Mətanət VAHİD
...İndiyəcən heç kimin
Getmədiyi,
Heç kimin
Olmadığı,
Heç kimin,
Heç kimin doğulmayıb, heç kimin ölmədiyi
Bir şəhərdəyəm indi
...Hər tərəfi nur seli, hər yanı ağ işıqdır
Heç nəyin kölgəsi yox,
Özü yox, özgəsi yox,
Günəşi belə yoxdur, Günəşə qarışıqdır
Mən də yoxam,
Gözəldir...
Hədiyyə Şəfaqətin şeirlərində "olmayan şəhər", "gizli şəhər", "yad şəhər" kimi şəkillənən doğma məkan müəllifin daxili, mental məkanıdır. Bu arzu həmin məkandakı absolyut hakimiyyəti ifadə edir. Poetik subyekt real şəhərində gerçəkləşdirə bilmədiklərini arzulardan doğan, onların gücünə yaranıb var olan məkanda (əslində məkansızlıqda) reallaşdırır. Müəllif şeirin içində real və irreal məkanları birləşdirərək metareallıq yaradır. Başqa sözlə, "olmayan şəhər"lərin kəşfi, dünya xəritəsinə əlavə edilməsi poetik imkanlar hesabına "gerçəkləşir". Burada şeir, dolayısı ilə müəllif arzu olunan məkan, zaman və bu ikisini yaşamaq iqtidarında olacaq insanın yaradıcısına çevrilir.
...Çıxarmışam, atmışam bədənimi hardasa,
Barmaqlarım toxunmur uzatdığım heç nəyə
Güzgülərdə əksimi görəmmirəm, görmürəm
Başımın üstündə göy ləpələnir su kimi
Səngimiş düşüncələr
Hardan hara əsdiyi bilinməyən
küləyin nəfəsində yayılır
Olmayan ayaqların izi boşluğa düşür,
Olmayan qanadların çırpınışı duyulur...
Bu mətnlərdə universal arxetip kimi çıxış edən şəhər metafizik təbiəti etibarilə ideyaların yarandığı qeyri-coğrafi məkandır. Qədim sivilizasiyaların mifoloji dünyagörüşündə şəhər dünya modelinin analoqudur. Şumer mətnlərində əks olunduğu kimi, Hədiyyənin şeirində də şəhər yerlə göyün qovuşduğu məkan, göyləri yer üzündə əks etdirən mikrokosmos - düşüncə müstəvisidir. Poetik məkan kimi reallaşan şəhər obrazı öz qeyri-adiliyi, fərqliliyi ilə müstəsnadır və bu mifləşdirilmiş məkan müəllifin hisslərini, emosiyalarını ifadə vasitəsi kimi obyekt olmaqdan daha çox, ani şüur aktının doğurduğu özünəməxsus reallıq kimi obrazlaşır.
"Big bang" və apokalipsis arasında bir məkan təsiri bağışlayan olmayan şəhərlə bağlı əhvali-ruhiyyə nə kədərlidir, nə nikbin... Oradakı həyat həm əbədiyyət təsiri bağışlayır, həm də heçlik... olmayan şəhərdə yaşanmayan həyatın bir başlanğıcı olmasa da, sonu var - sevgi(li)yə dönüş...
...İndiyəcən heç kimin
Heç kimin olmadığı
Heç kimin doğulmayıb, heç kimin ölmədiyi
Şəhərdən gələcəyəm...
Gələcəyəm...
Üzülmə...
Hər cür zaman və məkanın fövqündəki bu xəyali cənnətin bir şeirlik ömrü var; bu son misralarla oxucu bir neçə anlıq qapıldığı xəyaldan ayrılır və reallığa dönür. Müəllif bunu etməyə də bilərdi, oxucusunu sonadək fantaziyaları ilə baş-başa buraxardı, fəqət olmayan şəhərin xəyalı qədər gerçəklikdəki sevgi də gözəldir. Ona dönmək arzusu bütün xəyal dünyalardan daha dəyərlidir. Bu qədər mənəvi rahatlığa, hüzura rəğmən insan özünün ən dəyərli olanına - sevgiyə qayıdır.
Hədiyyə Şəfaqətin poeziyasında şəhər arxetipi poetik konstant rolunda çıxış edərək şeirdən-şeirə keçir. Növbəti poetik nümunədə "yad şəhər" anlayışı artıq doğmalaşmış "olmayan şəhər"in tərkedişidir - sakral statusludur. Burada bir haldan başqa hala keçidi izləyirik.
