Tehran Əlişanoğlu - Ədəbi proses hərəkatı: praktikadan gerçəkliyə

"Əhatə və genişlik" öz yerində... 2017-ci ilin ədəbi yekunlarına toplaşmış məclisdə AYB-nin katibi Rəşad Məcid iştirak edirdi; "Ədəbiyyat qəzeti"nin baş yazarı Azər Turan vardı; "Azərbaycan" jurnalını baş redaktorun müavini qismində Südabə Ağabalayeva təmsil edirdi. Və bir də yer-yerdən ədəbi tənqidçilər: məşhur Rüstəm Kamal (BSU), məşhur Məti Osmanoğlu (BDU), məşhur Təyyar Salamoğlu (ADPU) və qeyriləri. Qeyriləri içrə əsas ədəbi qüvvələri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu təşkil edirdi, şəksiz. Başda "Ədəbi tənqid" şöbəsinin iradəçisi (müdiri) Vaqif Yusifli olmaqla azman tənqidçilər: Cavanşir Yusifli, Elnarə Akimova, Nərgiz Cabbarlı... və sıradan bir çox digər peşəkar, habelə, həvəskarlar; mən (Tehran Əlişanoğlu) qarışıq, gəlin razılaşaq ki, cüzi istisnalarla ölkənin tüm ədəbi tənqidçi korpusu buradaydı...

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "İlin ədəbi yekunları"

Belə. Bugün bizdə "Ədəbiyyat varmı, yoxmu"dur? İlin "Ədəbiyyat adamı" kim(lər)dir? İlin hekayə müsabiqəsi; ən yaxşı dram əsəri; roman mübahisəsi; povest varmıdır-yoxmudur... - janr (ədəbiyyat) çəkişmələrinin sonucu nədir? Bəs "Söz azadlığı tənqidimizə nə verib"dir? Xalq şairləri, yoxsa Xalq/xın şairi? Ədəbiyyat və "olmadığı yerlər" arasında demarkasiya xətti nerədən keçir? Qərbmi, Şərqmi? Cavidin, Vurğunun, Müşfiqin sözünü bugün kim deyir, kimlər danışır? Bəs Ələkbər Sabirin, Mirzə Cəlilin?.. "İlin alimi"ni nə, nəmənə və hansı instansiya müəyyən edir? İlin ədəbi sensasionu, motivasionu, ədəbi hadisəsi...

Və s. və s. və s. bu kimi - ədəbi mentalitet, istiblişment, agent və agenturanın müxtəlif mərtəbə və diapazonlarda səsləndirdiyi, yaydığı, şəbəkələndirdiyi çoxsaylı sual və cavab (sual-cavab) axtarışlarına iyun ayının 4-də (2018-ci il) AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Hüseyn Cavid, 115, 4-cü mərtəbə, Elektron Akt zalında keçirdiyi növbəti "İlin ədəbi yekunları"ndakı çıxışında İnstitutun direktoru, akademik İsa Həbibbəyli geniş bir jestlə son qoymuş oldu. "Ədəbi proses hərəkatı"nı publik olaraq bəyan və Ədəbiyyat İnstitutunu onun hamisi elan etdi: "Doğrudan da, bu ilin səviyyəsindən baxanda hazırkı mərhələdə "Ədəbi proses" yaradıcılıq müşavirələri əhatə dairəsinin və iştirakçılarının genişliyinə, müzakirələrin miqyasına, əks-sədasına və problemlərinin masştabına görə elmi-ədəbi hərəkat səviyyəsinə çatmışdır. Bu, müasir Azərbaycan ədəbiyyatını illər üzrə bütün yönləri ilə təhlil edib dəyərləndirən ardıcıl və sistemli bir elmi-ədəbi hərəkatdır. "Ədəbi proses" marafonu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mahiyyətini açan, səciyyəsini müəyyən edən, modellərini meydana qoyan, gələcək inkişaf yollarını göstərən hərəkatdır..."

