Bir neçə göz yaşı öncə... - Tural Muxtarın şeirləri Vasif Süleymanın təqdimatında

 

... Sərilmişdim qollarının bəyaz qumlarına... Bunu yazan gənc şair dostum Tural Muxtarı lap körpəliyindən tanıyıram (məsələyə az aidiyyəti olsa da, deyim ki, tələbə yoldaşım Natiq Muxtarlının oğludur). Elə o zaman da uşaq yaşantıları fərqli idi. Kim bilir, bəlkə də, gələcəkdə fərqli düşüncələri olan bir şair olacağının işartıları idi.

Bəlkə, insan fani dünyaya gələndə solğun bənizini və ya daimi gülər üzünü özü ilə gətirir, sonradan heç nə qazanılmır.   Bəlkə də, bunu ancaq şairlər hiss edirlər... Turalın təbirincə desək:

Sən solğun gəlibsən, fani dünyaya,

Səni insan dərdi soldura bilməz.

Turalın şeirlərində zaman, məkan məfhumları da, sanki bildiyimiz anlamlarda deyil. Sərlövhəyə çıxardığımız Bir neçə göz yaşı öncə misrası kimi... Başqa bir şeirində də

Bir şeirlik ömrün qaldı sənin də

Bəlkə, bir sətir, bir cümlə, bir söz

Sən də bitəcəksən.

Sən də oxunub silinib gedəcəksən, - deyir.

Elə bilirəm ki,  "Bir şeirlik ömrün qaldı sənin də" deyən 17 yaşlı Tural Muxtar elə bu kimi uğurlu misraları, şeirləri ilə şair həyatının bir şeirlik olmayacağının fərqindədir. 

Uşaq saflığı, uşaq ruhu üstündədir, sanki Turalın. Amma düşüncələri fərqli:

Ayaqyalın uşaq kimi,

Bir qapı arxasında, döyəcləyirəm,

Xoşbəxtliyin eşiyində.

Vasif SÜLEYMAN

 

Tural Muxtar

Bir neçə göz yaşı öncəyə aiddi bu hisslər,

Bir neçə göz yaşı öncə

Sərilmişdim qollarının bəyaz qumlarına.

Saçlarının hörüyündə

                        bağrıma basdığım o ətrini.

...Tutulacağımı bilə-bilə axirət yollarında

Bir neçə göz yaşı öncə,

Mənim biz qədər yaşım vardı,

Əyilməyə dizlərim vardı ucalıq qarşısında.

Dualarım vardı

            dilimin zirvəsindən tullanmağa

Bir neçə göz yaşı öncə,

Yaraşırdıq bir-birimizə

Cibimdə saçlarının telini gəzdirib

Günəşə lağ edirdim

Elə bilirdim səmaya buraxsam tellərini,

Buludlar alıb gizlədər.

***

Səndən o yana nə var ki, görən

Cənnətmi gizlənir arxanda sənin...

Qolların cənnətin qapısı yoxsa?

Səndən o yana nə var ki, görən

Saçların savabmı, günahmı yoxsa?

Səndən bu tərəfə bir mən durmuşam

Çiynimdən tulladım dünənin yükün

Səndən bu tərəfə bir yetim durub

Səndən o yana sığal var görən?

Bir şeirlik ömrün qaldı sənin də

Bəlkə, bir sətir, bir cümlə, bir söz

Sən də bitəcəksən.

Sən də oxunub silinib gedəcəksən.

 

Bir şeirlik məsafə var aramızda,

Sətirlər uzun, bitmək bilmir ki.

Nə qədər sözüm var imiş demə,

Get, get məsafələr bitmir ki...

 

Bir şeirlik gülüşüm qaldı mənim də,

Başlığı sonuna tay olan şeir.

Ölümə cığırdı şeirimin yolu,

Başlığı sonuna tay olan şeir.

 

Bir şeirlik kədərdi, ayırır bizi,

Yazdıqca süzülür gözümün yaşı.

Gücüm də çatmır ki, silim birtəhər,

Yazdıqca süzülür sözümün yaşı,

 

Bəlkə, qarşılaşarıq eyni şeirdə,

Yan-yana düzülmüş şən sözlər kimi.

Şeir bitən kimi qovuşacağıq,

Başlığı sən kimi, sonu mən kimi?

***

Əlləri üzündə qocalan qadın,

Çək də bir üzünə günəş toxunsun.

Sığalı kişidən kasıbsan, kasıb,

Qədəhlər dilimdə sözə toxunsun.

 

Nə var kimi varsan, nə də ki heçsən

Düzünü deməyə dilin gəlməyir.

Mən haqqı gözündə görürəm sənin,

Gözündən dilinə əlin gəlməyir.

 

Bir başqa dünyasan, bir başqa aləm

Doymuram gəzdikcə, azıram hətta.

Səninlə azmağın zövqü də başqa,

Yolsuzluq yolunu yazıram hətta.

 

Əlləri saçında qocalan qadın,

Saçların ağardı, bəxtin zil qara.

Sinənə illəri dağ kimi çəkdin,

Bu dağlı sinəylə gedirsən hara...

