Rənglər silsiləsindən üçüncü yazı
Görəsən, faciə nə rəngdədir?
***
Edmank Munk "Fəryad" əsərini yaradarkən qarşılaşdığı və qarşısında donub qaldığı qırmızılığın gözlərinə dəyib qayıtmadığını, zehnə, düşüncəyə. Kim bilir nə proseslərin bir-birinə dolaşdığı yerə gedib çıxdığını düşünürəm... Görəsən, Munkun o qırmızılıq qarşısında dayanıb söykəndiyi məhəccərin hiss edilməməzliyinin rəngi nəymiş?
***
Azər Turan deyiləndə üç şəxsi xatırlayıram - Əli bəy Hüseynzadə, Hüseyn Cavid və Alp Ər Tonqa. Elnarə Akimova "XX əsr- Fəryadın Metafizikası" əsərinə yazdığı ön sözdə Azər bəyi "...ruh və mənəviyyat etibarilə məqalələrində dönə-dönə adı keçən böyük insanların əqidə və inam daşıyıcısı" adlandırır. Mənsə, çoxdandır soruşmaq istəyirəm, bu görünməyən, bilinməyən, dağdan-düzəngahdan keçən, bir əli ulu şamanlara, bir əli dərviş şairlərin dərin su kimi səssiz şeirlərinə uzanan yolçuluğun üfüqlərində ürəkdə doğub ürəyə çat salan tərpənişlərin qarşısında başımızı qaldırıb səmaya boylansaq əlimizi hansı rəngə uzatmalıyıq?
Əli bəy Hüseynzadə "mavi, qırmızı, yaşıl" demişdi - Ölkə!
Bizim bir də "Şeir" adlı vətənimiz var. "İynəboyu şeirləriylə" Azərbaycan poeziyasının nankor küncündə əzəmətini qoruyub saxlayan Faiqə ünvanlanmış iynə ucu boyda sözlərlə səmamızı rənglərdən təmizləyib sözləşdiririk, misralayırıq...
Ardıyca Cənab Şəhabəddinin şeir gözəlliyindən ayrılar-ayrılmaz Anna Axmatovanın cəsarətli, faciəli şair həyatıyla üzləşirik. Türk şeirinə köklənmiş düşüncəmiz birdəncə sükuta dalır... Həqiqətənmi Rusiyada poeziya fəsli Anna Axmatovayla bitdi? Bəs niyə biz hardan gəliriksə gələk, şeirin "tramvayından" enmirik, Anna Axmatovanın küknar yaşılı ölümsüzlüyünü rus poeziyasının bitib, modern Avropa şeirinin Azərbaycan poeziyasına məhz Əli bəy Hüseynzadənin açdığı-araladığı qapıdan, modernizmin alt yapısından minillik divanlarımızın arasına necə sızdığına baxırıq...
"Şeir çoxluğundan" da ölmək olarmış... Bəlkə, şairin əriyib, yox olub, şeirə çevrilib əbədiyaşarlıq əldə etməsi məhz həmin misradakı sirrin içində gizlənib?
Şeirinsə ölkəsi yoxdur, yoxdursa bayrağı da yoxdur... Bəs görəsən Munkun "qışqıran adamı" "Kıbrıs" şeirində hansı rəngdə səslənir?.. Bəs Hadinin "Əlvahi-intibah"ı?..
Şeirin içində bir Vətən var, bayrağı sevgidən yana, həyatdan yana, fanilikdən yana, fəryaddan yana...
Azər müəllim, bu gün fəryadımız nə rəngdədir?.. Şər çiçəklərinin qan qırmızısının çıxarılmış gözlərin kökündə dayanan fəryadımızın...
***
Nitsşe "Allah öldü, onu biz öldürdük" - dedi...
Deyəsən Azər Turan Nitsşeni sevir...
Ölümün dərkedilməzliyi içində hər şeyin düyün nöqtəsiymiş kimi bir yansıması duyulur. Son deyil, lakin başlanğıc da deyil. Orta mənzil? Niyə məhz mənzil? İnsan dayanır. Durur, nəfəsini dərir... Görəsən, o anda ruh geri çevrilib keçib gəldiyi yola boylanırmı? Boylanırsa nə düşünür? Salındığı qəfəsin barmaqlıqları asta-asta çürüyüb töküldükdə ruh, artıq o qəfəsdən çox uzaqlarda yolçuluğa başlayır...
