Zahid Sarıtorpağın yeni romanı - "Quşların intiharına ağlamayın" - Elnarə AKİMOVA yazır - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Qəhrəmanı qadın olan əsərləri oxumağı sevirəm. Müəllifin hansı cinsdən olmasının önəmi yoxdur. Əsas olan qadının iç nəzərlərindən açılıb təhlilə cəlb olunmasıdır. Bizdə bu kontekstdə yazılan mətnlər azdır. Xüsusilə, yeni dövr qadınının obrazını yaratmaq cəhdləri şeirimizdən fərqli olaraq nəsrdə o qədər də funksional deyil. Çağın yenilənməsinə uyğun, dəyişən, yeni qadın qəhrəmanın prozaya adlamasının vacibliyini yazılarımda sırası gəldikcə vurğulayıram. Zahid Sarıtorpağın "Quşların intiharına ağlamayın" romanı  ehtiva etdiyi yeni nəsr elementlərinin təcəssümü ilə bərabər, həm də qadın obrazının yeni nəzərlərdən dərki, bədii mətnə gətirilməsi baxımından diqqət çəkir. Qaraqız nəsrimiz üçün atipik obrazdır.

Romanın təhlilinə keçməzdən öncə artıq uzun illərdir ədəbiyyatımızda aparıcı olan pessimist, dekadans ovqat üzərinə bəzi qeydlər etmək istəyirəm. Milli müstəqillik dövrü bizim nəsr və poeziyamıza çöküş əhvalının bədii təzahür şəkli kimi gəldi. Bunun səbəbləri haqda çox danışmağa lüzum yoxdur. Zamanın portretinin təhlükədə olduğu bir dövrdür, hələ üstəlik, milli insanın torpaq ağrısından tutmuş sosial-psixoloji acılarına qədər çox məqamı içinə alır. Qeyd edim ki, bizdə dekadans çalarlar əsasən poeziya üçün daha xarakterik oldu, nəsrdə bu, o qədər də hiss olunmadı. Çünki nəsr poeziyadan fərqli olaraq gerçəklərin təsvirinə o qədər də köklənmədi. Poeziyada postmodernist təmayülün şərtlərindən irəli gələn gerçəkliyin boz, boyasız təsviri önə çıxdısa, nəsrdə simvolikaya meyil, retrospeksiya halları, zaman sıçramalarının işləkliyi əsas istiqamət kimi qabardı. Zahid Sarıtorpağın romanı ilk növbədə, bunların məcmu şəkildə təcəssümü baxımından səciyyələnir. Yəni burada həm simvolika var, həm realist yanaşma və bunların son dərəcə bədbin çalarda inikası.

"Quşların intiharına ağlamayın"... İntihar adını başlıq seçən bir əsərdən başqa ovqat da umulmaz, əslində. Hələ üstəlik, həyatımız, gündəlik yaşamımız intihar xəbərləri ilə doludursa, ədəbi talelərini intiharla sonuclayan yazarlar varsa. Deməli, faktura və problematika müasirlikdən, çağdaş dövrün  aktuallığından nəşət edir.

Roman sərt təsvirləri, tutqun naturası, bədbin atmosferi, neqativ səciyyəli müşahidələrin bolluğu ilə diqqət çəkir. Müəllif baş verənləri ailə-məişət çərçivəsində təsvir etsə də onu qara, tünd haşiyəyə alıb canlandırır. Əsərdə zaman parçalanması, irəli-geri dönümlər yoxdur, amma müəllif keçmişi məqamlar, xatirələr şəklində indiki zamanın içində təqdim edir. Qəhrəmanın şüuraltında daim keçmişdən gələn yanıq yeri boy verir, onun təhkiyə və düşüncə ardıcıllığının pozulması psixopatoloji hal kimi özünü göstərir. Müəllif Qaraqızın keçmişdə yaşadığı hisslərini illüstrasiya etməyə çalışır. Onun üzləşdiyi, ətrafında cərəyan edən proseslərə müəllifin etik mövqeyini görməmək mümkün deyil. Bu mövqe, əslində, ayrı-ayrı tale və xarakterlərə deyil, bütövlükdə həyatın özünə münasibətdə daha aktual vurğu kəsb edir.

