Bu il yaranmasının 100 illiyini böyük qürurla qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin idealları yolunda məsləkindən dönməz mübariz kimi Vətənindən didərgin düşüb, dünyanın müxtəlif ölkələrinə saçılmış görkəmli soydaşlarımızdan biri də böyük özbək şairi və dramaturqu Maqsud Şeyxzadədir.
Özbək ədəbiyyatında Maqsud Şeyxzadə obrazından söz düşəndə ilk olaraq xəyala görkəmli özbək şairi Abdulla Arifin "Bahar" (1967) şeirindən "sevimli dahi"nin bədii simasını canlandıran məşhur misralar gəlir:
Bənzərsiz idi o şeir laçını,
Əzmində Korağan nəslindəki səy.
Tarix geri dönsə, şöhrət tacını
Ona bəxş edərdi Sultan Uluğbəy!
Bəlxdən yorğun dönmüş Əlişir kimi,
Düzəldər-düzəltməz sınıq qələmin,
Getdi o pak sima, o söz tilsimi,
Qoyub bu dünyada əbədi ismin.
Birinci bəndin sətiraltı qatında Şeyxzadənin "Cəlaləddin Mənquberdi" (1944) dramı və "Mirzə Uluğbəy" (1961) faciəsi ilə özbək ədəbiyyatına misilsiz xidməti vurğulanırsa, ikinci bənddə böyük şairin Sibir sürgünündən geri dönməsi (1954) dahi Nəvainin Bəlx sürgünündən qayıtması (təxminən 1483-1485-ci illərdə Əlişir Nəvai vilayət həkimliyi vəzifəsi ilə mədəni şəkildə paytaxtdan uzaqlaşdırılmışdı) ilə müqayisə olunur.
Bir sözlə, böyük şair Abdulla Arifin "Bahar" şeiri özbək poeziyasında Şeyxzadə obrazını hansı zirvəyə çatdırmışdısa, böyük ədəbiyyatşünas və yazıçı Nəim Kərimovun "Maqsud Şeyxzadə" (2010) romanı da özbək nəsrində sözügedən simanı həmin səviyyəyə ucaltmışdır. Əlbəttə, şeirin şeir, romanın roman olduğunu nəzərə alsaq, sonuncu əsərin ümumən ədəbiyyat aləmi üçün, xüsusən şeyxzadəşünaslıq üçün daha böyük əhəmiyyət daşıdığı özü-özlüyündə aydınlaşar.
Maarifçi-bioqrafik janrın istər müasir özbək ədəbiyyatında, istər çağdaş dünya nəsrində ən gözəl nümunələri ilə müqayisəyə gələn sanballı həcmə (yığcam müqəddimə, yeddi böyük hissənin əhatə etdiyi altmış dörd kiçik fəsilcik, 330 səhifə), zəngin fabulaya, orijinal kompozisiyaya və olduqca çəkimli süjet xəttinə malik olan "Maqsud Şeyxzadə" romanının geniş təhlilini və həqiqi qiymətini vermək, ən azından, bu romanın özü boyda tutarlı tədqiqatların işidir və həmin araşdırmaların yaxın gələcəkdə yaranacağına da inanırıq. Odur ki, bir məqalənin imkanları daxilində və Azərbaycan oxucusunun maraqları yolunda biz romanın ciddi uğurlarını onun əsas obrazı ilə bağlı bir neçə mətləb ətrafında ümumiləşdirməklə kifayətlənməli olacağıq.
Birincisi, romanda Maqsud Şeyxzadə həyatı və fəaliyyətinə dair indiyə qədər diqqətdən kənarda qalan elə mühüm faktlar və cizgilər üzə çıxarılmışdır ki, onlar nəinki həssas oxucuları, hətta təcrübəli tədqiqatçıları da heyrətə gətirir. Məsələn, Azərbaycan Maarif Komissarlığının təyinatı üzrə Dağıstanda müəllim işləyən M.Şeyxzadənin 1928-ci ildə "cəmiyyət üçün təhlükəli ünsür" kimi sürgün olunmasının səbəbləri arasında ona M.Ə.Rəsulzadənin İstanbulda çıxardığı "Yeni Qafqaz" jurnalının və həmin jurnaldakı "Qırmızı imperializm" məqaləsinin təbliğatçısı "ittihamı"nın irəli sürülməsi, Şeyxzadə arxivindən onun müəllifi olduğu və indiyə qədər heç kimə məlum olmayan "Əlişir Nəvai" operası librettosunun aşkara çıxarılması, dramaturqun ölümünə yaxın sirli şəkildə yoxa çıxmış "Beruni" dramının taleyi ilə bağlı mühüm məlumatlar, Şeyxzadənin müxtəlif dönəmlərdə Əmir Teymur haqqında roman, Babur və Firqət haqqında dram yazmaq niyyətinin olması və s. və i. a. Bu çoxsaylı yeniliklərə görə Şeyxzadənin həyat və yaradıcılığı haqqında uzaq illərdən bəri ciddi araşdırmalar aparan akademik Nəim Kərimovun dərin elmi təfəkkürü ilə yazıçı Nəim Kərimov intuisiyasının səmərəli vəhdətini sonsuz minnətdarlıq hissi ilə vurğulamaq və alqışlamaq yerinə düşərdi.
