Vaqif YUSİFLİ - Nizami Cəfərovun "Ədəbiyyat söhbətləri"

Nizami Cəfərov araşdırıcı tənqidçidir. O, hansı şairdən, ya nasirdən yazırsa, onun yaradıcılığında mütləq nöqsan, qüsur, texniki səhv axtarmır (tənqid edəndə isə daha köklü məsələlərə toxunur), təhlil etdiyi əsərin, ya əsərlərin timsalında onun müəllifinin ədəbi simasını müəyyənləşdirir, çağdaş ədəbiyyatda hansı bədii-estetik potensiala malik olduğunu nəzərə çarpdırır...

Son iyirmi ildə "bizdə tənqid yoxdur" iddiası ilə çox rastlaşmışıq. Amma bütün bu iddiaların əksinə olaraq ədəbi tənqid öz missiyasını davam etdirir və məsələnin ən önəmli cəhəti budur ki, tənqidin aparıcı nümayəndələri, onun xarakterini, nə etməli olduğunu düzgün müəyyənləşdirən simaları var - onların sırasında Nizami Cəfərov birincilərdəndir.

"Ədəbiyyat söhbətləri" Nizami Cəfərovun müasir ədəbiyyatımız haqqında düşüncələrini əks etdirir  və özü də çox maraqlıdır ki, Nizaminin ədəbiyyata  baxış bucağı çoxcəhətlidir: fikirləşirsən ki, çağdaş ədəbi prosesdə elə bir problem, elə bir istiqamət, elə bir yaradıcılıq yönü yoxdur ki, Nizami Cəfərovun yazılarında əks olunmasın. "Bizdə ədəbiyyat vardırmı?" - vaxtilə, XIX əsrdə V.Q.Belinski çox ciddi şəkildə bu sualı səsləndirirdi və belə qərara gəlirdi ki: "Məşhur və hətta əhəmiyyətli əsərlərin çox olması hələ ədəbiyyat yarada bilməz: ədəbiyyat  bir növ tam və fərdi varlıqdır, onun bütün hissələri öz aralarında  üzvi surətdə bölünmüşdür, ədəbiyyatın ən rəngarəng hadisələri bir-birilə qarşılıqlı surətdə əlaqədardır". Nizaminin bir tənqidçi kimi üstünlüyü də ədəbiyyatı "bütün hissələri və rəngarəng hadisələrilə"  əks etdirmək, "tənqid var" həqiqətini ortaya qoymaqdır. Əlbəttə, tənqid var və Nizaminin "Ədəbiyyat söhbətləri"ndə təkcə tənqidin deyil, ədəbi prosesin nəzarətçisi rolunu öhdəsinə götürən bir tənqidçinin yorulmaz fəaliyyəti ilə rastlaşırıq.

Nizami Cəfərov "Ədəbiyyat söhbətləri"ndə  çox məsələlərdən söz açır - Azərbaycan poeziyasının və Azərbaycan nəsrinin birəsrlik tarixindən və qətiyyən hesabat xarakterli icmalçılığa uymayıb poeziyanın və nəsrin dövrləşdirmə kriteriyalarını müəyyənləşdirir, bir neçə məqaləsini isə qədim türk ədəbiyyatının problemlərinə həsr edir, bu mövzuda indiyə kimi lazımınca izah olunmamış məsələlərə toxunur. Azərbaycan mühacirət ədəbiyyatına həsr olunmuş elmi simpoziumdan söz açır və bu sahədə görülə biləcək işlərin vacibliyini ortaya qoyur. "Azərbaycan muğamının qəzəlləri"ndə bu mövzuya kifayət qədər bələd olduğunu nümayiş etdirir. "O dövrün "Füyuzat"ından bu dövrün "Füyuzat"ına körpü salır. Bu gün üçün bəlkə də çoxlarına yenilik kimi səslənməyən Mehdi Hüseynin tənqidçi üslubunda tənqidin tənqidini araşdırır, Almas İldırımın ölməz ideallarından söz açır, yaradıcılığı nadir hallarda araşdırılan Hacı Kərim Sanılının "Məclisi-Məbusan" deyişmələrini nəzərə çarpdırır, böyük məhəbbətlə Məsud Əlioğlunun  mütəfəkkir ədəbiyyatşünas portretini canlandırır. Amma bu "Ədəbiyyat söhbətləri"ndə biz Nizami Cəfərovu ədəbiyyatın ümumi məsələlərindən və keçilmiş ədəbiyyat tarixindən, ədəbi şəxsiyyətlərdən daha çox təzə nəfəs, təzə söz  axtarışında izləyirik... Deməli, ədəbiyyat "bütün hissələri və rəngarəng hadisələrilə" bizə təqdim olunur.