Nəhəng Yəhya Kamal Bayatlı və onun son nəfəsi... Səssiz gəminin kainatın havasını yarıb keçən qanadlarından maviliyin ləpələndiyi görünür... Göyərtəsinin bir küncündə ad-ad deyil, say-say ölüm sadalanır: "Kıbrıs" - Sürəyya Berfe... Bir yandan da "bir qəribə şair", Orxan Vəli - İstanbulun ola bilməyən Orxan Vəli... Türklərin bu gün nisgilli olduğu İstanbul...
Nazim Hikmət, "Başqasının olarsa, yıxılmalı İstanbul" - demişdi... Qəribə deyilmi?..
***
Bir də Edib Cansevər var... Şeirin hökmdarı, amma hökm etməz, sözün sehrbazı, tilsimləməyə çalışmadan sözləri sehrə çevirər, misra-misra məhv edər, misra-misra canımızdan edər bizi... "Nə kadar konuşursaq, o kadar bir sessizlik olur, Adımızı sorarız birinə, o bizə adını söylər". Bu qədər heyrətamiz ruhi yüksəlişdə olan, adamı götürüb yerə çırpan, oyanmağa, şeirin dərinliyindən gözlərini yummağa təhrik edən şair üçün "bədbin, pessimist" deyilməsiylə razılaşmaqmı, razılaşmamaqmı...
"Laləlidən dünyaya gedən tramvay" kimləri bütövlüyün içindən keçirib yoxluqdan-yoxluğa aparardı... "Her seferində başqa yoldan çıkılır nirvanaya" dedirdən ruhun bugünkü yoxluğunu anlamağa, duymağa çalışıram. Qarşısında baş da əydik, bəs onu kimlər üçün yazdı Cəmal Süreyya, oxunmaması üçünmü...
Soruşuram...
Yoxluğun qan-qırmızı rənginin üstünə "Fəryad"-da olmayan bir rəng sıçrayır - yaşıl...
Rza Nur, Nihal Atsız, Zəki Vəli Toğan, Rıza Tevfiq... - getdilər, ruhları səssiz gəmidə, bədənləri dünya torpağında. Dünya torpağı Yaşılın öyüdür, Azər müəllim bilməzmi?.. Bunun üçün bizə şeiri - torpağı nişan verir...
***
Azər Turan tarixçi deyil... "Hardandı türkün tarixinə bu sevgi"- deyə soruşmayacağam... Kitabın bir bölümündən Fuad Köprülü boylanır. Babası 250 il əvvəl, yazıb- oxuması olmadan sədr-əzəm, baş nazir təyin edilən Köprülü 23 yaşında professor adı almışdı. Hüququ öyrənməkdən imtina edərək ədəbiyyatçı və tarixçi olmuşdu, türk dərvişliyini öyrənmiş, Əhməd Yasəvini, Yunus Əmrəni türk ədəbiyyatına qazandırmışdı... Köprülünü susmaq olarmı...
Bəs Zəki Vəlidi Toğanı? 21 yaşında, 1911-ci ildə "Türk və Tatar tarixi" əsərini yazan adam. Stalin onun Türkiyədə hakimiyyətə gələcəyindən narahatlıq keçirirmiş...
Əhməd Ağaoğlu... Yusuf Akçura... Çingiz Dağçı...
Budur O - yenə torpaq...
***
"Türk dilini sevin, onların hakimiyyəti uzun çəkəcək" deyimi, fikri Əlişir Nəvainin dövründə "Türk dili dövlət dilidir" iddiasınacan gedib çıxır... Təsadüfi deyil ki, çar hökuməti türk dilini "ədəbi dil deyil" iddiasıyla qadağan etmək istədiyi bir zamanda qarşısında sübut olaraq cağatay Əlişir Nəvainin əsərləri qoyulurdu. Lakin deyəsən bu dərd heç zaman səngimədi. Bir yerdə bir nisgil keçir, bomboz - "sözləri hecalara bölüb türk kökü axtaran" mütəxəssislərimiz bir çox yazılı abidənin, faktın, izin, "tarixə daxil olunan" miflərin üstündən sükutla ötmüşlər... Bakıda keçirilən birinci türkoloji qurultaydan sonra aydınların sözün əsl mənasında 37-ci illər qırğını başlandı... Millətin, xalqın, dilin, nəhəng kökün qol-budağı qırılmış, yandırılmış, əvəzində, necə deyərlər, odunu söndürüb başımıza ələnəcək küllə qaldıq...
Kül - yenə bomboz...
