Aqil Abbasın günahsız "Günah"ı - Sərvaz Hüseynoğlu yazır

Dünyanı necə gözəl və təmiz görürdüksə, eləcə də tanıdığımız bir aləmin (və əyyamın) yazısıdı Aqil Abbasın "Günah" povesti. Alt yapısına nəzər yetirib, birər-birər göz önünə gətirdikcə fərqinə varırıq ki, əslində Dünya dediyimiz bu köhnə tanışdan xoşbəxtlik naminə umacaqlarımız elə də mümkünsüz, əlyetməz bir şey deyilmiş. Deyək ki, "Günah"ın gənc personajı Ziyəddin bircə anı - atasının doğma həyətlərində qoz çırpmasını yenidən yaşamaq üçün hər şeydən keçməyə hazırdı. Baxmayaraq ki, "o anı yenidən yaşamaq üçün Ziyəddin heç nədən keçə bilməyəcəkdi və əslində elə bir şey də yox idi".

Oxucu diqqətini "Günah"a çəkən də məhz bu məqamdı, eyni xatirələr önündə eyni hissi və durumu yaşamağın reallığı. Eyni zamanda, zəruri ehtiyacı…

"Günah" oxucunu ən adi, sadə olmuşların böyük xoşbəxtliyini yenidən yaşamağa, heç özü də bilmədən bəxtəvər olduğu məqamların xəyali uçuşuna hazırlayır. Məsələn, Ziyəddin üçün bu əlyetməzliyin təməlində çox sadə, adi bir yaşam dayanır ki, dünyanı necə təmiz, gözəl gördüyü və eləcə də tanıdığı bir əyyamda atası çıxardı qoz ağacına, çırpardı, balaca Ziyəddin isə yerə tökülmüş qozu yığardı. "Sonra da atası düşüb oturardı ağacın dibindəki daşın üstə və başlardı qoz qırmağa", qıra-qıra da oxumağa.

Əslində o sadə oxunuşda dünyanın ən böyük hikməti, dünyagörmüşlüyü ifadə olunurdu. O sadə mahnının sözləri dünyanın ən gözəl, qayğısız yaşamının yerini-yurdunu nişan verirdi. Ən gözəli o idi ki, Ziyəddin atasının həvəslə oxuduğu sözlərin mənasını belə anlamadan onu əzbərləmişdi. Yəni qəbul etdiyi, əziz bildiyi heç bir nəsnədən umacağı, təmənnası yox idi.

Ziyəddin ən sadə, adi şeylərin sevincindən məmnun idi; məsələn, atasının ona yenicə aldığı bir cüt qara qaloşdan: "o qaloşlar necə gözəl idi və Ziyəddin üçün həmin dünyada o qaloşlardan gözəl heç nə yox idi. Ziyəddin o qaloşları heç ayağına geyməyib" sıxırdı sinəsinə və yüyürə-yüyürə oynayan uşaqlara çatıb sevincək deyirdi: "Atam mənə qaloş alıb".

Təbii ki, oxucu heç bir halda Ziyəddinin bu sadəlövh xəbərinə görə ona ironiya etmir, ağız büzmür. Heç vəchlə. Əksinə, onun içdən gələn, səmimi sevincinə şərik olur, onu yenidən yaşayır. Müəllifin povest boyu ideya-məzmun prinsipinə sadiqliyi, nəsrdə poetik fikir gəlişmələrinin uyarlı sintezini verə bilmək ustalığı Ziyəddinin az qala bir nağıl kimi keçib getməkdə olan tale yolunu eyni məhrəmlik, eyni duyğusallıqla izləyir. Ən gözlənilməz, qeyri-təbii, sadəlövh suallar belə Ziyəddinin dilində elə səslənir ki, bu səslənişdəki qəribəliyin özü belə sözsüz şəkillər kimi bunun məhz belə olmalı, belə deyilməli olduğunu oxucu ruhuna pıçıldayır. Təəccüb etmirsən. İztehzalı bir gülüş içini sarmır. Qəbul edirsən ki, Ziyəddin məhz belə soruşa bilər:

- Adil, mənim atamın bığı vardı?

