Məhəmməd İqbal və türklər - Bəsirə Əzizəli

 

Çanaqqala savaşı dövründə

Məhəmməd peyğəmbəri yuxusunda görən İqbal peyğəmbərin "Mənə nə gətirdin?" sualına belə cavab verir:

Bir şüşə qan ki, bərabəri yoxdur,

namusdur, vicdandır,

Buyurun, bu, Çanaqqala

şəhidinin qanıdır.

Müsəlman xalqları arasında türklər, onların milli-mənəvi dəyərləri, Osmanlı dövlətinin islama və milli mədəniyyətə əsaslanan siyasəti hər zaman Məhəmməd İqbalın diqqət mərkəzində olmuşdur. M.İqbal dini ehkamları fəaliyyətsizliyin səbəblərindən olan "tale" bəhanəsinə əsas gətirilməsini qəbul etmir. Şair müsəlmanlığı millət uğrunda çalışmaqda, mübarizədə görür. M.İqbal Avropa dövlətlərinin Şərqdəki müstəmləkə siyasətinə qarşı çıxır, bu yolda özünəməxsus şəkildə türklərdən örnək almağa çalışır: "Osmanlı türklərinin sözü yaxşı anladıqlarını eşitdim, kim onlara mənim bu qərib şeirimi çatdıracaq?"

Məhəmməd İqbalın türklərə münasibətinin ifadə etdiyi və böyük türk şəxsiyyətlərini əsərə gətirdiyi bədii-fəlsəfi nümunələrindən biri də "Cavidnamə" mənzuməsidir.

İqbalın "Cavidnamə" əsəri həm fəlsəfi-dini görüşlərinin ifadə olunması, həm müsəlman cəmiyyətinin real durumunun şərhi, həm də gələcək nəsillərə önəmli mesajların ötürülməsi baxımından əhəmiyyətlidir. Filosof-şair islam dini, təsəvvüf fəlsəfi təlimi çərçivəsində ifadə etdiyi fikirləri ilə oğlu Cavidin simasında gənc nəslə gələcək inkişaf perspektivlərini aşılayır. Bu sahədə böyük türk mütəfəkkiri, İqbalın "doğruların imamı olan Rumun piri Mövlana" kimi sözlərlə vəsf etdiyi Mövlana Cəlaləddin Rumini özünə rəhbər seçən İqbal bütün əsər boyu onun bələdçiliyi ilə fərqli planetlərdə müxtəlif ruhları ziyarət edir. Şərqin və Qərbin önəmli alim, filosof, yazar, siyasət və dövlət adamlarının ruhu ilə söhbət zamanı İqbal eşq, insanı Allaha yönəldən mənəvi dəyərlər, islam dininin Haqq dini kimi özündə yüksək mənəvi keyfiyyətləri, ədalət prinsiplərini ehtiva etməsini, "Quran"a dönüşün müsəlman cəmiyyətinin xilası olmasını göstərir.

"Cavidnamə" əsəri İqbalın ictimai görüşləri, Şərq və Qərb münasibətlərinə baxışının müəyyənləşdirilməsi kontekstində də mühüm əhəmiyyət daşımaqdadır. İqbal müsəlman xalqlarının, Yaxın Şərq millətlərinin real zaman daxilindəki problemlərini öz əsrinin qəhrəmanlarının ruhunu ziyarət etdiyi zamanda dilə gətirmişdir. Bunlar arasında Osmanlı dövlətinin sədrəzamı Said Halim Paşa önəmli yer tutmaqdadır. Said Halim Paşanın dövlətçilik sahəsindəki, cəmiyyətin problemləri ilə bağlı fikirləri Yaxın Şərqin bir sıra görkəmli şəxsiyyətləri kimi İqbalın da diqqətini çəkmiş, ona görə də əsərin "Cəmaləddin Əfqani və Said Halim Paşanın ruhlarını ziyarət" adlı bölümündə onu qəhrəman seçmişdir.

İqbal və Said Halim Paşanın fikirləri arasında bir sıra uyğun məqamlar müşahidə olunur. İqbal müsəlman ölkələrini Avropanın təqlidindən uzaqlaşdırmağa çalışarkən Said Halim Paşanın dili ilə "yeni Avropa" düşüncəsinə qarşı "Quran"ı qoyur, "onun ayələrində yüzlərlə yeni dünya" olduğunu bəyan edir.

