Bu həftə təhlilə cəlb olunan şeir Rəsul Rzanın "Unutmayın" şeiridi.
"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Rəsul Rzanın "Unutmayın" şeiridi.
Elnarə Akimovanın rakursu
Unudulmaz
Şairlərin öz ölümlərini düşünərək vəsiyyətlərini ədəbiyyatlaşdırmaq meyli hansı hissin təsiri ilə baş verən prosesdi? Görünür, dağa-arana, gül-çiçəyə söz qoşan da, lap elə deyək insan və zamana aid bütün mövzulara varan şair də bir gün anlayır ki, ölüm ən böyük gerçəkliyin özüdür əslində. Ya da həyatın işləklərindən bezəndə ölüm "son duracaq" kimi onun təsəllisinə çevrilir. Axı sondu... burdan o yana yol, yolçuluq yoxdu. Bura çatıb artıq nəfəs dərmək, huzura qovuşmaq, hər cür saxtalıqdan qurtulub yaradılışın təbiət başlanğıcına qayıtmaq mümkündür yalnız.
Ardınca böyük sual işarələri buraxan misralar… Elə şeylər var ki, ona cavab vermək yalnız və yalnız mətn sahibinin ixtiyarındadı.
Rəsul Rza bu şeiri 1967-ci ildə yazıb. Ömrünün 57-ci baharında. Hələ qocalıq gəlməyib ömrə, amma cavanlıq da öz yaşıl çuxasını sürüyüb getmədədir… Bu iki ovqat qovşağında tərəddüdlü düşüncələrə varan şair üçün ölümün hənirini duyması yalnız yaşdan irəli gələn nəsnə olmasın gərək, həm də yaşadıqlarından dolayı qapıldığı pessimist düşüncə labirintinin gətirdiyi sonucdur. Əvvəla R.Rza üçün insan duyğusu, onun yaşamı, ovqatı, narahatlığı daim poetik axtarışlarının mərkəzində olmuşdur. Bu fakt gəlişigözəl fikir deyil. R.Rzanın poeziyası təfəkkür, idrak hadisəsi kimi həyata və zamana zirvədən baxışdır, şeirləri insana dönüşün, dünyaya verilən individual yozumun, onun fəlsəfi-intuitiv dərkinin nümunələri kimi önəmlidir. Bu da məlum həqiqətdir ki, İnsanı təsvirə çəkən sənətin zamanından əvvəl müdrikliyi, qocalığı başlayır. R.Rzanın yaradıcılığı da bu yorğun və vaxtından öncə yaşlaşmış misraları daşıyır özündə. Şeirin hər misrası həmin yorğunluğu bəlirtən duyğulardan hörülüb:
Ölülər geri dönə bilsəydi,
mən bu otağa gələrdim.
Burda uzun bir dəqiqə
dincələrdim.
Şairin yorğun və ölüm qoxusuna düşkün misraları öz motivasiyasını hansı hisslərdən alır? Bu suala R.Rzanın yaradıcılığı əsasında cavablandıracağımız nümunələr çoxdur. Diqqət edək: bu şeirlə eyni ildə şair "Mirzə Cəlil nisgilləri"ndən yazırdı, "anlamaq dərdi" ona ölümün yanından gözüyumulu ötüb keçməyə imkan vermirdi:
İskəndər çağırdı məni uzaq,
Yolları dolambac, qarışıq,
havası bürkü,
özü bədqılıq
bir yerə.
Ölülər dünyasıdır bu!
Geridə 1961-də yazılmış "Qızılgül olmayaydı", 62-də yazılmış "Rənglər" silsiləsi vardı. Üstəgəl yaşadığı dövrdə görüb şahid olduğu riyakarlıqlar vardı. Qarşıda isə hələ Əli Kərimin ölümünü görəcək, onun "Vəsiyyət"ini oxuyub kövrələcəkdi şair. Hansı ki, mövzu baxımından elə R.Rzanın "Unutmayın" şeirini xatırladırdı "Vəsiyyət":
Heç kim inanmır ki,
Öləcək...
Elə mən də...