İkincisi, əsərdə baş qəhrəmanın həyat və yaradıcılığının ən mühüm dönəmləri və əlamətdar hadisələrinin retrospektiv səpkidə verilməsi, yeri gəldikcə onun keçmişinə və gələcəyinə baş vurulması romanı oxunaqlı edən amillərdən biri kimi diqqəti cəlb edir. Üstəlik, müxtəlif halət və ovqatlarla bağlı Şeyxzadənin onlarla gözəl şeirlərindən, "Daşkəndnamə" poemasından, "Cəlaləddin Mənquberdi" və "Mirzə Uluğbəy" dramlarından gətirilən bir çox misallar və parçalar, hər şeydən öncə, baş qəhrəman xarakterinin daha dolğun və daha çəkimli ifadəsinə xidmət edir. Müqəddimədə Cəlaləddin Rumi və Əlişir Nəvaidən, qalan yeddi hissəsinin hər birində Şeyxzadənin özündən alınan epiqraflar isə həmin bədii estetik xidməti yüksək səviyyədə nümayiş etdirir.
Üçüncüsü, romanın böyük uğurunu təmin edən əsas cəhətlərdən biri onun Şeyxzadə fəaliyyəti və şəxsiyyətinin bütün sahələrini (şair, dramaturq, tərcüməçi, nəvaişünas, tənqidçi, sənətşünas, ssenarist, publisist, pedaqoq, natiq və s.) əhatə edən sehrli süjet xəttinin əvvəldən-axıra qədər müxtəlif ölkələrə və xalqlara mənsub görkəmli ədəbiyyat və incəsənət xadimlərinin (13 yaşında Ağdaşda oxuduğu şeirə görə yeniyetmə Şeyxzadəni bağrına basıb, ona xeyir-dua verən Nəriman Nərimanovun, xeyli sonralar Sədrəddin Ayni, Əbdülhəmid Çolpan, Səməd Vurğun, Musa Aybək, Muxtar Auezov, Mirzəkəlan İsmaili, Pablo Neruda, Qafur Qulam, Mirtemir, Mirzə Tursunzadə, Kuddus Məhəmmədi, Ləziz Əzizzadə, Sara Eşantorayeva, Məryəm Yaqubova, Şükür Burxan, Süleyman Rüstəm, Mirzə İbrahimov, Xəlil Rza, Abdulla Arif, Çingiz Axmarov, Lətif Feyziyev, Adil Yaqubov, Azad Şərəfəddinov, Suyima Qəniyeva, İrji Biçka, Yordan Milev və başqalarının), eləcə də, Şeyxzadənin fədakar və cəfakeş ömürdaşı Səkinə xanım başda olmaqla bir çox qohumları, dost-tanışları, yetirmələri və tələbələrinin bir-birindən maraqlı xatirələri, qiymətli fikirləri və birgə fotoşəkilləri ilə müşayiət olunmasıdır. Bütün bunlar baş qəhrəman obrazının müxtəlif cizgilərini əks etdirməklə oxucu təsəvvüründə Şeyxzadə fenomeninin formalaşmasına ciddi təsir göstərir.
Dördüncüsü, əsərdə konfliktin bir qütbündə Şeyxzadənin başına müsibətlər gətirən, müstəbid quruluşun məxfi idarələrə işləyən sadiq kölələrini (Uyğun, Milçakov, Şeverdin və b.), digər qütbündə Şeyxzadəni müdafiə edən və cəmiyyətə vicdanla xidmət göstərən vətənpərvər ziyalıları (Aybək, Qafur Qulam, Mirtemir və b.) qoymaqla roman müəllifi əsas mübarizənin istedadla ortamiyanəlik, bütövlüklə yarımçıqlıq, "Motsart" ilə "Salyeri" (təsadüfi deyildir ki, romanda "Motsart və Salyeri" adlı ayrıca fəsil də var) ortasında getdiyini böyük məharətlə və inandırıcı dəlillərlə təsvir edir. Həsəd və kin-küdurət amilinin ifşasında istedada qənim kəsilən və həmişə şərin dəyirmanına su tökməklə məşğul olan Melkumov və Arzumanyansların xisləti və iç üzü də diqqətdən kənarda qalmır.