 

Nə desəm, nə sussam boşdu, bilirəm

Sənin illərini doldura bilməz.

Sən solğun gəlibsən, fani dünyaya,

Səni insan dərdi soldura bilməz.

 

Əlləri duada qocalan qadın,

Dualar qocaldı, sən qocalmadın.

Axı nə ümiddi, bu nə həvəsdi,

Tanrılar qocaldı, sən qocalmadın.

 

Əlləri üzündə qocalan qadın,

Çək də bir üzünə günəş toxunsun.

Sığalı kişidən kasıbsan, kasıb

Qədəhlər dilimdə sözə toxunsun.

***

Qaçdığımız o dünənlər ki var...

Bizi qovalar addım-addım,

Kəfən tikər bizə barmaq-barmaq.

Qaçdığımız o dünənlər ki var...

İçər bizi qurtum-qurtum,

Alar, atar dənizə, boğar bizi dalğa-dalğa.

Qaçdığımız o dünənlər ki var...

Tapar bizi kölgə kimi,

Buraxmaz bir döngə belə.

Qaçdığımız o dünənlər ki var...

Gizlər məni səndə, sonra tap deyər,

İtirər məni uşaq kimi.

Qaçdığımız dünənlərdə dustaq edər bizi.

Qaçdığımız o dünənlər ki var...

Günlərin həsrətində əsrlər yaşadar bizə

Qaçdığımız o dünənlər ki var...

Fırladıb əqrəb kimi ən başa döndərər bizi,

Vurar, çırpar, boğar, amma öldürməz

Dünənlərin həsrətində yaşadar bizi.

Qaçdığımız o dünənlər ki var...

Bir məzar olar,

Basdırar bizi əzəldən,

Torpağımız ümidlərdən

Qaçdığımız o dünənlər ki var...

Uşaq qoxusu kimi hopar üstümə,

Göz yaşım olar,

axdıqca doldurar qəlbimi.

Hər qaçışımda ayağıma daş olar,

Soluma qardaş olar.

Arxamı çevirməkdən

                        çəkindiyim qorxum olar.

Qaçdığımız o dünənlər ki var...

Sükut olar, cavabsız suallarım olar

Damlar-damlar ruhuma,

Damı sınıq daxmaya daman yağış kimi

Qaçdığımız o dünənlər ki var...

Sən ey şeir qadın,

Şeirində gizlət məni.

Uzat, uzat günahın kimi,

Bağla qəlbinə məni at dənizə.

Çəksin dəniz qoxusunu içinə qəlbin.

Sən ey şeir qadın,

dənizdə gizlət məni,

Qum elə, palçıq elə,

torpaqda gizlət məni.

Sən ey şeir qadın,

gülüşündə gizlət məni,

Göz yaşında gizlət,

hıçqırığında gizlət.

İçində qopan dəli fırtınaların

beşiyində gizlət məni.

Sən ey şeir qadın, geri dön,

dönüşündə gizlət məni.

Həyəcanında gizlət,

süzüb dərd qədəhlərində gizlət.

Qorxuram ölümdən,

ölümündə gizlətmə məni,

Ah çək, köks ötür, vur, dağıt, amma qal.

Qal ki, gedişində gizlətmə məni.

Sən ey şeir qadın,

o soyuq otaqların dörd divarında

                                   gizlətmə məni.

Azadlığım əllərində, ovuclarında,

Sən ey şeir qadın,

nəfsində gizlətmə məni.

Bahardan gizlət,

qışdan gizlət, günəşdən gizlət.

Sən ey şeir qadın,

yağışdan gizlətmə məni.

Sən ey şeir qadın,

şeirindən gizlətmə məni.

Qoy axsın göz yaşların, silmə,

Göz yaşlarından gizlətmə məni.

Yalanlardan gizlət, qürurundan gizlət,

Ağ kəfəndən gizlətmə məni.

***

Ayaqyalın uşaq kimi,

Bir qapı arxasında, döyəcləyirəm,

Xoşbəxtliyin eşiyində.

Yırğalanıb qüsurların beşiyində,

Kimsələri səsləyirəm,

Xoşbəxtliyin eşiyində.

Sus, lal ol, çıxmasın hıçqırığımın səsi,

Ac ruhumun dəli çırpıntıları.

Soyuq, şaxtalı gecədə

Bölünmüşəm iki yerə,

Xoşbəxtliyin eşiyində.

Ana qucağına həsrət qalan körpə kimi,

Səni istəyirəm.

Sevgi dilənən kasıb tək gözüm əllərdə,

Durmuşam xoşbəxtliyin eşiyində.

Səkilər yol yoldaşım,

Boz küçələrin qoynunda həyatım,

Gözləyirəm, aç qapını,

Üstüm-başım pas içində,

Xoşbəxtliyin eşiyində.

İki nəfərik - biri mən, biri də mən.

Uçqun keçmişimdən qoparıb uşaqlığımı,

Zəngə basmaq ücün qaldırmışam qucağıma.

Yox səs-səmir, durmuşuq elə hey gecədən,

Xoşbəxtliyin eşiyində...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!