İqbalın sözügedən fikirləri Said Halim Paşanın dili ilə verməsi də təsadüfi deyildi. Said Halim Paşa da əsərlərində islam mədəniyyətini Qərb dünyasına qarşı qoyurdu. Said Halim Paşa da islam mədəniyyətinin əslində Qərb mədəniyyətinin qaynağı olduğunu, lakin bunun zaman keçdikcə unudulduğunu söyləyirdi. Eyni zamanda, qərblilərin islamı yanlış anladıqlarını, Qərbi örnək alan aydınlarımızın da onlarla bərabər səhf etdiklərini ifadə edirdi.

İqbal və Said Halim Paşa milli məsələləri, milli kültürün Qərb mədəniyyətindən fərqli cəhətlərini, dövlət siyasətində və cəmiyyətin inkişaf istiqamətində milli dəyərlərdən çıxış edilməsi vacibliyini ön plana çəkir, cəmiyyətin tərəqqisi üçün təhsili ən vacib yollardan biri kimi qiymətləndirirdilər. Bütün bu cəhətlər İqbalın Said Halim Paşanı "Cavidnamə" əsərinə gətirməsinə səbəb olmuşdur.

1932-ci ildə yazıb tamamladığı "Cavidnamə" əsərindən daha əvvəlki mərhələdə İqbalın əsərlərinə, Türkiyə ilə bağlı fikirləri, Atatürk haqqındakı düşüncələrinə nəzər yetirsək, fərqli yanaşmanı müşahidə edərik. Bəzi faktlara diqqət edək.

Türkiyə İstiqlaliyyət müharibəsi zamanı, 1921-ci ildə yunanların Ankaraya qədər gəldikləri zaman Milli Məclisin bir sıra nümayəndələrinin mərkəzin Kayseri və ya Sivasa köcürülməsi fikrini irəli sürdükləri dövrdə Atatürk islam aləmində böyük əks-səda doğuran bir bəyannəmə qələmə almışdır: "Bütün islam ürəklərinin bir qəlb içində döyünməsi üçün özünü pərişan edən türk millətinə müzahir olun". Bununla bağlı İqbal Qurban Bayramı münasibətilə Lahorda tarixi Badşahi Camisində bayram namazı qılmaq üçün toplaşmış 250 min insan qarşısında Atatürkü dəstəkləyən bir bəyannamə elan etdi: "İslamın hər tərəfində duçar-ı hezimet olan sancaqları Anadoluda toplanmışdı. Qardaşlarım, dua edək ki, o bayraq o bürclərdən qiyamətə qədər düşməsin. İslamın günəşi qaralmasın, Allah müsəlmanları xiristianlara qarşı müdafiə edən böyük lider Mustafa Kamala yardım etsin. İslamın son əsgərlərini müzzəffər qılsın".

1922-ci ildə Türk Milli hərəkatının qələbəsi münasibəti ilə də İqal "İslamiyyətin doğuşu" adlı şeirini yazmış, böyük türk qələbəsini digər müsəlman xalqlarına örnək olaraq göstərmişdir:

Köləlikdə nə qılıncların, nə də planların

                        heç bir qiyməti yoxdur,

Fəqət imanın şövqü tutuşduğu zaman

            bütün zəncirlər parça-parça olur.

Yalnız sarsılmayan bir iman, davamlı

  fəaliyyət və eşq bu dünyanı fəth edə bilər.

İnsanın həyat mücadiləsindəki

                        qılınclar bunlardır!

Osmanlıların üzərinə bir kədər dağı

                        yıxılmışsa, sən heç üzülmə,

Çünki şəfəq yüz min ulduzun

                        qanı tökülmədən sökülməz!

İqbal Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ölkədə islamla bağlı düşüncələrinin dəyişməsi haqqındakı söz-söhbətə "güya türklər islamı rədd etmişlər! Heç bir zaman bundan böyük bir yalan söylənməmişdir" deyə cavab verir.

İqbal Mustafa Kamal Atatürkə də şeir yazmış, onun türk millətinin müsəlman dünyasındakı rolunu yüksək dəyərləndirmişdir. "M.Kamal Paşaya (Allah ona yardım etsin)" şeirində İqbal yazır:

Atatürk və türklərin

                      ağlı və hikməti sayəsində biz

İlahi təqdirin gizli sirlərinə yetişmişik.

Sönmüş bir qığılcım olduğu halda müsəlman

Mustafa Kamalın bir baxışı ilə

Bir günəş olduq ki, düşmənə yaman.

Eşqi öyrətdi bizə də,

                        qurtulduq kölə olmaqdan.

Bahar rüzgarında ələmlə dolmuşduq,

O əsdirdi ovanın sərt yellərini.