Əsər Qaraqız adlı obrazın həyatında baş verən hadisələrin təsvirinə yönəlib. Onun uşaqlığında aldığı intim travmalar, on üç yaşında ikən qonşu oğlanlar tərəfindən təcavüzə uğradılması bədii boyalarla canlandırılır. Uşaq ikən arzularından yıxılan Qaraqızın aldığı zədə onu ömrü boyu müşayiət eləyir: "Uşaqlığım, yeniyetməliyim yad sərnişinlərlə dolu bir qatar kimi keçdi məndən, bir qatar kimi... Amma Pirqasımlı yolundakı quşlar sayağı çırpmadım özümü ona, intihar etmədim, edə bilmədim...". Həyatının sonrakı axarını tənzimləyə bilmir, keçmiş kabus kimi onu izləyir. Tək keçmiş yox, qarşılaşdığı insanlar ondakı çöküşü dərinləşdirə-dərinləşdirə gedir: "Bütün ömrüm boyu bir nəfər də olsun təmiz adama rast gəlmədim mən bədbəxt, rast gəlmədim! Qismətimə ancaq əclaflar çıxdı, əclaflar, əclaflar!..".  Amma Qaraqızı nədənsə, düşdüyü duruma qane görürük. Çünki buna əks davranışı ilə qarşılaşmırıq əsərdə, üsyan etdiyini görmürük. Ümumiyyətlə, bu obraz daha çox ziddiyyətilə qəribə görünür oxucuya. Onun içi ilə yaşamı kontrast yaradır. Savadlı olmasına, dil biliklərinə rəğmən sadəlövh davranır, onu aldatmaq, hissləri ilə oynamaq çox asandır, uşaqlıqda aldığı zərbədən sarsılaraq evlənmə təkliflərini rədd etməsinə, kişilərə nifrətini vurğulamasına rəğmən ailəli olan Xəlillə qeyri-rəsmi münasibətdən zövq alır, ədalət axtardığı, insanların əclaflığından şikayət etməsinə rəğmən bu alçaqlığı daşıyan insanların mənəviyyatsız əməllərini qəbul edir, onlara qarşı etirazını görmək olmur. Bu arada qeyd etməyin yeri var, yazıçı Qaraqız obrazının daxili təlatümlərinə, psixoloji dərinlərinə bir qədər artıq nüfüz etsəydi, obraz daha bütöv təsir bağışlayardı. Amma nədənsə, Qaraqızı daha çox cismani istəklərinə tutqun biri kimi görürük. Müəllif Qaraqız obrazını bütün çalarları - psixoloji, mənəvi, cismani duyum və ziddiyyətləri ilə yaratmağa çalışmır. Onun təkliyi oxucuda dərin təəssüf hissi yaratmır. Əvəzində həyatda tutuna bildiyi zərrə qədər belə dəyəri olmayan, anasının ölümünü etinasız qarşılayıb evə getməyən, arvadına hörmət etməyən, oğurluğa belə meyil edən, insanların hisslərindən sui-istifadə edib başını girləyən Xəlil obrazını müəllif daha dolğun çalarla əks etdirməyə nail olmuşdur. Qaraqızın isə içində qövr edən kədərə xüsusi vurğular edilir, fəqət əzabları, tərəddüdləri, çıxılmazlığı iri planlarda göstərilmir, psixoloji kontekstdə açılmır. 

