Unuda bilmədiyim Əkrəm Cəfər - Vaqif Yusifli

"Köhnə kişilər" silsiləsindən

 

1905-ci il mayın 5-də Azərbaycanın ucqar bir guşəsində - Lahıcda bir oğlan uşağı dünyaya gəlir. Təbii ki, uşağa adı atası qoymalı idi və Şərqin bir çox müqəddəs yerlərini ziyarət edən Hacı Səftər oğlunu comərd və kəramətli görmək istəyirdi. Ona görə də ərəbcə bu sözlərin mənasını verən "Əkrəm" adını seçir. İllər keçəcək və Hacı Səftər öz gümanında yanılmayacaqdı.

Şirvanın bu qədim və tanımlı ticarət mərkəzi həm də elmə, maarifə meyilli ocaqlardan biri idi. Balaca Əkrəm 1920-ci ilə qədər Lahıcdakı mollaxanada təhsil almalı olur. Ancaq bu mollaxana vaxtilə - Sovet dövründə lənətlədiyimiz mollaxanalar kimi olmayıb. O mollaxana ki, Əkrəm Cəfər burada "Quran"ı tamam-kamal başa vurur, ərəb və fars dillərini öyrənir, "Bustan"ı, "Gülüstan"ı əməllicə mənimsəyir.

1920-ci ildə 15 yaşlı Əkrəm Cəfər Lahıcdan Bakıya gəlir və darülmüəllimin pansionuna (təxminən pedaqoji texnikum) daxil olur. Tale ona çoxlarına müyəssər olmayan iti zehin, yaddaş və başlıcası, istedad vermişdi. Elə bir istedad ki, Ə.Cəfər bəlkə bütün ömrü boyu, hansı şəraitdə olursa-olsun, o nadir sərvəti qoruya bildi. Və Əkrəm Cəfəri 12 il sürgün həyatında da ruhdan düşməyə qoymayan istedad oldu.

Beş illik təhsil həyatında Ə.Cəfər yorulmaq bilmədən klassik və müasir türk poeziyasını, Azərbaycan ədəbiyyatını öyrənir, Füzuli, Nəsimi, Əbdülhəq Hamid, Tofiq Fikrət dünyasına vaqif olur. Burada ona dərs deyən böyük və münəvvər ədib Hüseyn Cavid klassik poeziyanı bir həyat şirəsi kimi onun qanına, ruhuna yayır.

Və bu təhsil illərində ən çox dostluq etdiyi, Azərbaycanın ən istedadlı cavan şairi Mikayıl Müşfiq olur. İllər keçəcək, qocaman Əkrəm Cəfər cavan Müşfiqi belə yad edəcəkdi: "O zaman "Qubernator bağı"nda Belinski adına uşaq kitabxanası vardı. Burada cümə günləri "Cocuqlar sabahı" keçirilirdi. Məktəblilər hər cümə günü buraya yığışıb bədii çıxışlar edirdilər. Mən də "Cocuqlar sabahı"na gedirdim, çıxış edən uşaqlara tamaşa edirdim. Uşaqlar arasında bir əsmər oğlan da gözə dəyirdi. Onun şeir oxuması mənə çox xoş gəlirdi. Həmin oğlanın özünəməxsus pafosu, əl-qol, baş və mimika hərəkətləri mənə xüsusi təsir bağışlayırdı. Bir dəfə yığıncaqdan sonra bir-birimizə yaxınlaşdıq, tanış olduq. Mən də o zaman şeirə bərk aludə idim. Bizi bir-birimizə bağlayan, sevdirən də hər ikimizin də şeirə məhəbbətimiz idi.

1922-23-cü ildə dərs ili başlanmışdı. Bir gün birdən həmin əsmər oğlanı - Mikayılı darülmüəllimin koridorunda gördüm. Gözəl bir sevinc ruhumuzu qapladı. Mikayıl da darülmüəlliminə oxumağa girmişdi. O gündən biz artıq, sadəcə, tanış deyil, iki yaxın, səmimi dost idik".

Sonrakı illərdə də bu dostluq davam edir. Və həmin dostluq günlərin birində sonradan unudulmaz xatirəyə çevriləcək bir fotoda əks olunacaq. Ə.Cəfər Lahıcdan Bakıya gələndə anasının bağışladığı kəhrəba boyunbağını satıb Sabir bağının sağ küncündəki foto dükanında Müşfiqlə şəkil çəkdirəcəkdi.

