Azərbaycanın milli ədəbiyyatının rusdilli müəllifləri əsasən "Luç" Ədəbi Yaradıcılıq Assosiasiyası ətrafında birləşmişlər. İl ərzində Assosiasiya tərəfindən iki toplu çap olunmuşdur. "Günəşli külək" toplusunda müasir müəlliflərin hekayələri toplanmışdır. Assosiasiya tərəfindən çap edilən sayca 32- ci topluda isə nəsr, poeziya, publisistika nümunələri yer almışdır.
Azərbaycanın milli ədəbiyyatının rusdilli müəllifləri əsasən "Luç" Ədəbi Yaradıcılıq Assosiasiyası ətrafında birləşmişlər. İl ərzində Assosiasiya tərəfindən iki toplu çap olunmuşdur. "Günəşli külək" toplusunda müasir müəlliflərin hekayələri toplanmışdır. Assosiasiya tərəfindən çap edilən sayca 32- ci topluda isə nəsr, poeziya, publisistika nümunələri yer almışdır.
Kitablarda Elmira Axundova, Marina Mürsəlova, Marat Şəfiyev, Leyla Bəyim (Çexiya), Arif Turan və b. müəlliflərin əsərləri yer almışdır.
Son illər yaşanan tarixi proseslərə, xalqımızın faciələrinə biganə qalmayan müəlliflər, bu mövzuya xeyli sayda əsərlər həsr etmişlər.
Qarabağ müharibəsinin iştirakçısı olmuş Viktor Tatarenkonun (Rusiya, Moskva) "Firəngiz və Xanlar" povestində, Rauf Nəsirlinin "Səbəb" hekayəsində müharibə gerçəklikləri təsvir olunmuşdur. İren Tasalova ("Mənim qara bağımda" "V moem çernom sadu"), Səbinə Vəlibəyova ("Xocalı") şeirlər, Leyla Bəyim "Qarabağa ağı" ("Plaç po Karabaxu") poemasını qələmə almışlar. Həmvətənlərimiz olan Leyla Bəyim və Yefim Abramov bu mövzuda daha iki əsər yazmışlar.
"Qara qarçiçəyi" povestinin əsas personajı, Xocalı hadisələrinin şahidi, bu qırğında ailə üzvlərini itirmiş Natəvan uzun zaman kəsiyinin keçməsinə baxmayaraq, xatirələrində həmin dəhşətli hadisələri daim yenidən yaşamağa məhkumdur. Bu mövzuda qələmə alınan bir çox əsərlərdə olduğu kimi, baş verənlər vəhşiliklərin qurbanı və canlı şahidi olan qadın tərəfindən nəql edilir. Ermənilərin dünya işığından məhrum etdiyi Natəvan (quldurlar onu gözlərində siqaret söndürərək onu kor etmişlər) acı xatirələrdən qurtulmağa çan atır.
Hadisələr Amsterdamda və Xocalıda cərəyan edir. İlk öncə xatirələrdə canlanan səhnələr, sonradan ayrıca fəsillərdə təfsilatı ilə təsvir edilir. Yaşananlardan əzab çəkən Natəvan olanları unutmaq üçün psixoterapevtə müraciət etsə də, son olaraq onun həyatını işgəncəyə çevirən xatirələrin silinməsindən imtina edir.
Povestin mövzusu psixoloji-dramatik təsviri diktə etsə də, müəlliflər bu məqamlara toxunmadan lüzumsuz intriqaların təsviri ilə mövzudan uzaqlaşırlar. Amsterdamda Patrik adı altında həkim kimi fəaliyyət göstərən, Pərvizin, Natəvanın uşaqlıq dostunun həyat hekayətinin mövzu ilə bağlılığı zəifdir. Həmçinin onun yoldaşı ilə münasibətləri, Anna-Mariyə olan bağlılığının təsviri də süjet xətti ilə əlaqələndirilmir. Avropada müsəlmalara qarşı neqativ münasibət, Natəvanın Xocalı soyqırımının tanıdılmasına çalışan qardaşının müəmmalı qətli ilə bağlı məqamlar dolğun bədii həllini tapmadığından, povestin əsas ideya yükünü ifadə edən fikirlər sadəcə ehtimal olaraq qəbul edilir, nəticədə mövzu bədii şərhini tapmır.