- Bığı? Bilmirəm! Deyəsən, vardı…

Adilin də yadından çıxmışdı ki Ziyəddinin atasının bığı vardı, ya yox…

Bu unutqanlığın səmti daha çox cismani əlamətlərə tuşdu. Mənəvi müstəvidə isə heç bir an, məqam yaddaşdan silinməyib; məsələn, Ziyəddin heç vaxt qonşuları Güllü arvadın xəstəyə şəfa verən duasının bircə cümləsini belə unutmur. Çünki bu duanın Güllü arvadın xəstə nəvəsini sağaldıb ayağa qoyduğuna çox inanmışdı. Ona görə də atası xəstələnəndə həmin möcüzəli duanı dönə-dönə dilinə gətirmiş, arxasını da özü quraşdırmışdı: "Bissimillah ərrəhman-ərrəhim, atam sağalıb dursun!"

Bu kövrək notları lirik gəlişmələr izləyir: "Amma Allah Ziyəddinin duasını eşitmədi. Cəfər sağalıb durmadı və sonuncu dəfə dünyaya adamların çiynindən baxdı, amma heç nə görə bilmədi".

Uzun-uzadı heç nə yoxdur: müəllif çox xəsis (və olduqca dolğun) boyalarla tale, həyat itkisinin, ağrının təsvirini verə bilib. Göz yaşı, hıçqırıq, haray-həşir notları yoxdur. Sadəcə, sınıqlığın şəkli çəkilib. Bundan sonra baş verən olaylar da bu sınıqlığın, talesizliyin axarında olduqca təbii, həyati qəbul edilir. Məhz bu sınıqlıq, həyatilik Ziyəddinin ətrafında baş verənlərlə tezliklə barışmasına vəsilə olur. Hər şey yenidən öz təbii axarına düşür: "Ziyəddin böyüdükcə qoz ağacının daşlanmasına öyrəşdi, döyülməyə öyrəşdi, qonşu Məliyin hər axşam onlara gəlib-getməsinə öyrəşdi və böyüdükcə elə bildi ki, elə belə olmalıdır; ağaclar daşlanmalıdır, qonşu Məlik də onlara gəlib-getməlidir. İtlərinin hürüşü də dəyişdi, daha əvvəlki kimi ağızdolusu hürə bilmirdi…"

Ağrılı bir məqamdı. Ancaq müəllif heç vəchlə düşdüyü durum qarşılığında Ziyəddini qınaq yerinə çevirmir, yamanlamır, üstünə getmir. Qəzəbini, hikkəsini qırmanca çevirmir. Əvəzində vəfalı, sadiq bir qapı itinin düçar olduğu iztirabların təsvirini verməklə bu tale sınıqlığı gedişatına öz münasibətini, barışmaz mövqeyini ortaya qoyur: "Qoz ağacı yetimliyə öyrəşdi, həyət yetimliyə öyrəşdi. Ziyəddin öyrəşdi - it öyrəşə bilmədi. Ağaca atılan salbalar qol-budağını qırdı-qurumadı, həyətdən yad nəfəs gəldi - gəlsin də, Ziyəddinin başını yad əl tumarladı - tumarlasın da, amma it ona təpinən yad səsə öyrəşə bilmədi və günlərin birində öldü…"

Əslində, gözlənilə bilərdi ki, atasının qoz ağacına atdığı salbaları bir an belə unutmayan Ziyəddin ata ocağına bu qədər sədaqətli itin ölümündən azacıq da olsa kədərlənəcək. Ancaq artıq anasının əlaltısına çevrilən Ziyəddin bu ocağın son sınıqlığının ağrısını duymayacaq haldadı. Xırda alverə qurşanıb. El-oba arasında "Dilbərin oğlu" deyə çağırılmasının belə fərqində deyil. Qorxduğu yeganə adam rayonun polis rəisi polkovnik Quliyevdir. Bədbəxtlikdən onun yaxşılıqlarını belə bəd yerə yozur. Ona yaxşılıq qapısı açan bu adamdan hər fürsətdə gen qaçır. Amma bu gidi həyatın işləklərindən qaçmaq ki, mümkünsüzdü… Məsələn, günlərin birində öz xırda alverilə məşğul olan Ziyəddinin qarşısında süd rəngli bir "Volqa" dayanacaqdı. Ziyəddinin baxışları arxa oturacaqdakı qızın ala gözlərinə dikilib qalacaqdı. O qızın iztehzalı baxışları Ziyəddinin yeddiqatından keçib onu ağrıdacaqdı. Və bu ağrı onun həyatında yeni bir ərəfə olacaqdı. Zambaq Əliş onu üç-dörd stəkan tum dalınca köşkə göndərmək istəyəndə kürəyində o qızın istehzalı baxışını hiss etdiyindən özünü saxlaya bilməyib həyatında ilk dəfə olaraq ağlayacaqdı. Tumsatan Hüsünü təəccüb bürüyəcəkdi ki:

- Buuy, ə, Dilbərin oğlu, sən niyə ağlayırsan?