Dünya biləcək əlbət dəyərini.

Sən qurtardın neçə dustağı, sərbəsti,

Atın hara qədər gedərsə,

Ey Mustafa Kamal, ora qədər yürü!

"Cavidnamə" əsərində səsləndirdiyi fikirlərə baxmayaraq, İqbalın Atatürk haqqındakı düşüncələri ömrünün sonuna yaxın yenidən əvvəlki rənginə qayıtdı.

2007-ci ildə Məhəmməd İqbalın "Cavidnamə" əsərini müraciətlə yazdığı oğlu Cavid Türkiyənin "Aksiyon Dergisi"nə verdiyi reportajda bu məsələyə aydın şəkildə münasibət bildirmişdir: "Atama görə, peyğəmbər və ilk dörd xəlifə dönəmində islam dövləti bir cümhuriyyət idi. Atam Mustafa Kamalın etdiyi inqilabı, ictihad gücünün xəlifədən alınıb Millət Məclisinə verilməsi kimi görürdü. Bu sistemdə Məçlis artıq xəlifə hökmündə idi. Üləma sözlərinin üzərindəki ictihad gücünün xilafət məqamından alınaraq Məclisə verilməsi, İqbala görə, çox yeni bir fakt idi. Atamın Mustafa Kamalı çox sevməsinin səbəbi də budur. Lakin böyük insanların bir-birilərinin fikirlərindən təsirlənmələri nə qədər təbii idisə, bəzi məsələlərdə ayrı düşünmələri də o qədər normaldır. Atam Mustafa Kamalın ənənələrlə bağlarını lazımsız yerə qopardığı qənaətində idi. Cənubi Afrika müsəlmanları 1933-cü ildə gəlib atama uzunömürlü olması üçün dua etdikləri zaman atam belə demişdir: "Mən etdiklərimi etdim. Artıq mənim üçün deyil, Mustafa Kamal və Məhəmməd Əli Cinnah üçün dua edin".

İqbalın oğlu Cavidin söylədikləri fikirləri filosof ədibin əsərlərindən də müşahidə edirik. "İslamda dini düşüncənin yenidən inşası" əsərində yazır: "Xəlifəlik tək bir insana təhvil edilməlidirmi? Türkiyənin ictihadı budur ki, islamın ruhuna görə Xilafət və ya İmamət məqamı bir qrup insana, yaxud seçilmiş bir məclisə təhvil edilməlidir. Bildiyəmə görə, Misirdəki və Hindistandakı islam alimləri indiyə qədər bu məsələdə fikirlərini bəyan etməmişlər. Şəxsən inanıram ki, türklərin bu görüşü tamamilə doğrudur. Bu məsələdə mübahisə etmək hardasa əhəmiyyətsizdir. Cümhuriyyət şəklindəki idarə üsuslu yalnız islamın ruhuyla tamamilə uyğun deyil, eyni zamanda, islam dünyasında sərbəst buraxılan yeni gücləri diqqətə aldıqda bir öhdəlikdir". İqbal türklərin sözügedən fikirlərində haqlı olduqlarını ifadə etmək üçün tarixi faktlara və müasir türk ictimai xadimlərinin görüşlərinə də istinad edir.

Eyni zamanda, "Cavidnamə" əsərində İqbalın bütün yenilikləri islam dini, onun qanun və ehkamları çərçivəsində düşündüyünü də müşahidə edirik. Şair "Cavidnamə" əsərinin Türkiyədəki yeniliklərdən bəhs edən bölümdə yazırdı:

Müsəlmanlar kimi qəlbin varsa,

Öz içinə bax və bir də Qurana.

Onun ayətlərində yüzlərcə yeni dünya

Əsrlər dolanmış onun hər anına!

Onun bir dünyası çağımıza bədəl

Göksündə duyan könül varsa gəl!

Mömün qul Allah ayətlərindənir,

Hər yeni dünya

            onun üzərində geyim kimidir.

Üstündəki bir dünya köhnəldiyində

Quran Digər bir dünya verir üzərinə!

Təbii ki, fərqli fikirlər, eyni məsələyə müxtəlif yanaşmalar olsa da, İqbal ömrü boyu türklərin dostu olmuş, onların milli-mənəvi dəyərlərini Şərq üçün örnək almış və islamın yüksəlməsindəki rolunu dəyərləndirmişdir. Eyni zamanda, Mustafa Kamal Atatürkün türk və müsəlman dünyasının inkişafındakı böyük fəaliyyətini yüksək qiymətləndirmişdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!