Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi 5 ildə - Nikpur Cabbarlı

Məlumdur ki, sovet dövründə mövcud olmuş ideoloji-siyasi yasaqlar Azərbaycan siyasi mühacirətinin zəngin ədəbi-elmi irsini araşdırmağa imkan verməmiş, bu irslə nəinki kütləvi oxucu, heç Azərbaycan ədəbiyyatı tarixi problemləri ilə məşğul olan mütəxəssislərin mütləq əksəriyyəti də tanış ola bilməmişdir.

1991-ci il aprelin 1-dən 6-dək Azərbaycan EA (indiki Azərbaycan MEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin, "Vətən" Cəmiyyətinin, Azərbaycan Milli Yaradıcılıq Qurumunun və Ankaradakı Azərbaycan Kültür Dərnəyinin Bakıda birgə təşkil etdikləri "Azərbaycan mühacirət ədəbiyyatı" Beynəlxalq elmi simpoziumu bu istiqamətdə araşdırmalara müəyyən təkan verdi. Simpoziumda Azərbaycan mühacirət ədəbiyyatının və ədəbi-elmi fikrinin bir sıra görkəmli nümayəndələrinin yaradıcılığı ilə bağlı məruzələr oxundu, müzakirələr keçirildi. Əsasən tanıtma xarakteri daşıyan həmin məruzələr ədəbi-elmi ictimaiyyətin diqqətinin bu mövzuya yönəldilməsi, sözügedən istiqamətdə araşdırmaların aktuallığının və zəruriliyinin əsaslandırılması baxımından dövrü üçün olduqca əhəmiyyətli idi.

Simpoziumdan bir neçə ay sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası humanitar və ictimai elmlər qarşısında yeni inkişaf perspektivləri açmış, sovet dövründə ideoloji-siyasi mülahizələrlə yasaq olunmuş bir sıra mövzuların obyektiv araşdırılması üçün münbit şərait yaratmışdır. Nəticədə Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri və tədqiqi istiqamətində bir sıra diqqətəlayiq işlər görülmüşdür. Biz həmin işlərin böyük əksəriyyətindən müxtəlif məqalə və monoqrafiyalarımızda ətraflı bəhs etdiyimizdən, burada üzərində dayanmırıq.

Lakin Azərbaycan mühacirət ədəbiyyatının nəşri, araşdırılması və təbliği yönündə indiyədək görülən işlərin istər miqyası, istərsə də sürəti hələ ki, qənaətbəxş sayıla bilməz. Bu sahədə görüləsi işlər yetərincədir. Məhz bu zərurət Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin yaradılmasını şərtləndirmişdir. Şöbə 2013-cü il iyulun 16-dan müvəqqəti struktur vahidi kimi fəaliyyətə başlamış, Azərbaycan MEA Rəyasət Heyətinin 17 noyabr 2013-cü il tarixli qərarı ilə daimi struktur vahidinə çevrilmişdir. Şöbənin qarşısında duran əsas vəzifə mühacirət ədəbiyyatımızın sistemli şəkildə toplanılmasının davam etdirilməsindən və həmin zəngin ədəbi-elmi irsin nəşr və tədqiq edilərək Azərbaycan xalqına çatdırılmasından ibarətdir.

Beş il tarix üçün bir andır. Bəlkə də, anın ondabiridir, bəlkə də, yüzdəbiri. Bu müddət ərzində şöbə təşkilatlanma mərhələsinin obyektiv çətinliklərini dəf edə-edə mühacirət ədəbiyyatımızın toplanılması, nəşri, tədqiqi və təbliği yönündə bir sıra diqqətəlayiq uğurlar qazanıb.

Beşillik fəaliyyəti dövründə şöbə əməkdaşlarının 3 kitabı (Nikpur Cabbarlının "Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri" (Bakı: Təhsil, 2014), "Azərbaycan mühacirət poeziyası" (Bakı: Elm və təhsil, 2014), "Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" (Bakı: Elm və təhsil, 2015) monoqrafiyaları), 200-dən artıq elmi və elmi-publisistik məqaləsi (o cümlədən xarici elmi jurnallarda 7 məqalə) çapdan çıxıb.

