Elnarə AKİMOVA
Həmid Piriyevin ilk hekayələrini oxuyanda belə bir fikir dolaşmışdı beynimdə: bu dillə necə gözəl əsərlər meydana qoymaq olar. İndi də bu fikirdəyəm. Həmid nəsrə özünün dil sintaksisi, təhkiyə mədəniyyəti ilə gəlib. Təbii ki, məziyyətləri ilə yanaşı qüsurları, çatışmayan cəhətləri də var. Amma əsas odu ki, Həmidin nəsri ondan danışmaq üçün imkan yaradır.
Sadə mündəricəli, boyasız, həyatın öz rəngində təqdimini verən bu hekayələrdə adi adamlardan, onların sadə həyatlarından, güzəranlarından danışılır. Bir qədər konkret desək, Həmid Piriyev əksər hekayələrində Bakı kəndlərinin danışıq üslubunu təzahür etdirir. Yaxşı tanıdığı Bakı kəndlərinin leksikonunu, danışıq tərzini müasir nəsrimizdə qoruyan nasirlərdəndir Həmid Piriyev. Bu qəhrəmanların hamısı həyatdan gəlir. Obrazların içinə azacıq yerimək bəs edir ki, onları tanıyaq, 60-cı illər nəsrindən tanış obrazlardır hardasa. Hekayələrinin məzmunu milli-məişət süjetlərinə söykənir, müəllif yaşamın mənasını gündəlik həyat hadisələrində axtarır. Realizm onsuz da adi insanların yaşamına köklənməyi qaçılmaz edir. Həmidi də o qata cəlb edən insanların duyğularındakı saflıqdır. “Nəlbəkidə üzər kağız gəmilər” hekayəsində uşaqlığı, yeniyetməliyi bir yerdə keçən dörd gəncin pərən-pərən həyatını müəllif ağır, hüznlü ovqatla ifadə edə bilir, “Şaftalı çiçəkləri fəsli” hekayəsində bağban işləyən iki dostun həyatından müəyyən bir şrtixi, detalı nəsrin təcəssüm predmetinə çevirməyə çalışır. Həmid müxtəlif ömürlərin, talelərin hekayətini danışır. Bu hekayələrin hamısını birləşdirən ümumi ovqat onların bədbin çalarda təcəssüm olunmasıdır. Həmidin bəhs etdiyi talelərdə nəsə qırıqlıq var, itki var, dəyişmə var. Özü də bu qırıqlıq böyük, dünyəvi məzmunlarla bağlı deyil, onların yaralanmasına adi, çox kiçik məsələlər bəs edir. Həmçinin zaman axışının acı təəssüfü hökm sürür hekayələrdə. Bu zaman axışını biz hiss etmirik. Müəllif bunu qəhrəmanların həyatının su kimi axıb getməsi məqamının nöqteyi-nəzərindən qabardır. Ömür elə sürətlə ötüb keçir ki, geriyə boylananda təəssüfün harayı qəlb ağrıdır. Bu, yalnız yaşın gətirdiyi bədbin ruh halına bağlı amil deyil, taleyin sərt rüzgarının nəticəsidir. Amma əbədi qalan, qırılmayan amillər də var. Mənəviyyat, dostluq bağları, doğma tellər bu qəhrəmanlar üçün həyati əhəmiyyət daşıyan amillərdir. Xüsusilə, Bakı kəndləri üçün dəyərlər məcmusu hər zaman qorunan amillər olub. Baxırsan ki, “Nəlbəkidə üzər kağız gəmilər” hekayəsində olduğu kimi, hərəsi ayrılıqda öz taleyini yaşayıb, amma bu tale qonşuluğunda onlar içə-içə - eyni ömrün qəlpələri kimi görünürlər.
Həmidin qəhrəmanları fərqli məişəti, adətləri, fərdi-psixoloji keyfiyyətləri olan insanlardır. Hərəsi ətrafına öz prizmasından baxır, onu öz düşüncələrinə uyğun qiymətləndirir. Mühitləri dar, dünyaları özlərinə məxsusdur. Amma öz dünyalarında da xoşbəxt görünmürlər nədənsə. Onların içində daim bir nisgil, xatirə göynəyir. Başqa mühitdə dəyərini itirən amillər bu qəhrəmanlar üçün hələ də diridir, dəyərlidir. Onların inanclara inamı belə qüvvəsində qalır. Elə “Ölüm və başqa xoşbəxtliklər” hekayəsi də bu inancın üstündə qurulub.
