Bu gün ədəbi prosesin iki tərəfi - yəni ədəbiyyatla ədəbiyyatı dəyərləndirmə, öyrənmə, tətbiqetmə ilə məşğul olan müxtəlif sistemlər arasında bir narazılığın olması danılmazdır. Müasir ədəbi-nəzəri fikrin innovativ, yaradıcı və sistemli elm sahəsi kimi formalaşması prosesi daha çox müxtəlif təcrübələrin kombinasiyasında mümkündür. Təəssüf ki, bəzi hallarda tarixi prosesdə özünü doğrultmayan və ya ideoloji yükün altında əzilən sistemin (sosialist ədəbiyyatşünaslığın) qalıqları hələ də özünü göstərir.
Ədəbiyyat tarixinin, ədəbi tənqidin və ədəbiyyat nəzəriyyəsinin ədəbiyyata yanaşma prinsiplərindəki məqsəd və onu gerçəkləşdirmə vasitələri ədəbiyyatşünaslığın sahələrinin sərhədlərini müəyyənləşdirir. Bu sərhədlərin əsas xüsusiyyəti isə ayırıcı yox, birləşdirici keyfiyyətlərin üstünlüyü ilə səciyyələnir. Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatşünaslığın bütöv elm kimi özünü doğrultmasında aparıcı mövqeyə malikdir. Ədəbiyyat tarixçisi ədəbi fikrin tarixi ardıcıllığını müxtəlif mətnlər əsasında sistemləşdirərkən, ədəbiyyat tənqidçisi ədəbi prosesə daxil olan bədii fakta münasibət göstərərkən ədəbiyyat nəzəriyyəsinin qanunauyğunluqlarına əsaslanır, onun müəyyənləşdirdiyi formulları predmet kimi tətbiq edir. Bədii -estetik düşüncədə ciddi paradiqmatik dəyişikliklər müşahidə olunduqda, ədəbiyyatın yönünü və istiqamətini dəyişəcək yeni faktlar üzə çıxdıqda onları adlandırmaq, formaya salmaq, təsnif etmək, modelləşdirmək ehtiyacı yaranır. Bu adların yaranması və nəzəri dövriyyəyə daxil olması qaçılmaz hal alır. Bu zaman ədəbiyyatşünas alim nəzəriyyənin mövcud lüğət bazasında və terminoloji ehtiyatında olmayan yeni adlara ehtiyac duyur, nəzəriyyənin hazır formulları əsasında yenilərinin yaranması aktını gerçəkləşdirir. Deməli, nəzəri bilgi istənilən halda bütövlükdə ədəbiyyatşünaslıq elminin metodologiyasını müəyyənləşdirir, müxtəlif elm sahələrinin təsnifat cədvəlində müstəqil yerini müəyyənləşdirən əsas amilə çevrilir. 2017-ci ildə ədəbiyyat nəzəriyyəsinin ümumi mənzərəsinə nəzər salmaq və sistemləşdirməyin çətinliyi də bununla bağlıdır. Ədəbiyyat nəzəriyyəsi prinsip olaraq ədəbiyyatşünaslığın bütün sahələrinin içindədir...
Məlumdur ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi respublika miqyasında nəzəri fikrin akademik, eyni zamanda ədəbiyyat nəzəriyyəsi profilli yeganə elmi-tədqiqat mərkəzidir. Ədəbiyyatın ümumi nəzəri məsələlərinin, klassik Azərbaycan və Şərq ədəbiyyatlarının nəzəri problemlərinin, bədii tərəqqinin inkişaf qanunauyğunluqlarının kompleks tədqiqi; ədəbi bədii tənqidin metodologiyasının araşdırılması; Azərbaycan ədəbiyyatının tarixi poetikasının tədqiqi, bədii obrazlarının, janr və bədii ifadə vasitələrinin təkamülünün araşdırılması şöbənin tədqiqat istiqamətlərini təşkil edir. "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində 2017-ci ildə, "Bədii ədəbiyyatın nəzəriyyəsi, ümumi qanunauyğunluqları, kompleks tədqiqinin metodoloji prinsipləri və məsələləri" problemi əsasında aşağıdakı istiqamətlər üzrə elmi tədqiqat işləri aparılmışdır. "Ədəbi növ və janr problemi (Azərbaycan ədəbiyyatı materialları əsasında)"mövzusunda Prof. Tahirə Məmməd "Dramatik ədəbi növün janr təsnifatı və xüsusiyyətləri, fil.e.d. Nailə Muradəliyeva "Roman janrının tarixi poetikası", fil.e.d. Əliyev Cavanşir: "Lirik ədəbi növün xüsusiyyətləri, janr təsnifatı; Azərbaycan ədəbiyyatında təşəkkülü və inkişaf mərhələləri", fil.e.d., prof. Rəhilə Qeybullayeva "Ədəbi növ və janr problemi (Azərbaycan ədəbiyyatı materialları əsasında)", fil.e.d. Məhəmmədəli Mustafayev "Heca vəzni və Azərbaycan ədəbiyyatında inkişaf mərhələləri", fil.ü.e.d. Pərvanə İsayeva "Faciə janrı və Azərbaycan ədəbiyyatında inkişaf mərhələləri", fil.ü.f.d., dos. Simuzər İsmayılova "Lirik-epik janrlar: poema", fil.ü.f.d., dos. Rasim Qurbanov "Azərbaycan şifahi xalq ədəbiyyatında epik janrlar: tədqiqat tarixi və müasir elmi-nəzəri fikir", fil.ü.f.d. Aqşin Dadaşzadə "Dram: janr xüsusiyyətləri təsnifatı", fil.ü.f.d. Aslan Salmanov "Ədəbi əsərlərin tekstoloji və nəzəri dərki (S.Vurğunun yaradıcılığı əsasında)", fil.