2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "heykəltəraşlıq" fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş "Oğlanların arzuları" pyesi ( müəlliflər: Leyla Bəyim və Yefim Abramov) Azərbaycan Dövlət Gənc Tamaşacılar Teatırında səhnələşdirlmişdir. Pyesdə baş rolları Elnur Kərimov (Sabir) və Günel Məmmədova (Ülviyyə) ifa etmişlər. Bir-birilərini sevən iki gəncin sevgi münasibətlərinin, görüşlərinin canlandırıldığı pyesdə sonradan gənc yaşda dünyadan köçən əsgərlərin ruhlar dünyasında başlarına gələnlər təsvir edilir. Yaxınlarının əsgərlərdən, ruhların yaxınlarından narahatlıqlarının canlandırıldığı əsərdə bu vaxtsız itkidən doğan sarsıntı, ağrı və əzab təsvir edilmişdir. Hadisələrin dinamikasının yer almadığı əsərdə, doğmalarının vaxtsız itkisindən doğan psixoloji gərginliyin, həyatı yarıda qırılan gənclərin yaşadığı kədərin ifadəsi aktyorlardan böyük peşəkarlıq tələb edir. Gənc aktyorlar əsasən səssiz səhnələrdə canlandırılan bu ağrını uğurla ifadə edə bilmişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın ölümünə şeir həsr etmişdir. Şeirdə azyaşlı körpənin həyatına qıyan quldurları ittiham edən şairə, yaşanmadan bitən insan ömrü, vaxtsız gələn ölümün doğurduğu sarsıntı, kədər əks olunmuşdur.
İl ərzində Tofiq Ağayevin "Ümumbəşəri söhbət" ("Vsemirnıy razqovor") şeirlər kitabı çap edilib, müxtəlif mətbu orqanlarda Səyavuş Məmmədzadə, Leyla Qaraməzli, Elizaveta Qasımova, Alina Talıbova, Əkrəm Məlikov və b. şeirləri dərc edilmişdir.
Rusdilli poeziyada əsasən xalqımızın tarixini, mədəniyyətini yaşatmağa çalışan müəlliflər, doğma Azərbaycanın dolğun obrazını canlandırmağa çalışırlar. Alina Talıbovanın "Yay lövhə"ləri, Tatyana Troşinanın (Rusiya, Belqorod) "Qafqazın adət ənənələri", Valentina Əfəndiyevanın Molla Pənah Vaqifə həsr etdiyi "Əfsanələr qapısı" , "Fətəli xan haqqında ballada" və başqa nümunələrdə bu motivlərdən geniş istifadə olunmuşdur.
Vətəndən uzaqda yaşayıb-yaradan müəlliflərin poeziyasında, iki doğma məkan arasında yaşanan həyat, Vətən həsrəti canlandılrılmışdır:
Həyətdə fevral ayı, qəlbimdə isə yazdır,
Lakin mən kədərli, narahat
və yuxusuzam.
Doğma sahilimizi görürəm.
O qumsal sahilə qovuşa bilsəm,
qanım qaynayar, istisini hiss edə bilsəm,
İki doğma dünya arasında
sərhədləri dəf edə bilsəm,
Ərisəm bu sədlərdə, bal kimi axsam...
***
... mən özümə doğma olan şəhərdə,
Nədənsə tarın avazını eşidir
Evimizə çan atıram...
Leyla Bəyim
(Tərcümə məqalə müəllifinindir).
"Şüa" ("Luç") Assosiasiyasının əsas fəaliyyəti Azərbaycan ədəbiyyatı və mədəniyyətinin beynəlxalq arenada təbliğinə istiqamətlənmişdir. Bu baxımdan müəlliflərin əsərlərinin xarici ölkələrdə tanıdılması sahəsində mühüm işlər aparılmaqdadır.
Ləman Bağırova 2012-ci ildən çap olunmağa başlamışdır.