"Əhatə və genişlik" öz yerində... 2017-ci ilin ədəbi yekunlarına toplaşmış məclisdə AYB-nin katibi Rəşad Məcid iştirak edirdi; "Ədəbiyyat qəzeti"nin baş yazarı Azər Turan vardı; "Azərbaycan" jurnalını baş redaktorun müavini qismində Südabə Ağabalayeva təmsil edirdi. Və bir də yer-yerdən ədəbi tənqidçilər: məşhur Rüstəm Kamal (BSU), məşhur Məti Osmanoğlu (BDU), məşhur Təyyar Salamoğlu (ADPU) və qeyriləri. Qeyriləri içrə əsas ədəbi qüvvələri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu təşkil edirdi, şəksiz. Başda "Ədəbi tənqid" şöbəsinin iradəçisi (müdiri) Vaqif Yusifli olmaqla azman tənqidçilər: Cavanşir Yusifli, Elnarə Akimova, Nərgiz Cabbarlı... və sıradan bir çox digər peşəkar, habelə, həvəskarlar; mən (Tehran Əlişanoğlu) qarışıq, gəlin razılaşaq ki, cüzi istisnalarla ölkənin tüm ədəbi tənqidçi korpusu buradaydı...

Hərçənd ki, əvvəlki illərdən fərqli gözə yazarlar az dəyirdi. Nə var-nə var illər öncə yazarlardan biri Ədəbiyyat İnstitutunun dəhlizləri uzunu qapıları döymədən gəzişib, burda ölüm sukutunun hökm sürdüyünə qərar vermişdi. Hələ də zərb-məsəl kimi yadda qalan o əyyamların bəlkə bugün, əksinə, həyat dolu, canlı, gur səs-küylə əvəzlənməsindən ürküb-çəkinib də məclisdən qaçaq düşmüşdülər. Amma hər halda yazarlar sarıdan da konsensus vardı; başlıca, Azər Turan çıxışında qeyd elədi ki, ölkənin baş yazarı Anar müəllimin məsələdən xəbəri var... Hələ iki gün qabaq, "Ədəbiyyat qəzeti"nin 2 iyun 2018-ci il tarixli Xüsusi buraxılışında yaradıcılıq müşavirəsinin geniş proqramı ilə yanaşı, məruzələrin yığcam variantları da dərc olunmuş, "ədəbi proses hərəkatı" bununla xeyli qabağa düşmüşdü.

Bu yerdə gəlirik, akademik İsa Həbibbəylinin vurğuladığı: "müzakirələrin miqyası, əks-sədası və problemlərin masştabı" məsələsinə. "Ədəbiyyat qəzeti"nin Xüsusi buraxılışında geniş ədəbi auditoriyalara təqdim etdiyi məruzələrə (mənzərələrə) bir daha diqqət edin. Akademik İsa Həbibbəyli, "Ədəbi proses hərəkatı. İcmal tənqidindən monoqrafik dərinliyə"; Elnarə Akimova, "2017-ci ilin ədəbi təqvimi - keçmiş davamedici zaman"; Vaqif Yusifli, "Poeziya... poeziya... 2017"; Cavanşir Yusifli, "İlin ədəbi tənqidi: Zaman kontekstində baxış"; Aynurə Mustafayeva, "İlin dramaturji mənzərəsi"; Nərgiz Cabbarlı, "Roman janrı - yeni texnologiyalar, yeni poetik xüsusiyyətlər"; Maral Yaqubova, "Ədəbiyyat nəzəriyyəsinin səviyyəsinə ümumi baxış"; Lalə Həsənova, "Azərbaycan rusdilli nəsri"; Günay Qarayeva, "Uşaq nəsri və dramaturgiyasının müasir durumu və perspektivləri"; Esmira Fuad, "2017-ci ilin epik şeiri: tənəzzül, yoxsa inkişaf?"; Eşqanə Babayeva, "Azərbaycan və türk ədəbi əlaqələri"; Nizami Hüseynov, "Bölgələrdə ədəbi həyat"; Pərvanə Məmmədli, "Cənubda ədəbi proses"; Aygün Bağırlı, "Poeziyada görünən uşaq dünyası"; Nərmin Cahangirova, "Müasir hekayəyə bir nəzər"; Xanım Zairova, "Ədəbi proses 2017. Azərbaycan və Qərb ədəbi əlaqələrinin izi ilə"; Mərcan Sofiyeva, "Bədii tərcümə - mədəniyyətlərin təması"; Vüqar Əhməd, "Elm və bədii yaradıcılığın qovuşuğunda"; Elçin Mehrəliyev, "Publisistika: meyillər, problemlər, axtarışlar". Əgər israrən diqqət etdinizsə: məgər akademikin iddia etdiyi "miqyas və əks-səda" məsələsi zatən aşkarca görünmürmü?!