ü.f.d. Maral Yaqubova "Epik ədəbi növün janr təsnifatı və xüsusiyyətləri", Nizami Vəliyev "Azərbaycan ədəbiyyatşünaslığında Qərb mənşəli şeir şəkilləri", Jalə Rzayeva "Romantik lirikada janrlar və onların tədqiqi problemi", Leyla Rzayeva "Musiqili dramatik janrlar: Opera-operetta, melodram, libretto" adlı elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Adı çəkilən tədqiqatlarda ədəbiyyat nəzəriyyəsinin mühüm sahəsi olan ədəbi növ və janr problemi yeni münasibətdə araşdırılmış, Azərbaycan ədəbiyyatşünaslığındakı mövcud boşluqları doldurmaq, ədəbi-nəzəri fikrin dəyişən paradiqmasını və ədəbi-prosesdə dəyişən paradiqmalara ad qoymaq, izah etmək və şərhini vermək əsas məqsədə çevrilmişdir. Ədəbi-nəzəri fikrin bədii fakta çevik reaksiyasını gecikdirən məqamları üzə çıxarmaq, nəzəriyyənin bütövlükdə ədəbiyyatşünaslıq üçün əhəmiyyətinin böyüklüyünü təsdiq etmək üçün nəzəriyyə ilk növbədə özü-özünü tanımalıdır. Bu istiqamətdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində prof. Tahirə Məmmədin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilən "Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemlər" adlı layihəni xüsusi vurğulamaq istərdik. Elmin İnkişaf Fondunun 2013-cü ilin əsas qrant müsabiqələri üzrə "Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemlər layihəsi" qalib layihə olmuşdur. 2015-ci ilin mart ayından layihə rəhbəri və iştirakçılar (f.ü.e.d. prof. Rəhilə Qeybullayeva, f.ü.e.d. Nailə Muradəliyeva, f.ü.f.d. dos. P.İsayeva) layihə üzərində işləyirlər. Layihənin Rusiyada, Qazaxıstanda, ABŞ-da təqdimatları keçirilmişdir. Ədəbiyyat nəzəriyyəsinin tarixi inkişaf xəttini, mərhələlər üzrə təsnifatını, Azərbaycanda ədəbiyyat nəzəriyyəsi elminin müstəqil elm sahəsi kimi formalaşmasının əsaslarını və s. məsələlərin araşdırıldığı layihə nəzəriyyə sahəsindəki boşluqları doldurmaq potensialına malikdir. 2017-ci ildə layihə üzərində yekun işlər aparılmış, iki cild halında çapa təqdim olunmuşdur.
2017 - ci ildə akademik İsa Həbibbəylinin " Ədəbi şəxsiyyət və zaman" (Əsərləri, 10 cilddə, II cild. Bakı, "Elm və təhsil", 2017, 1068 səh.) adlı tədqiqat əsəri çap olundu. Bu iri həcmli əsərdə ilk başlıq "Ədəbiyyat və zaman" adlanır və ilk abzas ədəbiyyatın tərifi ilə başlayır. "Ədəbiyyat-həyatı bədii lövhələr və surətlər vasitəsi ilə, fərdiləşdirmiş və ümumiləşdirmiş şəkildə əks etdirən, tərbiyəvi əhəmiyyətə malik olan söz sənətidir." (kursiv -Y.M.) Akademik İsa Həbibbəyliyə görə, ədəbiyyat bütöv bir sistemdir və bu sistemin öyrənilməsinə və nəzəri konsepsiyasının hazırlanmasına onun ən kiçik və ən əsas elementindən başlamaq lazımdır. "Ədəbi-tarixi yaddaş və müasirlik" (Bakı, Nurlan, 2007. S.472) adlı kitabında qeyd edirdi ki, ədəbiyyatın tərifi ədəbiyyatşünaslıq elminin əlifbasıdır və ədəbiyyat barəsindəki digər elmi qənaət və mülahizələr ədəbiyyatın nə demək olduğunu müəyyən edən tərifdən sonra gəlir. Ədəbiyyata aid tərif xüsusi yaradıcılıq sahəsi olan bədii ədəbiyyatın özünəməxsus, ən ümdə, ən zəruri xüsusiyyətlərini və fərqli cəhətlərini özündə əks etdirməlidir. Ədəbi-tarixi yaddaşın müasirlik müstəvisindən dəyərləndirildiyi bu tədqiqat əsərindən on il sonra, alım bu dəfə təqdiqatın obyektinə ədəbi şəxsiyyət və zaman modelinin özünü qoyur. Alimin ədəbi şəxsiyyət və zaman modelinin tərtibində önə sürdüyü meyarları müəyyən başlıqlarda qruplaşdırmaqla nəzərdən keçirmək olar: Zaman- ədəbiyyat-zaman çevrəsində şəxsiyyət dominantdır; Klassik ədəbiyyatda Nizami (və digərləri) şəxsiyyəti ilə meyardır; Zaman şəxsiyyəti, şəxsiyyət ədəbiyyatı dəyişir; Ədəbiyyatda milli özünüifadə şəxsiyyət mövqeyi ilə üst-üstə düşür; Romantik ədəbiyyatda şəxsiyyət amili əsas göstəricidir; Ədəbiyyatşünaslıq elminin formalaşmasında şəxsiyyət dominantdır; Şəxsiyyətin mühacirliyi ədəbiyyatın mühacirliyidir; İdeologiyanın süni şəkildə tətbiq olunduğu mühitdə şəxsiyyətin özünüqoruması ədəbiyyatın yaşama imkanıdır; Paradiqma dəyişikliyi şəxsiyyətə, şəxsiyyət də ədəbiyyata təsir edir; Şəxsiyyət üçün müstəqillik şəraiti, yaradıcılıq azadlığı vacib şərtdir.