Nizami Cəfərov ədəbi prosesi çox diqqətlə izləyir və tək-tük tənqidçilərdəndir  ki, onun üçün "hər şeyin təzəsi" prinsipi əsasdır. Elə mövzular var ki, onlara dəfələrlə müraciət olunub, Nizami də o mövzuya baş vurur və təzə söz deyə bilir. Məsələ burasındadır ki, o təzə söz deyilməyən sözdür. Musa Yaqub poeziyası "Təbiət qədər təbii"dir, bunu hamı etiraf edir, amma Nizami bu təbiiliyin "mexanizmini" açır, Deyir: "Mən ikinci bir şair tanımıram ki, "torpaq" sözünü bu qədər işlətsin və həmin sözə bu qədər estetik, metaforik mənalar qazandırmış olsun". Deyir: "Siz Allah, gözətçi götürün məni, Olum bu güllərin bağbanı, dağlar. Və bu dağlar nə Aşıq Ələsgərin, nə də Səməd Vurğunun dağlarıdır. Həm poetik leksikonu, həm bədii intonasiyası, həm də ümumi ruhu, ovqatı ilə". Şairlərin poetik təfəkkür və hətta dil-üslub qohumluğu etibarilə bir-birinə oxşarlığı barədə az yazmayıblar. N.Cəfərovun Məmməd Arazla Musa Yaqub arasında müəyyən oxşarlığı (hər ikisinin təbiətə vurğunluğu) nəzərə çarpdırmağı məlum, amma Məmməd Arazla Musa Yaqubun ideya-estetik təfəkküründə ciddi bir fərqin olduğuna da işarə edir: "Məmməd Araz təbiətdən nə qədər çox yazsa da, prinsip etibarilə, təbiət şairi deyil. Hər şeydən əvvəl ona görə ki, Məmməd Arazın bədii interpretasiyasında təbiət, əslində, cəmiyyəti, ictimai münasibətləri dərk etmək üçün vasitədir... Musa Yaqub isə cəmiyyətdən yazanda da ictimai münasibətlərin təbiətinə varır".

Nizami Cəfərov araşdırıcı tənqidçidir. O, hansı şairdən, ya nasirdən yazırsa, onun yaradıcılığında mütləq nöqsan, qüsur, texniki səhv axtarmır (tənqid edəndə  isə daha köklü məsələlərə  toxunur), təhlil etdiyi əsərin, ya əsərlərin timsalında onun müəllifinin ədəbi simasını müəyyənləşdirir, çağdaş ədəbiyyatda hansı bədii-estetik potensiala malik olduğunu nəzərə çarpdırır. "Köhnə" sözün yeni ustası" kim ola bilər? Mənim fikrimcə, XX-XXI əsrlərdə Dədə Şəmşir, Hüseyn Arif, Hüseyn Kürdoğlu, Məstan Günər, Zirəddin Qafarlı, Məmməd İlqar, Məmməd Dəmirçioğlu, Rəfail İncəyurd, İslam Sadıq. O, sonuncudan söz açır - "köhnə havalarda təzə notlar səsləndirməyi bacaran" İslam Sadıqdan. "Köhnə" sözün yeni ustası olmaq, hər şeydən əvvəl, xalq təfəkkürü, onun stabilləşmiş, etnik-mədəni vərdişlər sisteminə çevrilmiş texnologiyaları ilə yazmaqdır. Bu, o zaman həqiqi ustalıqdır ki, birincisi, təbii olsun, inersiya ilə gəlsin, ikincisi isə, folklor hərfi-hərfinə köçürülməyib zamanla şərtlənən (və səsləşən) orijinallığında təzahür eləsin" - elə bilirəm bu fikri "köhnə" sözün (qoşmanın, gəraylının, təcnisin, bayatının) yeni ustalarının hamısı haqqında söyləmək olar. O, İslam Sadığın qoşmalarından xeyli misallar gətirir. Məsələn:

Tale bir cüt qoşa zərdi, bilinməz,

Altı üzdən beşi sirdi, bilinməz.

Dərdindən ölənin dərdi bilinməz,

De görüm, dərdimi açımmı, Vətən!?

 

Gəlib budağına qonub sar indi,

Bu qədər incitməz yarı yar indi,

Mənim səndən əziz kimim var indi,

Atammı, anammı, bacımmı Vətən?!

 

Diqqət yetirin, İslam Sadığın bu qoşmasında klassik modelə tam riayət olunub, hətta şeirin leksikonunda bizə xeyli tanış sözlər, ifadələr diqqəti cəlb edir, amma bu, XXI əsrin qoşmasıdır və N.Cəfərov "köhnə havalarda təzə notlar səsləndirən" digər şairlərin- Avdı Qoşqarın, Rafiq Hümmətin, Vəli Xramçaylının şeirlərində də həmin fikrin davamını gətirir.

Mən bir tənqidçi tanıyırdım ki, o, az qala bütün məqalələrində, hətta ayrıca monoqrafiyasında həmişə Süleyman Rəhimovun yaradıcılığından yazırdı. Söhbət mərhum tənqidçi Yəhya Seyidovdan gedir və insafən deyim ki, Yəhya müəllim  o dövrdə Süleyman Rəhimovu daha mükəmməl tədqiq edirdi. Bir tənqidçinin bir şairdən, ya nasirdən daha çox yazması heç də qüsur sayılmamalıdır. Məsələn, Cavanşir Yusiflinin Əli Kərim yaradıcılığı ilə bağlı xeyli məqaləsi və üç kitabı var, heç bir məqaləsində və kitablarında özünü təkrar eləmir. Nizami Cəfərov da  yeganə tənqidçidir ki, tarixi romanlar müəllifi Yunus Oğuzun bütün romanlarından söz açır və bizim ədəbiyyatda tarixi roman janrına yeni ab-hava gətirməyə can atan bu müəllifi hər bir əsərinin mükəmməl təhlilini verir. Niyə? Sualı ortaya çıxır? O səbəbdən ki, Yunus Oğuzun tarixə, uzaq keçmişə özünün sistemli bir baxışı var. Yunus Oğuz bir tarixçi kimi bu gündən-keçmişə baxır, bir yazıçı kimi isə keçmişdən danışır və  bu günün həqiqətlərini orada axtarır. Və sonuncu - "Ovçu" romanında hətta bu iki tendensiyanı vəhdətdə təqdim edir. Beləliklə, Nizami Cəfərov-Yunus Oğuz tandemi yaranır.

Nizami Cəfərovun tənqidçi üslubu özünəməxsusdur. Məlumdur ki, o, həm də dilçidir, özü də türkologiya aləmində tanınmış dilçidir və ədəbi-tənqidi yazılarında gözəl dilimizin leksik, qrammatik qaydalarına tam riayət edir. Amma məsələ bu riayət prinsipindən getməməlidir, çünki gözəl, səliqəli cümlələrlə heç bir dil qüsuruna yol verməyən tənqidçilər var ki, fikirləri solğundur, təzə söz deyə bilmir. Ya da əksinə, yazılarında fikir də var, amma emosiya çatmır, mürəkkəb tərkibli cümlələr baş alıb gedir. Nizami Cəfərovun üslubu dinamikdir, təqdim elədiyi mətndə rasionallıqla emosionallıq (vaxtilə Elçin bu iki amili tənqid üçün əsas meyarlardan biri sayırdı) vəhdətdədir. Bu üslubda Nizami Cəfərovun elmi təfəkkür arsenalı ilə tənqidçi emosionallığı yazı mədəniyyətini müəyyənləşdirir. Hərçənd ki, N.Cəfərov "texnologiya", "arsenal" (öncə mən də bu sözü işlətdim), inersiya. İnterpretasiya və s. bu qəbildən olan sözlər tez-tez işlənir, bunu ona irad tutmaq olmaz, çünki o, bu sözləri qəsdən yox, bilərəkdən, onların mənasına tam bələdliklə yazıya gətirir.