Azərbaycan Respublikası Prezidentinin uyğun sərəncamlarına əsasən, Məhəmməd Əmin Rəsulzadənin 130, Əli bəy Hüseynzadənin 150 və Ceyhun Hacıbəylinin 125 illik yubileyləri ilə əlaqədar olaraq, bir sıra elmi və elmi-təşkilati tədbirlər həyata keçirilmişdir.

2016-cı il oktyabrın 10-11-də şöbənin təşkilatçılığı ilə keçirilmiş "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr" mövzusunda II Beynəlxalq elmi konfrans da milli mühacirətşünaslığımızın son illərdəki diqqətəlayiq uğurlarındandır. 1991-ci ildə Bakıda keçirilmiş ilk simpoziumdan  25 il sonra baş tutan bu tədbir, eyni zamanda, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən tədbirlər silsiləsinin tərkib hissəsi kimi düşünülmüşdü. Beynəlxalq standartlar səviyyəsində keçirilən II konfransa Azərbaycandan 21, Türkiyədən isə     4 iştirakçı qatılmışdır. Plenar iclasdan sonra 3 bölmədə davam edən konfransda Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri, tədqiqi, təbliği və tədrisi ilə bağlı aktual problemlərə həsr olunmuş məruzələr dinlənilmiş, səmərəli müzakirələr olmuşdur. Konfransın ikinci günü "Azərbaycan  mühacirət  ədəbiyyatı  kitabxanası" kitablar seriyasının  "Məhəmməd Əmin  Rəsulzadə" cildinin təqdimat mərasimi də keçirilmişdir.

Heç şübhəsiz, sözügedən konfransın Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi perspektivləri baxımından əhəmiyyəti böyük olacaqdır. Belə ki, konfransda müstəqillik illərində bu istiqamətdə görülmüş işlər təhlil edilmiş, sahənin uğurları və problemləri təsbit olunmuş, qarşıda duran vəzifələr dəqiqləşdirilmişdir.

Mühacirətşünaslığın ədəbiyyat tarixçiliyi yönünün inkişaf etdirilməsi, Azərbaycan mühacirət ədəbiyyatının ayrı-ayrı görkəmli nümayəndələrinin həyat və yaradıcılıq yolunu dolğun əks etdirən portret-monoqrafiyaların hazırlanması qarşımızda duran başlıca vəzifələrdəndir. Artıq şöbənin aparıcı elmi işçisi, fil.f.d. Abid Tahirlinin  "Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu" portret-monoqrafiyası çapa təqdim olunub. Digər aparıcı elmi işçi, fil.f.d., dos. Şahbaz Musayev "Əhməd Ağaoğlunun həyat və yaradıcılıq yolu" monoqrafiyası üzərində çalışır. Həmin monoqrafiyanın görkəmli ədib və mütəfəkkirin 2019-cu ildə qeyd ediləcək 150 illik yubileyi münasibətilə çapı planlaşdırılır. Yaxın illərdə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Abay Dağlı barədə də bu tipli monoqrafiyaların yazılması planlaşdırılır.

Bundan başqa, həyatı və yaradıcılığının böyük bir dövrü mühacirətlə bağlı olan Əli bəy Hüseynzadəyə həsr olunmuş "Böyük ədib və mütəfəkkir" məqalələr toplusunun hazırlanıb nəşr edilməsi də Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin həyata keçirdiyi əhəmiyyətli layihələrdəndir.

Cari ildə şöbədə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin   100 illik yubileyi haqqında" 16 may 2017-ci il və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında" 10 yanvar 2018-ci il tarixli və "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 18 yanvar 2018-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar olaraq, şöbədə bir sıra işlər (məqalə çapı, beynəlxalq elmi konfransda məruzə, kitab təqdimatı və s.) yerinə yetirilmişdir.

Çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi"nin VII cildi üçün "Azərbaycan mühacirət ədəbiyyatı" fəslinin hazırlanması isə şöbənin təxirəsalınmaz vəzifəsidir. Hazırda həmin fəslin icmal və portret-oçerkləri üzərində intensiv iş gedir. Bununla belə,     VII cildin "Azərbaycan mühacirət ədəbiyyatı" fəslinin yazılması bəzi obyektiv çətinliklərlə müşayiət olunur. Bu, ilk növbədə, sözügedən ədəbiyyatın indiyədək dolğun elmi təsvirinin verilməməsi ilə bağlıdır. Əgər çoxcildliyin əvvəlki cildləri üçün icmal və portret-oçerk yazanların sərəncamında onlarla monoqrafiya və dissertasiya, yüzlərlə məqalə, zəngin arxiv fondları, dəfələrlə çap olunmuş bədii mətnlər varsa, "Azərbaycan mühacirət ədəbiyyatı" fəslinin müəllifləri bu "cah-calal"dan məhrumdurlar. Fəslin icmal oçerkləri bütünlüklə, portret-oçerklərin isə böyük əksəriyyəti həmin müəlliflərin özlərinin apardıqları ilkin araşdırmalar əsasında yazılır.

Digər tərəfdən, bir çox mühacir sənətkarlarımızın şəxsi arxivlərinin ya ümumiyyətlə, ya da lazımi səviyyədə mühafizə edilməməsi onların həyat və yaradıcılıq yolunun dolğun işıqlandırılmasında, qeyri-mətbu əsərlərinin elmi dövriyyəyə gətirilməsində çətinlik yaradır.

Bütün bu və ya başqa çətinliklərə rəğmən, "Azərbaycan ədəbiyyatı tarixi"nin VII cildinin "Azərbaycan mühacirət ədəbiyyatı" fəslinin mühacirətşünaslığımızın ədəbiyyat tarixçiliyi yönünün inkişafında əhəmiyyətli addım olacağı və yaxın gələcəkdə nəşri nəzərdə tutulan 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin mühacirət ədəbiyyatına həsr olunacaq xüsusi - IX cildi üçün etibarlı bünövrə təşkil edəcəyi şəksizdir.

***

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun   2015-ci ildə elan edilmiş əsas qrant müsabiqəsinə şöbə əməkdaşlarının təqdim etdikləri "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, inkişaf mərhələləri və problemləri" mövzusunda kompleks elmi tədqiqat layihəsi 2016-cı ilin oktyabrında qalib elan olunmuş və onun icrasına 2017-ci il aprelin 1-dən başlanılmışdır. Layihə çərçivəsində Azərbaycan mühacirət ədəbiyyatının müxtəlif janrlarına (poeziya, nəsr, dramaturgiya, publisistika, ədəbiyyatşünaslıq) və nəzəri problemlərinə dair araşdırmalar aparılmaqdadır. Həmin araşdırmaların nəticəsi kimi 20 məqalə hazırlanmışdır. Həmin məqalələrdən 15-i artıq çapdan çıxmış, digərləri isə nüfuzlu elmi jurnallarda çap ərəfəsindədir.

Layihənin rəhbəri fil.e.d., dos. Nikpur Cabbarlı 2017-ci il oktyabrın 19-dan 28-dək Türkiyə Respublikasının Ankara şəhərində, 2018-ci il mayın 7-dən 16-dək isə İzmirdə elmi ezamiyyətdə olmuş, Azərbaycan mühacirət ədəbiyyatının bir sıra qeyri-mətbu örnəklərini, mühacir yazarlarımızın həyat və fəaliyyətinə dair bəzi sənədləri əldə edərək Bakıya gətirmişdir. Layihənin icraçısı fil.f.d. Abid Tahirlinin 2018-ci il aprelin 1-dən 7-dək İstanbula elmi ezamiyyəti də mövzunun araşdırılması baxımından əhəmiyyətli olmuşdur.

Layihə üzrə araşdırmaların yekunu kimi kollektiv müəllifliklə monoqrafiyanın nəşri planlaşdırılır.