Qaraqız hər dəfə dibinə qədər batdığı bu məişət bataqlığından ayaqda durmağa güc tapa bilir. Buna səbəb uşaqlıqdan ona inam ruhunda böyüdüyü Pir sevgisi, ona sığınma rahatlığı olur. Qaraqız daim Aşur baba ilə dialoqdadır. Zahid Sarıtorpağın mətnlərində adətən söyləm-diskursun təşkili gerçəkliklə rəmzlərin birləşməsi, qarışımı şəklində baş tutur. Mətndəki personajın həyatında iz salmış hansısa hadisə - qeyd edək ki, bu daha çox onu zədələyən amillər olur, -  onun yaddaşında dağınıqlıq, içəçəkilmə yaradır. Bütün mətn boyu oxucu əsərin struktur-semantik qatlarına tətbiq edilmiş bu ikili modelin izi ilə hərəkət etməyə yön alır. Qəhrəmanın daxili çabalamalarındakı məntiqsizlik, fraqmentarlıq, özünəironiya halları da bundan doğur. Yaşam halı ikili "mən" müstəvisində qərar tutur. Onlar üçün mənəvi ritm, düzən ardıcıllığı, ruhsal harmoniya çoxdan qüvvəsini itirib. Qaraqız obrazı da təhtəlşüurunda daim keçmişi ilə vuruşur, baş verənlərdə yalnız uşaqlıqda aldığı zədəni günahkar bilir. Bu hal onun gələcək bütün arzularının üstündən xətt çəkməyə məcbur edir. Amma bir məsələdən başqa. O, cismani şəhvət, cinsi həvəsinə yox deyə bilmir, uşaqlıqdan dayəlik etdiyi Gilənarla gizli münasibət qurur. Oxucu bunu Qaraqızın kişilərə qarşı nifrəti mənasında qəbul edə bilərdi. Amma Xəlil məsələsi olmasaydı. Maraqlıdır ki, kişilərə nifrət ruhu ilə böyüyən Qaraqız Xəlilin gözlərini görən kimi onun ovsununa düşür, özü onu cinsi münasibətə təhrik edir. O, mənəvi dünyasında hökm sürən səssiz təklikdən, tənhalıqdan özünü gah Gilənar, gah Xəlillə ovudur. Nəyə isə sonadək inanmaq istəyir. Amma bu, ruhsal tutunma səviyyəsində baş vermir. Qaraqızın bağlandığı bütün ünvanların altında daha çox cinsi istəklərini doyurmaq dayanır. Hər halda bunu qəhrəmanın uşaqlıqda aldığı travmanın qisas müstəvisinə keçən aqibəti sanmaq olar. Qaraqız keçmişdə yaşadığı bədbəxtliyin qisasını bütün sonrakı həyatından alır, həyatının sonrakı axarını istədiyi kimi yaşamağa qərar verir. Ümumiyyətlə, Zahid Sarıtorpağın romanında bütün qadınlar azaddır. Qərarlarında, seçimlərində sərbəstdir. İstədiyi məkanda, istədikləri şəxslə yaşamaq ixtiyarı onların öz əlindədir. Həyata daha praqmatik nəzərlə baxırlar. Bircə Qaraqızın içində Aşur baba ilə bağlı nigaranlıq var. Uşaqlıqdan bu ocağa inam ruhunda böyüyən, başına açılan oyunlara da onunla təhdid edilməsinə görə susan, böyüdükdən sonra belə Aşur baba ilə daim mənəvi irtibatda olan Qaraqızın insanlıq keyfiyyətlərinin saxlanc məqamı elə bu ocaq olur. O, qaldığı yerə sədaqətlidir, dünya malına nəfsli deyil (Xəlilin borc üzündən sıxışdığını görəndən təmənnasız ona pul verir, yaxud sonradan Xəlil onun pulunu oğurlayanda bunu özünə o qədər də dərd eləmir), intihar etmiş boz sığırçınların ətini yediyini biləndə ikrah edir. Bütün bunlar əsərdə Qaraqızın mənəvi olaraq tapındığı ocağın təmizliyindən qaynaqlanır. Bunun belə olduğuna, həm də ona görə inanırıq ki, sonradan - Qaraqızın içindəki Aşur baba ilə bağlı "mif" dağılandan sonra bu keyfiyyətlər də düzənini itirir sanki. Quşların ətini yediyini biləndə dəhşətə gələn Qaraqız bu dəfə özü qohumu Rzanı quş ətinin çığırtmasına dəvət edir. Heç tərəddüd etmədən ona məşuqəlik təklif edən Ağanın nömrəsini yığıb yeni bir münasibətin başlanğıcının qoyulacağına inandırır oxucunu.

