XX yüzil sonu - XXI yüzil (önləri) Şəki ədəbi mühitinin görkəmli nümayəndələrindən biri, istedadlı şair Vaqif Aslandır.
Vaqif Aslan poeziyası düşündürücü, xəlqi poeziyadır. O, ədəbiyyatımızın xalq şeirinin qoşma, gəraylı, klassik üslubun qəzəl janrlarında, dramatik növün pyes janrında qələmini sınamışdır. Onun qoşma, gəraylı və qəzəlləri hissin, duyğunun, ağlın süzgəcindən süzülüb gəlir. Heca vəznində yazmış olduğu şeirlərində Q.Zakir, M.P.Vaqif ənənələri özünü göstərir.
V.Aslan həyat şairidir. Yazmış olduğu şeirlərinin hər misrasında həyat həqiqətləri, qarşılaşdığı, şahid olduğu həyati motivlər öz əksini tapır. Görkəmli alim Y.Qarayev şair haqqında yazır: "V.Aslanın ədəbi yaradıcılığının əsas spesifikasının "folklor konteksti" təşkil edir". Həqiqətən də onun əsərlərində folklor ənənələri öz əksini geniş şəkildə tapır. Xüsusilə, onun xalq mahnılarına yazdığı şeirləri diqqətəlayiqdir. "Ağlama, ceyran balası, ağlama, Ağlama, gözüm qarası, ağlama" xalq mahnısına yazdığı "Ağlama" şeiri məzmun və poetik cəhətdən fərqlənir.
Üsyan edib taleyəmi ağladın,
Ağlama, ceyran balası, ağlama.
Dağ-dağ idim, məni bir də dağladın,
Göynədi köksüm yarası, ağlama.
V.Aslan elinə, obasına, torpağına bağlı olan vətənpərvər şairdir. Vətəninin dağlarının, bağlarının, çiçəklərinin vəsfindən doymayan şair qürur hissi ilə həm vətənini, həm də doğulub, boya-başa çatdığı doğma kəndini "Anam Kiş" şeirində gözəl poetik ifadələrlə təsvir edir.
Gözəl Vətən!
Xoşbəxtəm ki, qucağında
doğuldum mən
Bilən bilir dünya - geniş
Ömrün yolu yoxuş - eniş
Hər qartala öz yuvası
Hər körpəyə öz anası
Mənim yuvam, anamsan, Kiş!
- deyən şair qucağında doğulduğu üçün özünü xoşbəxt sayır, doğma kəndinə "anamsan", "yuvamsan" - deyə müraciət edir.
Şairin ictimai mövzulu şeirləri içərisində "Ocaq" şeiri diqqəti cəlb edir. Şeirdə 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Vətən torpaqlarının ikiyə bölünməsindən doğan dərin kədər hissi yüksək sənətkarlıqla verilibdir.
Bir ocaq qaladı o tayda bacı,
Bir ocaq qaladı bu tayda qardaş.
Diyirkən ayrılıq ölümdən acı
Bizim başımıza tale salıb daş
Tüstümüz görüşür Arazın üstə.
V.Aslan hər şeydən əvvəl tarixini, soy- kökünü dərindən bilən şairdir. O, Vətənin hər bir daşında, torpağında min-min tarixin yatdığını qeyd edir. Bu cəhətdən onun silsilə şeirləri içərisində "Daş əlifba", "Saxsı qırığı üstə yazı" şeirləri diqqəti cəlb edir. "Daş əlifba" şeirində şair Azərbaycanın canlı tarix yaddaşı olan - Qobustan abidəsindən söz açır.
Qobustan - zamanın kəsilən qolu.
Tapdanıb nə zaman, ot bitib haçan
Qobustan - Vətənin quruyan qolu
Donub damarında daşa dönüb qan.
Şeirin son bəndi məzmun cəhətdən daha rəngarəngdir. Buradakı yatan tarixə heyran olan şair bir anlıq daşlarla danışa bilmək üçün dönüb daş olmasını, hətta anasından Qobustanın dilini öyrətməsini istəyir və sonda yurdunun bu şərəfli tarixinə heyran qalaraq Qobustanı Azərbaycanın daşlaşan imzası adlandırır.
Hay sallam, yayılar səsim hər yana
Daşlar səda verər, danışmaz fəqət
Ey mənə əzəldən dil verən anam
Mənə Qobustanın dilini öyrət.
Bilim, o yurdumun şərəfi, şanı
Bilim, o yurdumun dərdi, yasıdır.
Oxuyum - Qobustan - Azərbaycanın
Daşlaşmış imzası, əlifbasıdır.