Hekayənin fabulası belədir: Hilalın uşaqlıq dostu Sənan dünyasını dəyişir. Onun basdırıldığı gün yağış yağır. Qəbrə düşən yağış Hilalın ürəyinə xof salır. Bununla bağlı xalq arasında gəzən belə bir inanc ki, “qəbrə ki, su düşdü, ard-arda yeddi qəbir qazılacaq”, - fikrini xatırlaması Hilalın rahatlığı pozur. Açıq qəbrə yağış düşəndə yeddi nəfərin öləcəyi ilə bağlı dolaşan inanca həm də ona görə bu qədər inanır ki, cavanlığında da eyni hadisə baş verəndə özünü doğruldubmuş: “El inancına görə açıq qəbrə yağış düşdüsə, yeddi nəfər ölməliydi. Bir dəfə cavan vaxtı Hilal belə şey görmüşdü, onda da açıq qəbrə yağış düşmüşdü, amma onda altı nəfər ölmüşdü. Görəsən sıradakılar kimlərdi? Hilal yatanacan bunu fikirləşdi”.
Hilalın gəncliyində qarşılaşdığı bu situasiya onun sarsıntılarında təcəssüm olunaraq bədii effekt yaradır. Hilal rahatlığını itirir, kənddə ard-arda olan ölümləri həmin inancın əlaməti kimi mənalandırır. Öncə dörd cavanın yol qəzasında həlak olması, ardınca həmin oğlanlardan birinin atasının intihar xəbəri içindəki səksəkənin dərinləşməsi üçün imkan yaradır: “Hilal axşam yerinə girəndə ürəyi sıxılırdı. Yeddinci adamı fikirləşirdi. Atalar bir şey bilib ki, deyib də. Nahaqdan deməzlər ki”, - deyir.
Burada önə çəkilən inanc məsələsi, müsəlman psixologiyası və onun həyat tərzi nəsr fakturası ilə uğurlu şəkildə birləşir. Bu xətt qəhrəmanın həyatında sınanmış şəkildə bir neçə rakursdan səciyyələnir. Belə ki, Kürdəxanı yolunda tez-tez qəzanın baş verməsi oranın məsciddən gətirilən daşlarla tikilməsi səbəbində aranır: “Deyirdilər ki, hansısa məsçiddən sökülən daşlarnan tikiblər lövhəni, ona görə orda tez-tez qəza olur”. Yaxud iki qızını körpə ikən itirən Hilalın üçüncü qızının sağ qalmasına səbəb onun türkəçarə əsasında, üzüm suyu ilə müalicə alması olur. Hekayə qəhrəmanın inancına bağlılığı əslində insan xislətinin üzə çıxarılması üçün bir vasitə rolunu oynayır. Doğrudanmı, Hilal üçün ölüm xoşbəxtlikdir? Bəs o zaman ürəyinə girən bu narahatlıq, onu sıxan, gərgin edən, belə deyək, dəngəsini pozan səbəbin adı nədir: “Hilalın yuxusu gəlmirdi, ürəyi hələ də sıxılırdı. Ürəyinə dammışdı ki, yeddinci özü olacaq...”
Ümumiyyətlə, hekayənin rəng çaları bozluq içindədir. Əsərin əvvəlində saatın işləməməsinə işarə: “Uzanıb üzbəüz divardakı köhnə kəfkirli saata baxırdı. Saat Çeşminin cehizliyiydi, haçandı işləmirdi, amma saxlamışdılar”; eləcə də həyətdəki mənzərə: “Beş-altı dənə toyuq idi, bir dənə xoruz, hamısı da Hilal kimi qoca”, - oxucu üçün ab-havanı eşidəcəyi ölüm xəbərindən daha əvvəl ağırlaşdırır.