Müqəddəs Ea,
Tut ayaqlarımdan və mənə
uçmağa icazə vermə.
Ürəyinin harda döyündüyünü
bilmədiyim bu yad şəhərə
Göylərdən deyil,
Küçə-küçə
Ağac-ağac
Pəncərə-pəncərə
İnsan-insan baxmaq istəyirəm...
"Olmayan şəhər"dən geri dönəndən fərqli olaraq, burada getmək yox, qalmaq, özünə dönüş, xilası özündə tapmaq önəm kəsb edir.
Bir də...
Gözlərini yum,
Qulaqlarını tut
Məni unut, mən yad şəhərdəyəm...
Bu şeirlərdə şəhər arxetipi şüurun ətraf aləmə proyeksiyası kimi şəkillənir, mənəvi sığınacaq rolu oynayır - insanın özünü metafizik varlıq kimi qavramasının nəticəsi olaraq alqılanır. "Olmayan şəhər"dən "gizli şəhər"ə keçid alan poetik subyektin transformasiyası baş verir.
Hədiyyənin poeziyasında insan problemini geniş müstəvidə - metafizik mövqedən çözməyə cəhd, vahid metafizik başlanğıcla münasibəti, bənzərliyi, onun bir parçası olduğuna vurğu var. Burada əsas məqsəd insanın özünə varması, ətraf aləmin qaynaşan reallıqlarından qopub fərdi yaşantıların dərin qatlarına baş vurmaq, zahiri münasibətlərin necəliyindən asılı olmayaraq, daxili azadlığı yaşatmaq, gerçəkliyin xaosundan sıyrılıb fövqə qalxmaq, anın və əbədiyyətin poeziyasını yaratmaq, kainatın yaradılışı və təbiətə mistik məhəbbəti ifadə etməkdir. Bu şeirlər Hədiyyə Şəfaqətin yaradıcılığının estetik təbiətini aydın əks etdirir.
Onun əmin-amanlıq və idilliyanın hökm sürdüyü poetik aləmində absolyut azadlığa malik insan hər cür bağlardan azad, məqsədsiz məqsədyönlülüyə doğru yolçuluqdadır. Burada mütləq gerçək yoxdur, gerçəklər məcmusu və məqsədə doğru gedilən yol var: məhz bu yolu getmək vacibdir - şübhəyə yuvarlanaraq, inama sarılaraq - yolun sonuna çatmaq məqsədi yoxdur. Yol özü məqsəddir, hərəkət, düşüncə istiqaməti, duyğular seli hər şeydir, son nöqtə heç nədir.
Hədiyyənin şeirlər məcmusu şüur faktlarına əsaslanaraq 3 növ reallığın mövcudiyyətini önə çəkir: Tanrı, onun yaratdığı təbiət və insan. Bu şeirlərin daha dərin məna qatlarına varanda kimin (nəyin) kimi və ya nəyi yaratdığı sual altına düşür. Şair azaddır, ona bu azadlığı, sərbəstliyi söz verir - hər cür hakimiyyəti əlində saxlayan söz. Və bu üstünlüklərdən istifadə edərək yazıları silib başdan yazmaq ixtiyarına sahibliyi özündə saxlayır.
Çəkilmək
Hələ heç nəyin olmadığı o nöqtəyə ki,
Orda
Tanrı hələ də düşünməkdədir -
Yaratmaq,
Ya yaratmamaq?..
Bu şeirlərdə poetik subyekt əksərən göyə baxır - Tanrı axtarışında, sevgi sorağında, günəş eşqilə, yağış arzusuyla... bəzən də göyə baxarkən tapdığı elə yerlərin əksi olur - səmada dalğalanan masmavi sular kimi. Göylər yerlərin əksidir. Ordakı Tanrının mövcudluğu da yerdəkilərin arzu və əməlləri ilə şərtlənir.
Hədiyyənin açıq imkanlar məcmusu kimi meydana çıxan poeziyasında poetik subyektlə müəllifin sərhədlərinin harada ayrıldığını müəyyənləşdirmək çətinlik törədir. Bəzən isə poetik subyekti birmənalı şəkildə təyin etmək qeyri-mümkün olur. Belə ki, şeirlərdəki müxtəlif ifadələr fərqli nitq xüsusiyyətlərinə malikdir və ortaya çıxan mənzərədə poetik subyekt haçalanır. Ən çox diqqəti cəlb edən isə lirik subyektin əksərən kütləyə qarşı qoyulmasıdır - kütlə kənardan təsvir olunur, o, hisslərin, təsvirin dışında qalır.
