Repressiya dalğasında həyatları bada gedən insanların hamısının ömür tarixçəsi oxşardır əslində: eyni həbslər, eyni üzədurmalar, eyni ssenari üzrə aparılan məhkəmə oyunları. Bu baxımdan "Səbri səbri" hekayəsi də alışdığımız repressiya hadisələrinin bir taleyin inikası fonunda çəkilən şəklidir. Hekayədə repressiya tufanının uzaqdan uzağa duyulan acısı var: Səyyarənin həyatında - belə ki, gənc qızın atası xalq düşməni adı ilə güllələnmiş, əmiləri Türkiyəyə qaça bilmişlər, özü isə "Hələ pioner vaxtı Stalin yoldaşa məktub yazıb. O da bizimkilərə bildirib ki, həmin yaşda uşaqlar atalarına cavabdeh deyil, onları tərbiyələndirmək olar. Amma təhlükəsizlik orqanlarının nəzarətindədi. Ayda bir-iki dəfə gəlib yoxlayırlar"; bir də Səbrinin həyatında - ki, o da sirrini verdiyi, həmdərd bildiyi dostun danosu nəticəsində həbs olunur. Amma hekayədə müəllifin qayəsi həm də başqadır, mövzu repressiya faciəsinin ağrısı içərisindən sıyrılıb metafizik-ruhsal mündəricəyə adladılır. Fələyin mizan-tərəzisindən qaçılmazlığı, taleyin hökmünün bəzən "qisas qiyamətə" qalmaz gedişi üstə hər şeyi öz yoluna qoyması məqamını idrak etdirir və nə yaxşı ki etdirir. Əks halda "Səbri səbri" də bu mövzuda az çox oxuduğumuz hekayətlərdən biri olacaqdı. Yazıçı isə hekayəni fərqli sonluğa müncər etməklə, fərqli idrakı mahiyyət qazandırmaqla onu eyni motivliliyin diktə etdiyi oxşarlıq məcrasından çıxarır.
Elnarə AKİMOVA
Vaqif Nəsib real və mənalı mündəricə ilə yoğrulmuş nəsr əsərlərinin müəllifi kimi tanınır, mətnlərindəki məişət fonu, sadə insanların həyatının təsviri, fərdi motivlərin qabarıqlığı, eləcə də dil, ifadə çevikliyi səciyyəvi xüsusiyyətlərdəndir. O da bünovrəsi İsa Hüseynov tərəfindən qoyulan o zümrəyə daxil yazıçılarımızdandır ki, sovet ideolojisinin neqativlərini sərt həyat həqiqətləri prizmasından bədii təcəssümün predmetinə çevirə bilir. Bu, artıq yalanın sona varıb yerini gerçəklərə verdiyi nəsr təzahürləridir. Şəxsiyyətlə mühitin qarşılaşdırılmasının təfsilatındakı canlılıq, ideya-mündəricə dolğunluğu, məişət səhnələrinin, təsvirlərin, xarakterlərin bədii təcəssümündə əyaniliyə, ifadəliliyə nail olması, milli varlığımızın gərəkli mətləblərinə ayna tutmaq missiyası Vaqif Nəsibin əsərlərinin ümumi cizgiləridir. Digər tərəfdən, Vaqif Nəsib o yazıçılardandır ki, əsərlərinin sintaksisində sistemli epos təfəkkürü var, amma bu təfəkkür, milli kolorit dərinliyi tarixə yanaşmanın ifadəliliyinə, onun konkret zaman çərçivəsində təqdiminə kölgə salmır.
Sovet illərinin məlum-məşum prosesləri, xüsusilə kənd mühiti içində yaşanan gerçəklikləri, ömürlərdən fırtına kimi keçən çəkilib-qabarmaları Vaqif Nəsib nəsri üçün həmişə aktuallığını qoruyan mövzu olmuşdur. Yazıçının son qələm məhsulu olan hekayələrində də cəmiyyətdən gələn mövzular üstünlük təşkil etməkdədir. Vaqif Nəsib onları çox zaman üçlüklər - hekayələr silsiləsi kimi təqdim edir. "Üç taleyin doğanağı" adı ilə təqdim etdiyi hekayə üçlüyündə müəllif bir nəslin timsalında yaşanan faciələri bədii təcəssüm predmetinə çevirir. Əslində yaşanan faciələr o qədər dərindir ki, istər-istəməz yazıçının janr seçiminə təəssüflənməli olur oxucu, çünki özlüyündə bir roman materialı olan və roman parçaları kimi oxunan taleləri yazıçı üç hekayə daxilinə sığdırmaqla haqsızlıq edir hardasa.
