Nizaməddin Şəmsizadə çağdaş tənqid və ədəbiyyatşünaslıqda öz izi, orijinal dəst-xətti olan bir şəxsiyyətdir. Nəzəri təfəkkürü, ədəbi faktları ədəbiyyat tarixi predmetinə çevirmək məharəti, analitik təhlilləri və yanaşmaları ilə o, 70-ci illərin sonu, 80-ci illərin əvvəllərindən ədəbi fikrimizə yeni nəfəs gətirib. Ondakı özünəinam hissi özünütəsdiq mahiyyətində uğur qazanıb. 1978-ci ilin sonlarında ("Azərbaycan". №12) çap olunmuş ilk məqaləsi ilə o, hazırlıqlı bir tənqidçi kimi inamla ədəbi prosesə daxil oldu və təsvir tənqidindən təhlil tənqidinə keçidin baniləri sırasına qoşuldu. Çiynini humanitar elmi təfəkkürün ağır gələn tərəfinə söykəyən bu istedadlı qələm sahibinə qibtə etməmək mümkün deyil. Çox gənc yaşlarından elmlər doktoru, professor kimi şərəfli elmi dərəcə və vəzifəyə sahib olması, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri vəzifələrində işləməsi, müxtəlif qəzet və jurnalların redaksiya heyətinin üzvü olması onun ədəbi və ictimai nüfuzunu daha da artırmış, fəal vətəndaşlıq və ictimai mövqeyini formalaşdırmışdır.
Klassik ədəbi irsdən, müasir ədəbi prosesdən, tənqid və ədəbiyyatşünaslıq tarixindən yazanda da o, həmişə təmkinli, obyektiv, orijinal ədəbi mövqe sahibidir. Müxtəlif illərdə nəşr olunan çoxsaylı monoqrafiyaları, 200-dən çox məqalələri ilə artıq o, görkəmli tənqidçi və ədəbiyyatşünas obrazını formalaşdırıb, təkcə ədəbi fikrə deyil, həm də ictimai fikrə təsir göstərən ideoloq səviyyəsinə yüksəlib.
Nizaməddin Şəmsizadə ədəbi tənqid və ədəbiyyatşünaslığa bir həvəskar kimi yox, professional elmi vərdişləri olan filoloq mütəxəssis, ustad kimi gəlib. Alimin ilk və son məqalələrini, monoqrafiyalarını nəzərdən keçirsək, bunu bir daha yəqin edə bilərik. Professional tənqidçi, filoloq-filosof, milli ideoloq - budur professor Nizaməddin Şəmsizadənin ədəbi portretini tamamlayan üçbucaq. Bu sahələrin hər birində o öz ustadlıq statusunu qoruyub saxlayır, elmi təfəkkür sahibi olduğunu təsdiqləyir.
Elmi irsinin əsas qismini əhatə edən "Seçilmiş əsərləri"nin üç cildini Nizaməddin Şəmsizadə bir neçə il əvvəl oxucuların, ictimaiyyətin istifadəsinə verib. Üç rəqəmi xalqımızın mənəvi yaddaşında mif və folklorda müqəddəs və uğur gətirəndir. Üçcildliyin birinci cildində müəllifin "Azərbaycançılıq" və "Azərbaycan ədəbiyyatşünaslığının mərhələləri" yer alıb. Hər iki əsər tənqid və ədəbiyyatşünaslığımızın, ictimai-fəlsəfi fikrimizin təməl prinsipləri ilə bağlıdır. Əgər "Azərbaycan ədəbiyyatşünaslığının mərhələləri" əsərində milli ədəbiyyatşünaslığın inkişaf mərhələləri, metodoloji konsepsiyası tədqiqat predmeti kimi götürülürsə, "Azərbaycançılıq" əsərində azərbaycançılığın mənşəyi və təşəkkülü, təməl prinsipləri, dövlətçiliyə tətbiqi - bir sözlə, milli ideologiyanın, humanitar düşüncənin istiqamətləri müəyyənləşdirilir. Bu mənada birinci cild həm də o biri cildlər üçün açar rolunu oynayır. Görkəmli tənqidçi və ədəbiyyatşünas, akademik Bəkir Nəbiyev üçcildliyin birinci cildinə yazdığı müqəddimənin sərlövhəsini belə müəyyənləşdirib: "Filosof tənqidçi". Müəllifin "Azərbaycançılıq" əsəri həmin fikrin təsdiqinə xidmət edir.
