"Naməlum adam" haqqında məlum fikirlər - Adilə NƏZƏR yazır

Redaktoru olduğum "Naməlum adam" Aləm Kəngərlinin işıq üzü görən ilk kitabıdır və əlbəttə, davamı gələcək.

Kitabda yer alan ilk hekayə "Vətən"dir. Hekayədə bir sıra problemlər üzündən ailəsini atıb yad diyara üz tutmuş Səfərin yaşı irəlilədikcə qoyub getdiyi ailəsi, övladları, vətən, torpaq, yurd həsrəti ilə psixoloji böhran keçirməyi və sonunda rus arvadını və iki uşağını tərk edib vətənə dönməyindən bəhs olunur. O, vətənə dönmə qərarını oğlu İlyaya bildirəndə İlya bu xəbəri olduqca soyuqqanlıqla qarşılamış və heç bir reaksiya vermədən atasını yola salmağa razılaşmışdı. Burada yazarın xüsusilə toxunduğu məqamlar var, o göstərmək istəyir ki, Azərbaycan ailələrində olan ailə bağları, ata-övlad sevgisi digər xalqlardan daha möhkəmdir. Və sonda onun qəhrəmanı Bakıda vağzalda tək-tənha fikir içində oturub qaldığında çiyninə qoyulan əl onun xalqının nə qədər dostcanlı, etibarlı, qayğıkeş olduğunun isbatı idi. Bu hekayədə "Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır" el məsəli yazıçı fikrinin əsas meyarıdır. İndiki gənclərin bəzilərinin milli nihilizmindən, yəni öz mədəniyyətinə xor baxıb Avropa mədəniyyəti deyə üz tutduqları xarici ölkələr heç də onların hamısına uğur gətirmir. Bu cür əsərlər gənc oxucuların təşəkkülünə, kamilləşməsinə, yaşam seçiminə kömək edən əsas amillərdən biridir və onlarda milli mədəniyyətin formalaşmasına kömək edir. Eyni zamanda "Qonaq", "Tanışlıq" hekayələrində də eyni problemlərə toxunulur. Milli mədəniyyətdən, adət-ənənələrdən qidalanan bu müasir hekayələr dərdləri qədər dərmanlarını da öz içlərində daşıyırlar.

"Putyovka", "Dilənçi", "Kisəçi" və "Oğru" hekayələrində də müəllif qəhrəmanlarının dili ilə günümüzün sosial problemlərini göz önünə gətirir. Xüsusilə "Oğru" hekayəsinin əxlaqi-tərbiyəvi və estetik əhəmiyyəti olduqca böyükdür.

"Ədəbiyyat tarixin güzgüsüdür" prizmasından yanaşsaq, zamanımızın bütün göstəriciləri bu kitabda güzgülənir. "Velosiped" yüksək təminatlı ailələrdə böyüyən ərköyün, şıltaq, həddindən artıq əzizlənən, bütün arzu və istəkləri yerinə yetirilməsi nəticəsində xudbin yetişən uşaqların ailəyə, eləcə də ətrafdakılara yaşatdığı narahatlıqlar və hətta dramatik hallar özünəməxsus bədii dillə təsvir olunur. 

Aləm Kəngərlinin hekayələrindən doğma yurd qoxusu gəlir. Onun bütün yaradıcılığında atalar sözləri və xalq məsəllərindən istifadə edilir. Bunlar həm obrazların xarakterlərinin açılmasına kömək edir, həm də əsərin dilinin sadəliyini və təsirliliyini təmin edir.

Kitabdakı hekayələrin keçdiyi məkanlar və zamanı qavrayış formaları oxşardır. Bu da hadisələrin ortaq nöqtələrini əmələ gətirir. Hekayələr əsasən eyni zaman və oxşar məkanlarda yaşanır. Elə buna görə də ayrı-ayrı hekayələrdə obrazların oxşar xüsusiyyətləri görülməsi labüddür. 

"Darıxan ürəklər" insanı istəkləri ilə vicdanı arasında çarəsiz buraxan, bir az da ürək sıxan bir sevgi hekayəsidir.  Əvvəli çiyələk dadında olmasa da xoş bir sevgi duyğusuyla başlayan hekayənin davamı "kim nə deyər" məntiqi, məhəllə mədəniyyətinin gətirdiyi söz-sovla davam edir. Hekayənin sonunda tənqidlə qeyd etdiyimiz problem nəinki əsərin qəhrəmanını, hətta oxucunu da tərəfsizlikdə saxlaya bilır. Problemin doğru dəyərləndirilməsini oxucuya buraxan müəllif oxucunu doğru tərəfi görməyə dəvət edir. Oxucu olaraq bir tərəfdə halına yandığımız Murad varsa, o biri tərəfdə də tərtəmiz gülüşlü, günahsız, bədən qüsurlu Zümrüd var. Oxucu onun onsuz da talesiz həyatında heç olmasa bu sevgidə taleyinin gətirməsini arzulayır. Bu kimi müzakirələrə açıq hekayələr öz oxucusunu daim tapır. 