Akademik İsa Həbibbəylinin müxtəlif müəlliflərə həsr etdiyi məqalə xarakterli yazılarının strukturunda riayət etdiyi prinsip diqqəti cəlb edir. Ədəbi şəxsiyyətin tərcümeyi-halı verilir, ardınca ədəbi irsi, bu irsə münasibət, mövcud boşluqlar, bu boşluqları doldurmaq üçün təkliflər öz əksini tapır. "Ədəbi şəxsiyyət və zaman" kitabında ayrı-ayrı portret yazıların arasında məntiqi bağ nəzəri mahiyyət daşıyır. Daha doğrusu, bu portret yazılar bir-birindən qopmuş şəkildə deyil, vahid bir süjet xəttini - Azərbaycan ədəbiyyatı tarixini - təşkil edən epizodlar kimi özünü göstərir. Kitaba daxil olan bu portret yazıları alimin son on ildəki araşdırmaları təşkil edir. Alimin təqdim etdiyi Azərbaycan ədəbiyyatının tarixi "süjeti" isə, 2 015-ci ildən dolğun nəzəri xarakter alır, yeni dövrləşdirmə konsepsiyası kimi təqdim olunur. "Ədəbi şəxsiyyət və zaman" kitabı ilə "Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası" arasında ortaq məqam təkcə, birincinin ikincinin hazırlıq mərhələsi olması ilə müşahidə olunmur, həm də təsnifat sistemində nəzərdə tutulan meyarların gerçəkləşməsində şəxsiyyət və onun zamanduyumuna verdiyi önəmdə də üzə çıxır. İsa Həbibbəyli öz nəzəri mülahizələrində ədəbiyyatın və ədəbi dövrün formalaşmasında şəxsiyyət amilinin üstün mövqeyinə inanır, şəxsiyyəti meyar kimi qəbul edir.
2017-ci ildə ədəbi-nəzəri fikirdə yenilik baxımından diqqət çəkən əsərlərdən biri də akademik Kamal Abdullanın "Gizli Dədə Qorqud" silsiləsindən çalışmalarının məntiqi davamı kimi təqdim olunan "Kitabi-Dədə Qorqud poetikasına giriş. Dansökülən variant." (Bakı, RS Poliqraf, 2017, -320 s.) monoqrafiyası oldu. Monoqrafiyada məlum mətnin poetik qatı orijinal üslubda, yeni yanaşma ilə araşdırılır. Kitabda ortaya qoyulan fikrə görə, poetika bədiipoetik və təmiz poetik hissənin cəmini təşkil edir, özünə sistemli yanaşma tələb edir. Bədii-poetik ifadəsi isə qədim mifoloji dövrdə mətni proza və poeziyaya bölməyin mümkünsüzlüyünü izah edəcək yeni terminoloji məzmun daşıyıcısı kimi diqqəti cəlb edir. Bədiilik prozaya, poetiklik isə poeziyaya aid funksiya kimi qədim mifoloji çağda vəhdət şəklindədir. "Bədiipoetik mövcudiyyət"i ümumi Poetikanın daha qədim, ibtidai və primitiv "nümayəndəliyi" kimi izah edən müəllif ardınca poetikanın mərhələ təsnifatına da özünəməxsus aydınlıq gətirir: ən qədim, primitiv və qədim, klassik dövrlərini səciyyələndirir. "Kitabi-Dədə Qorqud" un anaxronik strukturunda həm köhnə, həm yeni ədəbiyyat növünün vəhdəti vardır. Monoqrafiyada məhz ilk mərhələnin- mifoloji dövrün ibtidai bədiipoetik təsəvvürlərinin, real mətn quruculuğunda istifadə edilən ünsür və vasitələrin sistemli, sistemsiz münasibətləri, mifoloji mətn məkanının konturlarının dəqiqləşməsi, məkanda baş verən "Biruzə" prosesinin - Bədii Təzahürə gələn yolların sirrinin nəzərdən keçirilməsi, klassik poetika sferasında çalışanlara metodoloji mesajların verilməsi qarşıya qoyulmuş məqsəd və vəzifələri əhatə edir. Müəllif məqsəd və vəzifələrin gerçəkləşdirmək üçün fərqli metodoloji yanaşma sərgiləyir. Mifoloji, struktur-semantik, semiotik prinsiplərin tətbiqi, makrokosm hadisələri ilə mikrokosm hadisələri arasındakı izomorfluğun üzə çıxarılması, ikili dixotomiyaların müəyyən edilməsi müəllifin metodoloji yanaşmasının əsasını təşkil edir. Bədiipoetik enerjinin üzə çıxma mexanizmi ştil, qabarma və partlayış mərhələlərində izlənir. Müəllifə görə mifin əsarət dövrü, mifoloji dansökülən, mifoloji günortac, mifoloji qürub yazıyaqədərki dövrün ayrı-ayrı qatlarıdır. Monoqrafiya janrının, elmi-nəzəri mətnin ənənəvi nizamını pozan ricətlərdən istifadə də daxil olmaqla, bu tədqiqat əsəri metodoloji yanaşması ilə də diqqət cəlb edir. Multidisiplinar baxış, bədii mətn poetikası ilə coğrafi hadisələrin fiziki izahı arasında oxşar paradiqma qurmaq, mətnin linqvistik potensialından bədiipoetik enerjinin biruzə şəkillərini görmək və adlandırmaq məqsədilə istifadə və .s tədqiqatın yeniliyini əks etdirir. Monoqrafiya strukturuna və metodologiyasına fərqli yanaşma gətirən bu əsər 2017-ci ilin ədəbi-nəzəri fikrində seçilən hadisə kimi yadda qaldı.
