanda, Qubada, Qarabağda fəaliyyət göstərəndə də atasından ona miras qalan köhnə kişi xasiyyətini zərrəcə itirməyib. Sovet dövrünün ən qart, dünyaya meydan oxuduğu dövrdən - 1955-ci ildən ta ki, Azərbaycanda milli azadlıq hərəkatının ən qızğın dövrünə - 1990-cı ilə qədər, tam 35 il öz jurnalistlik missiyasını yerinə yetirib. "Közərən sətirlər"də Əli müəllim bu otuz beş ildə həmişə xalqın içində olub, toy-yas mərasimlərində iştirak edib, şikayətləri dinləyib, haqlı olub haqsızlıq əlində boğulan adamları müdafiə edib, yeri gələndə vəzifəli adamlarla cəng-cidala çıxıb və ən başlıcası odur ki, hər bir hərəkətində ədalətin, haqqın tərəfini saxlayıb. Amma mənim üçün bu kitabda ən dəyərli sətirlər ailə-məişət münasibətləri, əxlaq, milli-mənəvi dəyərlərlə bağlı olan sətirlərdi.

Bir filosofun ailə eybəcərliklərini qəzet səhifələrinə çıxarmaq istəyib, amma son anda eldən-obadan, tanışdan ayıbdı deyə, yazıdan vaz keçib. Ortaya ağsaqqal, qarasaqqal düşüb, ailə çəkişməsini yoluna qoyub "Filosofun biliyinə söz yoxdu, Hegeldən, Feyerbaxdan, Kantdan. Makarenkodan, Marksdan, Engelsdən, Homerdən elə danışırdı ki... adam heyran qalırdı. Lakin adamlığına, insani keyfiyyətlərinə gələndə. Bu alimi-biəməlin ömür-gün yoldaşı ilə rəftarı elə təsəvvür yaradırdı ki,  onun hər kəs üçün zəruri olan  mərifət, nəzakət, ədəb normalarından, insanlıq əlifbasından belə bixəbərdi". Amma Əli müəllim xatırladır ki,  hərfi belə tanımayan, Hegelin, Feyerbaxın, Marksın kim olduğunu bilməyən babam Məşədi Paşa, qocam  Gövhər əsl ədəb sahibləriydi. Əli müəllim  yazanda ki, Babam, qocam elə qayda qoymuşdular ki,  evdə böyüyün böyük yeri var idi, kiçiyin kiçik. Babam evin allahı idi" - bəlkə də, "Babam evin allahı idi" ifadəsi indiki cavanların bir çoxuna xoş gəlməz, amma bu ifadə Azərbaycan ailəsinin əsrlər boyu yaşatdığı bir ənənə olub. Evin kişisi ailənin pənahı, çörək ağacı, ağsaqqalı olub - Əli müəllim bu fikri söyləyir və keçmişdən, "köhnə kişilər"in həyat tərzindən söz açır.

Bu yazıda Əli İldırımzadənin romanlarından söz açmadım (bu, başqa bir yazının mövzusudur). Yalnız onun "köhnə kişilər" haqqında söylədiklərini nəql etdim. Onu bir yazıçı kimi heç kimlə müqayisə etmək istəməzdim. Çünki Əli İldırımoğlu özünəməxsus yazıçıdır. Romanlarında, publisistikasında dövrün, zamanın problemlərini işıqlandırır, onlarla koloritli obrazlar yaradır, dili, fərdi üslubu da özəlliyilə seçilir. Bir kimsəyə bənzətməzdim, amma bənzətsəm, heç şübhəsiz, Əli müəllimin ustad hesab etdiyi Süleyman Rəhimovu xatırlayardım. Süleyman Rəhimov təbii ki, nəhəng sənətkardır, Əli İldırımoğlu da Süleyman Rəhimov kimi  xalqa, onun məişətinə, mənəviyyatına, psixologiyasına dərindən bələddir. Allah Süleyman Rəhimovun ruhunu şad eləsin (o da "köhnə kişilər"dən idi), Əli İldırımoğluya isə uzun ömür, cansağlığı və yaradıcılıq uğurları arzulayıram!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!