Romandakı Aşur baba, pir, ocaq arxetipləri öz ənənəvi çalarında - rituallar vasitəsilə insana təsir etməyə qadir fövqəltəbii amil hesab olunur. Amma təmizlik, qurtuluş simvolu kimi qabarıqlaşa bilmir. Çünki insanlar daha çox bulanıblar, roman boyu sətirlərin arasından ruhu korlanan, mənliyi heçsizləşən, insani dəyərlərini itirən insanlar boylanırlar və onların  günahlarla dolu həyat tərzi irili-xırdalı qırıq taleləri ehtiva edir özündə. Bütün insanlar kirlənib, heç kim təmiz deyil. Əsərdə nə təmiz sevgiyə, nə də təmiz ailə, dost, qohum münasibətinə rast gəlmək olur. Hamı bir-birinə xəyanət eləyir. Bacısı Minaxanımın əri Ələddin nişanlı ola-ola pozğun bir qadınla gəzir, Minaxanım özü yeniyetmə çağlarında dükançı İslamın oğlu Qədirlə görüşüb, Xəlil ailəli ola-ola Qaraqızla görüşür, Rza ev sahibinin xanımı Şövqiyyə xanımla əlaqədədir, Xəlil arvadının kimləsə görüşməsindən şübhələnib onu boğur, Rza arvadının kimləsə münasibəti olduğundan duyuq düşür, Gülənar xarici rəfiqəsi ilə eynicins münasibətdədir. Qaraqızın anası dörd il nişanlı olduğu oğlanı qoyub onun atasına qoşulub qaçır, atası isə bibisi qızını  - bir ilin gəlinini atıb onun anasını alır.

Əsərdə heç kim eşqdən yarımır, müəllif belə bir sevgini təsvir etməyə çalışmır da. Burada üz tutulan yeganə ünvan, saflıq, təmizlik rəmzi Aşur baba ilə bağlı rəvayət ola bilərdi ki, çox keçmədən onun da puç olduğu deyilir. Məlum olur ki, qovuşmamaları səbəbindən zəhər içib özünü öldürən sevgilisindən sonra mağaraya çəkilib qırx gün sonra ölən Aşur babanın belə həm sevdiyi qadının kiminləsə münasibəti olub, həm də özü Siranuş adlı erməni qadının fitnəsinə uyub. Belə, zəncirvari xəyanətlər silsiləsi...  Müəllif əsərdə bir nəfəslik saxlamır ki, ordan azacıq da olsa işıq düşə bilsin. 

Hər kəsin də aqibəti öz tutduğu yola uyğun sonuclanır. Hidayət vicdan əzabına dözməyib dünyasını dəyişir, qızı rəfiqəsi ilə birlikdə Almaniyaya (eynicinslilərin azad olduğu yerə!) köçür, Rza pul, var-dövlət  ardınca xaricə getməyi planlaşdırır, Xəlil arvadını öldürüb həbs olunur. Bu mənada əsərdə Məkan dəyişmə xətti qabarıqdır. Hamı olduğu evi, məkanı, ölkəni tədricən tərk eləyir. Hətta ölüləri belə başqa qəbiristanlığa köçürürlər. Pirin belə yeri dəyişir. Bu məqam əsərdə heç nəyin əbədi olmaması mənasında anlaşılır.

Zahid Sarıtorpaq bu əsərində də simvolikaya meyillidir. Mistik elementlər, müəyyən anlam yaradıcı detallar, rəmzi mənalandırmalar: kvadratların içinə çəkilən ölü kəpənək rəsmləri, intihar edən boz sığırçınlar, yalqızlar Piri, tabut, cürbəcür smaillər, gülümsəyən dodaqlara oxşayan balıq cizgiləri, tüstülü şamlar, "X" hərfləri, tufanın göyə sovurduğu qızılgüllər, nakamlar qəbiristanlığı, başdaşına qonan xardal rəngli çəyirtkə.

