Antiqəhrəmanın dövrün ziddiyyətlərlə dolu geniş tablosu - Nizaməddin MUSTAFA yazır

Daha "bir nəzər" Səhv nəzərləri sərf-nəzər etmə vaxtı. Əvvəli ötən saylarımızda

 

Türk (Azərbaycan) ədəbiyyatında həcvin tarixi İsa Həbibbəyliyə görə, hələ "məvali şairlər"dən başlanır. O, Musa Şəhəvatın VII-VIII əsrlərdə öz həcvləri ilə məşhurlaşdığını, bədii sözün qüdrəti ilə Əməvilər dövrünün ictimai-siyasi mənzərəsini yaratmış Əbül-Abbas əl-Əmanın isə tanınmış ərəb şairi Ömər ibn Əbu Rəbiə ilə ərəbcə həcvləşmək dərəcəsində yüksək istedad sahibi olduğunu vurğulayır. XII əsrdə Mücirəddin Beyləqaninin İsfahan şairləri ilə təkbaşına söz döyüşünə görməsi və məğlub olmaması Abdulla Kabili təzkirəsində əksini tapıb. Burada böyük həcv ustadı Nəfini  (1572-1635) xatırlamamaq olmaz. "Kəskin üslubunun qurbanı" (Namiq Sinan) olsa da iki divanı (türkcə və farsca) və "Sihami-Kaza" adlı həcvləri ilə onun adı türk-İslam ədəbiyyatı tarixinə əbədi həkk edilmişdir. Nəfinin onu "kafir" adlandıran Müftüyə söylədiyi həcv isə bu gün də dillər əzbəridir:

Bizə kafir demiş Müftü əfəndi

Tutalım ben ana diyem müselman

Lakin varıldıkda ruzi-mahşere

İkimiz də çıkarız anda yalan.

Həcv tarixindən danışarkən əvvəlcə müxtəlif tayfaları təmsil edən şair və aşıqlar arasında norma halını almış deyişmələr, saray ədəbiyyatı yarandıqdan sonra isə şeir məclislərində hakim olmuş rəqabət və özünütəsdiq ruhu mütləq qeyd olunmalıdır. Əslində, həcvin inkişafının əsas  şərti olmuş bu ruh onun "genom strukturunda" həmişəlik qərarlaşmışdır. Hələ Əməvilər sarayında dövrün məşhur həcvguları olan Cərir ibn Atiyə (650-727/733), əl-Fərəzdak (641-728/732) və əl-Əxtal (640-710) arasında "şeir/söz döyüşü"nün baş verdiyi və bir neçə gün davam etdiyi məşhur faktdır. Şairlərin bu birincilik davaları sonrakı dövrlərdə də, demək olar, bütün böyük sarayların zəruri ritualına çevrilmiş, söz sənətkarları özlərini ifadə etmək, hökmdarın iltifatına layiq olduqlarını təsdiqləmək üçün rəqibləri ilə bəzən düşmənçilik həddinə çatan yarışlara girmişlər. Bəzən olduqca sərt səciyyə kəsb edən bu şeirləşmələr bir tərəfdən yekrəng və yorucu  saray həyatına əyləncə rəngi qatmış, o biri tərəfdən isə söz duyumunu get-gedə zərifləşdirmiş (zərafət/zarafat anlayışı da burdandır), bu həyatın intellekt tutumunu artırmışdır. Osmanlı şeirində satirik qitələr (əslində, həcvlərdir) haqda tədqiqatında A.Syomina da "invektivlər" adlandırdığı belə şeirlərin XVII əsrə qədər, əsasən, subyektiv münasibətlər zəminində qurulduğunu göstərmişdir. Türk şairlərinin divanları əsasında onun apardığı statistik araşdırmalar həcv yaradıcılığının get-gedə genişlənib püxtələşməsini inandırıcı faktlarla əks etdirir: Əhmədi-Dainin (XIV əsrin sonu-XV əsr) divanında 1 "satirik qitə" varsa, Nicatidə (1460-1508) 3, Məsihidə (1470-1512) 5, Bakidə (1526-1600) 4, Nabinin (1642-1712) divanında isə 14 belə şeirin yer alması həcvə olan marağın yüksələn xətt üzrə getdiyini deməyə əsas verir.