Darülmüəllimini bitirdikdən sonra Ə.Cəfər iki il Lənkəranda, iki il də Qazaxda müəllim işləyəcək, mətbuatda ilk şeirləri və məqalələri ilə çıxış edəcəkdi.

Budur, oğlu Sokratın (o, atasının yolunu davam etdirir, alimdir) çox səliqə ilə tərtib etdiyi "Şəxsi dəftər"ə, Ə.Cəfərin 1923-1991-ci illər yaradıcılığını və onun haqqında yazılanları əks etdirən mənbələrin siyahısına baxırıq. 1923-cü ildən 1931-ci ilə qədər Ə.Cəfər, əsasən, mətbuatda şeirləri ilə çıxış etmişdir. "Bir xəyal", "Rəsmin", "Çadralı qadın", "Şərq qadını və işıq", "Gələcəyə", "Şeir", "Zövq içində təhəssür", "Burjuy dilənçi", "Lokomotiv", "Böyük şəhər", "Hüseyn Cavidə açıq məktub"... Təbii ki, bu şeirlərdə o dövrün müəyyən əhval-ruhiyyəsi hiss olunur.

Bəlkə də Ə.Cəfər şeirlə çox ciddi məşğul olsaydı, indi biz gözəl bir şairimizdən söz açmış olardıq. Ancaq Əkrəm Cəfər şeir-poeziya yolunu deyil, elm yolunu seçdi və bununla Azərbaycan filologiyası bir mötəbər avtoriteti sıralarına qəbul etdi.

Ədəbi mühitdə az-çox tanınan, sevilən, gələcəyin gözəl şairləri ilə dostluq edən Ə.Cəfər 1929-cu ildə S.Vurğun və O.Sarıvəlli ilə birlikdə Moskvaya oxumağa gedir. Bu getməklə 9 il Moskvada qalır, amma Azərbaycanla əlaqəsi üzülmür. Moskva Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsini bitirən Ə.Cəfəri son dərəcə çalışqan olduğu və əla oxuduğu üçün elə həmin universitetdə müəllim kimi saxlayırlar. Ə.Cəfər eyni zamanda, daha dörd institutda dərs deyir. Akademik N.Marrın tələbəsi olan Əkrəm Cəfər həmin illərdə dilçiliyin müxtəlif problemləri ilə bağlı bir sıra məqalələr çap etdirir, Kremldə, məsul bir işdə çalışır, SSRİ hökuməti qanun və sərəncamlarını Azərbaycan dilinə tərcümə edir və eyni zamanda, həmin buraxılışların redaktoru olur. Sonra isə onu Bakıya çağırır və ADU-nun ümumi dilçilik kafedrasına müdir təyin edirlər. Ə.Cəfər bu zaman Moskvada müvəffəqiyyətlə namizədlik dissertasiyası ("XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri-1905-1936-cı illər" - elmi rəhbəri A.N.Samoyloviç) müdafiə etmişdi.

Bakıya qayıdandan sonra Ə.Cəfərin elmi fəaliyyəti bütünlüklə dilçilik istiqamətinə yönəlir, o, bir sıra dərsliklər hazırlayır, eyni zamanda, Moskvada başladığı işi davam etdirir; ədəbiyyat ensiklopediyası üçün Azərbaycan, türk və digər Şərq sənətkarlarının həyat və yaradıcılıq yolunu əks etdirən yığcam məqalələr yazır. Ancaq heç şübhəsiz ki, onun ən böyük arzusu əruz vəzni haqqında nəsə sanballı bir əsər yaratmaq idi. Bu fikri ona müəllimi Hüseyn Cavid təlqin etmişdi.

Arzuları böyük idi...Ancaq...

1942-ci ildə universitetdə, dərsin şirin yerində, auditoriyaya bir neçə "məlum" və o zaman hamının gözlədiyi silahlı adamlar daxil oldu.

- Siz bizimlə getməlisiniz, Əkrəm müəllim!

Məhkəməsiz, filansız onu pantürkizmdə, panislamizmdə və Kiril əlifbasına qarşı çıxmaqda günahlandırıb 7 il həbs cəzası kəsirlər.