Müəllif həyatın faniliyini, son problematikasını və həyatdan, əzablardan qurtuluş yolunu daha çox uçan canlıların nümunəsində metaforikləşdirir: "Bax, Pakizə, göyün üzü çox dolaşıqdı, çox... Fikir versən görərsən ki, orda həmişə ley qaranquşdan qorxur, qaranquş sərçədən qorxur, sərçə də leydən... Heç ordan baş açmaq olur ki? Orda da hər şey dolaş-bulaşdı... orda dinclik nə gəzir, Pakizə, rahatlıq hardadı, a zalım qızı?"... Baxıram daa, nə bilim niyə baxıram... Bəlkə elə bilirsən mən qarışqayam, hə? Qarışqa kimi ölümqabağı qanad çıxardıb uçub gedəcəm göyün üzünə, hə?"

Müəllifin əsərin epiqrafında yazdığı "bilirəm, bu gün nəinki quşların, hətta "doğru"yla "oğru"nu bir-birindən ayıran "d" hərfinin də intihar etdiyini eşitsəniz, yenə gözünüzü döyəcəksiniz,  tükünüz belə  tərpənməyəcək..." - fikri də lirik nəsr poetikasına uyğun metafora kimi səslənir. Bununla da müəllif oxucunun əsərdə emosional, gözlənilməz səhnələrlə qarşılaşacağına eyham vurur. Romanda həmin məqam gəlir, adamlar intihar xəbərini adi qarşılayırlar, intihar edən quşların ətini bişirib yeyirlər. Özü də bu ətlər Pirin qarşısında satılır, kabab bişirilir. Mövlud Süleymanlının "Dəyirman" əsərinin məlum motivlərini xatırladır bu situasiya. Orda un üyüdülən yeri kababxanaya döndərirlər, burda Pirin yanında quşların ətini bişirib satırlar. Bütün hallarda tənqid predmeti insanların laqeydliyi, kütləşməsi, etinasızlığıdır. Maraqlıdır ki, əsər boyu müəyyən həssas məqamları ilə diqqət çəkən Qaraqız da getdikcə laqeydləşir, içindəki mərhəmət duyğusunu itirir. Öncə akvariumdakı balıqların yerə töküb onların çabalayıb ölməsindən ləzzət alır, sonda isə intihar edən quşların ətini heç bir ağrı hissi yaşamadan bişirməyə həvəslənir.

Onu da deyim ki, əsərdə mətləbin rəmzlərlə təcəssümü gerçəkliyə bədii nüfuzu üstələmiş, konkret hissi ifadəyə əsaslanan estetik təhlili kölgədə qoymuşdur. Əks təqdirdə problemin sosial-mənəvi, psixoloji qatlarına enməyə, daha dolğun təcəssümünə nail olmaq olardı.

Əsərdəki bəzi kodların etiologiyası oxucunu müəllifin digər əsərlərinə yönəldir. "Dərdin sarı çəpkəni" romanında göyərçinin Bulud müəllimin gözünə çırpılıb onun görmə qabiliyyətini bərpa etməsi faktı ilə qarşılaşmışdıq. Bu romanda isə quşlar qurtuluş, nicat deyil, son aqibətinin simvolu olaraq mənalanır. Quşların intiharı romanda həyata, yaşamağa üsyanı metaforikləşdirir. Onlar bu dünyada yaşamaq istəməyib özlərini yoldan keçən maşınlara çırparaq intihar edirlər. İnsanlar isə çırpılmağa ünvan tapmırlar. Əsərdə heç bir obraz intihar etməsə də daim harasa çırpılaraq yaşayır. "İki damla göz yaşı yanağına süzülüncə, kitabı qapayıb üzüquylu yatağa sərələndi. Sonra qalxıb pəncərədən Bakının bozaran, cansıxıcı göylərinə baxdı. Elə bil özü də inanmağa başlamışdı ki, Yer üzündə çıxış yolu tapmasa yönünü göylərə tutmalıdı. Amma necə? Nə təhər? Babasının köməyiləmi? Yoxsa qanad çıxardan qarışqaya dönməyin yollarını axtarmalıydı? Bəlkə boz sığırçın olmağı sınasın elə? Budağamı çıxsın, damamı dırmaşsın bəs? Bəs harda, necə başlasın uçmağa? Lap deyək ki, uca bir yerə çıxa bildi, qanadlarının olmasına necə inansın? Gücü çatarmı buna? Deyək ki, lap uça bildi. Bəs uçub çırpılmaq? Çırpılmağa yer varmı? Onun kimi sadəlövh, hamıya inanan bir adamın damarında daşıdığı, əslindən, nəslindən gələn isti, pak qanını axıtmağa təmiz bir yer yoxdusa, dünya başdan-başa murdarxanadı demək..."