Tədqiqatda XVII əsr ədəbiyyatında satirik əhval-ruhiyyənin güclənməsi türk cəmiyyətində tənqidi təmayülün yüksəlişi, Osmanlı imperiyasında XVI əsrdən başlayan böhranın dərinləşməsi, ictimai narazılığın artması ilə izah edilir. Onun fikrincə, invektivlər guya XVII əsrə qədər lağlağı, ondan sonra isə satira səciyyəsi daşımışdır.  A.Syomina türk-İslam mədəniyyətinin, o cümlədən, şeirin inkişaf xüsusiyyətlərinə sistemli yanaşmadığı üçün yanlışlığa düşərək belə düşünür ki, "XVII əsrə qədər yazılan mənzum invektivlərin çoxu şairlərin şəxsi düşmənlərinə və rəqiblərinə həsr edilir və bir yığın təhqiramiz sözdən ibarət olurdu. Diqqət, əsasən, məişət detallarına yönəldilir, tərəf-müqabilin geyim-kecimi, yaşayış tərzi lağa qoyulurdu". Halbuki, arqo, nalayiq söz və ədəbsiz ifadələrin bu tipli şeirlərdə vacib bir  ünsür olaraq yalnız XVII əsrə qədər izlənilməsi iddiası ədəbi faktura ilə  tam təkzib olunur. Qarşıduran tərəfi alçaltmaq, ələ salmaq lap əvvəldən həcvin təməl prinsipi olduğu kimi, bu tematik-ədəbi şəkil aktuallığını itirib dövriyyədən çıxana qədər belə də qalmışdır. Məhz buna görə həcvə "sinli-kaflı", "qurşaqdan aşağı" şeir və s. adlar da verilmişdir. Düzünə qalsa, bu, həcvin ən ümdə xüsusiyyəti, onu başqa şeir şəkillərindən fərqləndirən keyfiyyət əlamətidir.

Yaddan çıxarmayaq ki, insan başqalarının eyib və qüsurlarını  görməyə, sirrini, gizli naqisliklərini öyrənməyə maraq göstərir. Bu təbii meyil onun xislətindən gəlir: başqasının üzdən-gözdən salınması (kim və kimin tərəfindən olur-olsun), günah və ayıbının faş edilməsi insanı öz gözündə qaldırır, izzəti-nəfsini oxşayır, belə halların şahidi olmaq isə ona xüsusi ləzzət verir. Sonu kiminsə sazının alınması ilə bitən aşıq deyişmələrinə (eləcə də bu ritualın "uvertürası" olan söyüşmə və "hərbə-zorba"lara) xas  əyləncə motivi həcvə kütləvi marağın da başlıca şərti olmuşdur. Bunu başa düşən şairlər bir-birini həcv etməkdən çox vaxt çəkinir, yalnız çıxılmaz vəziyyətlərdə bu üsula əl atırdılar. Seyid Əzim Mirzə Əbdülxalıq Yusifə müraciətlə:

Eybdir bir-birini həcv edə ərbabi-kəmal

Bidəmağ olma sözümdən, sənə qurban, Yusif! (...)

Nə gərəkdir bizə bir-birimizi həcv qılaq

Bir neçə əbləhü nadan ola xəndan, Yusif?

Yaxud "Məhəmmədtağı Qümriyə cavab" qəsidəsində isə:

Səməndi-təbinə çox vermə cövlan,

                                   Seyyida, bəsdir!

Rəva görmə ki, Qümri bundan əfzun

                                   şərmsar olsun

- deyirdi.

Digər tərəfdən, uzun əsrlər boyu məzlum kütlə hakim təbəqənin zülmü ilə barışmalı olmuş, dərdini-sərini isə söz, şeir, o cümlədən də həcvlə ifadə etməkdən başqa yol  tapmamışdır. Odur ki, kütlə insanı özündən güclülərin hərzəvü-hədyan tərzində olsa belə ifşa edilməsini böyük maraq və zövqlə qarşılayır; həcvin bir üstünlüyü də burdan gəlir. Ə.Cəfərzadə "Aləmdə səsim var mənim" romanında Seyid Əzimin Abid əfəndiyə yazdığı həcvin Şamaxıya lərzə salmasını belə təsvir edir:

"Həcv bazara ildırım sürətilə yayıldı, bomba kimi partladı. Aləm bir-birinə qarışdı. Ağız deyəni qulaq eşitmirdi. Küçə mirzələrinin, az-küç savadı olan bütün baqqalların əlində qələm, qələmdan və kağız vardı, hamı həcvin üzünü ya köçürtdürür, ya köçürürdü.

- Afərin, ağa qiyamət eləyib vallah. Hərçənd zəhləm həcvdən gedir və bunu Şərq şeirinə və Şərq şairlərinə qüsur hesab eləyirəm, amma Abid əfəndi kimisini başqa cür aradan götürmək olmazdı, məhz belə lazım idi...

...Həcv dillərdə, əllərdə gəzirdi, evləri, məclisləri dolaşırdı. Qırmızı Qulamın bazarı rəvac idi: üzünü köçürdüyü, bir neçə nüsxəsini çıxardığı "Abid əfəndi həcvi"ni karvansaralar vasitəsilə şəhərbəşəhər, diyarbədiyar yollayır və dost-aşnaların xidmətinə çatdırır, riyakarlara nifrət edən adamları tapıb onlara göndərirdi".