"Üç taleyin doğanağı" adlanan üçlük hekayədə həyata, insan əməllərinə müdrik, yaşanılan ömrün halallıq səviyyəsindən baxış ehtiva olunur. Mühiti, zamanın mürəkkəb obrazını və nəhayət, insan həqiqətlərini daha aydın spektrin işıqları altında görükdürməyə imkan verir bu hekayələr: "Səbri səbri", "Əlimərdan mərdliyi" və Sarovun sar ovu". Hədəfdə üç taleyin, üç ömrün timsalında ləyaqətli yaşamaq uğrunda mübarizənin üç müxtəlif nümunəsi təsvirə çəkilir. Amma insanın ibrət alacağı çox şey var. Hekayə məhz bu görk, bu idrak məqamı üzərindədir və yazıçının hekayəöncəsi qeydlərindən də keçir: "Örkən doğanaqdan keçər, - deyiblər. Bunu onlardan əvvəl dünyalarını yaradan və bəndələrini xəlq edən ulu Tanrı söyləyib bəlkə də. İnsanlar üçün Yer kürəsini doğanaq kimi inşa edib çünki. Hər ömür-gün örkən kimi uzanıb axır həmin doğanaqdan keçir".
Bu üçlükdə yer alan hekayələrdən biri üzərində dayanacağıq. "Səbri səbri" adlanan bu hekayə ilk növbədə, taleyüklü məqamlardan birinə - repressiya mövzusuna müracət baxımından diqqəti cəlb edir. Qeyd edək ki, Azərbaycan nəsrində repressiya mövzusunun işləkliyinə ehtiyac həmişə var. Əvvəla keçib gəldiyimiz gerçəklər tarixidir, ağrının, hüznün, faciəli talelərin bir zamanda sıxılıb düyünlənən obrazıdır. Eyni zamanda, mövzu nəsrimizdə o qədər də geniş bədii həllini tapmayıb. Halbuki zamanın özü nasirə nə qədər hazır material verir. Bircə onu ədəbiyyatlaşdırmaq, mətnləşdirmək qalır. Elə yazmaq ki, sonucda zamanın və insan ağrısının, insan hüznünün əyaniliyinə müvazi olsun.
Yuxarıda vurğuladığımız kimi, yazıçı Səbrinin doğuluşunu, uşaqlıq illərini, iş həyatını kiçik bir hekayə daxilində təsvirə çalışmaqla ona az qala roman siqləti aşılamışdır. Hekayədə zaman mürəkkəbliyi içrə ruhunu, dəyərlərini qoruyub saxlayan insanlarla mənəviyyatı aşınmaya məruz qalmış obrazlar üz-üzə qoyulur. Ad kimi Səbr də nahaq seçilməyib. Səbri doğulandan "səbr etmək" təsəllisi onunla qoşa addımlayır. Özü danışa bilsə də valideynləri danışmaqdan məhrumdurlar: "Səbri deyilən, ömrünün iyirmi beş ilini uğurla (yəni, ürəyincə) yaşaya bilən adamı taleyini alın qırışlarına nəqş eləyən Tanrı bəlkə də uşaqlığından səbrə öyrətmək istəmişdi. Çünki o, lal ailədə dünyaya gəldiyindən dil açmaqda səbir etməli olmuşdu".
