"Köhnə kişilər" silsiləsindən
1982-ci ildə müasirlərinin "canlı ensiklopediya" adlandırdıqları Qulam Məmmədlinin 85 yaşı tamam oldu və mənə "Azərbaycan" jurnalından belə bir tapşırıq verildi ki, Qulam müəllimlə bir müsahibə aparım. Çox böyük həvəslə Qulam müəllimgilə yollandım. Fikirləşirdim ki, Azərbaycan mətbuatının bu böyük fədaisi ilə geniş, işıqlı bir otaqda görüşəcəyəm, onu dinləyəcək, əvvəlcədən hazırladığım sualların cavabını alacağam. Amma nə görsəm yaxşıdır? Darısqal bir otaq. Stolun üstu onlarla qəzet və jurnalla dolu. Amma bu, mənim sevincimi heçə endirmədi. Söhbətimiz tutdu... Qulam müəllim böyük bir həvəslə ta uşaqlığından o günə kimi həyatından, gördüyü işlərdən söz açdı.
Mən Qulam Məmmədlini o müsahibədən əvvəl, yəni şəxsən görüşməmişdən də XX əsr Azərbaycan mədəniyyəti tarixində ən unudulmaz şəxsiyyətlərdən biri, teatr və mətbuat tariximizin yorulmaz tədqiqatçısı, tanınmış mətnşünas, canlı ensiklopediya kimi tanıyırdım. Amma şəxsən özü ilə saat yarımlıq söhbətimdə mənə yən oldu ki, yüz eşitməkdənəsə, bir görmək daha yaxşıdır. Bu söhbətdən sonra Qulam Məmmədli 12 il də yaşadı. Bir neçə il də yaşasaydı, 100 yaşını görəcəkdi. Ömrünün son günlərini, aylarını dünya işığına həsrət yaşadı. Amma tərtib etdiyi neçə ədəbi salnaməyə ("Molla Nəsrəddin", "Hüseyn Ərəblinski", "Azərbaycan teatrının salnaməsi" - iki hissəli", "Üzeyir Hacıbəyov", "Cavid ömrü boyu", "Nəriman Nərimanov", "Abbas Mirzə Şərifzadə"), illərlə redaktoru olduğu qəzet-jurnal səhifələrinə, elm aləminə tapıb gətirdiyi son dərəcə nadir əlyazmalara, çap üzü görməyən onlarla sənətkarın külliyyatına, ədəbiyyatımızın, mətbuatımızın və teatrımızın müxtəlif problemlərinə həsr edilmiş yüzlərlə məqaləyə Qulam müəllimin ömründən işıq düşmüşdü. Bu işıq Azərbaycanın Füzuli təbli şairəsi Heyran xanımı xalqına tanıtdırmış, Mirzə Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Cahangir Zeynalov kimi qüdrətli sənətkarların ömür və sənət yollarını dolğunluğu ilə əks etdirmiş, yüzlərlə naməlum imzanın əsl müəllifinin kim olduğunu aydınlaşdırmış, Azərbaycan teatrının formalaşmasında böyük xidmətləri olan sənətkarların tərcümeyi-halını dəqiqliyi ilə əks etdirmiş, bir sözlə, tükənmək bilmədən şölələnmişdir.
O zaman oxucular, (elə mən özüm də) maraqlanırdılar ki, görəsən bu qədər işləri görən Qulam Məmmədli Akademiyanın müxbir üzvüdürmü, bəlkə elmlər doktorudur, yaxud elmlər namizədidir? Axı bu qədər araşdırıcılıq gərgin zehni əmək tələb edir. Yox, Qulam Məmmədli heç bir institut bitirməmişdi. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov yazırdı ki: "Hamısı bir yana, fövqəladə hal deyilmi ki, cibində nəinki universitet, yaxud institut diplomu, hətta orta məktəb attestatı da olmayan Qulam Məmmədli Azərbaycanın qabaqcıl ziyalılarından biri kimi çoxdan tanınmaqdadır. Təəccüblüdür: bizim əsrimizdə diplomsuz ziyalı, özü də görkəmlisindən…cəmi dörd il molla məktəbində oxuyasan, amma ən böyük ziyalı olasan".
Qulam Məmmədli universitet bitirməsə də, əsl həyat universiteti keçmiş, şəxsi mütaliədən, adi həvəs və maraqdan, ədəbiyyatımızın, mətbuatımızın, teatr tariximizin nüfuzlu araşdırcısına çevrilmiş, bir sözlə, az qala bütöv bir institutun öhdələyə biləcəyi işləri görmüşdü. O, Mirzə Cəlili, Ə.Haqverdiyevi, H.Cavidi, N.B.Vəzirovu, Ruhulla Axundovu, S.Mümtazı, Ü.Hacıbəyovu, Cabbarlını görmüş, onların bir çoxu ilə şəxsən dost olmuşdu.