Akademik Muxtar İmanov (Kazımoğlunun) rus dilində çap olunmuş "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" (Bakı, "Elm və təhsil", 2017, 360 s.) adlı monoqrafiyası da diqqəti cəlb edən tədqiqatlardan biri oldu. Müəllif tədqiqatına arxaik dünyagörüş sistemində xalq gülüşünün mənşəyindəki magik başlanğıcı müəyyənləşdirmək məqamında günəş, işıq, od, gül kimi qavrayışların semantikasına münasibət bildirməklə, xalq gülüşünün mifoloji qaynaqlarını araşdırmaqla başlayır. Monoqrafiyanin adından göründüyü kimi gülüş iki mühüm aspektdən araşdırılılır. Gülüşün genetik başlanğıcı, arxaik kökləri, poetik potensialı, müxtəlif folklor mətnlərində təzahür formaları, gülüşün özünün struktur-semantik bütöv kimi daxil olduğu mətnin janr-üslub bütövlüyünə birbaşa və dolayı təsirləri, janr müxtəlifliyində kəsb etdiyi fərqlərlə yanaşı, oxşar cəhətləri, bu oxşar cəhətlərin formullarla üzə çıxarılması və s. monoqrafiya müəllifindən məsələyə çoxplanlı yanaşmanı, konseptual və dinamik nəzəri düşüncənin tətbiqini tələb edir. Buna görə də Muxtar İmanov metodologiya baxımından mifoloq-folklorşünas-ədəbiyyatşünas üçbucağından ibarət nəzəri müstəvi qurur, bu da tədqiqatın sistemliliyinin əsas göstəricisinə çevrilir. Şifahi xalq ədəbiyyatında gülüşün struktur-semantik izahını nəzəri model şəklində təqdim edir və bu model sonrakı tədqiqatların metodoloji bazasına çevrilə bilir.
Kamran Əliyevin "Çağdaş foklorşünaslığın problemləri" adlı məqalələr toplusu (Bakı, "Elm və təhsil", 2017, 364 s. ) əsasən 4 başlıq altında toplanmış silsilə məqalələrdən ibarətdir. ""Dədə Qorqud" eposunun qəhrəmanları və bədii strukturu" silsiləsinə daxil olan məqalələrdə dastan bütöv mətn - xalq düşüncəsinin unikal nümunəsi olaraq vahid bir sistem kimi tədqiq olunur. "Kitabi-Dədə Qorqud" mətninin bütövlüyünü sübut edən məlum göstəricilərlə, vahid "süjet" xəttini şərtləndirən amillərlə yanaşı fərqli dəlillərin olduğunu bildirir. Kamran Əliyevin "Çağdaş folklorşünaslığın problemləri" adlı kitabı epizodik məqamlar şəklində bütöv folklorşünaslıq elminin aktual məsələlərini gündəmə gətirir, folklorun öyrənilməsinin prinsipləri ilə yanaşı, folklor haqqında yazılan əsərlərin də nəzəri potensialına, folklorşünaslıq elminin akademik səviyyəsinə də münasibət bildirilir. Bu mənada tədqiqatın adı öz daxili strukturu ilə bütövlük yarada bilir.