Bu illər ərzində dörd kitabı işıq üzü görmüşdür. Bunlardan ikisi "Yaddaş ipi" (2015), "Si notu" (2016) Vilnyusda nəşr edilib.
Ləman Bağırova müxtəlif ölkələrdə (Rusiya, Bolqariya, Belorus, Ukrayna) keçirilən müsabiqələrin iştirakçısı olmuşdur. Rusiyada keşirilən "Ağ akasiya" (2015) müasbiqəsində birinci dərəcəli laureat, Ukraynada keçirilən beynəlxalq ədəbiyyat müsabiqəsində ("Sozvezdie Duxovnosti") "Kiçik nəsr" nominasiyasına layiq görülmüş, Avropa Ədəbiyyatçılar Konqresinin (Çexiya) və Gürcüstanın Yazıçılar Birliyinin Diplomu ilə təltif edilmişdir. Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvüdür.
İl ərzində assosiasiya tərəfindən Arif Turan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə görə "Qranat", Marina Mürsəlova "Tabula rasa" romanına görə "ili ən yaxşı əsəri" nominasiyasında Molla Pənah Vaqif müakaftına layiq görülmüşlər.
Arif Turan "Moe vlyublennaya duşa"(şeirlər kitabı), "Azərbaycan mədəniyyətinin korifeyləri", "Azərbaycanın Milli Qəhrəmanları" kitablarının müəllifidir. Özü Qarabağ müharibəsinin iştirakçısı olan müəllif, "Azərbaycanın Milli qəhrəmanları" kitabında şəhid olmuş müxtəlif milliyyətdən olan 30 şəhidin həyatından bəhs etmişdir.
Arif Turan janrını bədii-fantastik təqdimat - poema olaraq müəyyənləşdirdiyi "Muğam əbədiyyət səhnəsində" ("Muqam na süene Vselennoy") əsərinin müəllifidir.
Rusdilli ədəbiyyatın tanınmış nümayəndələrindən olan Səyavuş Məmmədzadənin Azərbaycan dilində yazılan əsərlərin rusca tərcüməsi sahəsində illərdir ki böyük xidmətləri vardır.
Ötən il Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" romanı çap olunmuşdur. Əsərdə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında faktlar, arxiv materialları, müsahibələri yer almışdır.
Rusdilli nəsrin görkəmli nümayəndələrindən olan Natiq Rəsulzadənin il ərzində bir neçə hekayəsi çap edilib. "Qırmızı paltarlı qadın" əsərində heç bir peşəsi, daimi yaşayış yeri olmayan (o, ilk olaraq anasını və qardaşını, sonra isə həyat yoldaşını tərk edir ), uğursuz ailədə doğulan, anası döyərkən zədə alan Aqaşka yalnız kriminal aləmlə ünsiyyətdə olmağa üstünlük verir. Aqaşka ətrafındakı insanlara əziyyət verməkdən, onları alçaltmaqdan zövq alır. Yalnız ömrünün sonunda özünün yanlış yolda olduğunu anlayır. Əsərdə müasir sosial və mənəvi problemlər (ailənin maddi imkansızlığı, itirlən ailə dəyərləri), əxlaqi mənəvi deqradasiya əks olunur. Aqaşkanın yetirməsi olduğu mühitin gələcəkdə də bu cür insanlar yetirəcəyi narahatlıq doğurur.
Natiq Rəsulzadənin hekayələrində müasir dövrün mənəvi-psixoloji problemləri təsvir edilir. Hadisələr bir personajın ətrafında cərəyan etdiyi bu hekayələrdə, personajların ətraf mühit ilə qarşıdurması təsvir edilmişdir. İnsanlar tərəfindən şər adlandırılaraq qəbul olunmayan xüsusiyyətlərin cəmiyyətin doğurduğunu göstərən müəllif, son olaraq marginal insanı deyil, şəri doğuran mühiti ifşa edir.
İnsanları uşaqlara xas saflığı qorumağa səsləyən Yusifin acınacaqlı həyatı (Psix), cəmiyyətin şablonlarına uyğun olmayan insanların acı taleyini simvolizə edir.