Görünür, ölüm - "bu qoca kaftar" heç gözlənilməyən, inanılmayan anda gəlir. Ə.Kərim üçün bu ölüm gənc yaşda gerşəkləşdi. R.Rza üçün isə "nəslinin yarpaq tökümünün" sızıltısı, ölümün duyumu, içə çökən ağrısı…
Mən güllü bir may səhəri doğulmuşam.
Bəlkə, getdim bir yanvar axşamı.
Tabutuma ipək salmayın!
Dəfnimə toplamayın izdihamı.
Hər iki şairin misralarının arxasında ölümə qorxusuz-hürküsüz münasibət var, mövzunun mahiyyəti ilə bağlı müdriklik ehtiva olunur. Sadəcə Ə.Kərim üçün güc və təskinlik mənbəyi övladları, oğlanlarıdı, bir də "şeirlə mahnının möcüzəsinə ayılmasına olan ümid"i:
Dostlar
bir şeir desinlər,
İşdi
imkan olsa,
bir dənə də mahnı
çaldırsınlar.
Şeirlə mahnının möcüzəsilə
Ayılmağa
çox dəli bir ümidim var.
R.Rza üçün isə bu ümid başını qoya biləcəyi vətən torpağıdı. Burdan artıq şeirin ikinci rakursu üzə çıxır. "Unutmayın" şeiri həm də vətən, torpaq haqqında yazılmış poetik nümunə kimi oxunuş tələb edir.
Mən o torpağı sevmişəm.
Ancaq məhəbbətim
nə sərgiyə qoyulan bir tablo olub,
nə parıltısı diqqət çəkən üzük qaşı.
Mənim sevgim sevgi idi -
sadə, yaxşı...
"Unutmayın" şeiri sovet dövründə hakim olan ictimai-siyasi tematikanın qabarıqlığında S.Vurğunun "Azərbaycan"ından sonra uğurlu sənət örnəklərimizdən biri kimi meydana çıxır. Rejimin təbliğ etdiyi bayağı vətənpərvərlik ideyalarının vurduğu əxlaqi-mənəvi zərbənin şüuraltı "qisasının" ifadəsi kimi doğulurdu bu nümunələr. "Ələmdən nəşəyə" doğru yürüş edən poeziya bir anlıq nəfəs dərib "ana südü, ata öyüdü" kimi sevdiyi torpağa nəzər yetirməyə də vaxt tapırdı. Və onunla eyni anda ölümü düşünüb faniliyə, heçliyə, iç ağrılarına köklənməyə də...
Mən xoşbəxt olardım,
tabutumu özüm apara bilsəm!
Adımı, xatirəmi
yazılı nitqlərdən,
sərin ahlardan qopara bilsəm...
Bu misralar yalnız ritm və qafiyə xətrinə deyil, həm də yorğun bir ömrün məntiqi sonluğu kimi məna qazanır. Şeirin intonasiyası, danışıq tonu elə nöqtədə qurulub ki, müəllif sanki prozaik şəkildə ifadə edir fikirlərini, amma obrazlılığın güclü olması bu niyyəti əngəlləyir, şeir kimi şeir hasilə gətirir. Həm duyğulandırır, həm də düşündürür, həyəcanlandırır və zövq aşılayır. Bu iki zidd hissin qovuşduğundan isə həqiqi poeziya yaranır. Bir də bu poeziyanın zamanla əbədi yoldaşlığı...
Unudulmadın, şair!
Nizami Cəfərovun rakursu
Həyat, ölüm… Və həyat
Mən Rəsul Rzanı bir neçə dəfə uzaqdan görmüşəm, bir də televizorda, hamının görə biləcəyi məşhur kadrlarda… Ancaq düşünürəm ki, bu böyük şəxsiyyəti yaxşı tanıyıram. Çünki onun, demək olar ki, hər bir misrasında özünəməxsus mükəmməl xarakteri, əqidəsində dönməzliyi, eyni zamanda zərif, humanist duyğusallığı aydın görünür.