2017-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əməkdaşı Pərvanə İsayevanın "Faciə janrının poetikası və tədqiqi problemləri" (Bakı, "Elm və təhsil", 2017, 208 s.) adlı kitabı çap olundu. Kitabda faciə nəzəriyyəsi və faciəvilik konsepsiyasının fəlsəfə ilə bağlantısına diqqət yetirilir. Dünya filoloji və fəlsəfi fikrində faciənin janr kimi əsaslandırılmasının tarixinə nəzər salınır, Azərbaycan ədəbiyyatşünaslığında isə milli ruhun dərin qatlarını üzə çıxarmaq mənasında faciə üçün məxsusi milli formanın yaranma tarixinin gənc olmasına münasibət bildirilir. Faciə janrının ilk monoqrafik təqdiqi Yaşar Qareyevin "Faciə və qəhrəman" monoqrafiyası ilə Azərbaycan nəzəri fikrində faciə poetikasının təməlinin qoyulmasına diqqət yetirilir. Mehdi Məmmədovun "Azəri dramaturgiyasının estetik problemləri" (1968), Hüseyn İsrafilovun "Azərbaycan dramaturgiyasının inkişaf problemləri" (1988), Zaman Əsgərlinin "Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi" (1985), "Azərbaycan faciəsinin poetikası" (1991), Aydın Talıbovun "Faciə. Janrın təyininə dair" (1990) adlı tədqiqatlar əsasında apardığı təhlillər nəticəsində belə bir qənaətə gəlir ki, faciə janrının nəzəri, estetik və ədəbi-tarixi problemləri sistemli və konkret formullarla 1960-cı illərdən başlayaraq ardıcıl şəkildə öyrənilmişdir. Pərvanə İsayevanın müəllif yanaşmasında poetika məhz janrın struktur-semantik bütövlüyü, semantik paraqiqmaların struktur elementinə çevrilmə mexanizmi kimi səciyyələnir. Bu tədqiqatda müəllif faciə poetikasının özünə və faciə poetikasının nəzəriyyəsinə bələdlilik nümayiş etdirir, bu iki tərəf arasındakı münasibətlərin nəzəri mahiyyətinə diqqət çəkir, münasibətdən doğan nəzəri düşüncənin tarixi dinamikliyini geniş şərh edir.
Tehran Əlişanoğlunun "Milli nəsrdə Azərbaycan obrazı: tarix və müasirlik kontekstində" (Bakı: Elm və təhsil, 2017, 616 s.) adlı, Mirzə Cəlil, Mir Cəlal, Süleyman Rəhimov, Seyid Hüseyn, Sabit Rəhman, Mirzə İbrahimov, Anar, Elçin, Sabir Əhmədli, Sabir Rüstəmxanlı, Mövlud Süleymanlı, Aqil Abbas, Kamal Abdulla və başqalarının müxtəlif nəsr əsərləri əsasında ayrı-ayrı illərdə yazılmış məqalələr toplusundan ibarət irihəcmli tədqiqat əsəri isə ədəbiyyat nəzəriyyəsinin iki sahəsi baxımından təqdim olunan məruzənin predmetinə çevrilə bilir. Birincisi nəsr hadisəsi, ikinci obraz. Kitabda müəllifin nəsrimizin son yüz ilinə aid araşdırmaları, məqalələri, tənqidi yazıları toplanmışdır. Kitabın annotasiyasında da vurğulandığı kimi bütün bu yazıları vahid problematika - milli insanın obrazı birləşdirir. Milli nəsrdə Azərbaycan obrazı, əslində həm də Azərbaycan nəsrinin obrazı kimi səciyyələnmiş olur. Azərbaycan nəsrinin obrazlaşması, nəsrin milli xarakterinin dövrlər üzrə kəsb etdiyi məzmun, müxtəlif ictimai-siyasi vəziyyətlərdə milliliyin mövqeyi, millilik və qloballaşma paradokslarında nasir obrazı və s. kimi məsələlər tədqiqatın əsasını təşkil edir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin Azərbaycan Memarlıq və İncəsənət Universitetinin Azərbaycan dili və pedaqogika kafedrası ilə birgə keçirdiyi "Molla Pənah Vaqif irsinin elmi-nəzəri dərki" adlı, ədibin anadan olmasının 300 illiyinə həsr olunmuş elmi-nəzəri seminar konkret müəllif yaradıcılığına yanaşmada metodoloji plüralizmi əks etdirmək baxımından diqqəti cəlb etdi. (Bakı, 2017). Seminar materiallarının çap variantına yazdığı, "Azərbaycan ədəbiyyatında erkən realizm: tarixi və yaradıcısı" adlı ön sözdə akademik İsa Həbibbəyli Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında dərindən öyərnilməsinin vacibliyinə toxunur, Azərbaycan şeirinin mənzərəsinin mövzu və forma baxımından dəyişmiş şairin ədəbi kimliyinə münasibət bildirir. Professor Tahirə Məmməd Vaqif yaradıcılığını məhəllələşmə və realizm kontekstində dəyərləndirir, sənətkarın öz adı ilə mərhələni, hadisəni səciyyələndirmə qabiliyyətinə, divan ədəbiyyatının əsas cərəyanlarından biri kimi məhəlləşmənin Vaqif irsində təzahür formalarına elmi-nəzəri şərh verir. Ənənəvi anlamlarda, situasiyalarda ciddi dəyişmələr yaratmaq, dini mənşəli obrazlara yeni məcrada müraciət, şeirlərdə yerli toponimlərin boy göstərməsi, lirik qəhrəmanın yeni şəkildə təqdimatı, aşiq-məşuq modelində gözəlin reallaşması və s. Tahirə Məmməd tərəfindən məhəllələşmənin təzahür formaları kimi təqdim olunur. Nailə Muradəliyevanın Vaqif yaradıcılığında peyjaz və təbiət duyumundan, Aslan Salmanovun Vaqif ilə onun bədii obrazı, Səməd Vurğunun "Vaqif"i arasındakı əlaqədən, Aqşin Dadaşzadənin Vaqif irsinin nəzəri tədqiqi ilə bağlı yazılarında və digər məqalələrdə müasir nəzəri fikrin ədəbiyyatın tarixi faktına və dövrünə münasibət akademik səviyyədə öz əksini tapmışdır.