Şairin bundan başqa "Yaşamağın sirri", "Qılınc", "Ay səni" və başqa şeirləri tarixi mövzuda yazılıbdır.
V.Aslanın tarixi mövzuda, tarixi motivlər əsasında yazdığı əsərləri içərisində "Ruhlarla söhbət" poeması xüsusilə fərqlənir. Poemanı şairin yaradıcılığının şah əsəri də hesab etmək olar. Poema Abdulla Əfəndizadənin "Hər ürəkdə zəbt olubdur, Ya ölüm, ya Türkiyə" mənzumələr toplusu ilə səsləşir. Əsər 28 fəsildən ibarətdir.
Əsərin yazılmasında böyük məsuliyyət hissi duyan şair poemanın "Xeyir və dua" bölməsində ana və atasının ruhlarının dilindən bu şərəfli işi xüsusilə vurğulayır.
Oğlum, gəl bu daşı ətəyindən tök
Türk qoca palıddır yer üzərində.
Başı göylərdədir, kökü dərində
Allaha çatarsan, yuxarı qalxsan
Gözlərin qaralar aşağı baxsan.
Altına girmisən çox ağır yükün
Birinci qatdadır kökləri türkün.
Nə vaxt ki, edilib bu dünya bina
Türk qövmü ilk sakin olubdur ona.
Poemanın "Haqq da var, divan da" adlı bölməsi daha maraqlıdır. Bu bölmədə tariximizdə qanlı izlər buraxan, türk xalqının amansız, qəddar düşməni olan Stalin, Qorbaçov kimilərin haqq divanında hesab verməsi, öz bəd əməllərini boynuna alması haqqın qələbəsi kimi götürülür...
Poemanın "Şəhid ruhlar" adlanan bölməsində şair tarixi şəxsiyyətlərlə yanaşı zəmanəsinin böyük ədiblərini də yaddan çıxarmır. "Bu dünyadan mən əl çəkə bilmərəm" ifadəsi ilə M.Müşfiqin "Bu gözəl dünyadan necə əl çəkim" misrasına, "Yerə yatın, kazaklardır atanlar" ifadəsi ilə görkəmli dramaturq C.Cabbarlının "1905-ci il" əsərinə, "Demədinmi qalxan bayraq enəmməz" ifadəsi ilə M.Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" sözlərinə işarəsi ilə poemanı daha da rəngarəngləşdirir.
Əsərin "Faciə", "İnkir-Minkir" və "I Şah Abbas" bölmələri daha maraqlıdır. "Faciə" bölməsində - xanlar xanı olmaq istəyən millətini, torpağını quruca bir ad, vəzifə üçün satan, özgə himayəsində yaşamağı özünə fəxr hesab edən Qubalı Fətəli xanın rüsvayçı əməllərindən söhbət açılır. Şair milləti birləşdirib özgəyə itaət edən, bu xalqı nəsil-nəsil xəcalətə salan insanın ellər gülüncü, aylar-illər gülüncü olmasını istəyir. Eynən də "İnkir-Minkir", "Şah I Abbas" bölməsində də öz soyunun qənimi kəsilən, türkü-türkə qırdıran, türkü öz yurd-yuvasından didərgin salan, erməni kimi qaniçəni, bəşəriyyətin bəlası olan bu nankor xalqı türkün başına bəla eləyən Şah I Abbasın əməllərindən bəhs edilir.
Poemanın "Giley", "Umu-küsü", "Sual-cavab" bölmələri də mövzu cəhətdən rəngarəngdir. "Giley" bölməsində qardaş qanı axıtmaqla fəxr edən, 1514-cü il tarixin türklük, türk milləti üçün səfalət səhifəsi olan Çaldıran döyüşü və onun qurbanları olan Şah İsmayıl və Sultan Səlim fenomenləri qarşılaşdırılır. Şair Şah İsmayılın dilindən xalqının başına gələn müsibətə, qardaş qırğınına ürək yanğısı ilə cavab verir.
Mənə bir dərs oldu Çaldıran
Bu döyüşdür türkü atdan saldıran
Bir qılınc ki, kəsib türkün başını,
Paralayıb torpağını, daşını.
Öyülməyə dəyərmi:
Bir qılınc ki, məni məndən eləyib
Qanı-qandan, canı-candan eləyib.
Mənimkidir deyilməyə dəyərmi?
"Umu-küsü" bölməsində Əmir Teymurun və İldırım Bəyazidin etirafları da düşündürücü və səmimidir.