Bu şeiri oxuyanda yadıma Xəstə Qasımın atalar sözünə çevrilmiş "gələn bəzirgandı, gedən xocadı" misrası düşdü. Özündən asılı olmadan dünyaya gəlirsən… Və dünyayla "alver"ini bitirəndən sonra özündən asılı olmadan dünyadan gedirsən. Bir məsələ var ki, dünyaya gəlməyin fəlsəfəsi yoxdur, dünyada yaşamağın və onu tərk etməyin fəlsəfəsi isə çox zəngindir… Azərbaycan poeziyasında elə bir böyük şair yoxdur ki, ölüm mövzusuna müraciət etməsin…
Seyid Əzim "mövti- cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim" demişdi. Və mənə elə gəlir ki, bu cür həyat (və dünya) sevərlik (söhbət bayağı nikbinlikdən getmir) humanist, mütərəqqi bir fəlsəfədir… Rəsul Rza da, heç şübhəsiz, özünün ölümsüz olduğunu bilirdi. Ona görə də bu şeirində ümumən yaradıcılığı (və dünyagörüşü) üçün səciyyəvi olan səmimi bir iddia, təvazökar bir ərk var… Şairin avtoqəhrəmanı bu dünyada dəbdəbə ilə yaşamadığı kimi, onu təmtəraqla tərk eləməyi də artıq hesab edir. Anasının südü, atasının öyüdü kimi sevdiyi bir ovuc Vətən torpağı isə şairin haqqıdır… Bir də hər sevincini, dərdini görmüş, çox gülüb çox ağladığı otağındakı dərin, təmiz havalı sükutda ruhunun dincəlməsi…
Şeirdə hisslərin, emosiyaların təbii pərakəndəliyini, impulsivliyini görməmək mümkün deyil, ancaq bu pərakəndəliyin, impulsivliyin alt qatında dərk edilmiş, tamamilə harmonik, sistemli və müdrik metafizika mövcuddur ki, onun da məzmun- məndərəcəsi, fikrimcə, insanın həm həyatının, həm ölümünün, həm də xatirəsinin hər cür saxtalıqdan, riyakarlıqdan, süni münasibətlərdən yuxarıda dayanmasından ibarətdir.
Rəsul Rzanın şair- mütəfəkkir interpretasiyasında Ölüm, əslində, Həyatın üzvi tərkib hissəsidir…
Şeirin həm zəngin intonasiyası, həm də eyni dərəcədə zəngin metafora sistemi mövcuddur. Və burada həm ritm, həm də ideya- estetik harmoniya yaradan mükəmməl bir "mən- siz" münasibət- assosasiyası var ki, mətnin istər forma, istərsə də məzmunca poetexnoloji bütövlüyünü təmin edir.
Tərcümeyi- halından (özü demiş, ömürlüyündən) də yaxşı məlumdur ki, Rəsul Rza bütün ömrü boyu həm özünün, həm də mənsub olduğu millətin mənliyini uca tutmuş, nə "yuxarılar"dan, nə də "aşağılar"dan heç bir təzyiq, müdaxilə qəbul etməmiş, həyatını mərd- mərdanə yaşamışdı. Və vəfatından sonra da Rəsul Rza adı milli mənliyimizin danılmaz rəmzlərindən biridir…
Şair dünyadan köçəndə Azərbaycanın bu taylı- o taylı qələm adamları ona öz hörmət, ehtiram və sevgilərini bildirdilər. Özünün dediyi kimi, nə süni təmtəraq, nə də böyük izdihama ehtiyac oldu… Həmin günlərdə ən təsirli ağılardan birini bütöv Azərbaycanın böyük şairi Həmid Nitqi yazdı. Və bu ağıda Rəsul Rza matəminin, onun ölüm kədərinin miqyası qədim türk epos təfəkkürü üslubunda (və müqəddəsliyində) təqdim olunur…
Ardınca
Çiçəklərlə
Məzarının yanında,
Matəminin sisində, dumanında
Sanki səf- səf ehtiramla durublar
Diri ozanlarımızla bərabər
Füzulilər, nəsimilər, vaqiflər,
Oğullarının yasına gəliblər.
Aldığımız bu kədərli
Xəbərlə
Elimiz matəmlidir,
Könüllərimiz qəmli,
Gözlərimiz nəmlidir.
Böyük şairlərin həyatı kimi ölümü də poeziyadır, böyük mütəfəkkirlərin sevinci kimi kədəri də fəlsəfidir… Əlbəttə, duyan üçün, anlayan üçün…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!