"Abdulla Şaiqin nəsr yaradıcılığı" adlı tədqiqat əsərində fil.e.d.Baba Babayev ədibin nəsr tarixində rolunu belə səciyyələndirir: "A.Şaiqin epik yaradıcılığının nümunəsində Azərbaycan nəsrinin XX əsrin əvvəllərindən tutmuş 60-cı illərə qədər keçdiyi inkişaf yolunu izləmək mümkündür. Yalnız ona görə yox ki, o bu illərdə uzun və səmərəli yaradıcılıq yolu keçmişdir. Daha çox ona görə ki, A.Şaiqin hər bir nəsr əsəri janrından və həcmindən asılı olmayaraq, bədii yaradıcılıq axtarışlarının səciyyəvi meyillərini, istiqamətlərini bu və ya digər dərəcədə özündə əks etdirir".
Məlumdur ki, EA-nın müxbir üzvləri Ə.Mirəhmədov, A.Zamanov, fil.e.d. Y.İsmayılov, fil.e.d. Ə.Məmmədov A.Şaiqin həyat və yaradıcılığını; akademik M.Cəfər, fil.e.d. V.Osmanlı, prof. K.Əliyev ədibin yaradıcılığındakı romantizmin nəzəri-estetik əsaslarını; fil.e.d.B.Babayev, fil.f.d.S.Həyatova, fil.f.d.T.Xəlilova, p.f.d.M.Mürşüdlü, fil.f.d.A.Hacıyeva A.Şaiqin çoxcəhətli yaradıcılığının müxtəlif tərəflərini tədqiqat müstəvisinə gətirmişlər. Fil.e.d.Baba Babayevin yazdığı "Abdulla Şaiqin nəsr yaradııcılığı" monoqrafiyası ədibin bütün nəsrinin poetikasını təfərrüatlı şəkildə şərh edən ilk və hələlik son tədqiqat əsəridir. İlk dəfə 1999-cu ildə nəşr olunan əsər 2018-ci ildə müəyyən əlavələrlə, daha əhatəli şəkildə nəşr olunmuşdur. Monoqrafiyada A.Şaiqin nəsr əsərlərinin müxtəlif nəşrləri arasındakı fərqlər üzə çıxarılmış, əsərlərin metodu, janrı barədə məsələlərə aydınlıq gətirilmişdir.
"Məktub yetişmədi", "Köç", "İblisin hüzurunda" hekayələri, "İki müztərib, yaxud əzab və vicdan", "Araz", "Əsrimizin qəhrəmanları" romanları ilə A.Şaiq epik növün klassik nümunələrini yaratmış, Azərbaycan bədii nəsrini mövzu, janr, problematika baxımından zənginləşdirmişdir."Abdulla Şaiqin nəsr yaradıcılığı" adlı tədqiqat əsərində fil.e.d.Baba Babayev ədibin nəsr tarixində rolunu belə səciyyələndirir: "A.Şaiqin epik yaradıcılığının nümunəsində Azərbaycan nəsrinin XX əsrin əvvəllərindən tutmuş 60-cı illərə qədər keçdiyi inkişaf yolunu izləmək mümkündür. Yalnız ona görə yox ki, o bu illərdə uzun və səmərəli yaradıcılıq yolu keçmişdir. Daha çox ona görə ki, A.Şaiqin hər bir nəsr əsəri janrından və həcmindən asılı olmayaraq, bədii yaradıcılıq axtarışlarının səciyyəvi meyillərini, istiqamətlərini bu və ya digər dərəcədə özündə əks etdirir".
Fil.f.d.B.Babayev A.Şaiqin nəsr yaradıcılığının özünəməxsus cəhətlərini belə xarakterizə edir:"A.Şaiqin bədii nəsrinin özünəməxsus cəhətləri romantik üslubu, sakit, həlim təhkiyəsi, cazibəli süjet və kompozisiyası, yığcamlığı, məlum prototiplərə əsaslanan canlı obrazlar aləmi, tip və xarakterləri, xalq ədəbiyyatına, adət-ənənələrə bağlılığı ilə səciyyələnir".
Müəllif, yeri gəldikcə, Şaiqin epik əsərləri ilə yanaşı, digər janrlarda yazdığı əsərlərinə də müraciət edir, onlar arasında paralellər aparır. Fil.e.d.B.Babayev A.Şaiq yaradıcılığında bədii yaradıcılıq metodlarının işlənməsi baxımından romantizmin prioritet təşkil etdiyini, hətta realist əsərlərində belə romantik ruhun hakim olduğunu yazır. A.Şaiqin nəsr əsərlərinin romantizmin nəzəri prinsipləri baxımından təhlil olunması əsərin dəyərini daha da artırır. Məlumdur ki, uzun illər A.Şaiq irsinə ideoloji aspektdən yanaşılmış, onun romantik yaradıcılığı realizmin meyarları baxımından təhlil edilmişdir. Romantizm ədibin yaradıcılığında ötəri meyil və mənfi cəhət kimi qiymətləndirilmiş, onun romantik əsərləri zorla realizm qəliblərinə sığışdırılmışdır.