Gözlənilməz sonluqla bitən "Gecə gəzintisi" hekayəsi yazıçı və oğrunun qarşıdurması təsvir edilmişdir. Oğrunun yazıçıya hücumu ilə başlanan dialoqda ilk olaraq yazıçının mənən yüksəkliyi, oğrunun acı həyatı əks olunsa da, sonda yazıçı oğrunu qətlə yetirir. Törətdiyi qətlin motivlərindən bəhs edən yazıçı, öz daxili çirkinliyini, xəbisliyini ifşa edir. Xeyirxahlıq altında gizlənən şər daha qəddar və amansızdır.
M.Mürsəlovanın "Mister Uoker" hekayəsində çarəsiz vəziyyətdə belə insana yaşamaq üçün stimul verən sevgi hissindən bəhs olunur. Eyni zamanda başqasının ağrısına laqeyd qalaraq, kiminsə faciəsini özü üçün əyləncəyə çevirən kütlə təsvir olunur. Mister Uoker - hədsiz dərəcədə kök insan hər gün müəyyən saatda şəhər sakinləri qarşısında "nümayiş etdirilir". Qazanılan pulla onun ailəsi özünün maddi xərclərini təmin edir. Təsadüfən qarşılaşdığı sevgilisi Mister Uokerə həyatını yenidən qurmaq üçün şans versə də, o, arzularına çata bilmir, vəfat edir. Onu tamaşa etməyi sevən insanlar bu dəfə ölüm mərasiminə yığışırlar. Həyatı, yas mərasimi əyləncəyə çevrilən insanın faciəsi haqqında isə heç kim düşünmür. Vəziyyətin ağırlığını qeyd edən müəllif, oxucularına ritorik sualla müraciət edir: "əgər birinin dərdi başqalarını əyləndirirsə, görəsən bu dünyada hər şey qaydasındadırmı?".
Valentin Cumazadənin "Həyatın dibində", "Dəniz sahilindəki bağ" hekyələrində sosial çətinliklərdən əzilən, mənən sınan insanların həyat hekayətləri təsvir edilir. "Mərhəmət ədalətdən üstündür" əsərində "oğrunu" qanunla deyil, insani anlayış gösətərərək insanlıq prinsipləri əsasında hərəkət edən polisin həyat hekayəsi, "Yoldaş milisioner, çənab polis" hekayəsində uzun müddət polis sistemində çalışmış insanın xatirələri canlandırılmışdır.
Fantasika janrında yazılmış hekayələrin müəllifi Erix Qauzer AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşıdır.
Son illər qələmə alınan əsərlərdə xəbərdarlıq motivi, ekoloji, mənəvi problemlər bu zaman dünyamızın qarşılaşacağı təhlükənin təsviri yer almaqdadır. E.Qauzerin "Spontan rəqslər" hekayəsində dindən, mənəviyyatdan uzaqlaşan bəşəriyyətin qarşılaşaçağı vəziyyət canlandırlımışdır. "Artıq bir neçə il idi ki, bu anlayışlar tarixin qalıqları hesab edilirdi. İnsanları yalnız maddi təminatları narahat edirdi". Bu cür yaşamın ağrılı nəticələri əks olunduğu əsərdə müəllif Yanisin həyatın ilkin xüsusiyyətlərinin mövcud olduğu "ada"ya doğru can atması təsvir edilmişdir. "Spontan rəqslər" və "İkinci cəhd" hekayələri fantastika janrında qələmə alınıbsa, "Əbədi oyun" hekayəsini insan həyatını idarə edən, yönləndirən İlahi qüvvə (Rejissor) və ömrünü bu qüvvənin istəyi ilə yaşamalı olan insan (Artist) haqqında hekayə-pritça olaraq müəyyənləşdirmək olar.
Ləman Bağırova, Murad Həsənov, Elmira Almasova və b. müəlliflərin əsərlərində adi insanların hekayələri nəql edilir. Əsasən avtobioqrafik qəhrəmanların (personajlar Bakıda doğulmuş insanlardı, bəzən baş qəhrəman müəllifin adını daşıyır) yer aldığı əsərlərdə müasir həyatımızdan tablolar əks edilmişdir.