Nizami Cəfərov ədəbi tənqidin portret janrına daha çox müraciət edir. "Ədəbiyyat söhbətləri"ndə Əzizə xanım Cəfərzadə, Aslan Aslanov, Vidadi Babanlı, Teymur Bünyadov, Anar, Musa Yaqub haqqında mükəmməl ədəbi-tənqidi portretlərlə qarşılaşırıq. Hətta İsa Həbibbəylinin tədqiqatlarından söz açanda da yenə portretsiz keçinə bilmir. Bu portret yazılarda sonluqlar daha maraqlıdır və N.Cəfərov o portretlərdə sona qədər emosional ovqatla diqqəti cəlb edirsə, sonda yenə alimliyi, elmi düşüncə tərzi üzə çıxır. Məsələn, Səyyad Aranın "Sazaq" hekayələr, povestlər kitabından söz açanda, onun bir yazıçı kimi məxsusi cizgilərini, başqalarından fərqli xüsusiyyətlərini nəzərə çarpdırır, yeri gəldikcə Səyyad Aranın özünün bir yazıçı kimi obrazını canlandırır, amma sonda Səyyad Aranın yazıçı tərcümeyi-halının  və şəxsiyyətinin həm mahiyyətini, həm də miqyasını müəyyən edən əlamətləri ümumiləşdirir: "Boya-başa çatıb formalaşdığı regionda qazandığı mənəvi zənginlik, ilk gəncliyindən həyat tərzinə çevrilmiş təhsilə, elmə daxili bağlılığın, dünyanı xırdalıqlarına qədər bütün miqyası ilə dərk etmək marağının, ehtirasının təzahürü olan geniş dünyagörüşü" - Səyyad Aranın yaradıcılığına münasibət beləcə yekun təfsirini tapır.

Nizami Cəfərovun müsahibələri də elə onun tənqidi yazıları kimi maraq doğurur və tanınmış tənqidçi Nərgiz Cabbarlı ilə Aydın Talıbzadənin "Əbuhübb" romanı haqqında söhbətini müsahibə janrı hüdudlarını aşır, yazıçı, onun romanı və ümumən çağdaş romanlar haqqında ciddi söhbətə çevrilir.

Mən bu yazıda Nizami Cəfərovun adı qarşısında "akademik" kəlməsini işlətmədim. Məncə, buna ehtiyac yoxdur. Sadəcə, titullarsız, fəxri adlarsız, hətta vəzifə sıralanmasını işlətmədən Nizami Cəfərov ad və familini işlətmək ürəyimcədir. Mehdi Hüseyn nə elmlər namizədi idi, nə dosent, nə də professor - amma yazıçılığı qədər də məşhur tənqidçi idi. O Mehdi Hüseyn ki, Bəxtiyar Vahabzadənin, səhv etmirəmsə, doktorluq dissertasiyasında opponentlərdən biri idi. İndi akademiklərin sayı artır, amma hamını o ali elmi zirvənin qalibi sanmaq olarmı? Məncə, yazımda akademik kəlməsini işlətmədiyim Nizami Cəfərov o zirvənin qalibidir.

"Ədəbiyyat söhbətləri"ndə elə yazılar var ki, tənqidçi həmkarımın kitabının redaktoru mən olsaydım, onları çıxdaş edərdim.

Hər halda, bu tənqid kitabı "Bizdə ədəbi tənqid yoxdur" deyənlərə sərt bir mesajdır. Ədəbi tənqid var və Nizami Cəfərov da bu tənqidi yaşadan söz adamlarından biridir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!