Bugün yaşadığımız postmodern durumda ədəbi proses iddialıları, proses subyektləri çox-çoxdur; geniş TV-auditoriyaların, internet-şəbəkələrin, KİV-bumunun, QHT-özfəaliyyətlərinin sərhədsiz və "qaydasız döyüş" sınırlarını bir anlıq yada gətirəndə, hətta deyərdim: bugün "hərəkat"a flaqmanlığı boynuna almağın özü belə riskli görünür. Bu əsnada ədəbi prosesdə Ədəbiyyat İnstitutunun flaqmanlığını "Ədəbiyyat qəzeti"nin ardınca "Ədəbi 525" də tanıdı. AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında "Ədəbi proses" müşavirələrini nəinki özlüyündə "hadisə" adlandırdı, hətta bir az da qabağa gedib, ümumən "İlin ədəbi hadisələri"ni təyin etməkdə münsiflik statusunu məmnuniyyətlə Ədəbiyyat İnstitutuna tərk etməyi təklif elədi. "Ədəbiyyat qəzeti"nin baş  redaktoru, qəzetə gəlişi ilə özü bir hərəkat ("azər-turançılıq"!) başlatmış Azər Turan da, istər "xüsusi buraxılış"dakı "Baş redaktordan" yazısında, istərsə də çıxışında "Ədəbi proses" müşavirələrini Vissarion Belinskinin "1847-ci il rus ədəbiyyatına bir nəzər" icmalı ilə müqayisə edərək, "Ədəbi hadisə" istəmək, gözləmək və ən nəhayət yaratmaq missiyasını məhz Ədəbiyyat İnstitutundan umduğunu bəyan etdi. Məşhur tənqid uzmanı, 2017-ci ilin nəticələrinə görə, Ədəbiyyat İnstitutunun təsis etdiyi "İlin alimi" mükafatının qalibi Rüstəm Kamal daha böyük ümumiləşdirmə apararaq, "böyük şəxsiyyətlər olan yerdə böyük ideyaların yarandığı"nı, son illərdə məhz akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ədəbiyyat İnstitutunun bütövlükdə ölkədə Azərbaycan ədəbiyyatına sahib çıxdığını və ədəbi ideyaların, təhlillərin, proqnozların gerçəkləşdirilməsində "lokomotiv" rolunu çəkinmədən, qəti vurğuladı.

Akademik İsa Həbibbəylinin 2013-cü il Ədəbiyyat İnstitutuna gəlişindən bəri təşəbbüskar və aparıcı missiyasını çıxış edənlərin cəmisi - tənqidçi Elnarə Akimova da, filologiya doktoru Mahirə Quliyeva da, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu da, "Ədəbi tənqid" şöbəsinin yönəltməni Vaqif Yusifli də, Mühacirətşünaslıq lideri Nikpur Cabbarlı da bir daha, bir daha yada salmağı lazım bildi. Hətta qonaq qismində məclisdə iştirak edən Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi İnstitutda müasir Azərbaycan ədəbiyyatı naminə tüm çalışmaları təxirsiz əcnəbi dillərə, o cümlədən ərəbcəyə çevirib dünyaya (o sıradan Ərəb dünyasına) bəyan etməyi vacib bildi.

