Ədəbiyyat tariximizə sevgilərlə - İfrat Əliyeva

XX əsr Azərbaycan ədəbiyyatı tariximizin çox mühüm bir dövrünü əhatə edir. Bu iyirmi illik dövr məzmun, mündərəcə zənginliyi ilə ədəbiyyatımızın bütün sonrakı inkişafına da böyük təsir göstərmişdir. Lakin XX əsrin bu 20 illik ədəbiyyatı ideya-bədii dəyərinə görə əvvəlki dövrlərdən heç də az əhəmiyyətli deyildir. 1982-ci ildə "Maarif" nəşriyyatında nəşr olunan "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin müəllifləri böyük pedaqoq, görkəmli yazıçı, alim Mir Cəlal Paşayev və filologiya elmləri doktoru, prof. F.Hüseynov olmuşdur.

Bu günlərdə 560 səhifədən ibarət olan adıçəkilən dərsliyin yenidən işlənmiş dördüncü nəşri çap olunaraq ədəbi ictimaiyyətə təqdim olunmuşdur. "XX əsr Azərbaycan ədəbiyyatı" tarixi dərsliyinin elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, prof. Təhsin Mütəllimovun bir neçə illik gərgin və zəhmətli əməyinin məhsuludur. Bu dəyərli dərslik Azərbaycan xalqının çoxəsrlik bədii ədəbiyyatının tarixinin inkişaf prosesində alıb, keçdiyi dövrləri ardıcıl və sistemli bir surətdə işıqlandırmaqla bərabər, bir sıra görkəmli ədiblərin yaradıcılığı haqqında geniş monoqrafik tədqiqat materialı da verir.

Dərsliyin giriş hissəsi güclü qələm sahibi, geniş diapozona malik olan prof. T.Mütəllimovun "XX əsr təkamül-milli ədəbiyyatı" adlı geniş təfərrüatlı, elmi-nəzəri səviyyəsi olan məqaləsi diqqəti cəlb etdi. Bu məqalə bir daha göstərir ki, Təhsin müəllim həm geniş məlumatlı ədəbiyyat tarixçisi, həm də bədii faktları nəzəri ümumiləşdirmələr əsasında sistemləşdirən və səciyyələndirən mahir ədəbiyyat nəzəriyyəçisidir. Müəllifin təhsil texnikası, üslubu son dərəcə orijinal olduğu kimi, elmi-nəzəri təhlildə də o, çox konkretdir, lakonikdir, dəqiqdir. Zahiri aspekt naminə olan süni pafos, mücərrəd mühakimə Təhsin müəllimin elmi mülahizələrinə və təhlillərinə yaddır. Əlbəttə, söylədiyimiz bu fikirlər prof. Təhsin Mütəllimovun üzərinə götürdüyü ağır və çətin bir işə məsuliyyətlə yanaşmasının nəticəsidir. Kitabda XX əsr ədəbiyyatı (Bakı, 2018) uzun bir inkişaf tarixinə malik elmin üfüqlərini genişləndirən və ona yeniliklər gətirən dərslik kimi diqqəti cəlb edir.

Məlum olduğu kimi, ədəbiyyat tarixinin hər bir mərhələsi əslində ölkənin siyasi və ictimai, mədəni və mənəvi vəziyyətinin bir növ bədii güzgüsü, xalqın tarixi taleyinin, mənəviyyatının obrazlı yadigarıdır.

Mənalı həyatlarını doğma xalqının, elinin-obasının bütün zəhmətkeşlərinin azadlığı və səadəti yolunda mübarizəyə həsr edən "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım" deyən C.Məmmədquluzadənin, burjua-mülkədar, ziyalılarının, ruhani və tacirlərin yalançı, ikiüzlü simasını açan M.Ə.Sabirin, pul ağalığının törətdiyi ictimai fəlakətləri, varlanmaqda olan neft milyonçularının çirkin simasını zəngin boyalarla təsvir edən İbrahim bəy Musabəyovun və b. yaradıcılığını bir daha diqqətlə, təfərrüatı ilə araşdıran prof. Təhsin Mütəllimovun ərsəyə gətirdiyi dərsliyin əsas məziyyəti və dəyəri də bundadır.

Dövrünün qabaqcıl maarifpərvəri olan İbrahim bəy Musabəyov tərbiyənin və ictimai mühitin insan əxlaqına güclü müəyyənedici təsiri haqda yazır: "Nə qədər gözəl əxlaqlı bir adamı götür sal bir vəsətə, bədəxlaq adamların mühitinə, bir az vaxtdan sonra görərsən ki, onun əxlaqı çevrildi, bədəxlaq oldu, öz evini yıxdı, qeyrilərini də. Odur ki, hər kəsi bədəxlaq görüb də bilkülliyyə onun özünü müqəssir eləməyə bizim  haqqımız yoxdur, çünki təqsir onun təqsiri deyil; ancaq vəsətin, mühitin və tərbiyənin təqsiridir".