Əsərin "Ulu ruhun cavabı" bölməsində ozanlar ozanı Dədə Qorquddan danışılır, qılıncla saz qarşılaşdırılır. Qılıncı olmayan millətin boy atmadığını, qılıncın ad-san, şöhrət olduğunu yazan şair namərdin, yaltağın əlində alçaldığını, pas tutduğunu da vurğulayır. Şair sazın da qüdrətindən, böyüklüyündən hələ "Dədə Qorqud elindən gələn" ucalığından, müqəddəsliyindən söhbət açır.
Sazın da, sözün də sirri var balam,
Qılınc da ad alır mərdin əlində
Namərdin əlində alçalar balam
Sazsa inildəyər dərdin əlində
Yaltağın əlində pas atar qılınc
Ölən şöhrətinə yas tutar qılınc
Yaltaq nə utanar, nə də ar eylər
Qılıncı hörmətdən salıb xar eylər.
Poemanın "Novruz bayramı və Məlikşahın giley-güzarı" bölməsində əsrlər boyu tarixi, yaddaşı, bayramı, toyu-düyünü unutdurulan, lakin Məlikşah Cəlaləddin və II Şah Abbas kimi tarixi şəxsiyyətlərin sayəsi nəticəsində özününkünü özünə qaytaran bir xalqın taleyindən söhbət açılır. Şair poemanın "Məndən söyləməkdir, səndən eşitmək" bölməsində maraqlı faktlar verir. Yunan və türk xalqlarının adət-ənənələrindən yazır. Şair əsərdə dəfn etmə yas mərasimini gözəl izah edir, yunanların dəfn etmə zamanı ölünü yandırmağını, türklərin isə torpağa basdırıldığını göstərir. Şair türkün sayəsində geyinməyi, çimməyi, daranmağı öyrənən, türkə "barbar" deyib onun var-yoxunu mənimsəyən, özününkü olmayanı öz adına çıxan qeyri-əxlaqi dəyərlərdən söhbət açır.
Əsərin "Sual-cavab", "Ruhların məhkəməsi" bölməsi daha maraqlı və təsirlidir. II Göytürk imperatoru Bilgə Xaqanın ruhu ilə söhbətləşən şair söhbət əsnasında xalqının başına gətirilən müsibətlərdən, türk xalqları arasında birlik və bütövlüyün olmaması nəticəsində boyunduruğ altında yaşamasından, öz torpağında qul olan, qaçqın olan, öz torpağında özünə yad olan, bölgə-bölgə paralanan, nəsil-nəsil qaralanan xalqların müasir taleyindən ürək ağrısı ilə danışır.
Əsərdə Bizans imperatoru Qustinyanı qadın şücaəti ilə diz çökdürən Bur-Arıq və öz ağlı, zəkası ilə iki xalqı qırğından qurtaran Çiçək Xatun kimi qadın obrazların verilməsi təsadüfü deyil. Şair göstərmək istəyir ki, öz ağlı, zəkası, şücaətiylə kişiləri geridə qoyan, "Aslanın erkəyi, dişisi olmayan" dünyanın qadın fatehləri də vardır. Şair qadının böyüklüyünü, ucalığını "Qadın" şeirində də poetik ifadələrlə verir.
Qadın - ömrümüzün bəzəyi, naxışı
Həmişə müqəddəs sanmışıq onu
İnsan sevə bilir, sevir, nə yaxşı
Yoxsa verəmməzdik onun borcunu...
Ümumiyyətlə, V.Aslan bizi türk azmanlarının bütöv bir silsiləsilə görüşdürür. Şair Məlik şah, Alp Arslan, Bilgə Xaqan, Attila, Mete xan, Alp Ər Tonqa kimi tarixi şəxsiyyətləri türkün böyüklüyünü, qüdrətini göstərən şəxsiyyətlər kimi təqdim edir.
V.Aslan poemada tarixi dərindən bilən gözəl bir tarixçiylə yanaşı həm də ana dilini, ana dilinin qayda-qanunlarını, fonetik xüsusiyyətlərini mükəmməl bilən bir dilçi kimi də nəzərimizi cəlb edir. Bu cəhətdən onun Şumer, Akkad, Assur, Babil, Manna, Midiya sivilizasiyalarının türk mədəniyyəti ilə təmasından, həmin sözlərin etimologiyasından bəhs etdiyi fikirlər maraqlıdır.
V.Aslan poeziyası dərin, mənalı, özünü oxucusuna sevdirən poeziyadır və bu poeziyanın geniş elmi-tədqiqata ehtiyacı vardır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!