Hansı mənəvi qüvvə idi, hansı qarşısıalınmaz ehtiras idi onu bu gərgin, son dərəcə məşəqqətli fil əməyinə sövq edən? Axı, Qulam müəllim öncə qeyd etdiyim kimi, heç bir mükafat, təltif gözləmirdi.Sovet dövlətindən aldığı nə olmuşdu? Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adı, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı, Axundov mükafatı laureatı, bir də "Əmək veteranı" medalı. Bunları isə o dövrdə Qulam müəllimin gördüyü işlərin heç yüzdə birini də görməyən onlarla adama asanlıqla bəxş eləyirdilər. Bəlkə, firavanlıq içində yaşayırdı? Yox, qələmiylə dolanırdı və darısqal bir otaqda ömür sürürdü, neçə yerə ərizə, şikayət yazmışdısa, qulaq asan olmamışdı ki, onun mənzil məsələsini həll etsinlər. Bəs hansı qüvvə idi?
Buna Qulam müəllimin öz sözləriylə cavab verək: "Məni bütün bu işlərə təhrik edən qüvvənin adı zəhmətdir. Mən burada heç bir sirr-zad görmürəm, yəni mən ömrümü sərf elədiyim bu işə ləzzət və zövq mənbəyi kimi baxmışam. Bilirəm ki, məndən çox, xalqa lazımdır. Elə olub ki, Moskvada, ya başqa bir şəhərdə kitabxanaya getmişəm, bir də ayılıb görmüşəm ki, kitabxanaçı əlini çiynimə vurur: "A yoldaş, hamı gedib, bircə siz qalmısınız".
Qulam müəllimin çox yaxın dostları olub, onlardan biri də mərhum professor Abbas Zamanov idi. Abbas müəllim məqalələrinin birində yazırdı: "Deyə bilərlər ki, faktları toplayıb bir-birinə calamaq çox da çətin iş deyildir. Yox, bu işin xüsusiyyətinə bələd olanlar bilirlər ki, salnamə elmi ədəbiyyatın ən çətin növüdür. Qulam bu salnamələri gərgin günlərin, yuxusuz gecələrin hesabına yaratmışdır. Bunun üçün o, Bakıda və Təbrizdə, Tbilisidə və Yerevanda, Moskvada və Leninqradda, Daşkənddə və Aşqabadda və bir çox başqa şəhərlərdə arxivlərin təkində uzun illər boyu axtarışlar aparmış, çalışıb-çapalamış, necə deyərlər, iynə ilə gor qazmalı olmuşdur".
Qulam müəllim deyirdi: "Mənim xoşbəxtliyim bundadır ki, bu işə - salnamə tərtibinə, mətbuat və teatr tarixiylə bağlı araşdırmalara gəncliyimdən başlamışam. Bir də baxıb görmüşəm ki, böyük qovluqlar yaranıb. İndi məni küçədə də yaxalayıb hər hansı bir ədəbi faktı, istənilən sənətkarın bir əsərinin tarixi, çapı, taleyi barədə soruşsalar, dərhal cavab verərəm. Mənim Məmmədəli Sidqi adlı bir dostum olub. Bütün ömrünü mətbuata həsr etmişdi. 1910-1911-ci illərdə "Molla Nəsrəddin" jurnalında Mirzə Cəlili redaktor kimi əvəz etmişdi. Cavid, Hacı İbrahim Qasımov, Hüseyn Minasazov kimi ədiblərlə yaxın olub. Amma Məmmədəli özüylə çox-çox açılmamış sirlər apardı, bu adam vaxtında xatirə yazsaydı, salnamələr yaratsaydı, nə qədər xeyirli iş görmüş olardı. Məmmədəli sinəsində dəryaları apardı".
Nə yaxşı ki, Qulam Məmmədli vaxtında bu işləri gördü. Elə bircə "Sizə kim lazımdır?" ədəbi-tarixi məlumat cədvəlini götürək, burada 40000 ədəbi mənbə vasitəsilə 2700 şəxsiyyətin adı çəkilirdi.
Xoşbəxtəm ki, tale məni 1982-ci ildə o darısqal otaqda yaşayan böyük şəxsiyyətlə görüşdürdü.