Göründüyü kimi, yazıçı varlanmaqda və qudurmaqda olan Bakı neft milyonçularının çirkin simasını bu əsərdə ("Neft və milyonlar səltənətində" çox zəngin, qüvvətli boyalarla göstərmişdir.

Bu dərslikdə bəlkə ən əhəmiyyətli cəhət isə ondan ibarətdir ki, Təhsin müəllimin bir sıra klassiklərimizin dünyagörüşündəki və bədii yaradıcılığındakı özünəməxsusluq, orijinallıq və mürəkkəb biliklər haqqındakı fikirlərini bilmək imkanı yaranır, həmçinin onun bir sıra ədəbiyyat hadisələri, faktları barədəki münasibəti də aydınlaşmış olur. Dərsliyin maraqlı cəhətlərindən biri də XIX əsrin təzadlı ideyalar burulğanında maarifçilik ideologiyasına üstünlük verən və sonra tənqidi realizmə keçən görkəmli ədiblərdə S.S.Axundov, A.Şaiq, S.Qənizadə, R.Əfəndiyev, Y.V.Çəmənzəminli kimi yazıçıların həyatı, yazıb yaratdıqları ədəbi mühiti haqqında geniş və müfəssəl şəkildə təhlilə cəlb olunmasıdır.

Məlum olduğu kimi, bu dövrdə xüsusilə romantik ədəbiyyat inkişaf edərək qüdrətli ədəbiyyat cərəyanına çevrilir. "Dünya təcrübəsində nadir haldır ki, bir milli ədəbiyyatda həm realizmin, həm də romantizmin ədəbi cərəyan halında  ən kamil mərhələsi təxminən eyni vaxta düşür. XX əsrin əvvəllərindəki realist ədəbiyyat isə ümumiyyətlə Azərbaycan realizminin ən uca zirvəsi oldu. Romantik ədəbiyyatımız müəllifin yazdığı kimi sonralar bir daha M.Hadi, M.H.Cavid romantizmi səviyyəsinə yetmədi. 

Bütün bunlar göstərir ki, XX əsrin əvvəllərindəki təxminən iyirmi illik ədəbiyyatımız necə böyük ideya-bədii vüsətə, qüdrətə malik olmuşdur. Məhz bu illərin bədii ənənələrin ədəbiyyatımızın bütün sonrakı inkişafında istiqamətverici təsiri də danılmazdır. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid, Ə.Nəzmi, S.S.Axundov və  Y.V.Çəmənzəminli kimi ədiblər sonralar yaradıcılıq mövzularını, problemlərini əsasən dəyişsələr də tənqidi-realist üsullarını davam etdirmişlər.

Dərslik çapa hazırlanarkən müəllif hər iki şöhrətli alimlərin dərslikdəki son qənaətləri və düzəlişləri yeri gəldikcə nəzərə almış, daha çox məzmunla bağlı redaktələr kitabda da əksini tapmışdır.

"XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin redaktəsi (belə demək mümkünsə) son dərəcədə mürəkkəb və məsuliyyətli bir prosesdir. İş prosesində kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov bir sıra  yerləri dönə-dönə oxuyub müəlliflərin əsl məqsədini, mətləbini tam dəqiqlik ilə aydınlaşdırmağa çalışmışdır.

Ali məktəb tələbələri və filoloqlar üçün nəzərdə tutulmuş bu dərslik elmi-nəzəri səviyyəsinə, mövzularının rəngarəngliyinə, tərtibatına görə də diqqətəlayiqdir. Bu dərslik Azərbaycan xalqının çoxəsrlik bədii ədəbiyyatının tarixi inkişaf prosesində alıb keçdiyi dövrləri ardıcıl və sistemli bir surətdə işıqlandırmaqla bərabər, bir sıra görkəmli yazıçıların yaradıcılığı barədə geniş monoqrafik tədqiqat materialı verir. Hər iki müəllifin ərsəyə gətirdiyi bu monumental əsərin yenidən işlənmiş dördüncü nəşrini çapa hazırlayarkən kitabın elmi redaktoru onların fərdi üslublarını, yazı maneralarını mühafizə etməyə çalışmış, ümumiyyətlə dərsliyin müasir tələblərə uyğun olmasını nəzərə  almağa çalışmışdır.

Əməkdar elm xadimi, filologiya elmləri doktoru professor Mir Cəlal Paşayevin və filologiya elmləri doktoru, professor, tanınmış alim Firudin Hüseynovun müəllifi olduqları "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin dördüncü nəşri də ədəbiyyat tariximizin tədqiqində və tədrisində görkəmli alimlərin əsəri kimi böyük əhəmiyyət kəsb edir.

Sözün qüdrəti və qələmin gücü ilə bu çətin və məsuliyyətli dərsliyin elmi redaktorluğunu üzərinə götürən və işə zərgər dəqiqliyi ilə yanaşan, nəticədə sanballı bir dərsliyi ərsəyə gətirən təkrarsız alim, professor Təhsin Mütəllimova minnətdarlığımızı bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!