Akademik İsa Həbibbəyli müşavirəyə diqqət və önəm verən, toplaşan, onu tanıyan və tanıdan bütün ədəbi aləmə Ədəbiyyat İnstitutu adından sayğı və minnətdarlığını ifadə etdi. Xüsusən də böyük səmimiyyətlə müşavirəyə ayrıca qəzet (Xüsusi buraxılış) yapmış "Ədəbiyyat qəzeti" və onun baş yazarına. Ki, bəlkə 1960-cı illərin sıx elmi-ədəbi kontaktlarını, həmin dövrdə Ədəbiyyat İnstitutu elmi məclislərinin qəzetdə görünən xülasə-icmallarını və sonralar da ara-sıra davam edən bu növ istisnaları çıxsaq, ölkənin yeganə ədəbiyyat qəzeti tarixində ilk dəfədir ölkənin baş elm məbədgahına bu səviyyədə, bu miqyasda diqqət ayırır. Qəzetin üz qabığında AMEA binasının simvolik şəkli, habelə, səhifələrində Ədəbiyyat İnstitutundan tarixi fotolar yer almaqla, "İlin ədəbi yekunları" 19 yazıda(n) geniş, ətraflı, təfərrüatlı plastika və panoramını tapır. Ümumən, "Ədəbiyyat qəzeti"nin son zamanlar gündəm çərçivələrinə sığmayıb, genişliyə açılması, əvvəlcə ölkənin baş yazarı Anarın 80, daha sonra xalq yazıçısı Elçinin 75 illiyinə və hazırda Ədəbi proses hərəkatına Xüsusi buraxılış həsr etməsi, əlavə vurğu salması yaxşı haldır, təqdiredicidir, ümumi ədəbi gəlişməyə stimul verir, dividend gətirir. O cümlədən, akademik İsa Həbibbəyli o məqamı da xatırlatdı ki, bu il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun da 85 yaşı tamam olur və əslində, "Ədəbi proses hərəkatı"nın tarixən və tarixi gəlişməsinə, xüsusən də aktuallanmış son beş ilinə ayna tutan hazırkı yaradıcılıq müşavirəsi də il boyu davam tapan həmin yubiley tədbirləri sırasındandır.

 

Akademik İsa Həbibbəyli çıxışını (habelə Xüsusi buraxılışda dərc olunan "Ədəbi proses hərəkatı..." məqaləsində) həmin prosesin hələ qırx il öncədən start götürən tarixinə qısa bir ekskursla başladı. Ədəbi proses hərəkatının təməli 1976-cı ildə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri, akademik Məmməd Cəfər Cəfərovun xeyir-duası və ümumi rəhbərliyi ilə, "Müasir ədəbi proses" şöbəsi və şöbəyə başçılıq edən ünlü tənqidçi və ədəbiyyatşünas Yaşar Qarayev tərəfindən qoyulmuş, az qala on il - 1976-1984-cü illərdə, sovet quruluşu ilə birgə proses əvvəlki ölçülərində səngiyib sönənəcən davam tapmışdır. Əslində, bu - bütün ideoloji rəng və retuşları ilə birgə həm də elə müasir ədəbiyyatımızın təməl tapdığı tarixdir. "Ədəbi proses-76", "Ədəbi proses-77", "Ədəbi proses-78", "Ədəbi proses-79", "Ədəbi proses-80", "Ədəbi proses-81-82", "Ədəbi proses-83-84" topluları - ədəbi proses hərəkatının yarandığı dövrün bütöv bir kitabxanasını yaratdı. Akademikin qeyd etdiyi kimi: "Dövrün (hətta sonrakı mərhələlərin də) heç bir nəşrində 1976-1984-cü illərin ədəbi prosesi həmin illərin ədəbi gedişatına həsr olunmuş ədəbi növlər üzrə icmallarda olduğu qədər özünün real, geniş və sistemli əksini tapa bilməmişdir..."