Akademik Nizami Cəfərovun "Elçin. Yazıçının yaradıcılıq yolu" kitabı (Bakı, 2017) konkret müəllifə həsr olunmuş tədqiqat əsəri kimi 2017-ci ilin yadda qalan əsərlərindən birinə çevrildi. Elçin mətnini "dış" yox, "iç struktur"dan, daha dərin subyektiv və ya "intim" qatlardan öyrənməyə cəhd edən müəllif Elçinin ayrı- ayrı əsərlərinə, yaradıcılıq yolunun ayrı- ayrı dövr və ya mərhələlərinə, eləcə də ümumən yaradıcılığına hər dəfə yeni səviyyədə bütöv bir mətn kimi baxarkən müasir filoloji fikrin normativ, yaxud klassik kanonlarını, poetexnoloji tədqiqat üsul və anlayışlarını geniş tətbiq etməklə yanaşı, tədqiqatçı-araşdırıcı subyektivizmi qarşısında müəyyən meydan açmaqdan da çəkinmir. Bunu Elçin mətninin özünün müxtəlif təzahür səviyyələrində tədqiqatçıya həm normativ miqyaslarda təhlil aparmağa, həm bu normativlərə yenidən baxmağa, həm də hər cür normativin fövqünə qalxaraq virtuozluq göstərməyə hərtərəfli imkanlar verməsi ilə bağlayır. Elçin yaradıcılığının klassik bir hadisə-fenomen kimi şərhini verir, yazıçının bədii irsinin diaxroniyası ilə sinxroniyası arasında güclü və təbii əlaqənin mahiyyətinə diqqət çəkir. Nizami Cəfərov Elçinin yaradıcılıq yolunu mətndən çıxış etməklə, mətnin ötürdüyü informasiya və informasiyanın ifadə şəklinin yazıçını genotipologiyası ilə bağlı şəkildə təhlilə cəlb edir.
Sənətkar və onun yaradıcılığı müstəvisində Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası" (Bakı: Sabah, 2017, 288 s.) adlı əsərini qeyd etmək istərdik. Monoqrafiya strukturunda, bir qədər fərqli formada və subyektiv yanaşmada təqdim olunmuş əsərdə Hüseyn Kürdoğlunun tərcümeyi-halı, mühiti və taleyi geniş araşdırılmış, şairin bədii-poetik irsinin şifahi xalq ədəbiyyatı, aşıq yaradıcılığı və klassik şeir ənənələri ilə əlaqələri təhlil edilmişdir. Tədqiqatda elmi-nəzəri və akademik üslubun normativliyi bilərəkdən pozulur, şairin poetik yaradıcılığının müəllifə yüklədiyi psixoloji-emosional ovqat önə keçir, bu özünü monoqrafiyanın bölmələrinə ad seçərkən də göstərir. Qəzənfər Paşayev yanaşma üslubunu və tərzini müdafiə edir, oxucuya ünvanlanan son sözü əvəz edən hissədə kitabı yazma səbəb və məqsədini açıq şəkildə qeyd edir. Bununla yanaşı, tədqiqatda ədəbiyyat nəzəriyyəsi elminin indiyə qədər əldə etdiyi elmi qənaət və nəticələrin tətbiqi aydın şəkildə görünür, şairin şeirlərinin janr və forma müxtəlifliyinin şərhində müəllifin nəzm sistemləri haqqında geniş, əhatəli bilgisi diqqəti cəlb edir. Monoqrafiyada müəllifin - Qəzənfər Paşayevin Azərbaycan şeirinin vəzn və şəkilləri ilə bağlı nəzəri bilgisi öz əksini tapmışdır.
Əlizadə Əsgərlinin "Fərdi üslubun poeziyası" (Bakı: Vektor Beynəlxalq nəşrlər evi, 2017, 152 s.) adlı monoqrafiyası müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından birininin - Paşa Qəlbinurun yaradıcılığına həsr olunub. Tədqiqatçı şairin yaradıcılığını "mühit və fərd" və ya "variant və invariant" nəzəri qəlibində deyil, əks prizmadan araşdırır. Şairin məxsus olduğu poetik dövr və ya nəslin təsvirindən deyil, məhz üslubun özündən çıxış edir, tədqiqatın başlığını da "variant"ın "törədici" funksiyasına yox, məhz "invariant"ın "yaradıcı" funksiyasına əsaslanaraq seçir. Bədii düşüncənin metaforik imkanları, məcazlar sistemi haqqında nəzəri proqram əsasında şairin şeirlərini geniş təhlil edir.