Sonralar, 1989-cu ildə Əkrəm Cəfər xatirələrinin birində yazacaq; "Stalin dövründə yalnız insanları deyil, elmi də, sənəti də zorlayırdılar. Bu dövrdə Stalin haqqında şeir yazmayan şairi "xalq düşməni" sayırdılar. Sən necə şairsən ki, xalqların atası haqqında "məhəbbət" ifadə etmirsən? Özü də onun haqqında cəmi bir, iki, beş şeir deyil, bir kitab".

1942-49-cu illərdə Ə.Cəfər Rusiyanın bir çox şəhərlərində və Orta Asiyada sürgün həyatı keçirir. Öncə dedik ki, Tanrı ona ağıl və istedad vermişdi. O 7 ildə Əkrəm Cəfər çox sürətlə Orta Asiya xalqlarının bir çox dillərini öyrənir, hətta türkmənlərə onların dilində "Quran"ı aydın və sadə dildə başa salırdı.

1949-cu ildə sürgün həyatı başa çatır, amma Stalin rejimi hələ sarsılmamışdı və Ə.Cəfər daha 5 il Türkmənistanda yaşamalı olur. Nəhayət, "ellər atası"nın ölümündən sonra, 1954-cü ildə bəraət qazanır, Azərbaycana qayıdır.

Azərbaycana qayıdan Əkrəm Cəfər sanki üstündən 12 il keçməsinə baxmayaraq, hər şeyi "unudur" (əslində, heç nəyi unutmamışdı). Dərhal illər boyu ürəyində yaşatdığı bir arzunu həyata keçirməyə başlayır. Azərbaycan poeziyasında minillik tarixi olan əruz şeirinin elmi baxımdan bünövrə daşlarını hörür. Təfsilata varmadan deyə bilərəm ki, 1977-ci ildə "Elm" nəşriyyatı tərəfindən çap olunan "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu" (ərəb, fars, tacik, türk və özbək əruzları ilə müqayisədə) Ə.Cəfərin şah əsəridir. Cəmi 1020 nüsxə tirajla çap olunan bu kitabı axtarsan, çıraqla da tapa bilməzsən. Bu, elə bir kitabdır ki, klassik poeziya araşdırıcıları onsuz keçinə bilməz. Bu, elə bir kitabdır ki, Yaxın və Orta Şərq filologiyasında bir neçə xalqın əruzu ilk dəfə olaraq müqayisəli üsulla tədqiq olunur. Oxucu və araşdırıcı məhz bu kitab vasitəsilə Yaxın və Orta Şərq poeziyasında işlənən əruz vəzninin bütün qayda-qanunlarını öyrənir. Qeyd edək ki, bu əsər Əkrəm Cəfərin həm də doktorluq dissertasiyası idi. Oğlu Sokrat Cəfər atasının xatirəsinə həsr etdiyi məqaləsində yazır ki, bu əvəzsiz tədqiqatın bir nüsxəsi İngiltərə kraliçası Yelizavetanın xahişi ilə Londona göndərilmiş və oranın Bodlean kitabxanasında saxlanılır. Əkrəm Cəfər "Füzuli şeirinin vəzni" məqaləsində yazırdı: "Əruz vəzninin fonetik səciyyəsi ilə türk dillərinin, o cümlədən, Azərbaycan dilinin fonetik təbiəti birdən-birə uyğunlaşmamışdır. İlk dövrlərdə dil asanlıqla şeirləşmədiyi kimi, əruz da asanlıqla azəriləşməmişdir. Buna görə Azərbaycan ədəbiyyatının ilk əsərlərində mənzum əsərlərinin vəznində müxtəlif tipli nöqsanlar olmuş və olmalı idi... Azərbaycan şeiri vəznindəki belə nöqsanların azalmasında və tədricən ləğv edilməsində Füzulinin böyük rolu olmuşdur".

Əkrəm Cəfər həmin monoqrafiyada Azərbaycan əruzunun özəlliklərindən və əsl milli xarakterindən söz açır. Yazırdı ki, mümkün olan qədər Azərbaycan əruzuna millilik, xəlqilik, sadəlik vermək fikri həmişə diqqət mərkəzimizdədir. Məqsəd də budur ki, Azərbaycan şeirində hər hansı bir dövrdə və hər hansı bir şairdə işlənmiş əruz vəzni qəliblərinin heç biri Azərbaycan əruz elminin sistemi xaricində qalmasın.

Yeri gəlmişkən deyək ki, Ə.Cəfər müasir dünya şərqşünaslığında etiraf olunmuş şəxsiyyət idi. Onun arxivində dünyanın bir çox görkəmli alimləri ilə yazışmaları durur.