Kitabda azərbaycançılığın mənşəyi və təşəkkülü ilə bağlı konseptual müddəalar və tezislər maraqlıdır. Azərbaycançılığın ən qədim qaynaqlarının izinə düşən müəllif əski inanclara, mifik təfəkkürə müraciət edir. Sinifli mərhələyə qədərki cəmiyyətin ideologiyası olan miflərdə xalqımızın təşəkkülündə mühüm rol oynayan tayfaların dünyagörüşünün, əxlaq tərzinin, ətraf aləmə münasibətin izlərini axtarır, belə qənaətə gəlir ki, hansı xalqın mifik təfəkkürü güclüdürsə, onun sonrakı taleyi aydın, tarixdəki mövqeyi möhkəmdir. Üçcildliyin birinci cildi "Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyası ilə tamamlanır. Bu fundamental tədqiqat işi Nizaməddin Şəmsizadənin doktorluq dissertasiyası ilə bağlıdır. Həmin monoqrafiya da birdən-birə meydana gəlməmiş, uzun illik elmi axtarışların məhsuludur. Çox gənc yaşlarından 20-30-cu illər tənqid və ədəbiyyatşünaslığın tədqiqi ilə elmə gələn Nizaməddin Şəmsizadə ədəbi tənqidin müstəqil bir sahəsi kimi özünü göstərdiyi mərhələlərin ədəbiyyat tarixi konsepsiyalarını, marksist tənqidin estetik prinsiplərini diqqətlə öyrənir. Eyni zamanda, 20-ci illər ədəbiyyatşünaslığında aparıcı mövqeyə malik olan Fuad Köprülüzadə ədəbi məktəbinin ümumşərq, ümumtürk ədəbiyyatı kontekstinə əsaslanan ədəbiyyat tarixi metodologiyasını mükəmməl mənimsəyir və onun mahiyyətinə dərindən nüfuz edir. Fuad Köprülüzadənin, Bəkir Çobanzadənin, Əmin Abidin, İsmayıl Hikmətin, Yusif Vəzir Çəmənzəminlinin 20-ci illərdəki ədəbiyyat tarixlərinin mayasında nələrin dayandığını dərk edir. Hiss edir ki, Azərbaycan, eləcə də ümumtürk ədəbiyyatının əsasında milli şüur, milli ideologiya dayanmalıdır. Nizaməddin Şəmsizadə Əli Nazim, H.Zeynallı, M.Hüseyn yaradıcılığında, İ.Hikmət, Ə.Abid, C.Əfəndizadə ədəbi irsinə də eyni mövqedən yanaşıb. Bu düzgün ideoloji və metodoloji mövqe "Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyasının meydana çıxmasına şərait yaradıb.
Bəri başdan qeyd edək ki, marksist ədəbiyyat tarixi konsepsiyasının hələ çox güclü mövqeyə malik olduğu XX əsrin 80-90-cı illərində qələmə alınan bu monoqrafiyada qaldırılan ədəbiyyat tarixi məsələləri tənqid və ədəbiyyatşünaslığımızda yeni hadisə idi. Burada ədəbiyyatşünaslığımızda tarixi düşüncənin formaları konseptual şəkildə ortaya qoyulub, ədəbi fikrimizin bir elm kimi formalaşmasını mümkün edən ictimai-tarixi amillər, yeni ədəbiyyatşünaslığın təşəkkülündə milli ədəbi-nəzəri ənənələrin rolu tarixi həqiqətə uyğun olaraq əks etdirilib.
Sonralar bu monoqrafiyanın əsasına çevrilmiş doktorluq dissertasiyasında sovet rejiminin kəshakəs vaxtı cavan alim N.Şəmsizadə ədəbiyyat tarixini ictimai fikir tarixindən tam asılı edən marksist konsepsiyadan imtina edib, bədii düşüncənin öz inkişaf məntiqi olduğunu sübuta yetirdi.
"Azərbaycan ədəbiyyatşünaslığı" milli ədəbiyyat tarixçiliyində yeni ədəbi istiqamətin başlanmasından xəbər verirdi. Belə ki, əsərdə estetik fikrimizin tarixi təşəkkülü, metodoloji axtarışları, ideya-nəzəri əsaslarının formalaşması paralel şəkildə aparılırdı. Başqa cür desək, ədəbi-tarixi, ədəbi-nəzəri proses vahid konsepsiya əsasında tədqiqata gətirilirdi. Belə demək mümkündür ki, müstəqillik dövründə yazılan tənqid və ədəbiyyatşünaslıq tarixlərimiz "Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyasının ənənələri əsasında formalaşdı. İlk dəfə idi ki, Azərbaycan filologiyasında ədəbiyyatşünaslığın müxtəlif məktəbləri və mərhələləri - universal, analitik, bioqrafik, sosioloji ədəbiyyatşünaslıq istiqamətləri çağdaş nəzəri-fikir mövqeyindən qiymətləndirilirdi.