Hekayədə hadisələr düzxətli təhkiyə ilə nəql olunur. Qəhrəmanın doğuluşundan həyatının ən həlledici - həbs olunma məqamına qədər. Demək, hekayənin süjeti belədir: Səbri lal ailədə doğulsa da gələcək təhsilinin qazanmasında valideynlərinin böyük rolu olur. Bir də bu istəyin reallaşmasında köməyini əsirgəməyən, ata-anası dünyasını dəyişəndən sonra tək qalmış Səbrini mənəvi övladlığa götürmüş Səmədağa Ağamalıoğlunun: "Səmədağa Ağamalıoğlu yolunu Əskipara dərəsinə saldıqda belə bir çətinliyə rast gələcəyini ağlına belə gətirməmişdi. Quru dərədə maşının qabağını ər-arvad iki lal bəndə kəsmişdi. Əllər göydə oynayan, onların drijorluğu ilə üzlərinin damarları oynayan adamların qarşısında torpaq komissarının ayaqları yerə yapışmış, nə edəcəyini bilməmişdi. Nə yaxşı yeddi yaşlı Səbri tanımadığı əminin və ata-anasının köməyinə özünü vaxtında yetirə bilmişdi:
- Onlar mənim ata-anamdı, əmi.
- Məndən nə istəyirlər, a bala?
- Kəndimizdə məktəb yoxdu, oxumağımı arzulayırlar, istəyirlər elmlərdə də dilim açılsın.
- Ceyrançöldə yetim-yesir üçün məktəb açmışıq. Sənin gözlərindən iraqda oxumağına razı olarlarmı?
Quru dərədə Səbri ilk dilmanclığını etmiş, ata-anasının zəmanələrinə, güzəranlarına etiraz kimi havalanan əllərini yanlarına sala, üzlərinin şahə qalxmış damarlarını səngidə bilmişdi.
Onlar balalarının Ceyrançöldə yetim-yesir üçün açılmış məktəbdə oxumağına razılıqlarını vermişlər".
Səbrinin uşaqlığı, onun lal bir ailədə doğulması, "əl dili" ilə ünsiyyət saxlaması, daha sonra xoş bir təsadüf nəticəsində Ceyrançöldə təhsil alması, lallar məktəbində müəllim işləməsi, Səbri Laloğlu imzası ilə məqalələr yazması, daha sonra isə şəhərə nəşriyyatlardan birinə dəvət alması... Bura qədər oxucu Səbrinin ömür yolunun təsvirini həyəcansız şəkildə izləyir.
Sonra başqa mühit və burada başlanan yeni ömür yolu... Sevgi həyəcanı, dost xəyanəti, zəmanə hərc-mərcliyi. Nəşriyyatda işə düzələn Səbri burada Cəbrayıl adlı biri ilə tanış olur. Gələcək faciəsinin təməlində dayanan Cəbrayıl onun sevgisini rədd edən Səyyarənin Səbri ilə doğma, yaxın münasibətini həzm edə bilmir. Danos yazaraq Səbrinin həbsini labüdləşdirir, məhkəmədə yalandan üzünə duraraq Səbrini sovet hökumətinə xəyanətdə ittiham edir, onun Sibirə sürgün olunmasına vəsilə olur. Bəlkə də Səbrini daha çox təəccübləndirən yalandan içdiyi bu andla: "Axır ki, Səbriyə göstərmədən Cəbrayıl istədiyi qədər gözünü yumub, ağzını açdı. Ən axırda da dediklərinin doğruluğunu belə bir andla möhürləməyə çalışdı:
- İki gözüm kor olsun, bircə balam ölsün, əgər yalan deyirəmsə..."
Obyektivin nəzərləri bir də illər sonraya fokuslanır. Səbrinin səbrlə hesab anını gözlədiyi məqam yetişib. Məhz o an üçün illəri səbirlə ard-arda sıralayıb Səbri: "Səbri illərlə Sibirin qarlı gümüşünə çəkildi. Bircə arzuyla yaşadı - qayıdıb, Cəbrayılın gözlərinə baxa bilsin. Yalandan and yeri elədiyi oğluna, atası kimi olmamaq barədə öyüd-nəsihət versin".
Qisas isə tale tərəfindən alınıb: "Cəbrayılın örkəni uzanıb, uzanıb haqqın doğanağından keçə bilməmişdi. Oğlu İldırımı qoşulduğu avara dostları öldürmüşdü. Özünün də gözləri kor olmuşdu..."