Murad Həsənovun "Yay yağışların yağdığı şəhər" əsərində mühacir həyatı, bakılı gəncin yad ölkədə qarşılaşdığı problemlər canlandırılmış, Elmira Abbasovanın "Nağılllardan gələn qəhrəman" hekayəsində ana və qızının timsalında çətinliklərlə dolu qadın taleyi ifadə olunmuşdur.
Təəssüf ki, adi insanların gündəlik qayğılarından bəhs edən bu əsərlərdə çox zaman mövzunun publisistik təsviri yer alır. Maraqlı, aktual mövzu ilə seçilməyən bu əsərlər sənətkarlıq baxımından da orta səviyyəli yaradıcılıq nümunələri olaraq yadda qalır.
Lalə Bağırovanın "Abşeronda keçən illər" əsəri uşaqlıq xatirələri əsasında qələmə alınmışdır. Nəvələrinin gözə gələcəyindən çəkinən nənələrin "üçüncü və ya şənbə günləri üzərlik" yandırmaları, Abşeron bağlarının özəlliklərinin (tut ağacları) əks olunduğu azərbaycanca ifadələrin yer alıdğı hekayələrdə milli kolorit qorunmuş, Abşeronun füsunkar təbiəti, həyat tərzi, məişəti əks olunmuşdur.
Gülüş Ağaməmmədovanın əvvəlki illərdə qələmə aldığı "Maneken" kitabında fantastik novellalar üstünlük təşkil edirdisə, "Şərqli qadın" kitabında realist üslubda yazılmış hekayələr yer almışdır. Müəllifin dörd kitabı rus dilində, iki kitabı isə fransız dilində çap olunmuşdur. G.Ağaməmmədova yazıçı kimi tanınmaqla yanaşı, tərcümə sənəti ilə məşğuldur. Fransız dilindən mükəmməl tərcümələrin müəllifidir.
Tahir Əlinin "Mirzə Xəlil və Yağış adam" povesti ötən illər qələmə alınan dedektiv əsərləri silsiləsindəndir.
Murad İbrahimbəyovun "Leninin sinaqoqun qapısını bağlaması" hekayəsi sos -art üslubunda yazılmışdır. Sos-art- "sosialist realizmi sənətinin stereotiplərinin, formul, simvol və işarələrin yenidən istifadəsi və parodik dəyərləndirilməsi" (S.Çuprin) olaraq xarakterizə edilən bu üslub, "kütləvi ideoloji basqıya məruz qalmış totalitar cəmiyyətin məhsulu" (M.Fray) olaraq dəyərləndirilir. Ədəbiyyatda sos-art motivləri 1980-ci illərdən yer almışdır. Rus nəsrində V.Sorokin, E.Popov, poeziyda T.Kibrov, M.Suxotin kimi nümayəndələri olmuşdur. Azərbaycan ədəbiyyatında o qədər də yer almamışdır.
Sovet dövrünün tanınmış siması olan insanın adı oxucuda müəyyən assosiasiyalar doğursa da (sovet ideologiyasının banisi, "Oxumaq, oxumaq yenə də oxumaq" fikri ilə savadlı sovet cəmiyyətinin formalaşmasına cağırışın müəllifi və s. ) əsərdə, məlum stereotirplər aradan qalxır. Öz adını doğrulda bilməyən, sovet liderinin obrazına tam əks həyat sürən insan sonradan adını dəyişərək adi vətəndaşa Məmmədə çevrilir.
Ona Lenin adını verən valideynlər gələcəkdə bu adın övladlarının öz həyatına, həmçinin atasının partiyada karyerasına müsbət təsir edəcəyini düşünürlər. Lakin öz adından doğan gözləntilərə əks olaraq o, böyüdükcə "vəhşi" təbiətə malik insan olaraq formalaşır.