Ancaq Ə.Cəfər təkcə əruzşünaslığın əsasını qoymaqla kifayətlənməmiş, bir sıra görkəmli klassiklərin (Ö.Xəyyam, Füzuli, H.Cavid və b.) əsərlərinin elmi-tənqidi mətninin hazırlanmasında böyük zəhmət çəkmiş, klassik ədəbiyyatla bağlı xeyli məqalələr yazmışdır. Bu məqalələrin bir qismi "Yandım avazeyi eşqinlə sənin" (2010) kitabında (tərtibçi Gülşən Kəngərli-Əliyevadır). toplanmışdır ki, bunlar dahi Füzuliylə bağlı araşdırmalardır. Bu yazılar Füzuli sənətinin müxtəlif məsələlərini əhatə edir. Bir qismi şairin əsərlərinin vəzni ilə, bir qismi sənətkarın həyatı və yaşadığı mühitlə, dövrlə bağlıdır. Bir qismi də Füzuli əsərlərinin müxtəlif illərdə nəşr olunmuş cildlərinə yazılmış müqəddimələrdir. Maraqlı görünər deyə, Əkrəm Cəfərin Füzuli sənəti ilə bağlı məqalələrindən bəzi fikirləri oxuculara çatdırırıq:

"Dahi şairimizlə bizim aramızda dörd əsrdən artıq zaman məsafəsinə baxmayaraq, o, bu gün də bizimlə danışır, həyatımızın bir sıra sahələrində mübarizələrimizdə iştirak edir. O deyir: "Unutma ki, həqiqət həmişə qalib gəlmiş, haqsızları cəzalandırmışdır".

Füzuli öz dövründən və yurdundan haqlı olaraq şikayət edir:

Bir yerdəyəm əsir ki, torpağı qan içər.

Sakinəm hər yerdə kimi, yox etibarım zərrəcə.

O, cəmiyyətdə ədalətli hakimin olmamasını xalq üçün ən böyük dərd, ən böyük müşkül saymışdır:

Nə mövcud olmaya əsbabi-dünyadan

                                   deyil müşgül,

Bu müşgüldür ki, mövcud olmaya

                                   bir hakimi-adil.

Yaxud:

Hakim oldur ki, onun olmaya zatında təmə,

Hakim oldur ki, onun olmaya felində riya.

...Şərqşünaslığın ən qabaqcıl nümayəndəsi Hammer Purqştaldan başlamış Körpülü Fuada qədər yekdilliklə Füzulini dünya poeziyası klassiklərinin birinciləri, ən böyükləri sırasına salmışlar. Alimlər öz yerində, şairin ölməz əsərləri də bu fikri təsdiq edir. O əsərlər əl deyil, xəyal belə çatmaz bir zirvədə əsrlərlə parlamış, getdikcə işıqları daha da artmış və davam etməkdədir.

Füzulinin milli mənsubiyyəti mübahisə qəbul etməz dərəcədə aydındır. Xaqaninin, Nizaminin milli mənsubiyyətləri haqqında mübahisələr mövcuddur, Füzulinin milli mənsubiyyəti isə füzulişünaslığın mübahisəli məsələləri sırasına daxil deyildir".

Bir xatirə:

Səksəninci illərin sonlarında belə qərara gəldim ki, bu böyük alimlə görüşüm, "Azərbaycan" jurnalı üçün ondan bir müsahibə keçirim. Təxminən 100 sual hazırladım. Bu sualların bir qismi onun həyatı, bir qismi yaradıcılığı ilə bağlı idi. Yollandım onun işlədiyi Şərqşünaslıq İnstitutuna. Günortadan keçmişdi. Qapısını açdım, salam verdim. Başını qaldırdı. Gəlişimin məqsədini bəyan etdim. Soruşdu ki, jurnalistsən, yoxsa alim? Dedim ki, hər ikisindən. Elmlər namizədiyəm. Dedi ki, nə olsun, elmlər namizədisən? Doğrusu, bu söz məni tutdu. Əkrəm müəllim nə desə yaxşıdır - "Oğlum, sən klassik poeziyanı, Füzulini sevirsənmi, onlardan xəbərin varmı?". Gördüm ki, Əkrəm müəllim məni imtahana çəkir. Dedim ki, əlbəttə, xəbərim var, beş il universitetin filologiya fakültəsində oxumuşam. "Onda Füzulidən bir qəzəl de". Yaddaşımı silkələdim.

