Gəl sənə nağıl danışım - Hicran HÜSEYNOVA

Bulud, əlbəttə, danışmayacaq, müəllifin səsinə səs verməyəcək, amma əvəzində əyilib şairin "gözlərindən su içəcək", "göylərə yeddi rəngdən don biçəcək" və onda... göy qurşağını görüb sevinəcək, ürəyimizdə bir arzu tutacağıq tələm- tələsik. Amma unutmayaq, göy qurşağını görməkçün yağışı yaşamalıyıq...

 

 

Deyirlər, arılar bir qaşıq bal hazırlamaqdan ötrü... çiçəyə qonur. Söz xiridarları da belədir. Duyan, düşünən qəlbin kövrək, həzin, bəzən də ağrı- acılı pıçıltılarını sözə çevirməkçün nələr yaşayırlar... Nələr yaşamırlar desək, daha düzgün olardı...

Əlbəttə, ilk baxışda söz adamları başqalarından heç nəylə fərqlənmir; hamı kimi gülür, hamı kimi kədərlənir, hamı kimi məişət qayğılarıyla üz-üzədir. Amma bu, dediyim kimi, yalnız ilk baxışda belədir.

Yaxından, daha diqqətlə baxanda isə lal duyğuların necə seçmə sözlərə, seçmə sözlərin necə muncuq-muncuq düzülmüş misralara, muncuq-muncuq misraların necə sevgi dolu şeirə çevrilməyinin şahidi oluruq.

"Sevgi dolu şeirlər" ifadəsini də gəlişigözəl söz kimi işlətmədim. Bir oxucu, söz adamı, nəhayət, bədii zövq sahibi kimi, sevgisiz yazılan şeiri, yazını şablon, qurama hesab edirəm.

Bu gün şeirlərinə üz tutduğum Şövkət xanım sözlə nəfəs alan, sözdən duyğulanan, ilhama əl verən şairlərdəndir:

 

Hərdən kövrələndə göy üzü kimi

Nə yaxşı, ilham var, tutur əlimdən.

 

O, "söz dəryasında azmaq"dan qorxmur, sözlə savaşdan  çəkinmir, əksinə, onu "yandırıb külə döndərən söz"ə söykənir, o ipə-sapa yatmayan sözlərdən şeir toxuyur. Və bu taleyindən, bəxtinə düşən söz payından yerdən-göyə razıdır:

 

Bu nə qaçış, bu nə səsdi,

Hamı yığır, bəhsəbəhsdi.

Mənə düşən mənə bəsdi,

Ömür sürürəm qələmnən.

 

... Yenə Şövkət Zərin Horovlunun kitabını vərəqləyirəm. Amma bu kitabın neçənci ildə, harda çap olunmağından (baxmayaraq, təzədi) danışmayacam. Çünki annotasiya deyil bu yazı, Şövkət xanımın duyub-düşündükləri haqda mənim duyub-düşündüklərimdi.

Və nəzmlə yazılmış bir nağıla rast gəlirəm. Bu nağıl indiyədək oxuduğumuz nağıllara bənzəmir, yox, bu nağıl əfsanəyə dönən o ellər, haqqında yalnız danışa biləcəyimiz, o da böyük bir əzabla danışa biləcəyimiz nisgilli ellər haqqındadı. Qəribədi. İtirilən torpaqlarımız haqqında ağıya, bayatıya, laylaya, hətta qəzələ də rast gəlmişik. Nağılı isə (şeirlə yazılmış) ilk dəfədir  ki, oxuyuram. Və düşünürəm, bəzən eyni ağrını, əzabı hamımız yaşayırıq, eyni hisslər hər birimizi az qala eyni dərəcədə həyəcanlandırır, qəlbimizdə təlatüm yaradır. Amma ifadə etməyə gələndə... Bəli, məhz ifadə üsulu, bədii təsvir vasitələrindən tutmuş, janr seçiminədək, say- seçmə sözlərin sayından, sanbalından tutmuş, misralar arasından görünən müəllifin səmimiliyinə qədər hər şey fərqli olur və sonda fərqli ədəbi məhsul dayanır gözlərimiz önündə. Şövkət xanımın fərqli forma və məzmunuyla diqqətimi çəkən bu şeiri kimi:

 

**Gəl sənə upuzun nağıl danışım,

Dərdlərin ovunsun, ağrın kirisin.

Dərələrdən keçim, dağlardan aşım,

Nə özüm yorulum, nə nağıl bitsin.

Qucağı boşalan torpaq nağılı-

Dinlərsən yüz qanlı hekayətini.

Kösövü qaralan ocaq nağılı-

Qapqara tüstüsü göynətsin səni.

Yay nağılı deyim, nəfəs təngidən,

Uzansın payızın gecəsi kimi.

Yaz nağılı deyim həsrət səngidən,

Bizim Xan çinarın nəğməsi kimi.

Yetər nağıl dedik Məlikməmməddən,

Od oğrusu divdən, gah Təpəgözdən.

Nağıl dünyasında azdıq nə qədər,

Ağ atlı oğlanı gəzdik, ta yetər!

Gəl sənə təptəzə nağıl danışım,

Qanasın illərdə yatan yaddaşın.

Xocalı nağılı, Şuşa nağılı,

Zaman uydurduğu qoşa nağılı.

Laçınlar yurdundan, ya Kəlbəcərdən,

Oğuzlar ayağı dəyən hər yerdən.

Yenə qəm köynəyin əynimə geyim,

Qatı açılmamış nağıllar deyim.

Deyim, keçib getsin göz yaşımızdan,

Əsla silinməsin yaddaşımızdan.

Gözündən yuxu da perikib getsin,

Nə özüm yorulum, nə nağıl bitsin.

 

Şeiri bütöv şəkildə təqdim elədim, düşündüm, birnəfəsə yazılmış (dəqiq bilirəm ki, birnəfəsə yazılıb) belə "ağır" bir nağılı yarıda kəsmək günahdı.

Sonda... Sonda yenə söz haqda danışım. Hər sözün, bildiyimiz kimi, qrammatik, leksik mənası var, hər sözün informativ mənası var, amma hər sözün poetik mənası olmur... Nəzmə çevrilən hər söz heç də şeir olmur. Sözlərin şeirə dönməsi üçün buludlarla söhbətləşməyi, qoca ağacların dərdinə şərik olmağı, yarpaqların nəğməsini dinləməyi, payızı bahar kimi görməyi, "xatirə yağışlarında yuyunmağı", "yuxularını gecənin qara saçlarına bükməyi", "qərib duyğular"ı dua kimi pıçıldamağı, sərhədsiz sevgilərlə sevməyi, bəzən də "zamanın üzünə tüpürməyi" bacarmalısan...

 

Eheyyy...

Köçən bulud,

Hayana gedirsən, səfərin haradı,

Tutulmusan, qanın qaradı?

Kürəyində su şələsi,

Ətəyində yerin quraqlıq naləsi.

Köçkünlüyü, küskünlüyü

Məndənmi öyrənmisən,

Ya mən səndən?

Torpağın yaralarını kim çox bağlar,

Sən, ya mən?

 

Bulud, əlbəttə, danışmayacaq, müəllifin səsinə səs verməyəcək, amma əvəzində əyilib şairin "gözlərindən su içəcək", "göylərə yeddi rəngdən don biçəcək" və onda... göy qurşağını görüb sevinəcək, ürəyimizdə bir arzu tutacağıq tələm- tələsik. Amma unutmayaq, göy qurşağını görməkçün yağışı yaşamalıyıq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!