B.Babayev araşdırmasına A.Şaiqin ilk nəsr əsərinin axtarışlarından başlayır, bu məsələyə şaiqşünasların fərqli yanaşmalarını təqdim edir. Polemikaya özü də qoşulan alim A.Zamanov, Ə.Mirəhmədov, Y.İsmayılov kimi ədəbiyyatşünas alimlərin qənəti ilə, yəni ədibin ilk nəsr əsərinin "İki müztərib, yaxud əzab və vicdan" romanı olması fikri ilə razılaşır.
Baba müəllim tədqiqatçıların A.Şaiqin yaradıcılığını əsasən sosial aspektdən təhlil etməsini problemə yanaşmanın yanlışlığı kimi dəyərləndirir. Müəllifin qənaəti ilə tamamilə razılaşaraq qeyd etmək istərdik ki, bədii əsərin, xüsusilə də romantik əsərin təhlili onun poetikasına nüfuz etmək, əsəri bədii-struktur, sənətkarlıq məsələləri baxımından şərh etmək istiqamətində olmalı, əsərin və onun müəllifinin ideologiyaya xidmət edib-etməməsi baxımından qiymətləndirilməməlidir. Təəssüf ki, müasir dövr istisna olunmaqla, ədəbiyyatşünaslıqdan hər zaman ideologiya vasitəsi kimi istifadə olunmuşdur. Söhbət Şaiqin "Məktub yetişmədi" kimi klassik sənət nümunəsindən gedirsə, burada, təbii ki, bütün ideoloji maraqlar kənara qoyulmalı, əsərin ortaya qoyduğu əsas ideya - insan və onun xoşbəxtliyi problemi, onun sənətkar tərəfindən necə işlənməsi müəyyənləşdirilməlidir. Digər romantik əsərlərdə olduğu kimi, "Məktub yetişmədi" hekayəsinin əsasında insan konsepsiyası dayanır, burada əks olunan bütün başqa təfərrüatlar - dövr, mühit, obrazlar əsərin əsas qayəsinin fövqündə dayanan, ona yardımçı olan detallardır. Əsas məsələ Qurbanın kimliyi, nə işlə məşğul olması, harada yaşaması yox, onun mənəvi dünyası, nakam arzuları, puça çıxmış xəyallarıdır.
Məlumdur ki, A.Şaiqin nəsr əsərləri, xüsusilə hekayələri avtobioqrafik səciyyə daşıyır. Onların bir çoxu yüksək müşahidə qabiliyyəti olan yazıçının hələ uşaqlığından qarşılaşdığı, başına gələn real həyat faktlarını ehtiva edir. Fil.e.d.B.Babayev Şaiqin epik əsərlərinin bu cəhəti barədə danışmış və məsələyə belə şərh vermişdir:"Tədqiqatçılar (M.İbrahimov, Y.İsmayılov, Ə.Mirəhmədov və başqaları) A.Şaiqin bədii əsərlərinin bir çoxunun əsasında tarixi faktlar dayandığını onun "Xatirələrim" kitabının təhlil və tədqiqinə əsasən dönə-dönə qeyd etmişlər. Gerçəklik dünyası A.Şaiqin romantik xəyalına qol-qanad vermiş, onu həyatın sərt və acı həqiqətləri ilə ziddiyyət təşkil edən və ya ona qarşı dayanan bədii dünya yaratmağa ruhlandırmışdır".
Rus və Avropa ədəbiyyatşünaslığından sıx-sıx barınan Baba müəllim Q.A.Qukovskinin "Puşkin və rus romantikləri" monoqrafiyasına istinadən, romantizmin "psixoloji romantizm" və "vətəndaşlıq romantizmi" kimi iki tipini fərqləndirir. A.Şaiq romantizmini bu qəlibə uyğunlaşdıran alim "Məktub yetişmədi" hekayəsini psixoloji romantizmin, "Köç" hekayəsini vətəndaşlıq romantizminin nümunəsi hesab edir.