- Nə borcuna! - deyə Ziyəddin hirslə tumu alıb dönəcəkdi geri.

Bu dönüş əslində Ziyyəddinin oyanış, diriliş mərhələsidi. O dirilişdi ki, heç özü də bilmədən ona iztehza ilə gülən Zambaq Əlişə yağlı bir şapalaq ilişdirmək üçün Ziyəddinə fövqəladə güc, cəzarət verir.

Bədbəxtlikdən (bəlkə də taleyin diktəsindən) atasının ölümündən sonra onların evinə ayaq açan Məlik məhz həmin gün Dilbərlə problemlərini çözmək istəyir. Ziyəddin bu söhbətə şahid olur.

Məlik gizli görüşün aşkar nişanəsi olan uşağı ana bətnində ikən tələf etmək üçün Dilbəri dilə tutur. Və bu pünhan söhbət Məliyin sonunu gətirir. Bir bıçaq zərbəsi hər şeyə son qoyur.

Ziyəddin Məliyin cəsədini vaxtilə atasının ona qoz qırıb, mahnı oxuduğu ağacın altına quyulayır. Səssiz-səmirsiz… Amma bu səssizliyin hər anı qorxunc qarabasma, səksəkə içində keçir. Ayrı cür də ola bilməz; ömründə bircə toyuğun başını belə kəsməmiş, qorxaq, ağciyər Ziyəddin Məlik boyda adamı öldürüb qoz ağacının altında basdırandan sonra necə dinclik tapa bilər? Ana sövq-təbii hiss edir ki, Ziyəddin bu qarabasmalara dözə bilməyəcək, gec-tez özünü ələ verib, həqiqəti etiraf edəcək. Buna görə də gecələrin birində Məliyin cəsədini qoz acağının dibindən çıxarıb bilinməz edir. Oğlunu xilas etmək üçün son çıxış yolunu belə tapır. Və qorxduğu şey başına gəlir. Ziyəddin pünhan sirri faş edir. "Mən öldürmüşəm Məliyi - deyir - özü də basdırmışam qozun dibində".

O yeri qazırlar… Cəsəddənsə heç bir əsər-əlamət tapılmır. Həyat hər pisliyin sonunu beləcə özünə qaytarır. Bildikcə, anladıqca, sadəcə, adamın başı gicəllənir, ürəyi bulanır, az qalır yıxılsın və yenə də müvazinətini saxlamaq üçün yapışası bir ətək axtarır.

Povestin son sətirləridi bu: "Həmin il qoz ağacı qurudu və günlərin birində Ziyəddin həmin ağaca çıxıb öz gözəl-göyçək oğlu Cəfər üçün qoz çırpa bilmədi…"

Bu, povestin son sətirləridi… Bizsə fikrimizin o məqamına qayıtmaq istəyirik ki, "Günah" öz təbii, səmimi, lirik-psixoloji gəlişmələri ilə zəngin ənənəyə malik nəsrimizin yaddaqalan, düşündürən, çox maraqlı nümunələrindəndir. Dil, üslub, hadisələrin real təbiətini təcəssüm etdirə bilmək imkanlarına görə "Günah" heç də tənqidçilərimizin xüsusi aludəçiliklə (və görünə bilmək marağıyla) üz tutduqları dünya ədəbiyyatı nümunələrindən geri qalmayan, kifayət qədər bədii dəyər daşıyan bir əsərdir. Altmışıncı illər nəsrindən oxucuya yaxşı tanış olan İsa Muğanna, Yusif Səmədoğlu, Anar, Elçin, Sabir Əhmədli, Qərib Mehdi, İsi Məlikzadə, az sonra Şahmar, Mövlud Süleymanlı nəfəsi 1979-cu ildə oxucu diqqətinə təqdim edilən "Günah"da çox gəlimli və yaddaqalandı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!