Həmidin digər hekayələrində rast gəlinən bir məqam – yəni hekayələrinin daha çox birxətli olması, heç bir hadisənin baş verməməsi, müəllifin sadəcə əhvalatı danışmaqla işini bitmiş hesab etməsi kimi əlamətlər burada yoxdur. Amma bütün hekayələri üçün xaraterik olan digər məqamla təəssüf ki, burada da rastlaşırıq. Bu da nə ilə bağlıdır? Müəllifin dili obrazların dilindən fərqlənmir. “Çeşmi özü indi mitbaxdaydı, çay dəmləyirdi. O həmişə ertədən durub Hilal oyananacan namazını qılırdı, sonra çay tədarükünə başlayırdı”, yaxud “Çayına şirin salıb pendir-çörəkdən noxarış elədi”. Hekayələrdə obrazların şivə ilə danışması, müəllifin daha çox arxaik ifadələrə üstünlük verməsi gözəldir, amma qeyd etdiyim kimi, özünün deyil, obrazların danışığında. Özlüyündə çağdaş nəsrimiz üçün qiymətli olan danışığı müəllif öz dilinə də şamil etməklə, yəni obrazla müəllifin dilini eyni ladda təqdim etməklə fənaya uğratmışdır.
Həmidin hekayələrinin sonluğu adətən adi bitir. Bu hekayənin sonluğu isə oxucunu sual içində saxlayır: Hilal həyatına davam edəcək, yoxsa ürəyindəki başına gələcək? Mətnin oxucu beynində davam etməsi, düşündürməsi onun uğurundan xəbər verir. Amma hekayədə baş qəhrəmanın iç təfsilatlarına söykənən dərki, dərin mənalandırma baş tutsaydı hekayə keyfiyyət baxımından daha çox qazanardı. Amma bədii dərinlik baxımından hələ istənilən səviyyəni verməsə də təsvir konkretliyi və ahəngdarlığı, müşahidə qabiliyyəti Həmid Piriyevin ciddi nasir qələmindən xəbər verir. Həmidin cümlələri bütövdür, içə-içədir, hörgü səciyyəlidir, bir vahidin tərkibi kimi görünürlər, dilinin zəncirvari sintaksisində obrazın xarakterik çalarları anbaan açılır, biri digərini şərtləndirir, onlardan hansınısa götürmək mətni boşluğa məruz qoymaq deməkdir. Onun hekayələrində müəyyən element qabarıqlığı bəzən cümlə cazibədarlığından daha çox nəzərə çarpır. Bu elementlər bəhs olunan obrazların mənəviyyatının, yaşayış tərzinin, dünyabaxışının əsas işarəsi statusu daşıyır mətndə.
Hekayələrdə müraciət olunan detallar hekayənin ümumi axını ilə səsləşir. Bəzən obrazların daxili dünyalarının açılmasında, bəzən də hekayələrin ideya qabarıqlığının, məna axarının dərkində bu detallar xüsusi çəkiyə malikdirlər. “Ölüm və başqa xoşbəxtliklər” hekayəsində bir neçə belə uğurla seçilmiş detal var. Məsələn, hekayənin əvvəlində “köhnə kəfkirli işləməyən saat” detalı donluq zaman mənasında sonda oxucu beynində yaranan suala - “bitəcək ömrə işarə” mənasında qavranılır. Yaxud əksinə, “yumutlamayan toyuqların yaz suyundan içib düzəlməsi” epizodu xoş bir sonluğun müjdəsi kimi simvollaşır. Oxucuda ölümlə olum nöqtəsi arasında düşüncələr sırası yaranmağa başlayır.
Müəllif pişik detalını da uğurla yerləşdirir mətnə. Pişik insanların darıxmağının, tənhalığının və sonsuz olmasının simvolu kimi anlam kəsb edib adətən. Bu hekayə də də Hilalın tənha olduğu ruh halından bəlli olur, daim darıxır, özünə yer tapmır, elə yağış məsələsinə bu qədər həssas olması da içindəki vəsvəsəliklə bağlı olur. Üstəlik uşaqlarından ikisi dünyasını dəyişib, balaca ikən ölüblər. Onun arvadının inadına rəğmən pişiklərə mehr salması bu amillə bağlıdır. “Pişiklər də gəlib yanında oturmuşdular, quyruqlarıynan onu sığallayırdılar elə bil. Hilal onları bir az tumarladı. Yaxşı heyvandı pişik. Nə yaxşı bunlar vardı. Bu pişiklər Hilalın balaca xoşbəxtliklərindən biriydi”.
Həmidin hekayə qəhrəmanlarının əksəriyyəti balaca, ovuc içi boyda xoşbəxtliklərlə qane olan insanlardır. O da qismət olsa, başa gəlsə, yaşansa əlbəttə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!