"Hərəkat" eyni zamanda bu mənzərəni analitik şəkildə ədəbi ictimaiyyətə təqdim edə bilən kadrları - bütöv bir tənqidçi korpusunu yetirdi. Akademik İsa Həbəbbəylinin yada saldığı kimi: "Ədəbi proses müşavirələrində ardıcıl olaraq ədəbi növlər üzrə çıxış etmiş elm adamları... - Yaşar Qarayev ədəbi tənqid, Şamil Salmanov, Şirindil Alışanlı poeziya, Akif Hüseynov, Vaqif Yusifli və Vilayət Quliyev nəsr, Arif Səfiyev dramaturgiya sahəsində ixtisaslaşmış, - ölkə ədəbiyyatında gedən proseslərə təkan verə bilən mütəxəssislər kimi qəbul olunmuşlar..." Həmin köhnə qvardiyanı 4 iyun 2018-ci il tarixli elmi tədbirdə filologiya elmləri doktoru Şirindil Alışanlı təmsil edirdi və  o cümlədən çıxışında həmin tarixi dövrün bir az da doğru-dürüst bərpasına cəhd etdi. Doğrudur, o zamanlar ədəbi proses hərəkatını Kommunist Partiyasının özü, MK bürosunun "Ədəbi tənqid haqqında" qərarı ilə başlatmışdı, ol zamanlar başqa cür olmurdu da; amma həmişəki təki qərar və qətnamələrdən özünəxas şəkildə yararlanan milli cəmiyyətimiz və ədəbiyyatımız olmuşdu. Çıxışçı müqayisə üçün, o zamanlardakı senzura, həcm və fikir qəliblərini də yada saldı. İndi olmayan yerdən söz deməyə nə var, ol zamanlar, demə, olan yerdən deyilən sözlərə görə hətta cəzalandırırmışlar da; və faktik olaraq Məmməd Cəfər müəllimin onu təqiblərdən necə qurtardığını yada saldı. Çıxışda: hanı ol zamanlar, - deyə, zəif bir nostalji də duyulurdu; "Ədibin evi"nin bugünlərdə keçirdiyi Mir Cəlal adına hekayə müsabiqəsinin sözçüsü kimi də danışan Şirindil Alışanlı müsabiqəyə 300-dən artıq daxil olmuş mətnlər içərisində əsl hekayə axtarışının müşküllərini də auditoriya ilə bölüşdü...

Nostalji notları hardasa Məti Osmanoğlunun da çıxışında vardı; həmin 1970-ci illərin ikinci yarısı, "Müasir ədəbi proses" kursunun təhsil sisteminə də girdiyi çağlarda bu fənni ilk dəfə, ol zamanlar yeganə olan universitetdə, tələbələrə Bəxtiyar Vahabzadə tədris etmiş; böyük şairlə başlayan o polemik ruh, ədəbi mübahisələr, tənqid havacatı bu günəcən də məşhur tənqidçinin nəzərlərindən çəkilməmişdir. Sonrakı çıxışlarda da "hərəkatın tarixi"ni dürüstləşdirmək səyləri oldu; Yaşar Qarayev 1990-cı illərdə İnstitutda "Müasir ədəbi proses" şöbəsini (hazırda "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı") bir daha bərpa etməklə "hərəkat"ı dirçəltməyə cəhd edir, 2000-ci illərdə akademik Bəkir Nəbiyevin zamanında da şifahi müşavirələr şəklində "İlin ədəbi yekunları" ara-sıra rezonanslar doğurur. Və yalnız 2013-cü ildən, İnstitutda akademik İsa Həbibbəyli tərəfindən "Ədəbi tənqid" şöbəsinin yaradılması ilə, "proses" əvvəlki güc və formatda, üstəlik müstəqillik faktorunun artırdığı ikiqat şiddətlə gəlişməyə başlayır: "Ədəbi proses 2013", "Ədəbi proses 2014", "Ədəbi proses 2015", "Ədəbi proses 2016", "Ədəbi proses 2017" topluları getdikcə artan əhatə və siqlətlə işıq üzü görür...