"Fəryad"dakı mövzu ədəbiyyat tariximizin ən gözəl nümunələrindəndir. Hekayədə insanlıq imtahanından üzüağ çıxan orta məktəb müəllimi Sevilin ana olmaq arzuları, övlad kimi sevdiyi şagirdləri,  digər tərəfdə isə ana-ata olmanın məsuliyyətlərini anlamayan,  övladları İlkinlə Arzunun taleyini ikinci plana atan valideyn adını qazanan insanlar qarşılaşdırılır. Burada bu həyatı yaşayan və ya tanış həyat hekayəsilə rastlaşan insanların yaşadığı hisslərin tərənnümü olduqca sadə və dolğun dillə təsvir olunur.

"Robot -50 KDK 101"-in hekayə dili böyük əksəriyyətlə müəllifə çəmlənib, ancaq o, kosmik sürətli robotların obraz olaraq tənhalıq və melanxoliya hallarını nə qədər əks etdirə bilib, bu müzakirə mövzusudur. Buna baxmayaraq müəllifin verdiyi mesaj oxucunu hadisələrə adaptasiya edə bilir. Burada müəllif bəzən ənənəvi qəliblərlə oynayaraq, bəzən izah surətini istifadə edərək, bəzən ənənəvi fiqurları qoruyub məzmunu müasir şəkildə işləyərək, bəzən də hər gün yenilənən mədəni fiqurları fərqli obrazlar şəklində ortaya çıxarır. "Savadsız, səriştəsiz, mürgülü məmurlar ordusu"ndan can qurtarmaq üçün robotların dünyasına gedən müəllif bizə yeni dünyanın da problemləri olduğunu göstərir.  Hekayədə diqqət çəkən əsas meyar məkanların bir ünvanı olsa da, varlıqların fərziyyə hiss etdirdiyidir. Hekayədə tarix fərziyə ilə müəyyənləşsə də, qavrayışa aid olan bir zamansızlıq ruhu müşayiət olunur.

Kitabda yer alan "Naməlum adam" povesti yazıçının ilk irihəcmli əsəridir. "Naməlum adam"da müəllifin çatdırmaq istədiyi fikir aydındır - qatillər, oğrular və fanatiklərdə heç bir zaman mərhəmət günəşi olmur. Elə bu səbəbdən də müəllif oxucuya ötürdüyü həyəcanla birgə eynilə Naxçıvanın başı dumanlı Soyuqdağı kimi bu insanların namərdliyinə uzaqdan və soyuq baxır.

Əsərdəki Məhərrəm obrazı hər şeydən əvvəl tədbirli və prinsipialdır. O, öz ağıllı planları nəticəsində Dilbər xanımın suallarla dolu psixoloji sarsıntılarına son qoyur, qatili taparaq qanuna təslim edir. Bədxah adamların pis əməlləri nəticəsində xoş günlərinə sədd çəkilmiş bir ailənin dramı, daha dəqiq desək bir ailə başçısının öldürülməsindən sonra geridə qalan ailə üzvlərinin, xüsusilə vəfalı bir qadının narahat günləri təsvir edilir. Müəllif Zabirə və Rabil kimi mənfi obrazları ilə cəmiyyətdəki yad ünsürlərin iç üzünü açıb ifşa edir. Təbii ki, əsərdəki hadisələr ideoloji aspektdən əks etdirilmişdir. Əsərin ən uğurlu keyfiyyətlərindən biri də müəllifin hər bir obraza fərdi yanaşmasıdır.  Yəni əsərin əsas obrazlarından olan Məhərrəm, Dilbər, Amil, xidmətçi Simuzər, digər obrazlar Bakir, Nəriman kişi, Zabirə, Rabil və b. hərəsi öz xarakter, hərəkət, hadisələrə münasibət və rəftarı baxımından seçilir.

Əsərdə qapıçı Nəriman kişi müsbət obrazdır. O, işıqlı əməl sahibi, etibarlı insan kimi uca tutulur. Müəllif əsərin sonunda onun ölümünü təəssüf və kədər hissi ilə qələmə alsa da yaxşılığa xidmət edən əməllərin yaşaması ümidi ilə təskinlik tapır. Povest Məhərrəm obrazının timsalında insanlıq, dosta etibarlılıq, kəsdiyi çörəyə sayğı, mərdlik, qorxmazlıq və s. cəhətlərin təbliği baxımından da böyük əhəmiyyətə malikdir.

Bu təzadlı obrazların əhatəsində də əsərin hər cümləsi, hər sözü diridir, nəfəs alır, həyəcanlanır və oxucuya da bu həyəcanı ötürə bilir. Oxucunun əsər haqqında soyuq söz demək haqqı qalmır.

Əsərdə hadisələrin təsvir edilmə şəkli konkret olmaqla bərabər yumşaq və uyumludur.

A.Kəngərlinin hekayələrinin hər birində müəllifin nihilizmi çox parlaq bir şəkildə görünür.

Əsərlərindəki rəngli dünyalarla və xarakterlərlə özünü və qələmini bizə təqdim edən müəllif həyat yolunda rastlaşdığımız dəyişik, fantastik və yeni rəmzi subyektlərlə bizi tanış edir.

Hekayələrdən təsirlənib təsirlənməmək, hər zaman olduğu kimi oxucunun nə gözlədiyinə və ya nəyə diqqət etməyinə bağlıdır. Mən Aləm Kəngərlinin hekayələrinin daşıdığı gərginlik və sadəlikdən zövq aldım. Bəzisi sonu etibarilə rəğbətimi qazandı, bəzisi isə hekayəni başlama və anlatma forması ilə xoşuma gəldi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!