Adamlar
Bağışlamazlar məni
Bağışlamazlar sevgimə...
Mən üzümü küləyə tutaram
qırğınlıqlarımdan
Mən əlimi saralmış otlara çəkərəm ki,
üzülməyin,
Mən sizin yaşıllığınızı unutmadım...
Hədiyyənin şeirlərində birbaşa adresat dəyişkəndir: "müqəddəs ata", "Tanrı", "sevgili", "dostum", "dərviş" və s. Lakin elə təəssürat yaranır ki, bu müraciətlərin hamısının elə bircə ünvanı var, dəyişən yalnız müraciət formasıdır. Məsələn, "dostum" müraciətilə başlayan şeir:
Amma sən
Bilirsən nəyin məni bəxtiyar etdiyini
Üzümün nəyə gülümsədiyini
Əllərimin nəyə uzalı qala biləcəyini
Könlümü necə ala biləcəyini...
Yaxud "sevdiyim" müraciətli şeir:
Görəcəksən hər şey həmişəki kimidir,
Ölüm - ən asan ayrılıqdır, amma tərk etmək
deyil,
Bütün yolların bitdiyi dünyada
Həyatdan getmək səndən getmək deyil,
Bilirsən...
Yeri gəlmişkən, Hədiyyə Şəfaqətin yaradıcılığında ölüm motivi heç də hər şeyin sonu anlamında işlənmir. Demək olar ki, bütün şeirlərdə ölümün bir haldan başqa hala keçid, bir həyatdan digərinə adlama kimi təqdim və təsdiqini izləyirik: ölümdən sonrakı həyat sevən qəlbdə, oyaq qalan xatirələrdə, daim xatırlanan yaşantılarda, çiçəklərin ətrində, yeni doğulacaq ağaclarda... davam edir.
Məktublarını yaz yenə
Heç ara vermədən,
Yaz ki,
Səni ölümə vermərəm.
Yaz ki,
Bu dəfə daha yaxşı gördüm səni...
Buradakı müraciət ünvanlarının real, yoxsa şərti-poetik olması heç bir əhəmiyyət daşımır. M.M.Baxtinin poeziya dilinin qapalı, konservativ olduğu fikrinin əksinə, M.Y.Lotman poetik (bədii) mətnin prinsip etibarilə polifonik olduğunu vurğulayır. Hədiyyə Şəfaqətin şeirlərində intertekstual-dialoji əlaqələrin mövcudluğu gizli sitatlar, allüziyalar, yaxud da dini motivlərin variasiyaları şəklində meydana çıxır.
Tanrının Kişi bətni - kilsə...
Buymuş o -
Yarıqaranlıq və soyuqmuş.
Çarmıxa çəkilmiş İsa,
Ata və müqəddəs ruh naminə
qonağını yola sal...
"Müqəddəs Məryəm - Qadın" deyə müqəddəslik və qadınlıq arasında bərabərlik işarəsi qoyur. Sonra isə 3 dəfə ardıcıl əlavə edir:
Adi bir qadın...
Adi bir qadın...
Adi bir qadın...
Məryəm "adi" bir qadınkən məhz qadın olduğu üçün müqəddəsdir. Bu şeirlərdə bəzi kəlmələrin 2, digərlərinin 3 dəfə təkrarlanması da təsadüf deyil. Qədim dini mətnlərdə üzərinə vurğu edilməli olan kəlmələrin təkrarlandığı kimi, burada da sakrallığa riayət olunur. Və belə təəssürat yaranır ki, Hədiyyə şeir yazmaqla hansısa magik ritualı yerinə yetirir.
...Vidalaşmadan və getmədən əvvəl naşı-naşı
Dua etdim sən və insanlıq naminə:
Tanrı, günəşi güllələrdən qoru
Tanrı, torpağı mərmilərdən qoru
Və sil qəzəb doğuran yaddaşı...
Və adamları xilas et sevgiylə...
Hər şeyiylə kilsə zənginin
bazar çağırışı və ətir
Sakit pıçıltıların sehri və yalvarış -
günahkar bəndələrini əfv et...
Get!
İndisə get - deyir yamyaşıl sidr ağacları - get!..