Üçcildliyin II cildi ədəbi tənqid və ədəbiyyatşünaslığımızın görkəmli simalarının ictimai-ədəbi fəaliyyətini əhatə edir. Ə.Nazim, B.Çobanzadə, Ə.Abid, H.Zeynallı, A.Musaxanlı, M.Ələkbərli, İ.Hikmət, K.Talıbzadə kimi humanitar fikrimizi müstəqilliyə, suverenliyə istiqamətləndirən ədəbi şəxsiyyətlərə N.Şəmsizadə ilk dəfə idi ki, obyektiv qiyməti verirdi. Bu gün üçün adi görünən həqiqətləri məqalələrin yazıldığı 70-80-ci illərdə dilə gətirmək, ədəbiyyat tarixi faktına çevirmək o qədər də asan başa gəlmirdi. Lakin N.Şəmsizadə sanki 20-30-cu illərin sehrinə düşmüşdü. İttifaqın müxtəlif kitabxanalarında, arxivlərində elmi axtarışlarını davam etdirir, unudulmuşlar, unutdurulmuşlar haqqında yeni-yeni uvertüralar üzə çıxarırdı. Nəzəri təfəkkürünün dərinliyi, ədəbi-tarixi faktları ədəbiyyat tarixi faktına çevirmək bacarığı bu gənc, istedadlı alimin uğurlarını təmin edirdi. Həmin ədəbi şəxsiyyətlərin fəaliyyəti ilə müəllifin "Ədəbi mübahisələr" monoqrafiyasında ətraflı tanış olmuşduq. Lakin üçcildliyin işıq üzü görməsi bir daha təsdiq etdi ki, Nizaməddin Şəmsizadə bir dəfə toxunduğu mövzuya heç vaxt nöqtə qoymur, daim tədqiqat ideyalarını, mövzularını genişləndirir, yeni ədəbi-tarixi faktlar axtarışına çıxır, onu nəzəri təfəkkür işığında cilalayır, ədəbiyyat tarixi faktı kimi oxuculara çatdırır.
Elmi yaradıcılıqda faktlarla işləmək tədqiqatçıdan zərgər dəqiqliyi, ustad münasibəti tələb edir. Ədəbi fakta münasibətdə Nizaməddin Şəmsizadədə zərgər dəqiqliyi də var, ustad münasibəti də. Əldə etdiyi ədəbi-tarixi materiallara xüsusi biçim vermək, ədəbi faktı elmin faktına çevirmək istiqamətində onun xüsusi, həm də müstəsna istedadı var. Akademik nəşrin hər bir cildində bu, aydın şəkildə özünü göstərdiyi kimi, III cildin nəzəri məqalələr hissəsində də dərhal nəzəri cəlb edir.
Nizaməddin Şəmsizadə sözə dəyər verən filosof tənqidçidir. Bunu bir sıra tanınmış tənqidçi və ədəbiyyatşünaslar da etiraf edir. Onun tənqidçi üslubunda bu özünü aydın şəkildə göstərir. Xüsusən son illərdəki yaradıcılığında, ədəbi təhlillərində sözdən zərgər dəqiqliyi ilə istifadə etməsinin şahidi oluruq. "Azərbaycançılıq" əsərində xüsusi bir üslub kimi formalaşan bu cəhət prof. Nizaməddin Şəmsizadənin elmi üslubunun mayasına hopur. Qısa, lakin fəlsəfi məzmun daşıyan, oxucunu düşünməyə, nəticə çıxarmağa vadar edən fikirləri ilə o, elmi ictimaiyyətin daha çox yadında qalır.
"Üçcildlik" göstərdi ki, professor Nizaməddin Şəmsizadə bu gün də gənclik şövqü, həvəsi ilə elmi irsini davam etdirir. Təkcə bədii irsimizin elmi tarixini yaratmaqla fəaliyyətini məhdudlaşdırmır, ədəbi tənqid və ədəbiyyatşünaslığımızın tarixi və nəzəriyyəsi, ədəbiyyat nəzəriyyəsinin kateqoriyaları və tarixi poetikası ilə ardıcıl məşğul olur, dövlətimizin humanitar siyasətinin formalaşmasında, ictimai teorizmin, azərbaycançılıq məfkurəsinin inkişafında, təməl prinsiplərinin müəyyənləşməsində müstəsna xidmətlər göstərir.
Nizaməddin Şəmsizadənin tənqidçi şəxsiyyəti parlaq və gözqamaşdırıcıdır. Əsərlərinin siyahısı və elmi tutumu göstərir ki, o, hər gün bir neçə saat yorulmaq bilmədən yazır. Gözəl nitq qabiliyyəti, elmi təşkilatçılıq bacarığı, elmə, insanlara münasibətdə həmişə humanist prinsiplərə əsaslanması, xeyirxahlığı, mərdliyi alimin portret-cizgilərinə yeni çalarlar əlavə edir. Üçcildliyi səciyyələndirən başlıca keyfiyyət onun intellekt və şəxsiyyət tərəfindən yazılmasıdır. "Seçilmiş əsərləri" Nizaməddin Şəmsizadənin elmi yaradıcılığının müəyyən bir mərhələsinin yekunu, yeni keyfiyyət mərhələsinin başlanğıcıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!