B.Babayev "Köç" hekayəsinin janrı məsələsinə aydınlıq gətirir. O, əsəri povest hesab edən Y.İsmayılov, Ə.Məmmədovdan fərqli olaraq, "Köç"ü hekayə adlandırır və bu qənaətini "Povest janrını (eləcə də digər janrları) həcm yox, həyatı əhatə dairəsi, zaman miqyası müəyyənləşdirir" - fikri ilə əsaslandırır. "Köç" hekayəsini "A.Şaiqin vətən torpağına yaratdığı abidə" adlandıran müəllifə görə "vətəndaşlıq təkcə gurultulu sözlərlə vətəni tərənnüm etmək deyil, ilk növbədə onu sevmək, qiymətləndirmək və ona sözün möcüzəsi və qüdrəti hesabına əbədi heykəl yaratmaqdır"
Məlumdur ki, təbiət romantiklər üçün təkçə gözəllik mənbəyi olmaqla qalmır, o, həm də munislik, saflıq simvoludur. Təbiətdən uzaq düşən insan öz saflığından, mənəviyyatından uzaq düşmüş kimidir. Təbiət, romantiklərə görə, həm də harmoniyadır. Orada yaşamaq uğrunda mübarizə gedir, güclülər gücsüzləri məhv edir, orada da azadlıq sevinci, ölüm qorxusu var. Baba müəllim A.Şaiqin epik əsərlərində təbiət məfhumunun rolundan danışır. Alim o fikrində tamamilə haqlıdır ki, "A.Şaiqin nəsr yaradıcılığındakı romantizm təbiətə münasibətdə daha qabarıq şəkildə üzə çıxır. Yazıçı burada da təbiətlə cəmiyyət, təbiətlə insan arasındakı uyğunluqları, paralelləri təbiətin insan taleyindəki metaforik rolu ilə tamamlayır. Başqa sözlə desək, A.Şaiq klassik Azərbaycan poeziyasının ulu bir ənənəsini yaradıcı şəkildə davam və inkişaf etdirmişdir; təbiət yazıçı qələmində rəmzləşmiş surətin və ya hadisənin gələcəyi, aqibəti haqqında qabaqcadan təsəvvür oyadan, bədii məlumat verən poetik xarakterə çevrilmişdir". Doğrudan da, nəsr əsərlərində, təbiət hadisəsinin əsərdəki hadisə ilə əlaqələndirilməsi, təbiət hadisəsinin baş verəcəkləri qabaqcadan xəbər verməsi A.Şaiqin yazıçı kimi fərdi üslubunu səciyyələndirən xüsusiyyətlərdəndir. Təhkiyənin geniş imkanlarından yararlanan ədib əsərdə baş verəcək faciəni boz, buludlu, soyuq təbiət təsviri ilə xəbər verir. Yaxud əksinə, günəşli, parlaq təbiət təsviri süjetdə rastlaşacağımız xoşbəxt hadisənin sanki proloqudur.
Fil.e.d.B.Babayev bir şəxsiyyət kimi tolerant olan A.Şaiqin bu cəhətinin onun yaradıcılığına da sirayət etməsindən söhbət açır. Ədibin epik əsərlərində, xüsusilə avtobioqrafik hekayələrində beynəlmiləlçilik ideyalarının olmasını onun təbiətindən, fitrətindən gələn cəhət kimi qiymətləndirir. Alim "Daşqın, yaxud himmətli cavan", "Qarakilis xatirəsi", "İntiharmı, yaşamaqmı?" hekayələrini, "Xatirələrim"dən "Üç ailənin dostluğu" hissəsini Şaiq kimi tolerant yazıçının yaradıcılığı üçün labüd hesab edir.
Fil.e.d.B.Babayev ədibin epizodik surətləri belə səciyyəvi cəhətləri ilə birgə təqdim etmək, obrazları fərdiləşmiş və tipikləşmiş dili ilə danışdırmaq, milli həyat və mental dəyərlərdən, etnoqrafik faktlardan yerli-yerində istifadə etmək, irihəcmli nəsr əsərlərində bədii detalın poetik gücündən yararlanmaq qabiliyyətini Abdulla Şaiq yaradıcılığının sənətkarlıq xüsusiyyətləri kimi qiymətləndirir.
Milli nəsr tarixində xüsusi yeri olan Abdulla Şaiq nəsri fil.e.d.Baba Babayevin "Abdulla Şaiqin nəsr yaradıcılığı" adlı monoqrafik tədqiqatında konseptual şəkildə araşdırılmış, onun poetikası bütün pozitiv və neqativ cəhətləri ilə birlikdə tədqiqat predmeti olmuşdur. Alimin sözügedən monoqrafiyası A.Şaiqin epik irsinin öyrənilməsi və milli nəsr tariximizin bütöv mənzərəsinin canlandırılması baxımından dəyərlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!