Dastan mətninin fiqur yaratdığını isə bu yazını oxuyub biləcəksiniz
Dastan nağıl deyil, dastanların real "hadisə tarixi" də olur. Dastan mətni yazıya köçən gün "sakral" dəyərini itirir. Dastanlar yarandığı yerin taleləridir. Onlar tarixə və tarixi fiqurlara ölməzlik statusu verir. "Şah İsmayıl " dastanı fikrimcə, səfəvi dövlətinin qurucusu birinci Şah İsmayılı yaratdı. "Şah İsmayıl" dastanına qədər ənənəvi olaraq dastan mətnində "tarixi fiqurlar" əbədiləşirdi. Dastan mətninin fiqur yaratdığını isə bu yazını oxuyub biləcəksiniz. Səfəvi dövlətinin yaranacağı və bu dövlətin yaradanı haqqında "Şah İsmayıl" dastanı öncədən xəbər verir. Tarixdə Şah İsmayıl adında iki şəxs olub. Səfəvi dövlətini yaradan Şah İsmayıl Xətai və nəvəsi ikinci Şah İsmayıl. Tarix İsmayıl adlı üçüncü şahın olduğunu demir. Birinci Şah İsmayıl adının qızılı haləsi hələ də coğrafiyamızın başı üstədir. Dini və etnokulturoloji fəzada qızılbaş ovqatı bu günə qədər yaşanır. İkinci Şah İsmayıl babası qədər məşhur deyil. O, cəmi bir il şahlıq edib. 1576-cı ildə başlayıb 1576-ci ildə bitən bu İsmayılın şahlığı zamanı ölkə ruhani ,əsgəri və maddi böhran içində olub. Bu yazıda mən sizi üçüncü "Şah İsmayılla" tanış edəcəm. Bu "Şah İsmayıl" tarixi fiqur deyil, dastan qəhrəmanıdır.
Dastanı oxuduğum gündən şahzadənin kimliyini düşünürəm. Bu "İsmayıl" gerçək İsmayılların fonunda "mif" olsa da, obrazın rəmziliyi coğrafiyanın siyasi arealı fonunda heç də mənə "mifik" görünmürdü. Dastan öncəgörmə qabiliyyətinə malik magi, şamanı xatırladır. Şərqdə sözlə vuruşmayıblar. Şərq ədəbiyyatı daha çox vəsfdir, mədhdir. Bəs onda dastandakı şah İsmayıl obrazının rəmziliyində kim gizlənir? Ən irreal dastan qəhrəmanlarının belə prototipləri olur. Nibelunqların, Trubadurların, Yunan Allahları kimi tanıdılan Şümer bütlərinin yer üzündə prototipləri olub. Bizim dastanlar da bu anlamda istisna deyil. Dədə Qorqud, Koroğlu "mifləşənə" qədər insan kimi yaşayıblar. Şah İsmayıl dastanı isə prototipi olunmadan yazılıb. Bu dastan sonralar birinci Şah İsmayılın simasında zamandan çıxaraq prototip formalaşdırıb. Yaşadığımız coğrafiyada dövlətçilik ənənəsi Şah İsmayıla qədər də mövcud idi. O, sadəcə, bu coğrafiyaya yeni dövlət modeli təklif etdi. Şah İsmayıl sağ ikən öz adına bir dastan da bağlamışdı. Bu dastan "Şah İsmayıl" dastanı deyildi. Təəsüf ki dastan mətninin az bir hissəsi qorunub-saxlanmış bu hissəcikdə Şah İsmayılın Çaldıran savaşından sonrakı ovqatı təsvir olunur. Birinci Şah İsmayıl bu dastanda ancaq döyüşçü kimi təqdim edilir. Qızılbaş ideolojisi önə çəkilir. Şah İsmayılın Taclı xanımla deyişmələri içində belə səfəvi əsgərlərinin döyüş ruhu öyülür. Bir sözlə bu parça səfəvilərin "ideolji mətni" kimi dəyərlidir. Və onun qəhrəmanı konkret tarixi şəxs olan birinci Şah İsmayıldır. Mənim araşdırdığım Şah İsmayıl dastanı və onun qəhrəmanı olan Şah İsmayıl isə tamam başqa ovqatın mətnidir. Bu dastanın süjet xətti səfəvi mətnlərindən seçilir. Əvvəla bu dastan sevgi dastanıdır. Sonra isə yenilliyin, ədalətli idarəetmənin mesajını verən mistik zikrdir. Dastan qəhrəmanı olan "Şah İsmayıl" real olmasa da xalqın taleyindədir. Dastan yarandığı illərdə və yerlərdə rəsmi ideoljudan kənar fikir yürütmək mümkün deyildi. O zamanlar atalar və oğullar problemi ictimailəşə bilməzdi. O dövr üçün