Poeziya (bütövlükdə sənət) qarşıya bəzən heç ağlagəlməyəcək suallar qoymaqla malik olduğumuz bilgilərin ötəsində bir aləmə nüfuz etməyimizi təmin edəcək gücdədir. Hədiyyənin bu şeirlərində kanonik və apoqrifik mətnlərin izlərini tutaraq bədii gerçəkliyə varmaq mümkündür. Daha çox sirrə canatma, yeni sirlərin kəşfi, üstündən örtüklərin qaldırıldığı gizlinlər... ikonoqrafik mətnin ləpir yerlərində formalaşmış yeni addım izləridir.
Belə təəssürat yaranmasın ki, Hədiyyə Şəfaqətin poetik yaradıcılığı yalnız "xalis sənət"dən ibarətdir. Burada sosial mesajlar da var, narazı vətəndaş obrazının səsi də. Lakin təəssüratların dəyişkənliyi, əhvali-ruhiyyə keçidləri və təzadlara rəğmən onun poeziyasına əsasən əbədi gözəllik, daim isidən və sevindirən günəş işığı, ümid, sevgi, harmoniya xasdır. Burada bütün duyğular - inam, ümid, sevgi aliləşdirilir, yüksəldilir, heç şübhə olunmayacaq qədər ucaldır. Ayaqları yerdə olsa da, ürəyi, ruhu səmada süzənin misralarıdır bu şeirlər. Onları oxuyub insanın mələk kimi qanadlanacağına da inanmaq olar, günəş kimi nur saça bilməsinə də.
Belə ki, poetik subyekt dünyanın fani, sevgilərin saxta, dostluqların vəfasız olduğunu bilən və bunlara rəğmən xəyallara qucaq açan, çatdığı bütün gerçəkliklərə üst qatdan baxıb gülümsəyən xəyalpərəstdir. Hədiyyənin şeirlərində əksərən ikilik var: müəllif hər misrasıyla qapının o tayındadır, oxucunun yanında deyil, qarşısındadır - monotamaşa kimi izləmək mümkündür bu şeirləri - qapının bu üzündə qalan oxucu, dünyanın reallıqlarını yaşayan sıradan bir adam və qapıdan içəridə bu dünyayla barışıq, hər şeyi anlamağın fövqündə dayanan, özünü və dünyanı, insanları bağışlayan hüzurlu, ümidli bir varlıq var və onun missiyası sadəcə şeirdir.
İlk sətirlərdən kədərli notlara köklənirsən və ardınca "səhər əlini günəşə uzadan" adamın misraları gəlir. Bəzən şeirin ümumi kədərli ahənginə son nöqtəni qoyan bircə cümlə ilə gəlir o ümid əhvali-ruhiyyəsi.
İrəlilədikcə səssiz çöllərin
sarı-sarı qurumuş otlarının üstündən külək,
Baxışlarımı gömgöy səma parçasından endirdim
İçimdə
Payızı qarşılamağa hazırlaşan
ağacların budağından
Hansısa sındı düşdü...
Orda, uzaqlarda,
gizli məbədlərin divarları arasında
Yenə zər qanadlı göy kəpənəklər uçuşdu...
...Biz ki bunları bilərək aşiq olmuşduq bir kərə,
olsun,
Olsun, - dedim öz-özümə, - yarıaçıq
pəncərədən hələ yaşıl ağaclar görünür...
Sanki təyyarə salonunda oturub açıq ülliminatordan yekrəng, sıxıcı buludları izləməkdən gözlərin yorulur, ürəyin üzülür və birdən buludların arasından bir topa rəngarəng şar peyda olub dodağına təbəssüm qondurur - bilirsən ki, orda şar yoxdur əslində, amma təbəssüm edə bilmək üçün səbəbin olduğunu bildiyindən unudursan yekrəng buludları və yalnız şarların rəngarəngliyini görürsən. Bax bu, şeirlərin yaşatdığı ekstaz halıdır. "Ayaqlarını yerə toxundurmağa" öyrəşdirməyənin o şarlara tutunub səmalara uçuşu kimidir bu şeirlər.
Hədiyyə Şəfaqət şeirmi yazır, kəlmələrlə dünyanımı qucaqlayır, bilmirəm. Amma onun poeziyasının adı sevgidir, ümiddir, gözəllikdir, harmoniyadır... kədərli və gözəl... sonlanmış olsa da, ümidli...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!