Nihad Sami Banarlı - “Könül” sözünə dair...

 

Türk dili bir çox qədim sözlərini, yerlərinə daha gözəllərini tapdıqca, işləklikdən çıxarmış, lakin gözəl olan hər kəlməsini qədimdən bəri mütləq yaşatmışdır. Türk dilinin ölkələr, əsrlər və dillər boyunca sürən macərası çox vaxt elə bu “gözəl”i aramaq duyğusundandır (Bu gün də çirkin kəlmələrə münasibəti eyni hissdən gəlir).

Altun, gümüş, dəmir, çəlik və başqa bu kimi gözəl səsli metal adları türk dili var olandan bəri yaşayan və yaşadılan kəlmələrdəndir.

“Könül” sözü də belədir. Bu kəlmənin ən qədim türkcədə söylənişi “kön-qül” idi, zaman keçdikcə “könğül” şəklini aldı və yüz illər bu şəkliylə işlədildi. Ona “gönül” (könül) səsi verən Türkiyə türkcəsidir.

“Könül”ə öncə VIII əsrdə rast gəlirik. Tarixi daşlara qazdıran bir hökmdarın dilindən danışaraq, adını bildiyimiz ikinci türk yazarı Yolluq Tigin:

“Taş tokıtdım, könqültegi sabımın... bitidim” [Daş yondurdum, könüldəki sözümü yazdırdım] - deyir.

Sözün ədəbiyyatımız tarixindəki ikinci bir aşiqi “Kutadqu Bilig” müəllifi Yusif Xas Hacibdir. Kəlməni fürsət düşdükcə işlədir, ona əruzla mənalar söylədir. Onun:

Könğül kimni sevsə körür közdə ol,

Közün qanca baqsa uçar yüzdə ol.

Könğüldə nəgü ersə arzu tilək,

Ağız açsa barca tilin sözdə ol.

- kimi misraları türkcənin İslam çağındakı ilk könül şeirləridir: "Könül kimi sevsə, gözünün önündə (hey onu) görər; göz haraya baxsa, orada o (nun xəyalı) uçar. Könüldə arzu, dilək nə isə (insan) ağız açan kimi hey ondan söz edər" demədir.

Könül Anadoluda Yunus İmrənin:

Daşdın yenə dəli könül,

Sular kimi çağlarmısan?!

misralarıyla şahə qalxır. Ondan sonra səsi elə də çox dəyişmir. Bəzən "bu göylüm" deyənlərin söyləyişiylə başqalaşsa belə, son qəti səsləniş tərzini tapmağının fərəhini könül xoşluğuyla yaşayır. O həddəcən ki, biri çıxıb da bir “Könül şeirləri antologiyası” hazırlasa, həmin kitabda türkcənin necə zəngin və gözəl şeirləri toplanardı.

Hətta XV əsrdə İstanbul fatehi Sultan İkinci Məhmədin belə qatıldığı bir könül şeirləri yarışması olmuş, fəth edilən ölkələr yüz illərcə bu şeirlərin:

Könül, ey vay könül, vay könül ey vay, könül

- deyə təkrarlanan misralarıyla, mürəbbeləri və ahəngli şərqiləriylə dolmuşdur.

Bundan sonra dilimizdə bir könül zənginliyi başlayır. “Könül” sözüylə neçə dil və könül oyunları oynanır. Kəlmə dilimizə könül dolusu söyləniş qazandırır, dilimizdə bir duyğu və məna aləmi oyandırır.

Hərçənd könül insanın duyğu mərkəzi deməkdir, ürəkdəki mənəvi tərəfi anladır, amma o bir bununla da qalmır; “Könlü çəkmək”lə aşiq olur, “könül vermək”lə sevir, bağlanır... “Könül oxşamaq”da xeyirxahlıq duyğusuyla dolur daşır, “könül almaq”da xoşnud etmək, sevindirmək mənalarına gəlir. Bunun üçündür ki, Azəri türkcəsi şairi Şah İsmayıla aid edilən:

Xətai hal çağında,

Haqq könül alçağında.

Min bir Kəbə yapmaqdır -

Bir könül al çağında

- dördlüyü öz incəliyi ilə xalqımızın könlündə yaşamışdır. Diqqət yetirin; alçaqlıq necə pis mənalı bir kəlmədir, amma türk xalqı onu “könül”lə birləşdirir və “könül alçaqlığı” yaxud “alçaqkönüllülük” halına gətirincə, elə biləsən tilsim sındırılıbmış kimi, birdən-birə fəzilət mənası alır.

Beləcə, könül almaq, könül vermək, könlü qalmaq, könül açmaq, könlü açılmaq, könlü olmaq, könül oxşamaq, könlünü bağlamaq, könlündən keçmək, könül qırmaq, könlünə görə, könüldən sevmək? iki könül bir olmaq, könül açıqlığı və daha neçə-neçə saysız könül kəlmələri... könül oyunları, könül duyğuları duyub könül şərqiləri söyləməli...

Sözü “könüllü”, “könülsüz” kimi şəkilləriylə yayıb dilə bir könül zənginliyi qazandırmaq və, məsələn, Pir Sultan Abdalın dilindən danışaraq:

Öt, mənim sarı tanburam,

Sənin əslin ağacdandır.

Ağac dersəm könüllənmə,

Qırmızı gül ağacdandır

- deyib, kəlməyə bir könül incəliyi işləməli...

Bəzən Nəfinin şerilə danışaraq zəngin bir könlün insana necə yetəcəyini:

Həm qədəh, həm badə, həm bir şux saqidir könül

- deyə anladan şah əsər halında söyləməli; bəzən də gözəlliyi gözəllərin gözlərində axtararkən:

Könül nə göy, nə əla, nə lacivərd arayır,

Ah bu könül, bu könül, kəndinə dərd arayır!

- misralarına tuş olmalı. Yaxud da şeyxülislam Yəhyanın qəzəlində nəğmələşərək:

Gəldi bahar, sən yenə şad olmadın, könül,

Güllərlə lalələrlə gülşad olmadın, könül

- ahəngi qazanıb, bahar mövsümündə bir bahar türküsünün ruhu oxşayan təranəsilə birləşmək... Nəhayət, Yəhya Kamalın şerində yığılıb-yığılıb ya tam nəşə, ya tam iztirab, ya hər şey, ya heç nə mənasında:

Ya şövq içində xərab ol, ya eşq içində, könül!

Ya lalə açmalıdır köksümüzdə yaxud gül

- ucalığına yüksəlmək.

Türkcədə Könülün hekayəsi, əlbəttə, çox zəngindir. Bu saydıqlarımız onun bəlkə ən qısa macərasıdır. Gerçək budur ki, türk dili bu mənada sadə könül sözüylə qalmayıb, başqa dillərdən başqa sözlər də almışdır. Məsələn, ərəbcədən “qəlb”i almış, özünün “ürək” sözüylə birlikdə işlətmişdir. Farscadan (yenə “gönül” mənasında olan) “dil”i seçmiş, onun da dilbər, dilara, dilşad kimi, dildadə və dilrüba kimi söylənişlərindən xoşlanmışdır. Fəqət, başqa dillərdən eyni anlamda kəlmələr aldı deyə “könül”ü tərk etməmiş, əksinə, onu bütün könlüylə sevib həyatının hər bir çağında, bəlkə də hər anında işlətmişdir. Çünki könül gözəldir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!