Bir var "proses" barəsində eləcə danışasan, "varmıdır-yoxmudur?" deyib nostalji xəyallara dalasan. Bir də var prosesin özünü yaradasan, performativ olaraq, ilbəil təqdim edəsən, dərininə gedəsən, ardıcıl gəlişdirəsən, bütün sual-cavabları ilə birgə bilavasitə onu hərəkata çevirəsən... Akademik İsa Həbibbəylinin yəmin etdiyi kimi: "Həqiqətən də "Ədəbi proses 2014" geniş mənada ədəbi proses hərəkatında mühüm bir dönüş mərhələsi olmuşdur. "Ədəbi proses 2014"dən başlanan proseslər 2015 və 2016-2017-ci illərin ədəbiyyatının təqdimatında daha da genişlənmiş və dərinləşdirilmiş, sistemli xarakter almışdır. "Ədəbi proses 2015"də janrlar üzrə təhlillərin marafonuna satira, 2016-da uşaq şeiri ilə uşaq nəsrinin ayrı-ayrılıqda təmsil olunması, ədəbiyyatşünaslığın ədəbiyyat nəzəriyyəsi və ədəbi əlaqələr sahələri də qoşulmuşdur. Necə deyərlər, "Ədəbi proses 2017"də artıq "Ədəbi proses" qatarı 19 vaqonla (məruzə ilə) yola çıxmışdır. Bu, ədəbi proses hərəkatının inkişafında pik nöqtəsidir və ədəbiyyatın dərinliklərinə və ən uzaq hədəflərinə doğru yürüşün müzəffər marafonudur. Məruzələrin sayca çoxluğu yaradıcılıq mühitində ədəbi növlərin demək olar ki, bütün əsas janrlar üzrə yaşadığı keyfiyyət dəyişikliklərini izləməyə imkan açır..."

Akademik İsa Həbibbəyli çıxışında  (habelə "Xüsusi buraxılış"da çap olunmuş geniş nitqində) "hərəkat"ın yalnız tarixini nümayiş etdirməklə qalmadı, nəzəriyyəsinə də vardı, qırx il öncəki "ədəbi proses"lə müstəqillik dövrü hərəkatının fərq və incəliklərinə baş vurmaqla, konkret nəzəri proqramını şərh etdi. Göstərdi ki, ümumən nəzəriyyəsiz "proses" bircə addım da irəliləyə bilməz; elə 2017-ci ilin ədəbi yekunları da bununla seçilirdi ki, əksər məruzələrdə bu və ya digər qədər bir nəzəriyyə duzu vardı...

Artıq mətbuatda dərc olunmuş məruzələr ("Ədəbiyyat qəzeti"nin xüsusi buraxılışı, 2 iyun 2018-ci il) bütün polemik ruhu ilə birgə mənim yadımda ən çox məhz doğurduğu bir sıra nəzəri təəssüratlarla qaldı. Görən, ədəbiyyatımız klassik (Şərq) zəminini unudub tapındığı Qərb stixiyasında çoxmu israr edəcək?; ya hər halda (hazırda yüz illiyini bayram etdiyimiz) klassik sintezmi qalib gələcək? (Elnarə Akimova). "Poeziya, poeziya..." - görən, bugün İrandan da, Turandan da, Amerikadan, Azərbaycandan, Avropadan da yazan şairlərimizin şeirlərində "XXI əsr Azərbaycan insanının öz obrazını görmək" bizə nəsib olacaqmı? (Vaqif Yusifli). Azərbaycan ədəbi tənqidinin "Roma Papasından artıq olmaq" istəyinin sirri, görən, nədədir? (Cavanşir Yusifli). Bəs "çağdaş elmi idrakın mütləq heç nə tanımadığı" hazırkı zamanın həqiqəti nədən ibarətdir? (Maral Yaqubova). Görən, "dünyanın min illər əvvəl sahib olduğu dialoqa girmək, müzakirə müstəvisi yaratmaq mədəniyyəti"nə bizim mental düşüncəmizdə də yer tapılacaqmı? (Aynurə Mustafayeva) Neçə illərin "model" axtarışlarından sonra ən nəhayət, roman texnologiyalarının nəsrimizdə qələbəsindən danışa bilərikmi? (Nərgiz Cabbarlı) və s. 