Onun dedikləri: "Nəslimiz Təbrizdəndir. Orada doğulmuşam. Məni Aşqabada 6 aylığımda bələkdə gətiriblər. Atam və anam adi adamlar idilər. 7 yaşından Molla Hüseynin "məktəbində" oxumuşam. Bir cümə axşamı atam məni çağırıb dedi: "Ay bala, bu əziz axşamda gətir "Quran"ı, bir şey oxu". Mən də "Quran"ı götürüb avazla oxumağa başladım. "Yasin vəl-Quran-ül hakim-ləmin əl seyyid-əl-mürsəlin". Atam "Ölmədim, bu günü də gördüm, yaxşı, bəsdi daha, səndən molla çıxmayacaq, mirzə olmayacaq, çörək qazanmaq lazımdır" - dedi. Mən də başladım çörək qazanmağa. Altı ay çəkməçi şagirdi oldum. Sonra usta Hüseynağanın dəmirçi dükanına gəldim. Mənim savadlanmaya, qəzetə gedən yolum da o dəmirçi dükanından başladı. Usta Hüseynağa və onun dəmirçi dostları pul yığıb Bakıdan göndərilən "Səda" qəzetini alıb oxuyurdular. Əlbəttə, ustalar savadsız idi, qəzeti onlar üçün mən oxuyurdum.
Bakıya 1923-cü ildə gəldim. Məni "Kommunist" qəzetinin Aşqabad müxbiri Yaqub Nəsirli gətirdi. Yaqub dedi ki, əvvəlcə gedək Mirzə Cəlilin yanına. O zaman Mirzə Cəlil "Molla Nəsrəddin"dən başqa, həm də "Yeni yol" qəzetinin redaktoru idi. Yaqubla Mirzə Cəlil söhbət edirdilər. Birdən Mirzə Cəlil dedi:
- Bu cavan kimdir?
- Mürəttibdir.
- Bura niyə gəlib?
- Özünə iş axtarmağa.
- Tapıbmı?
- Xeyr.
Mirzə Cəlil götürdü trubkanı, "Barışnya, dayte mne takoy nomer..", kiminləsə danışdı: - Mirzə Qədir, burada bir cavan oğlan var, göndərirəm sənin yanına. Ona bir iş ver". Mirzə Cəlilin köməyilə "Kommunist" mətbəəsində naborçu işlədim. Bir müddət keçdi, gördülər ki, təmiz yığıram, mənə ən ciddi materialları da etibar etdilər.
İyirminci illərdən üzü bəri bütün böyük sənətkarlarla bu və ya digər dərəcədə bağlılığım olub. Cəfər Cabbarlı ilə ən yaxın dost olmuşuq. Üzeyir bəylə də tez-tez görüşmüşük. Kazım Ziya, Rza Təhmasib, daha sonralar Rəsul Rza, Abbas Zamanov, Qılman İlkin ən yaxın dostlarım idi.
Cavid və Qulam Məmmədli
Deyirdi ki, böyük ədibimiz Hüseyn Cavidlə də görüşlərim olub. Mən sonralar Qulam müəllimin Cavid haqqında bir neçə xatirəsini oxudum. Qulam müəllim yazırdı ki, Cavidin pyesləri hələ Azərbaycan səhnəsində oynanmamışdan əvvəl 1918-ci ildə "Maral" ilk dəfə Krımda oynandı, "Şeyda" ilk dəfə 1919-cu ildə, sentyabrın 19-da Nəmənqanda özbək həvəskarları tərəfindən oynanıldı. Özbəklər yalnız "Şeyda" deyil, "İblis" və "Şeyx Sənan"ı da Daşkənd, Səmərqənd, Xocənd və digər şəhərlərdə nümayiş etdirmişlər. 1920-ci ildə Aşqabadda "Ərəblinsiki" adına truppa "Şeyda"nı tamaşaya qoydu. Bu pyes "5 nömrəli müsəlman truppası"nın repertuarına daxil olub, Zakaspi vilayətinin bir sıra şəhərlərində dəfələrlə oynanıldı, "Marselyoza" inqilabi mahnısı Azərbaycan səhnəsində ilk dəfə Cavidin "Şeyda"sında səsləndi.
Qulam müəllim yazırdı ki, Bakıda Cavidin əksər tamaşalarına baxmışam və günlərin bir günündə tərəddüd və ehtiyatla, sonra bir az yaxından salam verməklə tanış ola bildim. Bu tanışlıq getdikcə səmimi görüş və söhbətlərə, nəhayət, ya bizdə, ya da şairin evində - ailəvi şəraitdə davam edirdi. Yaxşı yadımdadır ki, bir dəfə o bizə gəlmişdi. Mənim şeiri sevdiyimi kitab şkafımdakı kitablardan başa düşmüşdü. Ona görə də mənə:
- Şeirlərindən birisini oxu, qulaq asım!-dedi.