Beşincisi, bu roman öz ümumbəşəri idealı və təhlilləri ilə hər hansı milli məhdudluğun və təəssübkeşliyin fövqündə dayanır. Bunun ən parlaq misalı kimi əsərdəki Sirkina personajını xatırlatmaq olar. Xüsusi idarələrin tapşırığı və sifarişi ilə Şeyxzadənin öz soydaşları, dostları və tələbələri ona qarşı siyasi böhtanlara qurşananda və onun üzünə duranda, həmin idarələrin təzyiq və təqiblərinə baxmayaraq, "Pravda Vostoka" qəzetinin ədəbi əməkdaşı olan İda Yakovleva təklənmiş şairi sona qədər mərdi-mərdanə müdafiə edir.
Altıncısı, "Maqsud Şeyxzadə" romanı, eyni zamanda, Azərbaycan və özbək xalqları arasındakı əzəli və əbədi dostluğun çağdaş mərhələsinə ən layiqli töhfə kimi diqqəti cəlb edir. Bu dostluğun qürur doğuran səhifələri keçən əsrin 60-cı illərində tanınmış Azərbaycan ədəbiyyatşünası Qulamhüseyn Əliyevin elmi işlərində, xüsusən, onun Qafur Qulam və Maqsud Şeyxzadə ilə söhbət və müsahibələrində işıqlandırılmışdı. Müstəqillik dönəmində isə özünün ən yüksək mərhələsinə daxil olan bu dostluğun müasir özbək nəsrində bənzərsiz əksi və obrazı son dərəcə böyük önəm daşıyır. Romanın ən təsirli fəsillərindən biri "İki dost hekayəsi" adlanır və böyük özbək nasiri, şairi, tərcüməçisi, ədəbiyyatşünası, məşhur "Nəvai" və "Müqəddəs qan" romanlarının müəllifi Aybəklə Şeyxzadənin əsrlərə və nəsillərə örnək olacaq dostluğunun və qardaşlığının təsvirinə bağışlanır. Amma əsərdəki Aybək obrazının yeri təkcə sözügedən fəsillə məhdudlaşmır. Belə ki, Şeyxzadənin özbək dilində yazlığı ilk şeiri dinlədiyi andan (1929) ta onun son nəfəsinə qədər bütün yaxşı və yaman günlərində dostunun yanında olan, əlindən gələn hər cür vasitə və imkanlarla haqsız hücum və böhtanlardan onu müdafiə edən, hətta eyni böhtan və haqsızlıqlar üzündən insult olub dilini itirdiyi dəmlərdə belə, "Şş…eyx! Əzz…izzim!" deyə kəkələyə-kəkələyə dostuna təskin-təsəlli verən Aybək romanın baş qəhrəmandan sonrakı əsas obrazı kimi yadda qalır.
Və nəhayət, yeddincisi, "Maqsud Şeyxzadə" romanının ən böyük uğuru əsərin ümumi ruhuna hopdurulmuş və xüsusi obrazlarının fövqündə duran, Xeyiri və Şəri simvolizə edən Tale (İstedad taleyi) və Zaman obrazları ilə oxucunu ovsunlamasıdır. Müəllif öz qəhrəmanının faciəli taleyini elə səciyyəli cizgilərlə ("cəmiyyət üçün təhlükəli ünsür", "millətçi və pantürkist", "siyasi müxalif", "xalq və partiya düşməni", "Yazıçılar Ittifaqının üzvlüyündən çıxarılmaq", "evindən və başqa hüquqlarından dəfələrlə məhrum olma", "sifarişli böhtanlar və məqalələr", "üzləşmələr", "təqiblər və fiziki təzyiqlər", "şantajlar və hədə-qorxular", "25 illik sürgün", "həbsdən sonra 5 il seçki hüququndan məhrumluq" və s. və i.a.) ümumiləşdirmişdir ki, romanın müxtəlif səhifələrindən əzazil Zamanın və onun eynitaleli qurbanlarının (Cavidin və Fitrətin, Qədirinin və Cavadın, Çolpanın və Müşfiqin və b.) obrazları boylanır.
Bir sözlə, bütün bu məziyyətlərinə görə Nəim Kərimovun "Maqsud Şeyxzadə" romanının tezliklə Azərbaycan və rus dillərində tərcüməsinə və nəşrinə aidiyyəti olan qurumlar tərəfindən qayğı göstərilməsi bütün repressiya qurbanlarının xatirəsinə ən gözəl ehtiram nümunəsi olardı. Biz isə, öz növbəmizdə, ustad Maqsud Şeyxzadə dühasına və "Maqsud Şeyxzadə" kimi sanballı bir romanın müəllifi ustad Nəim Kərimov qələminə dərin ehtiramla sözümüzü böyük şairin odlu sətirlərinin sərbəst tərcüməsi ilə bitirmək istəyirik:
Yox, mən ölən deyiləm,
Sönmək bilən deyiləm!
Gültək nəğmələrimlə
Heç vaxt solan deyiləm!
Fərqanəmdən kükrəyən
O saz mənim sazımdır!
Deməli, əbədiyyət
Mənim alın yazımdır!
Yox, mən ölən deyiləm!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!