Məruzələr ümumi razılıqla yanaşı, müəyyən tənqid notları doğurduğu kimi, bir sıra yarımçıq məqamlara, problemlərə, suallara da meydan açdı. Nədən Cənub ədəbiyyatı artıq dünya kontekstində göründüyü, yer aldığı halda biz bu barədə ürək genişliyi ilə danışmırıq? (Pərvanə Məmmədlinin məruzəsindən) Ədəbi gəncliyin yaş senzi nerədən keçir?; nədən bu sıradan eyni adlar, imzalar ildən ilə, məruzədən məruzəyə adlayır, gəncliyin bir "qocalması" da olmurmu ya? (Fidan Abdurəhmanovanın məruzəsinə irad) Ədəbi publisistikanın bir sərhədi varmıdır - bədii, jurnalistik (qəzet), ya elmi publisistika? (Elçin Mehrəliyevin məruzəsinə sual) Bəs esseistikanın: tənqidmi, publisistikamı, yoxsa nəsr? (Çıxışlardan) ... Müzakirələr eninə və dərininə, perspektivlərə də rəvac verdi; yeni məruzə mövzuları irəli gəldi. Klassik ədəbiyyat (janrlar) bugün necə yaşayır? Esseistikanın bugünü ayrıca diqqət istəmirmi? İlin ədəbi tənqidi, ədəbiyyat nəzəriyyəsi hədəfdədirsə, ədəbiyyat tarixçiliyi nədən kənarda qalmalıdır? - və s. kimi.

Sonda hətta məclisin özünün formatı söhbət predmeti oldu. Elmi sessiya, konfrans, ya yaradıcılıq müşavirəsi? Fikir səsləndi ki, Ədəbiyyat İnstitutunda hər il İlin yekunlarına dair müşavirələr elmi problem və məruzələrin siqləti və istiqaməti etibarilə ədəbiyyatşünaslıq konfransına çəkir. Polemik fikrə münasibət bildirən akademik İsa Həbibbəyli ədəbi proses hərəkatının təkcə elmi auditoriyalarla hüdudlanmayıb, daha böyük əhatədə ədəbi ictimaiyyəti ehtiva etdiyini, səciyyəsinə görə konfransdan bir qədər yuxarı, qurultaydan bir az aşağı - məhz yaradıcılıq müşavirəsi formatına uyğun gəldiyini iqrar etdi. Nədən olmasın?!

Doğrudur, səkkiz saata qədər davam edən müşavirədə(n) ədəbi prosesin son bir ilinin, ya beş ilinin, hətta hardasa həm də qırx ilinin irəli sürdüyü, ortaya çıxardığı, həllini axtardığı bütün problemlərə cavab gözləmək qeyri-real olardı. Başlıcası, ortada "hərəkat" vardı, tüm problemlərin həllini də ona etibar etmək olardı. Akademik İsa Həbibbəylinin vurğuladığı kimi: daha çox yeni tənqidçilər nəslinin təmsil olunduğu, tədricən köhnə qvardiyanı əvəz edən "gənc qvardiya"nın aparıcılığı ilə gerçəkləşən "ədəbi proses hərəkatı"na. Hərəkatda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun flaqmanlığı heç kəz heç kəsdə şübhə doğurmurdu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!