Əsərdə yazıçı Qaraqızın oxuduğu bir əsərin adını çəkir: Toni Morrisonun "Masmavi gözlər" əsərinin. Hər iki əsər arasında göndərmələr mövcuddur. Məsələn, Morrisonun romanında da baş qəhrəman qadındır. O da uşaqlığında təcavüzə uğrayaraq zərbəsini ömrü boyu daşıyır. Həmçinin özü zənci olduğundan ağ dəri və mavi gözlər arzusu ilə yaşayır. Zahid Sarıtorpağın romanında da əsərin qəhrəmanı Qaraqız gözlərə həssaslığı ilə diqqət çəkir. O, Xəlili ilk gördüyündə gözlərinə vurulub ona əsir düşür. Düzdür, bizim romanda qəhrəman zənci deyil. Amma adının Qaraqız seçilməsi də təsadüfi deyil düşünürəm. Bunu, həm də bəxtinin qaralığına işarə mənasında anlamaq olar. Bütün bu sadalananlar "Masmavi gözlər" əsərinin romana nahaqdan salınmadığını göstərir. Bir məsələni də qeyd edim ki, "Masmavi gözlər" əsəri feminist roman sayılır. "Quşların intiharına ağlamayın" əsərində də feminist çalarlar mövcuddur.  Bu əsərdə bütün qadınları azad görürük.

Romanda çağdaş dünyanın bəlaları, insanlığın düçar olduğu fəci hallar obrazların yaşamında təsvirini tapır. Narkotik, lezbiyanlıq, insanların dünya nəfsinə uyaraq dəyərlərini itirməsi... hər biri əsərdə çöküş ruhunun yaranmasını stimullaşdırır. Zahid Sarıtorpağın "Qarğa marşrutu" romanında qəhrəman anasının laqeydliyindən əziyyət çəkirdi. Bu əsərdə isə əsas obrazlardan olan Xəlilin anasına qarşı heyrətamiz etinasızlığı ilə qarşılaşırıq. Ümumiyyətlə, yazıçı sosial, mənəvi problemlər qaldırmaqda davam edir. Əsərdə bir şəxsin taleyindən yola çıxaraq müxtəlif məsələlər - insanın nəfsi, cinsəl azadlığı, sosial problemlər, cəmiyyət bəlaları, "ağ ölüm"- narkotik,  insan xislətinin naqis tərəfləri, məişət pozğunluqlarına vurğu salınır. Maraqlıdır ki, bir-birini əvəzləyən bu yarıtmaz hallar növbə ilə açılır, müəllif sanki iri bir sap topasının ilgəyini sökə-sökə mahiyyətin çılpaq nüvəsinə çatmaq istəyir. Ordan o yana isə həyat yoxdur, boşluq var, həyata üsyan var, intihar anı var.

"Quşların intiharına ağlamayın" həyata, gerçəklərə, insan xislətinə fərqli tərəfdən nəzər yetirən, ciddi mesajlar ötürən əsərdir. Müəllifin rəvan və canlı təhkiyəsi, oxucunu emosional boyaların cazibəsinə salmaq, kövrək intonasiya çalarları ilə yüklü məqamlara toxunmaq məharəti isə romanın uğurunu şərtləndirən əsas məziyyətlərdəndir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!