Bu fraqmentdə həcvin ictimai təsir və rəyyaratma gücü, həddini aşan nüfuz sahiblərinə qarşı təzyiq vasitəsi olması, yayılma miqyası və XIX əsr  ədəbi-ictimai həyatında misilsiz rol oynaması inandırıcı bir şəkildə təsvirini tapır. Həcv insan hüquqlarının heçə sayıldığı, azad məhkəmə və vəkillik təsisatlarının, mətbuatın olmadığı, ictimai şüurun aşağı pillədə ilişib qaldığı dövrlərdə həqiqətin aynası rolunu oynamışdır. Eyni zamanda, həcv qabiliyyəti şairin sosial statusunun, hakim zümrənin rüsvay və bədnam olmaq qorxusu isə şeirə loyal münasibətin bariz göstəricisi olmuşdur. Seyid Əzimin Mərənd karvansarasında soyulması, paltarlarının oğurlanması əhvalatı romanda bu fikirlərin əyani ifadəsi kimi maraq doğrurur. Yerli şairlərdən  Molla Süleyman məsələni bilən kimi, hərəkətə keçir və tezliklə şairin pal-paltarını oğrulardan alıb özünə qaytarır. Onların mükaliməsindən:

Dedim: - Molla qardaş, nə kələk işlətdin ki, oğru şeyləri qaytardı?

Dedi: - Seyyida, gümanım gələn oğruya xəbər çatdırdım ki, sən öləsən, bu gələn və malı oğurlanan qərib məşhur şair Hacı Seyid Əzim Şirvanidi. Əgəmləri malını tapıb özünə qaytarmasaq, bir elə həcv yazar ki, Mərəndi ilələbəd biyabır eləyər.

Əlbəttə, həcvin təsir və yayılma miqyası ilə onun tündlüyü arasında korrelyasiya aparmaq mümkündür.

Amma ədəbi həcv ona görə lətifə, ara sözü deyil, şeirdir ki, həya sərhədlərinin silindiyi hüdudda belə föhşə, latayıra keçmir, insanı silkələyir, yaralayır, rüsvayi-cahan edirsə də  bunu söyüşlə yox, obrazlı deyimlərlə, poetexniki fəndlərlə gerçəkləşdirir.  Ziya Paşanın "Zəfərnamə"sində sədrəzəmin portretini yaradan misralar deyilənlərə ideal nümunədir. Şair, həcv hədəfinin idbarlığını sona qədər açıb nəzərə çarpdırmaq üçün onun fiziki cizgilərindən tutmuş ailə həyatına, siyasi bacarıqsızlığından başlamış məişətdəki naqisliklərinə qədər ən müxtəlif cəhətlərinə toxunmaqdan, bunlara rişxənd etməkdən çəkinmir. Əli paşanın atasının Misir bazarında qapıçılıq etməsini "bağça qapıçılığı" kimi üzə çəkir, eyş-işrət aludəçiliyini, içki düşkünlüyünü, görməmişliyini, acgözlüyünü əsil-nəcabətdən qısır olması ilə izah edir. Şair onun çirkli camaşırlarında eşələnməyi (əsərdə paşanın qeyri-ənənəvi seksual oriyentasiyasına işarələr var) belə həcv üçün məqbul görür. Ziya Paşaya görə, sədrəzəmin Giritə göndərilməkdən məmnun qalması cariyələrlə xəlvətdə daha asan kef çəkmək üçün açılan imkanlarla bağlıdır. Şəxsi mənfəəti, şöhrətpərəstliyi, hərisliyi ucundan dövlət işlərini arxa plana atan bu şəxs həm də tənbəl, özünü işə verməyən, daim rahat həyata can atan (şair onu Şərq şeirinin zəhmətkeşlik simvollarından olan Qayyuri-Bağdadi ilə müqayisə edir) bir nəfs qulu kimi qələmə verilir. Doğrudur, Ziya Paşa bəzən şarja və karikaturçuluğa varır, amma bütün kəskinliyinə rəğmən, həcv etdiyi şəxsin mükəmməl portretini gözlə görünəcək dərəcədə canlandırmağı bacarır. Antiqəhrəmanını dövrün ziddiyyətlərlə dolu geniş tablosu fonunda olduqca tünd boyalarla təsvir edən Ziya Paşa ona nə bir dövlət məmuru, nə bir müsəlman, nə də sadə bir insan, ailə başçısı kimi  özünə zərrə qədər mərhəmət oyandırmaq haqqı qoymur. Sədrəzəm Əli paşa mütləq bir miskinlik mücəssəməsidir. "Qəsidə"nin bir neçə beytinə nəzər salmaq, zənnimizcə, deyilənlər haqqında dolğun təsəvvür yarada bilir:

Nazar et sureti-zibasını maşaallah

Nedir ol vechi-mübarek, nedir ol hüsnü cemal?

Kadd degil, kameti matbuası bir servi sehi

Göz degil, çeşmi-dilarası, yenabiyi zülal. (...)

Himmetü meşrebi de kaddi gibi alidir

Çünkü esma olunur nasa semadan inzal.

Sayesinde o kadar etti cahan kesmi huzur

Eylemez kimse duasında dakika ihmal...      

"Zəfərnamə" həm də qeyd edildiyi üzrə, XIX əsrə qədər əksərən tərənnüm üzərində qurulmuş türk-İslam şeirində həcvin həqiqət carçısı kimi oynadığı müstəsna rolu vurğulayan son böyük örnəklərdəndir.

 

Davamı gələn sayımızda

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!