- Cavid əfəndi, mən şeir yazmamışam! - dedim və bununla da ədəbiyyat barəsində "ətraflı müsahibəmiz" qurtardı.
Son görüşümüz 1937-ci ilin aprel ayında oldu, Opera və Balet Teatrında. O gün-o gecə Üzeyir bəyin şah əsəri "Koroğlu"nun ilk tamaşasıydı. Mən "Yeni yol" qəzetinin redaktoru idim. Zalda iynə salmağa yer yox idi. Çıraqlar söndürüldü. Üzeyir musiqisinin füsunkar notlarından varlığını unutmuş tamaşaçılar bir vaxt ayıldılar ki, birinci səhnənin pərdəsi bağlanır. Gözlər səhnədə həm artistlərə həm də lojada oturmuş Üzeyir bəy Hacıbəyova dikilmişdi. Mümkün olsaydı bu alqış səsləri saatlarla davam edərdi.
Mən Cavid əfəndiyə yaxınlaşdım. - Cavid əfəndi, mümkünsə bu tamaşa haqqında rəyinizi bildirin, - məmnuniyyətlə! - dedi. Qələmini çıxarıb bu sözləri yazdı: "Koroğlu" operası Azərbaycanın opera aləmində öz inqilabi coşqunluğu ilə, bədii yeniliyilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır".
Bu, Cavid əfəndiylə son görüşümüz oldu.
O zaman fəhlə müxbirləri tez-tez irəli çəkirdilər. 1929-cu ildə məni "Kommunist" qəzeti redaksiyasına ədəbi işçi götürdülər. Az sonra yaxşı işlədiyimi görüb əməkçi məktublar şöbəsinin müdiri, sonra isə məsul katibliyə irəli çəkdilər. Bir gün MK katibi Ruhulla Axundov məni çağırıb dedi: "Qulam, sən vicdanlı, təmiz adamsan. Biz səni "Kəndli" qəzetinə redaktor vermək istəyirik. Düzdür, qəzet Sultan Məcid Əfəndiyevin (Azərbaycan SSR MİK sədri - V.Y.) redaktorluğu ilə çıxır, amma onun adı formaldır, qəzeti sən idarə edəcəksən. İki il həmin qəzetdə redaktor müavini oldum. Doğrusu, kənd təsərrüfatı məsələlərindən o qədər də başım çıxmırdı. Amma qəzetdə işləyən əməkdaşlar mənə kömək edirdilər. Qəzet ancaq təsərrüfat məsələlərini deyil, mədəniyyət məsələlərini də işıqlandırırdı. Maksim Qorki ilə də məktublaşmam elə bu qəzetdən başladı. Qorki bizi el ədəbiyyatı nümunələri toplamağa, folkloru təbliğ etməyə ruhlandırırdı. Qəzetin hər nömrəsində bizə göndərilən el ədəbiyyatı nümunələrini çap etməyə başladıq. İki ildən sonra Sultan Məcid Əfəndiyev məni öz kabinetinə çağırdı: "Sabahdan qəzetin sonunda mənim yox, öz adını redaktor yazarsan, bu, MK-nın göstərişidir" - dedi.
1941-1946-cı illərdə Sovet Ordusu sıralarında Təbrizdə olmuşam, müəyyən fasilələrlə "Vətən yolu" qəzetində əməkdaşlıq etmişəm. Fədainin "Bəxtiyarnamə"sini, Heyran xanımın külliyyatını, Möcüzün əsərlərini ilk dəfə elm aləminə mən təqdim etmişəm. Təbrizdə Hacıməmməd Naxçıvani adlı bir ədəbiyyat vurğunu vardı. Onun nadir kitabxanasında Heyran xanımın yeganə əlyazmasını görəndə elə bil dünyanı mənə bağışladılar".
Söhbətimiz zamanı Qulam müəllim deyirdi ki, mən elə gecələr olur sübhəcən işləyirəm. Uşaqlıqdan zəhmət çəkməyi, gördüyüm işlərdən fərəh duymağı adət eləmişəm.
Bəlkə də unutdum: Qulam Məmmədli bir müddət "Kirpi" satirik jurnalının da redaktoru olub.
Qulam Məmmədli indi bizim hörmətlə yad etdiyimiz "köhnə kişilər"dən idi. Heyif, onların sayı azaldı, amma bizim nəsillərə nümunə oldular.
Bu yazını başa çatdıranda bir nigaran sual dolaşdı beynimdə: "Görəsən, Qulam Məmmədlinin vəfatından sonra onun arxivi araşdırılıbmı?".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!