Ötən il nəşr olunan kitablar arasında konkret müəllifin konkret əsərinə həsr olunmuş tədqiqat kimi Nizami Tağısoyun "Elçinin "Baş" romanı struktur- funksional təhlil müstəvisində" (Bakı, Təhsil, 2017, 271 s.) monoqrafiyasını qeyd etmək olar. Monoqrafiyada romanın süjet konstruksiyası, süjet və süjetdənkənar elementləri, tarixi fon və bədii təxəyyülün qarşılıqlı münasibətləri, qəhrəman problemi, ideoloji xüsusiyyətləri geniş təhlilə cəlb edilir, romanın janr mənsubiyyətinin və ədəbi cərəyan kontekstinin müəyyənləşdirilməsinə çalışılır. Müxtəlifliklərin bir arada mövcudluğu, monoqrafiya müəllifini janrı konkretləşdirməkdə, bədii-estetik düşüncənin dəqiq istiqamətini müəyyənləşdirməkdə fərqli nəticələrə gətirib çıxarır, "Sərbəst" roman şəklini, postrealist və postmodernist aspektlərin mətndə eynizamanlı iştırakını, praqmatik, pozitiv paradiqma əlamətlərinin birgə varlığını qəbul etməsinə səbəb olur. Adından da göründüyü kimi, müəllif romanın struktur-funksional təhlilini aparırkən müəllif autentikliyinin, müəllifin süjetqurma məharətinin üstündə dayanır, birbaşa mətn və onun müəllifindən çıxış edir.
Ötən il nəşr olunan kitablar arasında konkret müəllifin konkret əsərinə həsr olunmuş tədqiqat kimi Nizami Tağısoyun "Elçinin "Baş" romanı struktur- funksional təhlil müstəvisində" (Bakı, Təhsil, 2017, 271 s.) monoqrafiyasını qeyd etmək olar. Monoqrafiyada romanın süjet konstruksiyası, süjet və süjetdənkənar elementləri, tarixi fon və bədii təxəyyülün qarşılıqlı münasibətləri, qəhrəman problemi, ideoloji xüsusiyyətləri geniş təhlilə cəlb edilir, romanın janr mənsubiyyətinin və ədəbi cərəyan kontekstinin müəyyənləşdirilməsinə çalışılır. Müxtəlifliklərin bir arada mövcudluğu, monoqrafiya müəllifini janrı konkretləşdirməkdə, bədii-estetik düşüncənin dəqiq istiqamətini müəyyənləşdirməkdə fərqli nəticələrə gətirib çıxarır, "Sərbəst" roman şəklini, postrealist və postmodernist aspektlərin mətndə eynizamanlı iştırakını, praqmatik, pozitiv paradiqma əlamətlərinin birgə varlığını qəbul etməsinə səbəb olur. Adından da göründüyü kimi, müəllif romanın struktur-funksional təhlilini aparırkən müəllif autentikliyinin, müəllifin süjetqurma məharətinin üstündə dayanır, birbaşa mətn və onun müəllifindən çıxış edir.
Filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlunun "Mədəniyyət. İncəsənət. Ədəbiyyat" adlı məqalələr toplusu (I kitab, Bakı, "Avropa" nəşriyyatı, 2017, 288 s.) ədəbiyyat haqqında nəzəri fikrin kontekstual tərəflərinə diqqətimizi çəkdi. Müəllifin müxtəlif illərdə yazdığı elmi-nəzəri və publisistik araşdırmalarının toplanıldığı bu kitab adından da göründüyü kimi mədəniyyətdə incəsənətin, incəsənətdə ədəbiyyatın rolunu, mövqeyini göstərməyə yönəlmişdir. Rasim Nəbioğlunun fikrincə, cəmiyyət, mədəniyyət və incəsənətin bir-birinə münasibəti ümuminin xüsusiyə, xüsusinin isə təkcəyə olan münasibəti kimidir. Müəllif cəmiyyət-mədəniyyət-incəsənət üçlüsünün qarşılıqlı təsirlərindən yaranan müstəvidə ədəbiyyat, ədəbiyyat nümayəndələri və faktları haqqında fəlsəfi-kultoroloji, psixoloji şərhlər verir, estetik ideal, estetikliyin mahiyyəti, bədii fikrin estetik əsasına dair nəzəri mülahizələr irəli sürür.
Akademik səviyyədə ədəbiyyat nəzəriyyəsi elminin inkişaf göstəricilərini özündə əks etdirən "Poetika.İzm" jurnalının 2017-ci ildə 3-cü nömrəsi çap olundu. "Poetika.İzm" jurnalında ədəbiyyat nəzəriyyəsinə dair məqalələr ayrı-ayrı bölmələr üzrə çap edilir, "Janr, struktur, forma", "İzm", "Ədəbi kontekst", "Tarixi poetika", "Ədəbi təhlil. Mətn poetikası", "Dünya ədəbiyyat nəzəriyyəsindən tərcümələr" və digər rubrikalarda 2017-ci ildə 23 adda məqalə və tərcümə mətni işıq üzü gördü. "Poetika.İzm" jurnalı əsasən ədəbiyyat nəzəriyyəsinin müasir problemlərini və konseptual məsələlərini optimal nəzəri və təcrübi kontekstdə elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verir, ədəbiyyata, ədəbi irsə münasibətdə metodoloji plüralizmi dəstəkləyir.