***

Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi sahəsində işlərin intensivliyinə mane olan başlıca səbəblərdən biri, bəlkə də, birincisi bu ədəbiyyatın mətnlərinin böyük əksəriyyətinin biblioqrafik nadirəyə çevrilməsi, bir qisminin isə avtoqraf və əlyazması halında, qeyri-mətbu statusda diqqətdən kənarda qalmasıdır. Dünyanın müxtəlif kitabxana və arxivlərində (o cümlədən şəxsi) mühafizə edilən yüzlərlə kitab, qəzet və dərginin səhifələrinə səpələnmiş həmin mətnləri əldə etmək araşdırmaçılar üçün heç də asan deyildir. Bu problemi əhəmiyyətli dərəcədə çözmək məqsədilə Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından silsilə kitabların nəşrinə başlamışdır. Bu seriya institutun vəsatətinə əsasən, Azərbaycan MEA Rəyasət Heyətinin 21 aprel 2010-cu il tarixli 10/16 №-li qərarı ilə təsis edilmiş, nəşrin Beynəlxalq Redaksiya Heyəti təsdiq olunmuşdur. Lakin bir sıra obyektiv və subyektiv məqamlar uzun müddət sözügedən seriyanın nəşri istiqamətində əməli addımlar atılmasına imkan verməmişdir. Yalnız institutda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin fəaliyyətə başlaması ilə XX əsr ədəbiyyatımızın bu zəngin qolunun tədqiqi və nəşrə hazırlanması yönündə işlər geniş vüsət almışdır.

Azərbaycan MEA Rəyasət Heyətinin 11 dekabr 2013-cü il tarixli 24/7 №-li qərarı ilə "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının nüfuzunun yüksəldilməsi, akademik bazalarda təmsilçiliyi və beynəlxalq elmi ictimaiyyətə tanıdılması məqsədilə, eləcə də iki üzvünün vəfatı ilə əlaqədar olaraq, nəşrin Redaksiya Heyəti yeni tərkibdə təsdiq edilmişdir.

Seriyanın ilkin olaraq 25 cilddə nəşri planlaşdırılır. Cildlərin əsasını Azərbaycan, Türkiyə, Almaniya, Fransa və Polşanın müxtəlif kitabxana və arxivlərindən, şəxsi fondlardan toplanmış mətbu və qeyri-mətbu əsərlər təşkil edəcəkdir. Bu əsərlərin böyük əksəriyyəti ilə Azərbaycanın geniş oxucu kütləsi ilk dəfə tanış olacaqdır. Artıq həmin seriyadan 2 kitab -  M.Ə.Rəsulzadə. "Mühacirət dövrü ədəbi elmi irsindən seçmələr" və Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri" işıq üzü görmüşdür. Sahə mütəxəssisləri, mühacirət problemi ilə maraqlananlar bu cildləri rəğbətlə qarşılamışlar. Yaxın illərdə bu seriyadan Mirzə Bala Məhəmmədzadə, Abay Dağlı, Məhəmməd Sadıq Aran, Teymur Atəşli, Alazan Baycan, Süleyman Təkinər və b. mühacir yazarların ədəbi-elmi irsini əhatə edən növbəti cildlərin çapı planlaşdırılır.

İnanırıq ki, sözügedən seriyada nəşr ediləcək kitablar ədəbi-elmi ictimaiyyətin rəğbətini qazanacaq, ölkəmizdə mühacirət irsinə marağı artıracaq, milli mühacirətşünaslığın inkişafında əhəmiyyətli rol oynayacaqdır.

Adətən, deyirlər ki, ədəbiyyat insanşünaslıqdır. Təbii, bu, doğrudan da, belədir. Azərbaycan mühacirət ədəbiyyatı da insanın ən əsas hüququnu - yaşamaq, özü də azad və müstəqil dövlətin vətəndaşı olaraq yaşamaq hüququnu təsbit edir. "İnsanlara hürriyyət, millətlərə istiqlal" kəlamı bu ədəbiyyatın ideya-siyasi yönünü müəyyən edir. Bu gün şöbəmizin fəaliyyətə başlamasının beş illiyini qeyd edərkən biz həmin ədəbiyyatın yaradıcılarının əziz xatirəsini bir daha anır, onların qərib ruhlarının şad olmasını Aləmlərin Rəbbindən diləyir, mühacirətşünas həmkarlarımıza və bütün qələm dostlarımıza isə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Bir kərə yüksələn bayraq bir daha enməz!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!