Hərarət normadan yuxarıdı... - Qulu AĞSƏS

 

Yazı masamdakı əlyazmanın adı "Göy üzündə səs"di.

Qorki uşaq vaxtı göy guruldayanda bərk qorxar, şimşək çaxmağıyla cəhənnəm qapılarının taybatay açıldığını zənn edərmiş...

Göy üzündəki səsdən mən indi də hövllənirəm.

Avdı Qoşqarın səsi göydən çox, obadan, eldən, evdən, öz diliylə desək, öydən gələn səsdi.

Mən onun heç zaman şeir oxuduğunu görmədim!

Avdı ürəyində yazır, ürəyində oxuyur şeiri...

"Tuneldən çıxan qatara baxan ibtidai insan" qədər sadəlövhdü Avdı.

Təbəssümünü sağa-sola səpir, hesabısa təkcə içəri vermir, hərdən pul xərcləməyi də var.

Oxuduğum əlyazma Avdı Qoşqarın fotoalbomudu əslində.

Qələm dostları onun şəklini çəkib.

Şəkillərin hamısı ağ-qaradı.

Kitabdakı şeirlərsə Avdının selfisidi.

Avdı öz şəklini ancaq şeirlə çəkə bilərdi və çəkib də.

İnanmıram ki, haçansa telefonun kamerasını özünə tuşlamış olsun.

Onun Amerikadan reportajı ayrı aləmdi.

Tipik kənd adamı və ABŞ!

Heyrəti  çoxdan yadırğamış "yeni dünya", "köhnə dünya" ilə üz-üzə gəlib.

Avdı amerikalının heç nəyə təəccüblənməməyinə təəccüblənir.

Nizaminin ölüm tarixini oxuyanda kövrələn Avdı Qoşqarın göz yaşının yaşı okeanın suyundan yaşlıdı.

Azərbaycan Televiziyası onun "Yurd yeri"di.

Neçə illərdi, dayanmadan veriliş çəkir.

Bu verilişlərin reytinqi mübahisə mövzusu ola bilər, amma təəssübü yox.

Avdı verilişlə bərabər (və daha çox!) işinin, ölkəsinin, sözün təəssübünü çəkir.

Mən onun çəkdiyi verilişə yox, çəkdiyi təəssübə baxıram.

Bu  təəssüb indi təkcə Amerikada deyil, elə öz yurd yerimizdə də təəccüb doğurası qədər aşırıdı.

Avdı Qoşqarın kamerasının bir ayağı Natəvan klubundadı.

Yubiley, kitab təqdimatı... onun obyektivindən efirə yol alır.

Avdı bir kərə də öz tədbirini lentə almamışdı.

Altmış yaşında iş yoldaşları bu ənənəni pozdular.

Hamını çəkən adamın ilk dəfə özünü çəkdilər.

Amma Avdı öz yubileyində də şeir oxumadı.

Sadəcə, susdu və yubileyinə gələn adamlara heyrətlə baxdı.

Sanki heç kəsi gözləmirmiş kimi...

Avdı fasilələrlə şeir yazır, amma yazanda fasilə vermir.

Bir şeirə bir yol qələm çəkir.

Mətni bənd-bənd qurmur, birnəfəsə yazır, sonra köksünü ötürüb gedir gündəlik qayğılarının dalınca.

Termometri hansı şeirinin üstünə qoysan, hərarət 36,6-nı keçəcək.

Hərarət demişkən, Avdının maşınından yayda da palto, papaq əskik olmaz.

Pivəni az qala qaynadıb içir.

Avdı soyuqdan üşənən adamdı.

Tərs kimi də qarşıdan ömrün sazağı gəlir.

Ümid şeirlərinin hərarətinədi.

Yaşayarıq, görərik...

 

5 sentyabr 2018-ci il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!