Ötən ildə elmi-publisistik səviyyədə ədəbiyyat nəzəriyyəsinin predmetləşə bildiyi yazılar təbii ki, oldu. Xüsusilə, dövri mətbuatda, rəsmi ədəbiyyat orqanlarında gündəmin ədəbi ruhunu çözmək, bədii fakta çevik reaksiya vermək cəhdlərində, yenini adlandırmaq və izah etmək məqamında nəzəriyyədən dəstək almaq təbii qanunauyğunluq kimi görünür. İl ərzində yazılmış yüzlərlə tənqidi məqalənin, esse, rəy və ya müsahibənin hamısında nəzəriyyə vardır demək doğru deyil. Əslində, konkret bir neçə məqama toxunmaqla nəzəriyyə və tənqid çərçivəsində vəziyyət haqqında ümumi təsəvvür yaratmaq mümkündür. Bu baxımıdan Elçinin "Söz azadlığı tənqidimizə nə verib?" başlıqlı silsilə yazılarını qeyd etmək olar. Bu yazıları seçməkdə məqsəd toxunulan mövzuların məhz nəzəriyyə və tənqid çərçivəsində olmasıdır. Elçinin fikrincə, "kütlə zövqü" - "müəllif zövqü" - "tənqid zövqü" arasındakı üzvi birlik, vəhdət bizim "Söz azadlığı" dövrümüzün ən ciddi bədii-estetik və nəzəri problemlərindən biri, hətta birincisidir. Çünki müəllifə görə, "Söz azadlığı" müəllif zövqü ilə kütlə zövqünün üst-üstə düşməsi nəticəsində "yaranan" yazıların meydana çıxması, eyni səviyyəli zövqlə yazılmış məqalələrlə (məqaləciklərlə) ədəbi prosesdə işıqlandırılması (qiymətləndirilməsi!) üçün də əlverişli şərait yaradır. Tənqidi fikri kütlələşmədən uzaq durmağa, metodoloji konkretliliyə, bədii mətn faktlarına münasibətdə imitasiyadan qidalanan söz oyunçuluğuna deyil, məhz mahiyyətdən çıxış edən yazılara üstünlük verməyə çağırır. (https://525.az/site). "Primitivliyi təmtəraqlı adların arxasında gizlətmək, ona intellektual don geyindirmək mümkün deyil - suda quru taxta kimi o saat üzə çıxır" deyə "intellektual asılılıq" sindromunun tənqidi fikri dayazlaşdırdığını önə sürür. Dünya ədəbiyyatının Azərbaycan ədəbi prosesində tanınması və dərkində xüsusi həssaslıq tələb edir, rus və qərb mənşəli fikirlərin təkrarından qaçmaq, təmiz, yaradıcı və nəzəri erudisiyaya söykənən təhlil mexanizminin vacibliyini vurğulayır.
Bugün ədəbi prosesin iki tərəfi - yəni ədəbiyyatla ədəbiyyatı dəyərləndirmə, öyrənmə, tətbiqetmə ilə məşğul olan müxtəlif sistemlər arasında bir narazılığın olması danılmazdır. Müasir ədəbi-nəzəri fikrin innovativ, yaradıcı və sistemli elm sahəsi kimi formalaşması prosesi daha çox müxtəlif təcrübələrin kombinasiyasında mümkündür. Təəssüf ki, bəzi hallarda tarixi prosesdə özünü doğrultmayan və ya ideoloji yükün altında əzilən sistemin (sosialist ədəbiyyatşünaslığın) qalıqları hələ də özünü göstərir. Ötən əsrin rus ədəbi-nəzəri fikrini örnək model kimi tətbiq edən ədəbiyyatşünaslarımız da var. Bəzən yalnız Qərb ənənələrinin imitasiyasından doğan, milli-mənəvi şüurumuzun məhsulu olan bədii əsərləri izah etmək potensialı olmayan nəzəri istiqamətlər də boy göstərir. Şərqi dünya kontekstindən ayırıb, müstəqim struktur kimi qəbul etmək də ədəbiyyatşünaslığın özünü təşkil və təkmil prosesində natamamlığa səbəb olur. Çağdaş elmi idrak mütləq həqiqətin varlığına inanmır, müşahidə və təhlillərin nəticəsində əldə etdiyi nəticə və qənaətlərin dəyişə biləcəyini, səhv olma mümkünlüyünü ehtimal edir, konseptual və dinamik davranır. Sistemli olmağa can atır, daha böyük sitemin içində öz yerini təsbit etməyə çalışır. Ədəbi-nəzəri fikir Şərq-Qərb kontekstində düşünərək qərar verməli, dəyişən paradiqmalar kontekstində hər iki sistemin doğru və yalnışlarını saf-çürük etməyi bacarmalıdır. 2017-ci ildə ədəbiyyat nəzəriyyəsinin səviyyəsinə ümumi baxış göstərdi ki, bu gün Azərbaycanda ədəbiyyat nəzəriyyəsində yeni tendensiyaların və meyillərin tətbiqi cəhdləri müşahidə olunur, ədəbiyyatın elmi-nəzəri dərkində dövrün ab-havası ilə səsləşməsinə mane olan səbəblərdən biri kimi ənənəvi metodologiyanın - pozitiv paradiqmanın böhranının natamam dərki tədricən qalxmaq üzrədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!