Repressiya dalğasında həyatları bada gedən insanların hamısının ömür tarixçəsi oxşardır əslində: eyni həbslər, eyni üzədurmalar, eyni ssenari üzrə aparılan məhkəmə oyunları. Bu baxımdan "Səbri səbri" hekayəsi də alışdığımız repressiya hadisələrinin bir taleyin inikası fonunda çəkilən şəklidir. Hekayədə repressiya tufanının uzaqdan uzağa duyulan acısı var: Səyyarənin həyatında - belə ki, gənc qızın atası xalq düşməni adı ilə güllələnmiş, əmiləri Türkiyəyə qaça bilmişlər, özü isə "Hələ pioner vaxtı Stalin yoldaşa məktub yazıb. O da bizimkilərə bildirib ki, həmin yaşda uşaqlar atalarına cavabdeh deyil, onları tərbiyələndirmək olar. Amma təhlükəsizlik orqanlarının nəzarətindədi. Ayda bir-iki dəfə gəlib yoxlayırlar"; bir də Səbrinin həyatında - ki, o da sirrini verdiyi, həmdərd bildiyi dostun danosu nəticəsində həbs olunur. Amma hekayədə müəllifin qayəsi həm də başqadır, mövzu repressiya faciəsinin ağrısı içərisindən sıyrılıb metafizik-ruhsal mündəricəyə adladılır. Fələyin mizan-tərəzisindən qaçılmazlığı, taleyin hökmünün bəzən "qisas qiyamətə" qalmaz gedişi üstə hər şeyi öz yoluna qoyması məqamını idrak etdirir və nə yaxşı ki etdirir. Əks halda "Səbri səbri" də bu mövzuda az çox oxuduğumuz hekayətlərdən biri olacaqdı. Yazıçı isə hekayəni fərqli sonluğa müncər etməklə, fərqli idrakı mahiyyət qazandırmaqla onu eyni motivliliyin diktə etdiyi oxşarlıq məcrasından çıxarır.
Vaqif Nəsib adətən, fikri daha çox süjetin davamında, müəyyən həyati situasiyaların nümunəsində inikas etməyi bacaran yazıçıdır. Onun əsərlərindəki dolğun xarakter yaratmaq ustalığı, təsvir konkretliyi də bundan irəli gəlir. Bu hekayədə də Cəbrayıl obrazının psixoloji yaşam anını ehtiva edən situasiyaları müəllif uğurla bədiiləşdirmişdir. Lakin əsas qəhrəman Səbrinin kədərli taleyinin kövrək təfsilatlarına dərindən varılmır. Əsərdəki psixoloji nüfuz daha çox Səbri xarakterinin hərəkəti fonunda baş verməli idi. Səbrinin düşüncələri, səssiz, daxili etirazı, yaxud Səyyarə ilə münasibəti şərhdən daha çox təqdim olunur. Əlbəttə, dövr mürəkkəbdir, qorxuncdur. Bu mənada, Cəbrayıl obrazının daha qabarıq şəkildə önə çıxması zamanın ümumiləşmiş obrazı kimi səciyyəvilik qazanmasındadır. Bəs əzab çəkən, həyatı puç olan, bada gedən digər tərəf? Səbrinin yaşantıları daxili-psixoloji planda əksini tapmadığından faciəsi ağrı kimi mənalanmır, emosional gərginlik yaratmır. Halbuki Səbrinin şərlənib həbs olunması onun düşüncələrinin, xarakterinin daha geniş müstəvidə təqdiminə şərait yaradırdı.
Buna baxmayaraq, "Səbri səbri" hekayəsini dünya nəfsinə tutunanlara qarşı ironiya, ilahi ədalətin mövcudluğuna inam aşılayan mətn kimi də oxumaq olar. İnsan bütün hallarda etdiklərinin üstünə qayıdır. Hətta dilindən çıxan nahaq andın belə cəzası verilir hökmən. Hələ çiynində insan taleyi ilə oynamaq kimi böyük günah daşıyırsansa... Bu üzdən hekayəyə verilən ad düşündürür: Səbri səbri...
Səbir isə Allahın adıdır, - deyirlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!