Aşiyani-mürği-dil zülfü pərişanındadır,

Qanda olsam, ey pəri,

            könlüm sənin yanındadır.

Eşq dərdiylə xoşam, əl çək əlacımdan, təbib,

Qılma dərman kim,

            həlakım zəhri-dərmanındadır.

Çəkmə damən naz edib üftadələrdən, vəhm qıl,

Göylərə açılmasın əllər ki, damanındadır.

Qəzəli axıracan söylədim.

- Avazın xoşuma gəldi. Əruz şeirini duyursan. Bu qəzəl hansı bəhrdə yazılıb?

Bilirdim ki, Füzuli qəzəllərinin əksəriyyəti rəməldə yazılıb. Az-çox da xəbərim vardı.

- Rəməl bəhrində, - cavabını verdim.

Elə bildim ki, "imtahan" bitdi. Amma...

- Sən bu qəzəli çox sadə bir şəkildə şərh edə bilərsənmi?

...Mən görkəmli füzulişünas Səbir Əliyevlə dostluq edirdim. Onunla söhbətlərimiz həmişə klassik poeziyadan və Füzulidən olardı. O söhbətlərdə Sabir müəllim Füzulinin neçə qəzəlini mənim üçün şərh edirdi, doğrusunu deyim ki, məni Füzuliyə, onun poeziyasına bağlayan da Sabir Əliyev olub. Və Sabir müəllimin bu qəzəllə bağlı dediklərini xatırladım, çox yığcam şəkildə qəzəlin ayrı-ayrı beytlərinin mənasını şərh eləməyə çalışdım.

- Çox gözəl, oğlum, sən Füzulidən əl çəkmə. Amma dərindən öyrən. Məsələn, birinci beytdə sənə sual versəm ki, könül quşu (mürği-dil) niyə məhz saçda, həm də pərişan saçda yuva salıb, nə deyərsən?

Doğrusu, susdum.

- Ona görə ki, quş ən çox zirvəyə, hündürlüyə meyil edər. Saç isə elə bədənin, qamətin ən yüksək nöqtəsindədir. Saç pərişandır, dağınıqdır, tellər çör-çöpü xatırladır, quş yuvası isə çör-çöpdən ibarət olur, hörülmüş sığallı saç isə yığcam olduğundan orada yuva tikmək olmaz. Dağınıq halında saç daha cazibədardır, üzə xüsusi gözəllik verir.

Bax beləcə, Əkrəm müəllim o qəzəlin hər bir beytini tamam-kamal şərh elədi. Düz otuz dəqiqə çəkdi. Bununla da kifayətlənmədi. Başqa bir qəzəlinə keçdi: "Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar, Bu məzmun ilə xətt ol səfheyi-rüxsarə yazmışlar". Daha sonra Füzulinin Həbibəyə nəzirə yazdığı müsəddəsini şərh elədi, müqayisələr apardı. Mən isə sanki sirli bir cazibəyə təslim olmuşdum.

İş vaxtı sona yaxınlaşırdı. Əkrəm müəllim, onun üçün hazırladığım sualları aldı, "cavab yazaram" - dedi.

Amma cavab yazmadı. Çox gözlədim.

Əkrəm Cəfərin Füzulinin qəzəlləri ilə bağlı necə bir könül yanğısıyla söylədiklərini heç bir vaxt unutmuram. Bu, mənim Azərbaycan əruzşünaslıq elminin patriarxı ilə birinci və sonuncu görüşüm oldu...

Əkrəm Cəfərin nəsillərə sözü:

İnsanın atası-anası olmayanda ona yetim deyirlər. Daha böyük fəlakətdir ki, millət yetim qalsın.

Yetim millət kimə deyirlər? Öz tarixini yarada bilməyən millətlər yetimdir. Öz dahilərindən, böyük adamlarından xəbərsiz yaşayanlar yetim hesab edilir.

Biz elə xalqıq ki, böyük dahilər, dünya miqyasında şöhrət tapan adamlar yetirmişik, amma başqa millətlər ona sahib olmaq istəyiblər. İndi dünya dəyişilib, hər şey bizim xeyrimizədir. İmkanımız var ki, öz dahilərimizi bütün dünyaya tanıdaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!