Məmməd-Leninin atıcı kimi karyerasına ictimai-siyasi sayıqlığı ilə son qoyan komsomolçu fəal Fazil, qanunsuz ticarətlə məşğul olaraq sərvət toplayan Yosya Bexer də sovet gercəkliklərinin tipləri olaraq təsvir edilmişdir.
Son illər əzəli dəyərlərdən bəhs edən yazıçılar çox zaman keçmişə, yaradılışın ilkin cağlarına üz tutaraq, çağdaş dünyada yaşam meyarlarının müəyyənləşdirilməsi prinsiplərini aydınlaşdırmağa çalışırlar.
Marina Mürsəlovanın "Tabula rasa (təmiz səhifədən)" əsəri tarixi roman janrında qələmə alınmışdır. Roman müəllifin çap olunmuş ilk irihəcmli əsəridir. "Həyat, böyük məhəbbət, adət-ənənlər, dini mənsubiyyət, insanlar arasında münasibətlərdən" bəhs olunan əsərdə islamaqədərki dövr əks olunmuşdur. "İnam, Allah uğrunda ölüm hər kəsə nəsib olmayan səadətdir… Nəhayət ki, insanlar arasında yadlıq aradan qalxacaq, müharibələr və xəstəliklər bitəcək, insanları inam və mərhəmət idarə edəcək. Bəşər övladı anlamalıdır ki, qısamüddətli insan ömrü - Allahın mərhəmətini və əbədi həyatı qazanmaq üçün bir verilmiş imkandır...". Bu fikirlər əsərin ideyasının əsasını təşkil edir. Məhəbbət, birlik hisslərinin tərənnüm edildiyi romanda məhəbbət xətti ilə yanaşı, Şəkinin Kiş kəndindəki kilsənin tikilməsi tarixi təsvir edilmişdir. Həvari Varfolomey və onun ardıcılları olan insanların qədim Azərbaycandakı fəaliyyətindən bəhs olunmuşdur.
Müəllifin tarixi faktları yetərincə mənimsəməsi, zərdüştlüyün məişət səviyyəsindən başlayaraq fəlsəfəsini açmağa cəhd etməsi əsərin müsbət keyfiyyətlərindəndir.
Hadisələrin baş verdiyi tarixi mühiti dolğun şəkildə canlandırmağa çalışan yazıçı, tarixi faktlara, anlayışlara aydınlıq gətirmiş, Zərdüştlüyə sitayiş edənlərin bayramları, əyləncələri haqqında məlumat verərək, tarixi koloriti canlandırmağa çalışmışdır. Romanın hər fəslinin əvvəlində müxtəlif dini kitablardan sitatlar, tanınmış insaların fikirləri epiqraf olaraq verilmişdir.
Hadisələr Atropatenanın paytaxtı Qazaka şəhərində baş verir. Əsərdə tarixi obrazlar(Kiaksar), saray intriqaları (Kiaksar və baş kahin Eştar arasında qarşıdurma) adi insanlar, onların məişəti təsvir olunmuşdur. Yad ölkəyə təşrif gətirən gənclər ilk sevgilərini məhz bu torpaqda dadmaq nəsib olur (David və Edaye, Rəfaim və Sevar).
Son illər roman janrına marağın artdığı müşahidə olunur. "Mənim qəlbimdəki Novruz" toplusuna Fərhad Ağamalıyevin "Dalğaların o biri üzü", Nay Svetlaninin tarixi janrda yazılmış "Yenilməz" (Şirvan diloqiyası) romanlarından parçalar daxil edilmişdir.
Beləliklə, ötən ilin əsərlərinin təhlili rusdilli ədəbiyyatın əsasən məhdud çərçivədə inkişaf etməsinə baxmayaraq, janr-üslub özünəməxsusluğu ilə seçildiyini bəlli edir. Milli kontekstə bağlılığın yeni ədəbi meyillərdən istifadəni inkar etmədiyinin şahidi oluruq. Müəlliflərin beynəlxalq müsabiqələrdə uğurlarının artması, internet resurslarda təmsil olunmaları Azərbaycanın rusdilli ədəbiyyatının uğurlu gələcək perspektivlərinin göstəricisidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!