Min il olacaq az qala, Mahmud Kaşqarlı kimliyimizlə aramıza kök atmış səddin o üzündə, ömrünün ağsaqqal yaşında "Divanü-lüğət-it-türk"ü yazır... Minilliyin o üzündən gəlir, gəlir, keçən əsrin əvvəllərində dilimizə uyğunlaşdırılır... Bunu boynuna götürən Xalid Səid Xocayev güllələnir.
Oxuyuruq, bu yazı əslində Xalid Səid əfəndi barədə yazılmış kitabın qısa gəzişmələridir... Məhv edilən daha bir dəyər, yoxa çıxan "Divanü-lüğət-it-türk"... İtirilmiş tərcümə, tapılmayan əlyazma... İtki - bom-boz... Qəddarlığın üzü bozdur...
Bəzənsə ümid işıldayır... Tək-tək məhv ediləcək dəyərlər... Bir gecədə sahibsiz qalan evlər küçəsi... Hamını aparırlar, yerində heç kim qalır...
"Ən yaxşılar məhv edildi, ortabablar sürgündədir, qalan qara camaatdır və mən onları təmsil edirəm"... Çuvaş Petrovun hələ keçən əsrin əvvəllərində səsləndirdiyi tək bir cümlə... Zərbə, cəsarətin son akkordları... Acınacaqlıdır... Çox güman, böyük Türk ulusunun, Göy Türklərin, ölümünü suda qarşılamağa çan atan Əfrasiyabın, Nuhdan doğma Alp Ər Tonqanın gəlib keçdiyi bütün torpaqlarda bu sözlər gizli-aşkar dəfələrlə səslənmişdir... Böyük təəssüf... Boz... boz... boz...
***
Gedirik, gedirik, gedirik... - Nəhayət, söhbətimizin bu yerində dərindən nəfəs alıb, kədərli də olsa, Rəsulzadənin "Əsrimizin Səyavuşu" deyib anlatdığı Azərbaycan mövzusuna gəlib çıxırıq... İnsan, "hardan-hara?" - deməyə bilmir. Çox qəribədir, fikrin dərinliyində Firdovsiyə qarşı çıxmanın, ona qarşı duyulan hissin milli qısqanclıqdan doğmadığına həmişə bir əminlik vardı. Bu şüuraltı etirazın bir səbəbi olmamış deyil. Əfrasiyabın, Tomrisin nəhəng ruhu qarşısında qəzəbini "Şahnamə"ylə büruzə verən minillik qisas... Necə gözəl deyib Azər Turan, Rəsulzadənin Firdovsidən təsirlənərək yazdığı "Əsrimizin Səyavuşu" bizi həm də necə gözükölgəli, diligödək edir... Milli qürurumuza "xal" salmış, tarixi yoxdan var edənlərin kandarına səpilmiş "şər" toxumları kök atdıqca atmış, zoğladıqca zoğlamış, bar verdikcə də vermiş...
Nə etməli?
Amma bu sual qarşısında aydın çıxış yolu var: Azərbaycan gəncliyi Alp Ər Tonqanı-Əfrasiyabı tanımalıdır...
***
"Mənim dinim başqadır" demişdi dərin türkdən gələn o qız... O qızın ölkəsində, o qızın budağında, o qızın yuvasında Qədir ağaclarının küknar iyi var...
Yenə ora qayıdırıq - Yaşıla...
Sarını Göyə qatarlarmış, Yaşıl alınarmış...
Günəşi Suya qatmış Tanrı - Həyat alınmış...
Qışqıran Adamın gözləri qarşısında qürubun qırmızı rənginə göz yummaq olmasa da, Munk tablosunda yaşıl rəngdən əsər-əlamət tapılmasa da... o da öz əsərini dərin bir ehtiyacla sözlərlə ifadə edərkən məhz şeirə əl uzadır- Yaşıla...
Amma nigaranıq...
Görəsən Azər Turanın nigaranlığı nə rəngdədir...
Ədəbiyyatımızdan tariximizəcən, mifimizdən dastanımızacan, Qız qalamızdan Troyamızacan.... İtirilmiş "Divanü-lüğət-it-türk"ümüzün, yandırılmış İsgəndəriyyəmizin, fəryadı... Son yazıda dayanırıq - "Oğul atanın sirridir"...
Qoy Azər Turanın sirrinin rəngi də sirr qalsın... Qoy 55 yaşın o üzündə başlayan yolçuluq nigaranlıq içində davam etsə də etsin. Bu bir taledir...
Yamyaşıl, bir kitaba sığdırılmağa çalışılmış minillik ölümsüz tale...
Qəzanız mübarək, Azər Turan, bitməyən yolçuluqlara...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!