Allah-Ata tandemi "Absalyut "hakimiyyət formulu idi. Dastandakı Şah İsmayıl obrazı isə Atasının rəmzliyində Allahla vuruşan,yeni təfəkkür modeli təklif edən üsyankar idi. Bu obraz sonralar birinci Şah İsmayılın simasında xalqın taleyində "sokral" xarakter daşıdı. Bu mətn yazılanların sonradan başa gəlməsini insanlara sübut etdi. Və dastan mətninin xalqın alın yazısı olduğunu isbatladı. Səfəvilərin və səfəviliyin fəlsəfi postulatları da coğrafiyada yaşayan digər etnoslar içində belə bu düşünülmüş dastan vasitəsi ilə təbliğ olundu. Şah İsmayıl adının özü də real tarixi fiqur olana qədər bu dastan arealında ideallaşdı. Coğrafiya insanının dövlət şüuru belə bu dastanın köməyilə formalaşdı. Dastanları kütlə dilində yaşadır. Dastanlar daha çox kütlənin dilində qorunur. Onların arzuları kimi təqdim olunurlar."Şah İsmayıl" dastanının yarandığı coğrafiya "kataklizmlər" coğrafiyasıdır. Bu ərazinin aborigen etnosları hələ də biri birini həzm etməyib.Bu coğrafiyada yeni təfəkkür modeli heç zaman evalyusiya yolu ilə gündəmə gəlmir, qanla aşılanlr. Bu anlamda "Şah İsmayıl" dastanı zamanın fövqündə durur.
Dastan zülmkar Zülal şah ilə ədalətli şahzadə Şah İsmayılın mübarizəsini ön plana çıxarır. Zülal şah övladına belə rəhm etməyən, qədərincə qorxaq, həris və tamahkar bir hökmdar sürəti kimi təqdim olunur. O həm də xəsis və paxıldır. Zülal şah oğlu Şah İsmayılın uğurlarına paxıılıq edir. Xalq içində sevilməsindən qorxur. O, oğlunun qəhrəmanlıqla uğrunda savaşıb yad ölkədən gətirdiyi, igidlikdə özünə yaraşan sevgilisini əlindən alır. Doğma oğlunu kor elətdirib,dünya işığına həsrət qoyur. Şah İsmayıl sevgilisinin dalınca getdiyi səfərdə Ərəb Zəngi adlı bir qəhrəman qadınla vuruşur. Bu obraz fikrimcə dastan mətnlərimizdə təsvir olunan ən bitkin qadın obrazıdır. O, ilk baxışdan qəhrəmanlığı və mərdliyi ilə nəzəri cəlb edir. Bir qədər keçəndən sonra isə obrazın ikinci plastı üzə çıxır. Sən demə o, kişilərdə vəfa görmədiyi üçün yol kəsənlik etməyə məcbur olmuş həssas bir qiyamçıdır. Hələ bu da son deyil. Bu obrazın üşüncü qatı da dastanda işlənib. Ərəb Zəngi Şah İsmayıla məğlub olandan sonra kin saxlamayıb ona yardım edir. Ancaq xeyirxah işlər görür. Bununla da gözümüzün qarşısında "epizodik" obrazdan "polifanik" obraza çevrilir. Dastan boyu Şah İsmayılın savaşda qalib gəldiyi obrazlar zaman keçəndən sonra ona kömək edirlər. Kor olandan sonra isə Şah İsmayıla sehrli qüvvələr yardım edib gözünü açırlar. Qalib gəlməsini təmin edirlər. Bu da dastan qəhrəmanının "seçilmiş" olduğuna işarədir. Və o zamana aid islam ehkamlarına uyğun qissə ovqatındadır. Sonda şahzadə atasına qalib gəlib taxt-taca sahib olur. Və yeni idarəçilik modelini siyasi arealda tətbiq edir. Bu idarəetmə sonralar real həyatda birinci şah İsmayılın timsalında təkrar olunacaq. Bununla da dastanların xalqın taleyində olması həqiqətini bizə sübüt edəcək. Bu dastan həm də sevgi dastanıdır. Təsadüfü deyil ki, Müslüm Maqomayev bu dastanın əsasında Şah İsmayıl operasını yazıb. Cənglərin, ideoljilərin tüğyan etdiyi bir realıqda sevgisi ilə tarixə düşmüş üçüncü Şah İsmayıl kimdir sualı fikrimcə bu gün də aktualdır. Mən bu dastan qəhrımanını birinci Şah İsmayıla tən elədim.Bu fikir mənim subyektiv fikrimdir. Bu səbəbdən də məsələ açıqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!