Ay sən! Geri qaytar məni... - Güneyimizi daha yaxından tanıyaq...Heydər BAYAT Esmira Fuadın təqdimatında

Bu sayımızdan etibarən "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə yaradırıq... Poeziya guşəsində İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və ondan sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş güneyli şairlərin poeziya örnəklərindən seçmələr fərqli janr və üslublarda qələmə aldıqları şeir və poemalara, yaxud onlardan müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi proseslərin incəliklərini daha yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından olduqca gərəklidirlər. Esmira Fuad

 

Heydər BAYAT

1976-cı ildə Zəncanın Ağbulaq kəndində dünyaya göz açıb. Hazırda Qum şəhərinin Elmi hövzəsində fiqh və fəlsəfə üzrə təhsil alan Heydər Bayat 2000-ci ildən ədəbiyyat sahəsində elmi fəaliyyətə başlayıb. O, 2003-cü ildə Qum şəhərində "Türk Ədəbiyyatı Otağı" adlı mərkəz yaradıb. Tanınmış yazar həmçinin "Pəyam-i Qum" həftəlik dərginin türkcə bölümünün təsisçisidir.

O taylı-bu taylı Azərbaycanın ünlü şairi dərin fəlsəfi məzmunlu şeirlərin, bir çox məqalənin, həmçinin türk dilində "Alma yolu" adlı şeir toplusunun və fars dilində "İki ayna arasında alma" kitabının müəllifidir.

Bir gün gəlsən yoxam

Bir gün gəlsən, yoxam.

Sənə,

mənə,

hətta anamla Tanrıya

            bağlı olmayan bir yoxluq.

Adəm, doğma yurdu kimi

                        qonacaq üstümə

quş yumurtasına qonar kimi.

Bir gün gəlsən,

mətnlərdə deyil,

hətta haşiyələrdə,

hətta ətək yazılarında,

hətta kitabların arasında

            düşüb qalan cırıq kağızlarda,

qurumuş çiçəklərdə,

hətta pəncərədən calanan işıqda

arama məni.

Bir gün gəlsən yoxam,

amma sən

yoxluğu yaxşı tanırsan.

Gözlərini yumduğun yerdən başlanır

gözlərinin baxmadığı yerdən

vücudun yox bölümü...

***

Bir gun gəlməsən,

gəlmə də.

Payız ürəyindən şərab çək

                        yoxluğumu içməyə

xəzəllərin əncmadində

                        dondur anılarımı,

tapşır Qafqaz dağlarının hərəzlərinə.

Köçərilərin yolda ölən cənazələri kimi,

qar altında quylansın anılarım

Gunəşin bəsirətindən uzaq...

***

Yox olsam da,

bir yerlərdə qalıram.

Sənin anılarında

sən varkən mən varam

və acı budur...

Qarğanı duymaq

Fəlsəfə sona yetdi,

qarğa qanadlanırdı

zili.

Əsfar kitabının üstündə

Kəhəkdən daha oyanlıq bir çayda

nə Bəlxə baxdı,

nə Söhrəvərdə,

qar, qar, qar!

Nə daşlara bir söz dedi,

nə kollara...

hamısı da eşitdilər,

mən də...

mən fikrə getdim, qarğa nə deyir?

Daş, daş idi,

kol, kol,

amma mən

mən deyildim...

bəzənmiş duyğumda

yerin

boş görünürkən

duyğum gücənməkdəydi

qarğanı duymağa.

 

Yalançılar

Uşaqlıqda

Ay əllərimi aldatdı...

Cavanlıqda

Sən ürəyimi aldatdın...

Həyətdə,

İndi baxıram

Yol ayaqlarımı aldadıb

Küçədə...

 

Yenə də dilək

Çıxmaq üçün endik

Olduğumuz zirvələrdən.

Qanadı verdilər sənə,

Uçmaq nisgilini mənə.

Ayağı verdilər sənə,

Çatnaq diləyini mənə.

İndi yalvarıram sənə:

Ay sən!

Geri qaytar məni,

Olduğum zirvələrə.

Amma qız

 

Getmişdim alma dərəm

Sarımsaqlar yekəlmişdilər...

Bir qız ətəyi dolu sarımsaq

Baxıb dedi: "İstidən saxlar

At ağzına,

İsti vurmadan saxlar"

"Amma qız,

Mənim hələ donum açılmayıb!"

Qaçıb anasına dedi:

            "Yazıq! Ana, o oğlan dəlidir!"

"Almalar?!

Almalar?! Hardadır?" -

sordum...

"Ağaclarını kəsdik, alanı yoxdu!" -

dedi...

 "Üzümlüklər necə?" -

Sordum.

"Sirkəsiz sarımsaq, bir şeyə yaramaz,

Üzümlüklər durur" -

dedi...

Oğru

Tanrı coşdu,

Mən axdım,

Varlığın çayı dalğalandı...

Tanrı şaxdı,

Mən saçdım,

Yoxluğun yurdu işıqlandı...

Tanrı baxdı,

Mən baxdım,

Mən alçaqlandım,

O ucalandı...

Yer-göy

Aralandı...

Sonra

Sol cibimdən Həvvanı eşiyə çıxardım.

Tanrı dedi:

"Ay oğru!"

Gözləri buludlandı...

 

Bu ölkə

Boynumu qucaqlamağa,

Bilirəm

Boyun çatmaz...

Bu ölkənin dar ağacları

Ucadır.

Belə ki, darları uca qururlar

Son görüşdə

Boynumu qucaqlamağa...

Bilirəm

Boyun çatmaz.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!